"Azərbaycan milli
geyimləri rəssamların gözü
ilə"
Muzey Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə "Azərbaycan
milli geyimləri rəssamların gözü
ilə" mövzusunda
respublika sərgisi açılıb.
Açılış mərasimində çıxış
edən Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzin direktoru
Vilayət İsmayılov
sərginin əhəmiyyətindən
danışıb.
Mərasimdə çıxış edən
Azərbaycanın tanınmış
modelyeri Fəxriyyə
Xələfova sərginin
təşkilini yüksək
qiymətləndirib. O, burada
nümayiş olunan işlərin yüksək
mənəvi zövq aşılamaqla yanaşı,
həm də keçmişimizə bir baxış olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Azərbaycanın milli geyimləri çox zəngin, nadir, eyni zamanda, elmi mənbədir.
Bu sərgi gənc
mütəxəssislərin müvafiq mövzuya daha çox maraq göstərmələrinə
təkan verəcək.
Milli geyimlərimiz müasir dövrümüzə
gəlib çatdığı
kimi, gələcək
nəsillərə də
ötürülməli, proses
davamlı olmalı və yeni kolleksiyalar
yaradılmalıdır.
Gənclərə bu mövzuya diqqətlə yanaşmağı
tövsiyə edən
F.Xələfova vurğulayıb
ki, Azərbaycan kəlağayı sənətinin
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına
daxil edilməsi çox mühüm hadisədir. Bu, milli
geyimimizə xas olan hər atributun
öz böyük mənası və dəyəri olduğunu bir daha təsdiqləyir.
Bu gün baxdığımız
milli geyimlərimiz XIX
əsrə və XX yüzilliyin əvvəllərinə
aid olub, o dövrün
son modelidir. Lakin axtarışların,
zövqün, bacarığın
nəticəsi olaraq yeni detallar tapmaq
mümkündür. Nümayiş olunan hər işin arxasında yaradıcı insan və onun zəhmətinin
dayandığını deyən
F.Xələfova sərginin
iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə çıxış edən professorlar Kübra Əliyeva, Səbirə Dünyamalıyeva,
modelyer, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Gülnarə Xəlilova, Azərbaycan Ağsaqqallar Şurası
idarə heyətinin üzvü Cahangir Qocayev sərginin milli mədəniyyətimizin
nümunələrinin nümayişi
baxımından əhəmiyyətini
xüsusilə qeyd ediblər.
Təklif edilib ki, gələcəkdə
Azərbaycan milli geyimlərinin bədii dekorativ xüsusiyyətlərinin
standartlarının öyrənilməsi
üçün treninqlərin
təşkili təqdirəlayiq
olar. Bildirilib ki, dilimizə
toxunmaq mümkün olmadığı kimi, tarixi geyimlərimizə xələl gətirmək
də çox təhlükəlidir. Bu sahənin mütəxəssisləri
diqqətlə araşdırmalar
aparmalıdırlar. Xüsusən ornamentlərdən istifadə
ediləndə onların
hər birinin ifadə etdiyi mənaya fikir vermək lazımdır.
Sərginin bütün iştirakçılarına
fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim
edilib.
Sonra tədbir iştirakçıları
sərgi ilə tanış olublar. Sərgidə həvəskar rəssamlar
və modelyerlərin milli geyimləri nümayiş etdirilir.
Burada 20 müəllifin 125-dən çox
milli geyimi sərgilənir.
Sərgi 3 gün davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 5 dekabr.- S.7.