64 il Yerlə Göyün arasında...
Yerlə
Göyün arasında
İlişib qalmışam yenə.
Kamal
Abdulla
Azərbaycan Respublikasının Millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, filologiya
elmləri doktoru,
professor, Əməkdar elm xadimi,
akademik, yazıçı
Kamal Abdullanın bu gün 64 yaşı tamam olur. Doğrusu, haqqında söz açacağım və
doğum gününü
bəhanə edib ürəkdən gələn
bəzi fikirlərimi yazacağım adama aid bu yuxarıdakı statusları, adları ard-arda sadaladıqca uzaq 90-cı illərdə
mərhum Aydın Məmmədov vasitəsiylə
tanış olmağımızı
xatırladım. Onda Aydın
müəllimin başçılıq
etdiyi Tərcümə
Mərkəzində müavin
işləyirdim və
Kamal Abdullanı da elə o vaxtlar
Aydın Məmmədovun
dostu kimi tanıdım.
Daha doğrusu,
o zamandan başlanan, sonradan dostluğa çevrilən tanışlığımız
indiyə kimi davam edir desəm,
yanılmaram. Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu öz içində
gizlənən adam kimi səciyyələndirərəm. Məncə,
onun bu xarakteri
və obrazı istər ictimai fəaliyyətində, istərsə
də əsərlərində
özünü göstərir.
Nədənsə tez-tez mənə
elə gəlir ki, hətta bizlər, ən yaxın dostları belə bu soyuqqanlı,
sakit, təmkinli görkəmin arxasındakı,
içindəki gerçək
Kamal Abdullanı tanımırıq. Hansısa ağrı,
ya sirr var
ki, bunu da yalnız yazıçı özü
bilir. Əsərlərinin də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili onun yazdığı
mövzuların içərisində
gizlənmək istəyindən,
öz ağrılarını
pərdələmək niyyətindən
və dünyanın bütün dadını duyub görmüş insana xas müdrikliyindən
irəli gəlir.
Bunu yazıçının ən
məşhur əsərləri
olan "Yarımçıq
əlyazma", "Sehrbazlar
dərəsi"ndə də
müşahidə etmək
mümkündür. Məncə, bu fərqlilik, qapalılıq heç də sadəcə, müasir, yeni ədəbiyyat yaratmaq, yaxud orijinal görünmək üçün
deyil. Kamal Abdullanın böyük hadisələrə, dərdlərə,
problemlərə bir az ironik,
soyuqqanlı yanaşmasında,
insanların bütləşdirdiyi,
doqmaya çevirdiyi məsələləri sakit
tərzdə yazmasında
onun xarakteri, həyata baxışı
özünü göstərir.
...Doğrusu, bu doğum günündə
Kamal müəllimin sirlərini açmaq, əsərlərindən görünən,
gündəlik proseslərdə
müşahidə edilən,
bəzən bir kiçik detalla, bəzən böyük hadisələrlə "özünü
təqdim edən"
yazıçını hər
kəsə tanıtmaq
kimi bir niyyətim yoxdur. Bəzən dostların, doğmaların,
həmkarlarımın yubileylərində
təbriklər yazıram.
Xatırlayıram ki,
4 il öncə,
Kamal Abdullanın 60 illiyində qəzetimizdə
çoxlu yubiley təbrikləri işıq
üzü görmüşdü.
Bir il
sonra, 65 yaşı ərəfəsində də
yazıçını təbrik
edənlərin sayı-hesabı
olmayacaq. Nədənsə, bu dəfə
ürək sözlərimi
daha sakit vaxtda çatdırmaq istədim. Mənə görə, Kamal
müəllimin ən
qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən biri
istedadlı adamı dəyərləndirməsi, istedada
qiymət verməsidir.
Həm də Kamal müəllimin
bunu sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli təsirləndiricidir. O, yaxşılığı
özünütəsdiq üçün,
yaxud dost məclislərində
mövzuya çevirib
təriflənməkdən ötrü eləmir. Elədiyi yaxşılıqları çox
zaman unudur.
Yadımdadır ki, məclislərin
birində Kamal müəllimin əl tutduğu, dəstək olduğu neçə-neçə
adam haqqında
danışılanda onun
bütün bu deyilənləri xatırlamadığını
və səmimi təəccübləndiyini müşahidə
etmişdim. Kamal müəllimin gənc
nəslə qayğısını,
köməyini Bakı
Slavyan Universitetinin rektoru işlədiyi vaxtlardan da hər
kəs müşahidə
edib. Bir müddət mən
də həmin universitetdə dərs demişəm və tələbələrin rektorları
haqda səmimi, xoş sözləri, başqa universitetlərlə
müqayisədə BSU-da
yaradılmış demokratik
mühit barədə
dedikləri yaxşı
yadımdadır. Böyük oğlum
bu universitetdə təhsil alıb, onun da tələbəykən
görüb müşahidə
etdikləri, azad mühit, obyektiv imtahan sistemi haqda danışdıqları
Kamal müəllimin rəhbər kimi qurduğu sistemin fərqliliyini göstərirdi.
Bu gün də
media mühitində BSU-nun Jurnalistika
fakültəsinin məzunları
xüsusi hazırlığı,
savadı ilə seçilirlər. Onun rektorluğu
dövründə Slavyan
Universitetində Yaradıcılıq
fakültəsinin fəaliyyətə
başlaması, neçə-neçə
istedadlı gənci öz ətrafında birləşdirməsi də
çox mühüm məqamlardan biridir.
İllər öncə Kamal Abdullanın Kamal Mehdi imzasıyla yazdığı şeirlərdə
də onun qeyri-adi xarakteri nəzərə çarpırdı. Yadımdadır, o şeirləri oxuyub onlardakı sirrin, sehrli auranın səbəbini xeyli düşünmüşdüm. Görünür, mərhum rejissor
Vaqif İbrahimoğlunun
da Kamal Abdulla yaradıcılığına meylinin,
marağının əsas
səbəblərindən biri
bu idi. Fərqli estetikası ilə seçilən Yuğ Teatrında Kamal müəllimin əsərləri
tez-tez səhnələşdirilirdi,
elə bu gün də teatr bu silsiləni
davam etdirir.
Kamal müəllimin nəsrindən danışanda adətən, "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" romanlarının adı çəkilir. Yazıçı bu əsərləri ilə Azərbaycan nəsrinin xaricdə tanıdılmasına, təbliğinə də öz töhfələrini verib. Bu əsərlər rus, ingilis, ərəb, fransız, ispan və neçə-neçə başqa dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb. Hələ o zamanlar "Yarımçıq əlyazma"nın kitab halında çapından öncə doğurduğu fərqli, təzadlı fikirlər məni düşündürmüşdü. Əsəri oxuyub fikirlərimi yazmışdım və müəyyən parçaları "525-ci qəzet"də yayımlamışdıq. O vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii əsəri" mükafatını da bu romana görə Kamal Abdullaya təqdim etmişdik. Bundan öncəki illərdə həmin mükafatı Elçinin "Sarı gəlin", Anarın "Ağ qoç, qara qoç" əsərləri almışdı.
Hesab edirəm ki, Kamal Abdullanın "Unutmağa kimsə yox" romanı son illər Azərbaycan romançılığında ən yaxşı əsərlərdən biridir. Çağdaş dünya romançılığının, müasir nəsr estetikasının bütün tələblərinə cavab verən bu roman Kamal müəllimin ən sevdiyim əsəridir. Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə lazımi reaksiya verməməsinin, əsərin alt qatlarına enən dəyərli təhlili yazıların azlığı məni heyfsləndirir.
Kamal müəllimin bütün bu fərqli, üstün keyfiyyətlərini sadaladıqca belə bir adamın dövlət idarəçiliyi strukturuna gətirilməsini müsbət hadisə kimi vurğulamaq yerinə düşər. Yazımın əvvəlki hissəsində Kamal Abdullanın olduğu hər yerdə fərqli ab-hava, azad mühit yaratmasını qeyd etmişdim. Məncə, adətən, quru, soyuq görməyə alışdığımız rəsmi mühitə də Kamal müəllim artıq öz "üslubunu", xarakterini gətirib.
Multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyinatından çox keçməmiş yas mərasimləri ilə bağlı məsələləri gündəmə gətirməsi onun illər ərzində yazıçı müşahidələrinin, gördüyü naqislikləri düzəltmək, yoluna qoymaq istəyinin təzahürü idi. Vəzifənin verdiyi imkanlardan istifadə edib bu əyər-əskikləri aradan qaldırmaq üçün çalışması da ziyalı xarakterinin daha bir göstəricisidir.
Bu günlərdə Multikulturalizm məsələlərinə həsr olunmuş Teatr konfransının açılışında Kamal Abdullanın çıxışı hər kəsi təəccübləndirmişdi. Dövlət müşavirinin Azərbaycanın necə bir multikultural ölkə olmasını yazıçı kimi bir ravinin əhvalatını, hekayəsini danışaraq ifadə etməsi qonaqları, müxtəlif ölkələrdən gələn sənət adamlarını da çox təsirləndirmişdi. Zənnimcə, müasir dövrdə insanlara təsir etməyin, inandırmağın ən gözəl yolu elə səmimiyyətdir.
... Yazımın əvvəlində vurğuladığım kimi, Kamal müəllim çoxları üçün öz içində gizlənmiş, sirli adam təsiri bağışlayır. Yəqin ki, bu, həm də doğmalarını, dostlarını qayğıları ilə yükləməmək istəyindən, təvazökarlıqdan, müdriklikdən irəli gəlir. Odur ki, mən də onun haqqında danışarkən hansısa sirr açmağa, qeyri-adi şərhlər verməyə cəhd göstərmək niyyətində deyiləm. Sadəcə, stolumun üstündəki təqvimdən üzümə baxan 4 dekabr tarixindən - Kamal Abdullanın doğum günündən istifadə edib dəyərli alimi, istedadlı yazıçını, hər zaman inandığım, etibar elədiyim dostumu təbrik etmək, ona yeni-yeni yaradıcılıq uğurları, daha böyük nailiyyətlər arzulamaq istədim.
Ad gününüz mübarək,
Kamal müəllim!
Rəşad MƏCİD
"525-ci qəzet"in baş
redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin
üzvü
525-ci qəzet.-
2014.- 4 dekabr.- S.4.