Nadir sənət incilərimiz -
Borçalı xalçaları dünya
muzeylərində
Nadir sənət inciləri
olan Borçalı xalçalarına dünyanın
hər yerində rast gəlmək mümkündür. Bu gözəl
əl işləri Azərbaycan mədəniyyətini
anlamaq üçün
özünəməxsus önəmə
malik açarlar olmaqla yanaşı, həm də ötən dövrlərdən
bizə yadigardır.
Bu xalçaların adları
Qafqazın şimal-qərbində
yerləşən qədim
Borçalı toponimi
ilə bağlıdır. Bu yerlərdə
tərəkəmə qoyunçuluğun
yaşı çox-çox
qədimlərə çıxdığı
kimi, bədii toxuculuğun da ulu tarixi var. Borçalıda keramika,
metal, ağac və daş üzərində oymada, bədii tikmələrdə, zərgərlikdə,
şəbəkə işlərində,
kaşı və gəctəraşlıqda bəzəkvurma
ilə yanaşı, inkişaf edən xalçaçılıq sənəti
həm texniki, həm də bədii səviyyəsi ilə seçilib. Borçalıların incə
zövqünün bəhrəsi
olan cəhrənin, həvənin, kirkidin, cünsünün, hörəngələnin
vasitəsi ilə hörmə üsulu ilə hazırlanan xovsuz palaz, kilim,
şəddə, vərni,
zili, cecim, məişət xalça
əşyaları - xurcun,
heybə, taxtüstü,
yəhərüstü, çuval,
məfrəş, çul,
çətən, həsir,
duzluqlardan başlamış
həna vasitəsilə
mürəkkəb qullabı
və dolama ilmə-düyün toxuma üsulu ilə hazırlanan xovlu xalılara, gəvələrə
qədər zərif sənət incilərimiz evlərimizdə, qonaq otaqlarımızda, yaylaq dəyələrimizdə içərini
isti saxlamaq, səs-küyün qabağını
almaqla yanaşı, insana yüksək estetik zövq bəxş edir.
Milli xalçaşünaslığımızda
Borçalı xalçaçılığı
Gəncə-Qazax növü
Qazax qrupunun ayrıca yarımqrupunu təşkil edir. Səriştəli
xalçaşünaslar Borçalı
xalçalarının zəngin
kolotitli, aydın kompozisiyalı, daha artıq həndəsi, qarmaqlı, dilikli-itibucaqlı
ornamentli, ahəngdar şux rəngli, qızılı-sarı, yaşıl,
ərtavanı rənglərlə
dolğun, qullabı və dolama ilmə toxunuşlu, orta ölçülü,
az sıxlıqlı,
qalın və möhkəm olduğunu, rəng çalarlı naxışların dəqiq
düzümü, təbii
boya həllinin uğurluğu, təravət
urvatı ilə seçildiyini qeyd edirlər. Məşhur xalçaşünas Lətif Kərimov "Borçalı xalçaçılıq
məktəbi" ifadəsini
cəsarətlə işlədib.
Uzaq keçmişlərdən Borçalıda
Sarvan, Qızılhacılı,
Sadaxlı, Muğanlı,
Qaçağan, Kürdlər,
Baydar, Bəylər, Kəpənəkçi, Daştəpə,
Qaratəpə, Kosalı,
Nəzərli, Candar, Qaraçöp, Ləmbəli,
Arıxlı, Kolayır,
Faxralı, Darvaz, Kosalar, Səfərli, Gəyliyən, Qarabulaq, Qəmərli, Hamamlı, Yırğançay... kimi
xalçaçılıq məntəqələri mövcud
olub.
Borçalı qoyununun məxməri
yunundan ,
ələlxüsus da
qumral quzu yunundan toxunan xalılarımız çox
uzunömürlü olub,
xovu didildikcə sədəf təki parıldayıb, parlaqlaşıb,
daha da gözəlləşib.
Gah
"Borçalı", gah
da "Damğalı"
adlandırılan sənət
incimiz olan ən şöhrətli xalçamız bütün
dünyada tanınır.
Biri Nyu-Yorkda, ABŞ-ın ən böyük incəsənət muzeyi olan Metropoliten muzeyində (Cosef Makmillanın kolleksiyası),
biri də Almaniyanın Münhen şəhərindəki incəsənət
muzeyində (Bernhaymerin
şəxsi kolleksiyası)
saxlanan "Borçalı"
("Damğalı") xalımızın
toxunma tarixini xalçaşünaslar, o sıradan
Lətif Kərimov, Nəcibə Abdullayeva
XVIII yüzilə aid edirlər.
Xalça albomlarında dəfələrlə
şəkli verilmiş
bu xalı orta ölçülüdür,
qoşa qoçbuynuzu
paxlavarı naxışlı
yelənlə bəzədilib,
arasahəsi geniş, rənglər yığcam,
şux və dolğundur. Xalı-gəvə
ən çox onunla səciyyəvidir ki, al qızılı yerliyındə ahəngdar,
ardıcıl təkrar
olunan tünd göy rəngli yeddi xonça motivi yerləşdirilib, ucları dörd səmtə ayrılan bu xonçalar sanki bir nöqtə
ətrafında daim hərəkətdədir, onlardan
biri - ağ ləçəkli xonça
dörd qoçbuynuzu
nəbati quyrumla tamamlanan ən iri motivin ortasında
da təkrar olunur. Xalının sahəsini düzbucaqlılara
bölən işıqlı
rəng xallarının
ahəngdar təkrarlanması
dinamikanı daha da gücləndirir, ağ, göy
və mavi motivlər sıx qırmızı yeləndə
aydınca seçilir.
Xalçaşünas Nəcibə Abdullayeva bu xalını çox qiymətli sənət incisi kimi təqdim edərək, onun arasahədəki iri damğa elementlərinin formasıyla maraqlı olduğunu bildirir. Bizcə, damğa
elementi günəşin
timsalıdır və
bu, qədim türklərdə yayılmış
olan Göytanrı diniylə günəşə,
işığa tapınmayla
ilgilidir.
Xatırladak ki, Berlin incəsənət
muzeyindəki "Damğalı"
kilimini də Borçalı xalçaçılıq
məktəbinin incisi
hesab etmək olar.
XVIII yüzildə Borçalıda
toxunmuş nadir xalça
incilərimizdən biri
də Budapeşt Dekorativ Sənətlər
Muzeyində nümayiş
etdirilən "Çobankərə"
xalısıdır. İfadə
vasitələrinin lakonikliyilə
diqqəti çəkən
bu xalını bilicilər belə təsvir edirlər: yeləni iki kəmərlidir, nazikdir, arasahəsi enlidir, yelənin bəzəkləri
elə bil xalça boyu hərəkətdə olan
qoçbuynuzuna bənzər
quyrum xətlərdən
və zəncirtək
bərkidilmiş ardıcıl
təkrarlanan nəbati
rəsmlərdən təşkil
olunub; arasahədəki
dördbucaqlı gölün
içində tünd
yaşıl rəngli
böyük çərçivə
və ağ
damğadan hər tərəfə qoşa haçalı quyrum xətlər səpələnib.
Göl -
çəmənliyin, damğatək
ağaran çərçivə
- suyun, qoşa haçalı quyrum xətlər - qoyun sürüsünün timsalıdır.
Arasahədə baş
və ayaq tərəflərdə şaxəli
ağaca bənzər
nəbati bəzək
yanında üzbəüz
qoşa tazı təsvirləri də var.
L.Kərimovun qeyd etdiyinə görə, bu çeşnidən olan xalılarda quş, dəvə təsvirləri və
"məktəb ocağı"elementi
də olur.
Gəncədəki Sah Abbas məscidinin
divarını bəzəyən
"Qaraçöp" çeşnili
xalı da XVIII əsrə aiddir. Bu xalı yaşıl yelən, quyrum modellər, qoçbuynuzlu
quyrumlar, gəzmə xətlərlə zəngin
kompozisiya və naxış koloriti yaradır.
XIX yüzildə Borçalıda
xalçaçılığın inkişafına aid əlimizdə
əhəmiyyətli faktlar
var. Burada qoyunçuluğun,
ipəkçiliyin, pambıqçılığın
geniş inkişafı
xalçaçılığın da genişlənməsinə
təkan verirdi. Borçalı xalçaları yerli yun, ipək kətan, pambıq hesabına hazırlanırdı.
Maraqlıdır ki, Borçalı
xalçalarında qadın
baş tükü, at
quyruğu tükündən
istifadə olunurmuş.
Borçalının dağları, bağları
və ormanlarındakı
rəngbərəng bitkilər,
ağaclar, çiçəklər
təbii boya məsələsinin uğurlu
həllinə imkan yaradırdı. Borçalı
yununa dünya bazarında həmişə
böyük maraq olub, 1886-cı ildə Tiflisdə təşkil olunmuş Qafqaz yun sərgisində Sarvan kəndinin nümayəndələrinin gətirdikləri
Borçalı qumral qoyunuyla tuş qoyununun qarışığından
alınan "dönmə"
adlı yun, 1889-cu ildə yenə belə səpgili sərgidə Borçalı
sakini İsmayıl Mürşüd oğlunun
gətirdiyi ipəkdən
toxunma seçim yüksək qiymətləndirilib
və hər ikisi gümüş mükafata layiq görülüb.
(Ardı var)
Almaz YURDSEVƏR
525-ci qəzet.- 2014.- 4 dekabr.- S.6.