Dövlətçilik tariximizin
fəal tədqiqatçısı
DƏYƏRLİ ALİM BORAN
ƏZİZİN BU AY 60 YAŞI TAMAM OLUR
Dünyanın və mənsub olduğun xalqın, vətəndaşı olduğun
ölkənin keçmişini
bilmək üçün
tarixi öyrənmək,
tarix elminə bələdlik çox vacibdir.
Bizdən
əvvəl tarixdə
nələr baş verib, bu torpaqların
yüzillər, minillər
öncəki sakinləri
olan babalarımız necə yaşayıblar, dostları və düşmənləri kim olub onların – bütün bunlar olduqca maraqlı suallardır. Cavablarını tapmaqda isə
yenə də tarix elmi köməyimizə
yetir. Xüsusilə, torpaqlarının iyirmi faizi düşmən
tapdağında olan bir ölkənin vətəndaşı tarixi
dərindən bilməlidir.
Hər vəchlə tariximizi saxtalaşdırmağa
cəhd göstərən,
dədə-baba torpaqlarımızı
öz adına çıxıb, yiyələnmək
istəyən ermənilərə
layiqli cavab vermək, onları tarixi faktlar qarşısında susmağa
məcbur etmək, nəinki regionda, ümumiyyətlə bütün
dünyada Ermənistanın
tarixi Azərbaycan torpaqlarında bərqərar
olduğunu, onların
Azərbaycana qarşı
irəli sürdüyü
torpaq iddialarının
ağ yalandan başqa bir şey olmadığını
dünya ictimaiyyətinin
nəzərinə çatdırmaq
taleyüklü missiyadır.
XXI əsrin informasiya,
texnologiya əsri olduğunu nəzərə
alsaq, bunun vacibliyi bir daha
aydın olar.
Keçmişimizlə bağlı həqiqətlərin, dövlətçilik
tariximizin ayrı-ayrı
mərhələlərinin elmi aspektdən işıqlandırılması, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri
cinayətlərin, Dağlıq
Qarabağ və ətraf 7 rayonun işğalı faktının
dünyaya düzgün
və dolğun çatdırılması üçün
tarixçilərin əsaslı
faktlarla yazdıqları
əsərlərə böyük
ehtiyac var.
Ədalət naminə qeyd edək ki, Azərbaycanın
bu işi layiqincə yerinə yetirən bir çox görkəmli tarixçiləri var. Belə
alimlərdən biri də bu yaxınlarda
60 yaşı tamam olacaq dəyərli tarixçimiz, tarix üzrə fəlsəfə
doktoru, Bakı Dövlət Universitetinin dosenti Boran Əzizdir.
Nəşr etdirdiyi kitabları,
araşdırmaları, elmi
məqalələri, simpoziumlarda,
sessiyalarda, konfranslarda
etdiyi çıxışları
ilə Boran Əziz ilk növbədə
milli dövlətçilik
tariximizin öyrənilməsi
və təbliği işinə ciddi töhfələr verib.
Onun XX əsrlə bağlı araşdırmaları, Qarabağın
tarixi taleyinə, bədxah qonşuların torpaqlarımıza təcavüzünə,
ermənilərin xalqımıza
qarşı törətdikləri,
insanlığa sığmayan
vəhşiliklərə, soyqırım
faktlarına işıq
salınması baxımından,
çox dəyərlidir.
Alimin ömür və fəaliyyət yoluna qısa, ümumi nəzər
saldıqda belə, onu yetirən mühit, milli yöndə formalaşan dünyagörüşü barədə
aydın təsəvvür
əldə etmək mümkündür. Boran Orduxan oğlu Əziz 1954-cü il dekabrın 30-da Ağdam rayonunun Mərzili kəndində, ziyalıları, alimləri
ilə tanınan Qarabağ elində anadan olub. 1972-ci
ildə orta məktəbi bitirən Boran Əziz 1972-1976-cı
illərdə Azərbaycan
Pedaqoji Universitetinin (əvvəlki APİ) Tarix
fakültəsinin əyani
şöbəsində təhsilini
əla qiymətlərlə
başa vurub.
Universiteti bitirdikdən sonra pedaqoji fəaliyyətə
başlayan Boran Əziz 1976-1981-ci illərdə
doğma kəndindəki
orta məktəbdə
müəllim işləyib. Elmi fəaliyyət
arzusunda olan gənc müəllim
1981-1984-cü illərdə Bakı Dövlət Universitetində SSRİ tarixi
ixtisası üzrə
əyani aspiranturada təhsilini davam etdirib. 1986-cı ildə dissertasiya müdafiə edib və tarix elmləri
namizədi elmi dərəcəsi alıb.
1986-cı ilin dekabrından
bu günədək Azərbaycan tarixi (humanitar fakültələr
üzrə) kafedrasında
çalışan Boran
Əziz universitetdə
Hüquq, Beynəlxalq
hüquq və Beynəlxalq münasibətlər,
Filologiya fakültələrində,
Tarix fakültəsinin
bakalavr və magistr pillələrində
Azərbaycan tarixi, Azərbaycanda Sovet işğal rejiminə qarşı mübarizə
(1920-1991-ci illər) fənlərindən
mühazirə və
seminar məşğələləri aparır.
Boran Əziz
səmərəli pedaqoji
fəaliyyətdən əlavə,
eyni zamanda, ardıcıl tədqiqatlar
aparır, elmi məqalələr, kitablar,
proqramlar nəşr etdirir. İndiyədək onlarla elmi məqaləsi, bir neçə kitabı, tarixin tədrisi üzrə proqramları çap olunub.
Tədqiqat sahəsi əsasən
Azərbaycan tarixinin
XIX –XX əsrlər dövrünü
əhatə edən alim Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması,
müstəqil Azərbaycan
Respublikasının yaranması
və inkişafı məsələlərinə müstəsna
diqqət ayırıb
və bu yöndə uğurlu elmi nəticələr əldə edib. Onun tədqiqat işində
1920-1991-ci illərdə Azərbaycanda
Sovet işğal rejiminə qarşı mübarizə, ADR dövründə
qaçqınlar probleminin
həlli, Azərbaycanda
milli-azadlıq hərəkatı
tarixinin öyrənilməsinə
geniş yer tutur.
Boran Əziz
bir sıra beynəlxalq seminar, simpozium
və konfransda Azərbaycanı uğurla
təmsil edib. 2002-ci il mayın 23-25-də
Türkiyədə keçirilən
“Türkiyənin erməni
məsələsi” adlı
beynəlxalq elmi konfransda “Xocalı soyqırımı: səbəbləri,
həyata keçirilmə
üsulları və nəticələri” mövzusunda
məruzə edən alim öz çıxışı
ilə konfrans iştirakçılarının diqqətini çəkib,
eyni zamanda, olduqca önəmli tarixi həqiqətləri
elm aləminə çatdırıb.
2003-cü ilin mart-may aylarında isə Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri” mövzusunda
keçirilən beynəlxalq
elmi sessiyada çıxış edən
tarixçi bu dəfə də öz tədqiqatı ilə, faktları üzə çıxarıb
təqdim etmək bacarığına görə
rəğbət qazanıb.
Boran Əzizin
“Müharibəyə qarşı
sülh uğrunda”, “Xocalı soyqırımı:
səbəbləri, həyata
keçirilmə üsulları
və nəticələri”
kitabları beynəlxalq
aləmdə ermənilərin
cinayətkar niyyətlərini
ifşa edən sanballı tədqiqatlardır.
Birinci əsərlə
alim bütün dünyada özlərini məzlum xalq kimi göstərən ermənilərin əslində
riyakar, təcavüzkar
və saxtakar olduqlarını danılmaz
faktlarla sübuta yetirir. Eyni zamanda onların
qondarma soyqırım
iddiaları ilə bağlı arxiv faktlarını gizlətdiklərini,
tarixi həqiqətlər
qarşısında aciz
olduqlarını göstərir.
İkinci əsər isə
əslində ermənilərin
deyil, Azərbaycan türklərinin soyqırıma
məruz qaldığını
faktlarla ortaya qoyur. Boran Əziz bu əsərində
bariz şəkildə
isbatlayır ki, Azərbaycan hər zaman tarixi faktları,
arxiv sənədlərini
heç kimdən gizlətmədiyi kimi, bu faktlardan təkcə
bizim tarixçilərin
deyil, həm də digər ölkələrin mütəxəssislərinin,
hətta erməni tarixçilərinin də
yararlanmasında, həqiqətlərin
dünyaya çatdırılmasında
maraqlıdır.
Usta tədqiqatçının Türkiyədə
nəşr olunan “Azərbaycanda ermənilərin
türk soyqırımı:
mart faciəsindən Xocalıya”
kitabı alimin davamlı araşdırmalarının,
mənbələrin və
arxiv sənədlərinin
müqayisəli, obyektiv
və qərəzsiz təhlilləri nəticəsində
ərsəyə gəlib.
Əsərdə 20-ci əsr boyunca – 1905-1907,
1918, 1948-1953 və 1988-ci ildən
sonra ermənilərin
Şimali və Cənubi Azərbaycanda törətdiyi qırğınlardan
bəhs olunur. Müəllif sadəcə yazılı
qaynaqlardan deyil, rəsmi məlumatlar və canlı şahidlərin verdiyi bilgilərdən də yararlanıb.
Alimin müxtəlif
vaxtlarda, fərqli məsələlərlə bağlı
verdiyi elmi şərhlər onun tarixə obyektiv elmi rakursdan, ancaq həm də milli mövqedən
yanaşdığını, dəqiq faktlarla münasibət bildirdiyini sübut edir. “Qloballaşmanın genişləndiyi
bir zamanda milli mənəvi dəyərlərin və
özünəməxsusluğun qorunub saxlanması getdikcə çətinləşir”
– deyən Boran Əziz bu narahatlığın
aradan qaldırılması
üçün elmi fəaliyyətində dürüst
bir rəftar sərgiləyir.
Bundan əlavə, Boran Əzizin təhlilləri maraqlı məzmunu, orijinal mahiyyəti ilə də seçilir. Misal üçün, alimin vaxtilə Qarabağ ərazisinin haraları əhatə etdiyi, oranın hansı səbəbdən “Arran Qarabağı” adlandırılması barədə verdiyi izah xeyli maraqlıdır, üstəlik də elmi tutar kəsb etmək baxımından çox önəmlidir: “Arran Qarabağı adlandırılması ərazini digər Qarabağlardan – Güney Azərbaycandakı Təbriz və Surxab Qarabağından, Naxçıvandakı, Qarsdakı, Şimali Qafqazdakı, Özbəkistandakı və Əfqanıstandakı Qarabağdan fərqləndirmək məqsədi daşıyıb... Qarabağ deyəndə Ağdərə, Xocalı, Xankəndi, Şuşa, Xocavənd və həmin bölgənin ətrafındakı, həndəvərindəki bütün torpaqlar, təkcə Goranboy, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl deyil, Beyləqanın, Yevlaxın bir hissəsi, həmçinin Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, yəni aran və dağlıq hissə bütövlükdə nəzərdə tutulmalıdır”.
Azərbaycanın son yüz ildə heç cür xilas ola bilmədiyi, indi də ən ağır problemlərimizdən olan qaçqınlıq məsələsindən ürək ağrısıyla, ancaq bir alim dəqiqliyi ilə söz açan Boran Əziz bu barədə tədqiqatlarında problemin aydın, dolğun təsvirini verir, onun səbəblərini, nəticələrini hərtərəfli araşdırıb təqdim edir. Alim bu mövzuya aid bir əsərində yazır: “1917-ci ildə Avropada, çar Rusiyasında, Cənubi Qafqazda və o sıradan Azərbaycanda baş verən ictimai-siyasi proseslər nəticəsində ermənilər yenidən torpaq iddialarını reallaşdırmaq üçün təcavüzkar mahiyyət daşıyan fəallıqlarını artırdılar. Xaricdən, xüsusən Rusiyadan hər cür maddi-mənəvi yardım alan ermənilər azərbaycanlılar yaşayan kəndlərə basqın edərək on minlərlə dinc əhalini- qadın, qoca və uşaqları qətlə yetirmiş, yaşayış yerlərini yandırmış, yerlə-yeksan edərək müsəlmanlardan ötrü yaşayış üçün mümkünsuz hala çevirmişlər. Nəticədə yüz minlərlə azərbaycanlı qaçqın vəziyyətə düşmüşdür. Xalqımızı fiziki cəhətdən məhv etməkdən, öz doğma torpaqlarından birdəfəlik qovulmaqdan Cümhuriyyətin qurulması xilas etdi.
Cümhuriyyət yarandığı ilk günlərdən qarşılaşdığı ağır problemlərdən biri də qaçqınlar məsələsi olmuşdu. Mövcud oldubu illərdə həm hökumət, həm də parlament bu problemi həmişə diqqətdə saxlamışdı. Belə ki, parlament 1918-1920-ci illərdə keçirdiyi 145 iclasın 45-də qaçqınlar məsələsinə toxunmuşdur. 1918-ci ilin 7 dekabrında öz işinə başlayan parlament həmin ildə 6 iclasında qaçqınlar məsələsini müzakirə etmişdir. Bu iclaslarda qaçqınlar məsələsinin ağır problem olduğunu nəzərə alaraq ayrıca bir Nazirliyin –Himayəçilik Nazirliyinin yaradılması, hökumətin bu məsələni daim diqqətdə saxlamasının vacibliyi, problemin ermənilərin təcavüzkar siyasəti nəticəsində yaranması geniş şəkildə müzakirə edilmişdir.
Parlament 1919-cu ildə keçirdiyi 28 iclasında qaçqınlar məsələsini hərtərəfli müzakirə etmişdir. İclaslarda müzakirələr zamanı qaçqınlara konkret, təxirəsalınmaz şəkildə yardım göstərilməsi həmişə diqqətdə olmuşdur”.
Dövlətçilik tariximizin araşdırılması, milli dərdlərimizin ölkə və dünya ictimaiyyətinə, xüsusən Azərbaycanda, Türk dünyasında yeni nəsillərə çatdırılması istiqamətində fəaliyyətini böyük əzmlə davam etdirən dəyərli alimimiz Boran Əzizi qarşıdan gələn 60 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.
Cavid ŞÜKÜROV
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.30.