Polşada Azərbaycan Günü
Polşanın Lodz şəhərində Azərbaycan Günü keçirilib. Tədbir çərçivəsində "Azərbaycanda Polşa izləri" adlı sərginin açılışı olub.
Tədbirdə Lodz Universitetinin beynəlxalq və siyasi təlimlər fakültəsinin müəllim və tələbə heyəti iştirak edib. Fakültənin dekanı professor Tomaş Domansk iştirakçılara Azərbaycan-Polşa əlaqələrindən danışıb. O, Azərbaycanın regionun dinamik inkişaf edən ölkəsi olduğunu vurğulayıb.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov "Azərbaycanın dünəni və bu günü" mövzusunda çıxış edərək ölkəmizin dövlətçilik tarixi, ədəbiyyatı, mədəniyyəti və əldə etdiyi uğurlar barədə danışıb. Bildirilib ki, Azərbaycan və Polşa arasında 540 illik tarixə malik olan diplomatik əlaqələr hazırda ölkələrimizin prezidentləri İlham Əliyev və Bronislav Komorovskinin səyləri nəticəsində daha da inkişaf edir.
Sonra səfir tələbələrin və müəllimlərin suallarını cavablandırıb.
Tədbirdə Azərbaycan haqqında tanıdıcı film nümayiş etdirilib və "Polşada Azərbaycan izləri" adlı təqdimat olub.
Sərginin açılışında səfir H.Həsənov Azərbaycanda bir çox sahələrin inkişafında vaxtilə polyakların mühüm rol oynadıqlarını qeyd edib. Bildirilib ki, XIX əsrin sonu-XX əsrin əvvəllərində polyak memarlarının Şərq və Qərb memarlığını əsas götürərək Bakıda layihələşdirib inşa etdikləri binalar hazırda şəhərimizin memarlıq inciləri siyahısındadır.
Azərbaycanda polyaklar tərəfindən inşa edilmiş binaların fotolarından ibarət sərgi iştirakçıların marağına səbəb olub.
Tədbirin sonunda Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2014.- 5 dekabr.- S.7.