5 gün düşmənlə təkbətək,
azad olunan əsirlər və QİSAS!
Başı
çox bəlalar çəkmiş xalqımız XX əsrdə
törədilmiş ən dəhşətli faciənin -
Xocalı soyqırımının 21-ci
ildönümünü qeyd edir.
O vaxt
çoxlarımızın adını belə bilmədiyimiz
bütöv bir şəhər bir gecədə yerlə-yeksan
olundu. Yüzlərlə soydaşımıza
amansızcasına divan tutuldu. Sözün əsl mənasında,
qar üstünə qan yağışı yağdı.
Xocalıda baş vermiş soyqırım 1988-ci ildən
başlamış Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi dövründə ən
müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən
biri hesab edilir. Xocalı faciəsi XX əsrin ən dəhşətli
və ən qəddarcasına törədilmiş Xatın,
Xirosima faciələri ilə eyni səviyyədə durur.
Xocalı
harayına verilən səs
Bu
gün, faciənin 21-ci ilinin tamamında erməni cəlladlarını
və o zamankı başçılarımızı
suçlamaqla təsəlli tapırıq. Amma Xocalı və
bütünlüklə Qarabağ kimi dilbər guşəmizdən
niyə aralı düşməyimizin əsl səbəbi ilə
maraqlanmırıq. Əslində bizim üçün
böyük olan kiçik Azərbaycanın bir hissəsini
Xankəndini Stepanakertə çevirəndə, gorumuzu eşənləri
hakimiyyətə gətirəndə, gələcəyimizi
taleyin ümidinə buraxanda itirdik. İtirə-itirə, mənəviyyatımızın,
ləyaqətimizin ayaq altına atılmasına dözə-dözə
qəbrimizi qazdıq. Allah axırından saxlasın!
Xocalı
camaatı sovetlər dönəmindən sayılmayıblar.
Baxmayaraq ki, Xocalı insanı heyran edən gözəl təbii
mənzərəsi, münbit torpaqlı, çeşməli-sulu,
axar-baxarlı bir yer olub. Xocalılar il boyu torpaqla əlləşər,
öz halal zəhmətləri ilə yaşayar, qonşulara
belə əl tutublar.
Haqqında
danışacağımız qəhrəmanı da bu yerlərə
çəkib gətirən buranın adamlarının sadəliyi,
bu torpağa hədsiz sevgisi olub.
Bəri
başdan qeyd edək ki, qəhrəmanımız haqqında
keçmiş zamanda danışmayacağıq. Ən azı
o səbəbdən ki, onun yoxluğuna inanmaq çətindir.
Baxmayaraq ki, bu gün Mingəçevirdəki Şəhidlər
Xiyabanında itkin düşənlərin rəmzi məzarları
sırasında onun da adı var.
Kinomexaniklikdən
cəbhəyə
Tanış
olun: Natiq Səlim oğlu Qasımov. 1971-ci il yanvarın 2-də
Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində
anadan olub. Bir müddət sonra ailəsi ilə birgə Mingəçevir
şəhərinə köçür. Məktəbi
bitirdikdən sonra Azərbaycan DRES-də (indiki Azərbaycan
İES - A.) çilingər, "Kosmos" kino-teatrında
kinomexanik işləyir. Rusiyanın Krasnoyarsk vilayətində
Daxili Qoşunlarda hərbi xidmət yolunu keçir. 1991-ci ildə
ordudan tərxis olunduqdan sonra 20 gün ata-anasının
yanında qalan Natiq könüllü olaraq Vətənin
müdafiəsinə yollanır. "Qarabağ şahinləri"
batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində
bir neçə döyüşdə iştirak edir. Yurdsevərliyi
və mehribanlığı ilə cəbhə
yoldaşlarının hörmət və rəğbətini
qazanır.
Qisas
dalınca
631
ölü, 1275 əsir, 487 yaralı... və yer üzündən
silinmiş bir şəhər.
Bu, 1992-ci
ilin fevralın 25-dən 26-na keçən gecə - son
gününü yaşamış Xocalıyla bağlı rəsmi
statistikasıdır. O zaman çoxlarımız kimi Natiq də
bu statistikadan xəbərsizdi. Natiq yalnız bir həqiqəti
bilirdi: ermənilər növbəti vəhşiliyə əl
atıblar, torpaqlarımız işğal olunub, qocaya,
qadına, uşağa, xəstəyə, kimsəsizə aman
vermədən divan tutulub.
Döyüş
bölgəsindən yenicə qayıtmış Natiq
Xocalı soyqırımından sonra özünə yer tapa
bilmir. Bunu faciədən bir neçə gün sonra onun
valideynlərinə ünvanladığı məktublar da təsdiq
edir.
"Evdə
otura bilmərəm"
Atası
Səlim kişinin dediklərindən: "Xocalı faciəsindən
bir neçə gün sonra evdə tapdığımız məktubdan
məlum oldu ki, Natiq "Ala Yaqub"un (Yaqub Rzayev - A.)
"Qarabağ şahinləri" dəstəsində
vuruşmağa gedib. Evə göndərdiyi məktublarda
yazırdı ki, Qarabağda xalqımızın
qırıldığı, ana-bacılarımızın
namusunun tapdandığı bir vaxtda mən evdə rahat otura
bilmərəm".
31 nəfərlə
düşmən arxasında
1992-ci
ilin mart ayının əvvəllərində "Qarabağ
şahinləri" batalyonundan 31 nəfərlik bir dəstə
Ağdamın Xramort kəndi yaxınlığındakı həyati
əhəmiyyət olan bir yüksəkliyi ələ
keçirmək əmrini alır. Tapşırıq yerinə
yetirilir, yüksəklik ələ keçirilir.
"Şahinlər" qədim alban kilsəsində məskunlaşırlar.
Döyüşdə komandir və bir neçə nəfər
həlak olur. Bir neçə döyüşçü geri
hissəyə dönür. Kilsədə Natiq və onunla bərabər
6 nəfər qalır.
Arxadan
kömək gözləsələr də, kömək gəlmir.
Ermənilər isə aramsız hücumlarla yüksəkliyi
geri qaytarmağa cəhd edirlər. Ermənilərin iki gün
yüksəkliyi ələ keçirmək cəhdləri
uğursuzluqla nəticələnir. Hər dəfə itki verən
düşmən geri çəkilmək məcburiyyətində
qalır. Bütün yoldaşları həlak olan Natiq son dərəcə
əlverişli strateji mövqedə yerləşən alban məbədində
təkbaşına mübarizəni davam etdirir. Kilsədə
bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər
əsir və girov götürdükləri Xocalı sakinlərindən
"yararlanmaq" qərarına gəlirlər. Əsir
düşmüş xocalılardan birini
çağırıb ona bildirirlər ki, kilsədəkilər
təslim olmasalar, bütün əsirləri güllələyəcəklər.
Bu xəbərdarlığı kilsədəkilərə
çatdırmaq Xocalıda məktəb direktoru işləmiş
Cəfər Cəfərova həvalə olunur.
"Təslim
ol, əsirləri buraxacağıq"
Qısa
haşiyə: Cəfər Cəfərov Xocalıda anadan olub.
Ancaq Xocalılı ömrünü sonadək yaşaya bilməyib.
26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı
zamanı əsir düşmüş Cəfər müəllim
Natiqi ən son görənlərdən biridir.
Cəfər müəllimin xatirələrindən: "Mənə dedilər ki, sizin türklər bizim kilsəni tutublar, çoxlu sayda adamlarımızı qırıblar. İstəmirik ki, itki verək. Sonra ermənilər məni özləri ilə bir meşəyə gətirdilər. Sağ tərəfdə uçuq bir xarabalıq görünürdü, üzərində də üçrəngli bayraq dalğalanırdı. Mənə dedilər, get sizinkilərə de ki, mühasirədədirlər, heç yana çıxa bilməzlər. Onları dilə tutub razı sala bilsən həm səni, həm də qalan 20 əsiri buraxacağıq. Əgər türklər təslim olmasalar kilsəni partadacağıq, əsirləri isə güllələyəcəyik" ,Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy, heç olmasa özümüzünkülərin gülləsindən ölüm. Bir anlığa xəyala daldı. Tutaq ki, sizi vurdum, bəs mənə görə 20 nəfər əsirin güllələnməsinə necə razı olum. Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Ermənilər əvvəlcə gəlməyə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər. Natiq əlində üçrəngli bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər həmin bu şəkli çəkdilər. Sonralar bildim ki, həmin şəkil "Oqonyok" jurnalında dərc edilib. Ermənilər hər ikimizi BTR-ə qoyub Əsgəran qalasına gətirdilər. Milis şöbəsinin təcridxanasında məni kameraya salıb, Natiqi isə hərbi komendant olan mənzilə apardılar. Bundan sonra bir daha Natiqi görə bilmədim. 14 mart 1992-ci ildə 21 nəfər əsiri, o cümlədən məni Ağdam yaxınlığındakı qəbiristanlıqda dəyişdilər".
Həyatın çox qəribəlikləri var. Kim bilir, bəlkə də bu taleyin bir qismətidir ki, hazırda təqaüddə olan Cəfər müəllim Natiqin vaxtilə böyüyüb boya-başa çatdığı Mingəçevirin Azərbaycan İES qəsəbəsində qaçqın ömrünü yaşayır.
"Mən təslim oluram, dinc əhaliyə dəyməyin"
Millət vəkili Aydın Mirzəzadənin dediklərindən: "Hadisə 1992-ci ilin təqribən aprel ayında Əsgəran yaxınlığında kilsə ətafında baş verib. Natiqin o zaman 21 yaşı var idi. Mingəçevirdəki "Kosmos" kinoteatrında kinomexanik işləyirdi. Könüllü müharibəyə getmişdi. Qəhrəmancasına 5 gün tək şəhid olmuş əsgər yoldaşlarının silahları ilə ermənilərlə vuruşub. Axırda 21 nəfər Xocalı əsiri gətiriblər ki, çıxmasanız hamısını güllələyəcəyik. Elə biliblər ki, bir dəstədirlər. Danışığa Xocalıdan Cəfər müəllimi göndəriblər. Cəfər müəllim indi Mingəçevirdə qaçqın kimi yaşayır, 77 yaşı var. Natiq bildirir ki, mən təslim oluram, dinc əhaliyə dəyməyin. Kilsədən bayraqla çıxır, bayrağını əldən vermir, onu maşına qədər bayraqla aparırlar, sonrasından xəbər yoxdur. Bu məlumat 1992-ci ildə Moskvadakı "Oqonyok" jurnalında çıxıb. Məlumatı yeni çıxan "Qarabağ düyünü" kitabıma salmağı özümə borc bildim. Bu günlərdə kitabdan ikisini Mingəçevirdə qardaşı Nofələ verdim".
Və sonda
Adətən təslim olanlar düşmən qarşısına ağ bayraqla çıxırlar. Lakin son gülləsinədək vuruşmağı üstün tutmuş Natiq düşmən qarşısına üçrəngli bayraqla çıxıb. Onun baxışlarında, duruşunda bir məğrurluq, qürur var. N.Qasımov bu qəhrəmanlığıyla xalqımızın, millətimizin varlığını bir daha sübut etdi. Onun bu missiyasını davam etdirmək isə bizlərin, yetişməkdə olan gənc nəslin üzərinə düşür. Tariximizdə bu cür faciələrin təkrarlanmaması üçün hələ çox çalışmalıyıq.
Bu, Natiqin də ən böyük arzusu idi.
lll
Azərbaycan xalqı məhz Vətən və torpaq anlayışları ətrafında həmrəy olmağı, birləşməyi, polad kimi möhkəm və əyilməz olmağı daha yaxşı bacarır. Keçmişdə də, indi də.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həm düşmənlərimizə, həm də onların xarici havadarlarına mesaj da verdi: "Gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Bəli, Azərbaycan xalqı bu həqiqətin bir gün çin olacağına zərrə qədər şübhə etmir. Əgər etsəydi bu gün Mübariz və Fərid kimi qəhrəmanlarımız olmazdı. Azərbaycan ordusunda isə Mübariz və Fərid kimi
qəhrəmanlar minlərlə, on minlərlədir.
Natiq Qasımov da onlardan biridir.
Nizam RZAYEV
525-ci qəzet.- 2014.- 5 dekabr.- S.5.