ÇİNGİZ...
Etibarlı şair qardaşım Çingiz ƏLİOĞLUnun Doğum gününə
Dedin ki:
"Yetmişdi, gülməyim gəlir" -
gör,
ömür bizlərə nə verdi, Çingiz,
həyat
dediyimiz, sənə bəllidir,
dəryadı, ümmandı, nəhirdi, Çingiz.
Çılğın
dalğalarda qalxıb, enərdik,
uğurlu
misrayla qürrələnərdik,
qızlar
baş qatardı, gec evlənərdik -
günlər də yaşadıq qəhərli, Çingiz!
Əzəldən
şairlər həmdəmi şamdı,
azmı
göz yaşları qələmə damdı?
Söz
saldım, dedilər: "Kişi adamdı!",
inan ki,
neçənci səfərdi, Çingiz.
Hər
vaxt doğma yolda, cığırda olar,
hirslənsə - yanında dağ xırda olar,
hərdən misraları ağır da olar -
təpədən-dırnağa fikirdi Çingiz.
O da
"yeyən deyil heç qabağından",
bircə
kəlməsi yox özgə bağından,
uzaq gəncliyimdən
tanıdığımdan,
deyirəm: "Nə sındı, nə girdi Çingiz!"
Ürəyi
dostları unudan deyil,
kim deyər:
"Şeirdə Çingizxan deyil?" -
əslikar odur ki, ev yıxan deyil,
bir də
ki, mükəmməl şairdi, Çingiz...
07.09.2014
MƏN...
...Nə
olsun ki, gecə keçir,
Zaman
axır ömrümüzdən,
Vaxt onsuz
da gedəcəkdir
Yatmasam da, yatsam da mən.
Dünya
adlı bu yerdə mən
Müvəqqəti
yəhərdəyəm,
Düşəcəyəm
yedəyindən
Yeddi əlnən tutsam da mən.
Cahan kimə
yoldaşdı ki,
Kimə sirrini açdı ki?
Oğurluqdan
yaxşıdı ki,
Xırda-xuruş
satsam da mən!
Gör,
haradan-hara vardın,
Şahlar şahı nə apardın?
Arzulardan
kam alardım,
Bircəsinə çatsam da mən.
Mən
göylərin öz oğluyam,
Gedəm,
təzədən doğulam!
Nə
qarmaqlıq, nə torluğam -
Qəm
gölünə batsam da mən...
HEYRANAM
İLLƏRİN FƏSİLLƏRİNƏ...
Yağmurlar
kəsildi, yollar qurudu,
qarlar da
əriyib suya dönəcək,
Kiçik
çiləninki boş gurultudu,
dünyanın təkəri yaya dönəcək.
Heyranam
illərin fəsillərinə,
heç
nəyi bənzəməz biri-birinə,
yaza
çıxanların görüş yerinə
qumlu
sahildəki qaya dönəcək.
Çoxdandı
bu məkan mənim şəhərim,
qoynunda
sevincim, xeyirim, şərim,
bəlkə də haçansa bir odlu şeirim
"Vətən dastanında" Boya dönəcək.
O evin
qazancı falçı - falında,
gəlini
nagüman bədbin halında,
kişisi
qürbətdə, qazanc dalında;
yazır
ki: bu qışa, guya, dönəcək.
Çoxdandı
inamı yoxdur heç kimə,
hey baxar
toyunun şəkillərinə,
anlar -
saatlara, saatlar - günə,
günlər də uzanıb aya dönəcək.
Kefləri
tox gəzər sərçə güdənlər,
quşlar
cuşa gələr artdıqca dənlər,
yazdı,
qız evinə elçi gedənlər -
payıza
yollanıb toya dönəcək...
GEDƏM...
Bu gidi
dunyada olsam da qərib,
sevgi əl
götürmür yaxamnan, gedəm,
ömrün yollarında, meylim çəkməyib,
ya usta
apara, ya xamnan gedəm!
Küləklər
qardaşım, yel bacım ola,
nəfsim
hər dərdimə əlacım ola,
ocağım, təndirim, öz sacım ola -
hər
yerə öz halal yuxamnan gedəm.
Hərdən
dərd adamı yerə yıxanda -
uzaq gendə
ola, doğma yaxında,
Allah eləməsin
evdən çıxanda
ya
şübhə, ya da ki, qorxumnan gedəm.
Gözü doymayanlar niyə kardı ki?!
Peyğəmbər öləndə nə apardı ki?
Vəsiyyət etməyə nəyim vardı ki? -
dünyadan yuxumdan durmadan gedəm!
Ora nərdivanlar
yenmiş olmasa,
bənizi
taleyin dönmüş olmasa,
bəxtimin ulduzu sönmüş olmasa -
üzünə baxmaqçün yaxınnan gedəm.
Bu gidi
dünyada olsam da qərib,
sevgi əl
götürmür yaxamnan, gedəm,
ömrün yollarında meylim çəkməyib,
namərdlə, evləri yıxannan gedəm...
QAYTAR...
…sırıyıb
bizlərə köhnə malını;
apar,
satıcının özünə qaytar!
həm
də yalançının yalanlarını
utanma,
tüpürüb, üzünə qaytar!
qazancı az olar ucuz alanın,
araya pərxaşlıq,
dava salanın,
verdiyi
payında gözü qalanın
zillən
gözlərinlə gözünə, qaytar.
bəlkə də tıncıxar hərdən nəfəsin,
gerçəyi görməyə yoxmu həvəsin?
hər
sözün başında and içən kəsin,
borcunu,
inanma sözünə, qaytar.
kimi təriflənər,
kimi öyülər;
məclisdə hər nədən desən - deyilər,
əyrinin əlində düzlər əyilər,
geri getməlini
düzünə qaytar.
dilə
tut, yazığı - dindirmisənsə,
parıldat ulduzu endirmisənsə,
odlu bir
ocağı söndürmüsənsə -
kişisən - alovu közünə qaytar!
görən xəbərdarmı Xəlq edən özü;
arabir
pozular nizam-tərəzi,
qələmi korşalsa Vahid ƏZİZi
öpüb, unutduğu sözünə qaytar...
SƏNİN
XATİRƏNƏ GÜLLƏR ƏKMİŞƏM...
Qışda
da ətirli, yayda da tərdi -
sənin
xatirənə güllər əkmişəm,
qəlbi
daş olsan da, əzab çəkərdin,
bilsəydin dərdindən nələr çəkmişəm.
görmədin? - taleyim əllərindədir,
məndən gen dolaşır yaşıdlarım da,
görənlər anlamır səbəbi nədir,
sonbahar
rəngi var gözyaşlarımda.
olsun ki,
ölmərəm; yaşamaq eşqim
sənli
məhəbbətə üstün gələcək.
gəlmirsən, özün bil, mənimki keçdi,
bir
gün yalvarmağa tüstün gələcək.
saralır güllərin tər ləçəkləri,
yaşıl yarpaqların çöhrəsi solur,
deyəsən, sevərək dərd çəkənlərin
tapdığı bəlalar çarəsiz olur.
bəlkə də hər şeyin təqsiri məndə,
gərəksiz sevgimi özümə göndər,
qəlbimdə olanı açıb deyəndə,
demədim: "sözünü tilsimə döndər"
daha nə
sən varsan, nə xatirələr,
çıxdım yol azdıran dumanlarımdan,
üzdəki şırımlar, saçdakı dənlər
qalar o
ağılsız zamanlarımdan...
ÇƏTİNLİK
- DOSTLARIN SINAQ MƏQAMI
...Qaldı
bir suala cavab bilməyim:
"təqsirkar sabahım, ya
keçmişimdi?"
bəlkə də, simamı dəyişməməyim
bu
günlük ən ağır, müşkül işimdi!
çətinlik - dostların sınaq məqamı,
ürəyi yalandan yanan tanındı!
dar
günlər - həyatın qaralan şamı,
doğma
sayılanlar imtahanıdı.
ona bax,
necə də qorxmur Tanrıdan?
olsun ki,
özünü üstün də sayır!
bir zaman
qapımın ağzında yatan,
üzümə çəmkirib, dişin qıcayır.
dünyanın çox imiş yaman işləri,
adət
elədiyim haqqı-sayıdı!
adamlar
tanıdım "xərçəng şişləri"
canında fır tutan yetim payıdı!
itlər
hürüşdükcə karvanlar gedər,
çat
verib dağılar xəbis olanlar,
paxıllıq azarı vəbadan betər -
içində çürümə mikrobları var!
verəcək saflığım öz bəhrəsini,
pislərin başına daş salar insan,
əziz
dostlarının xatirəsini
məğrur yaşamaqla yaşadar insan...
BİZLƏRƏ
KİM BATAR BİRLİK OLANDA!
Tarixə
dönməkdə bu ilin yönü -
qoyular
yeni bir vaxtın təməli,
amma millətimin
Həmrəylik günü
bütün bayramlardan daha irəli!
Yeni il həm də ki, yeni bir bahar -
çəmənlər göyərib, güllər
açacaq,
qarşıda o qədər şənliklərim var;
birinci
sevincim "Novruz" olacaq!
Amma ki, hələ
ki, qış fəslindəyik,
hələ ki, gecələr gündən uzundu,
yolkalar
gətirib, evlər bəzədik,
üstünə Yeni il şamları qondu.
Amma ən
gözəli elin vüsalı!
onu əbəs
yerə xatırlatmıram,
millətdən aralı, eldən aralı
bəxtəvər olanı xatırlamıram!
Bizlərə
kim batar birlik olanda,
tarixim
dözülməz olub, bilirəm!
Qürbətdə,
lap elə, keflə qalanda
susuz
çiçək kimi solub gəlirəm.
Alışın,
Yeni il şamları, yanın,
Yurdumnan qəsbkar
yadlar qovulsun,
Həmrəylik
bayramın, Azərbaycanım,
həm
də Yeni ilin mübarək olsun!
BİZ
NƏYİK Kİ?..
Dənizlər
də havalanar tufan əsəndə,
hər
dalğası eşqə düşən dəlidən betər,
bu
dünyanı sən nə qədər tərifləsən də
-
bu
gördüyüm belə gəlib, belə də gedər!
Bağ-bağçayla
oynamaqda sınan havalar,
göylərin də heç qurumur gözünün yaşı,
göyüzünün dəmiri də, poladı da var -
ən
ağırı qismət salan başların daşı!
Biz nəyik ki? - ən uzağı eşqin
barıyıq!
vaxt olur
ki, kar yatıram, kor ayılıram,
Fələklə
mən xırda-xuruş hesabdarıyıq;
sözləşmişik; o da sayır, mən də
sayıram.
"Yoxdan"
gəldim, orda heç nə öyrətmədilər;
bu
dünyaya çılın-çılpaq, saya saldılar,
axan
qanlar, dava-dalaş, edam, qətllər...
dirilərlə hesablaşıb, saya saldılar!
Bu işlərin
bir azı düz, qalanı kələk;
vaxt olur
ki, iblislər də şeirlər qoşur,
ara-sıra saydığını unudan fələk,
itirdiyi
dəftərini məndən soruşur.
Biz nəçiyik? - ən uzağı eşqin
barıyıq;
gecələrdə, ara-sıra sayaqlayıram,
Fələklə
mən İlahinin hesabdarıyıq -
tapşırıblar; o da sayır, mən də sayıram...
ŞEYTAN
MƏRCİ...
Şeytan
yer gəzirdi - qaza qəbrimi,
bu
yazıq, deyəsən, həddin aşıbdı!
Tanrıya
söz verib çaşdıra məni!
mələklər çatdırdı: "Mərc də qoşubdu".
Cəhd
etdi, hər işim qala yarımçıq,
hər
zaman Cırtdantək Şeytan ayıqdı,
gəldi
- donu qısa, əndamı açıq;
bilirmiş, bir az da "suyum sıyıqdı"!
Arabir
adamın yazığı gəlir;
a bədbəxt,
ölməyim sənə gərəkdi?
Şeytan
donnan-dona girməyi bilir,
mən
isə Şeytanın bildiklərini.
Təpədən-dırnağa
nazdı, qəmzədi,
şübhəli qalardım cinsindən hərdən,
hərlədi-fırladı, əməl yemədi,
axırda
yoruldu öz əməlindən.
Bir
görün, kimlərin boynunu qırdı -
Şeytan
viran qoyub nə cür mülkləri!
Canavar
meşənin "sanitarıdı",
Şeytan
- yer üzünün əlgəzdirəni!
Nələr
etmişəmsə, hamısın sayıb,
mükafat göndərib mənə Yaradan!
heç
zaman Şeytandan qorxum olmayıb,
qorxmuşam insanlar şeytanlığından!
Kimlərsə deyəcək: "Şair uydurur,
girəvə düşübdür həlbət əlinə",
mərci Tanrımıza uduzan odur!
indi Şeytan özü dayaqdır mənə...
QARANQUŞ
Bu günə, sabaha geri gələcək,
bilir ki,
qış çatır sona - qaranquş,
qayçı quyruğuyla lenti kəsəcək -
salar
bina üstə bina qaranquş.
Qala şəklindədir
hördüyü divar,
səmaya
açılan bir ünvanı var,
saman
çöpü gətir, gör necə yonar -
dülgər qaranquşdu, bənna qaranquş!
Yağmurlar
evindən kənarda yağar,
qayğıkeş olanlar bala çıxardar,
təzə dil açana nəğmə oxudar
qaranquş dilində ana qaranquş.
Sakitcə
baş verər köçüb-getməyi,
sevməz
sızlamağı, giley etməyi,
sənə doğma Yurdu tərk eləməyi
hayıf
ki, öyrədib durna, qaranquş!
Gəlməyi
müjdədir, getməyi kövrək,
çünki ağır olar qürbətdə ölmək,
nə
cür havaları isti eləyək -
qorxmasın soyuqdan dona qaranquş?..
Vahid ƏZİZ
525-ci qəzet.- 2014.-
5 dekabr.- S.7.