NİGARANAM

 

Anamın məzarı başında

deyilmiş şeir

 

Dərdim böyük, həsrətim çox,

Sonam, səndən nigaranam!

Pərvanəyəm, nur şölənə

Qonam, səndən nigaranam!

 

Nisgillərim yenə çin-çin,

Sızlayıram için-için.

Məzarın da dərd, mən üçün,

Anam, səndən nigaranam!

 

Kəlbəcər qəmə bələnib,

Yaş gözümdə gilələnib.

Qaçqın düşüb, səpələnib,

Obam, səndən nigaranam.

 

Ağdabanım qan içində,

Ürək dözmür can içində.

Qənbər, alış-yan içində.

Yaman səndən nigaranam!

Anam, səndən nigaranam!

Aman, səndən nigaranam!

 

BƏNÖVŞƏ

 

Dağlarda güllərin müjdəçi qızı,

Gətir elimizə bahar, bənövşə!

Xoş ətirin qəlbimizi oxşasın,

Bizi intizardan qurtar, bənövşə!

 

İnsanı cəlb edir xırda görkəmin,

Qovursan hər kəsin kədərin, qəmin.

Gözəllər gözəli bütün aləmin

Hamı səni əziz tutar, bənövşə!

 

Oldun sevənlərin ilk vəfadarı,

Qalmayıbdı hansı kəsin tutarı.

Öyrənmək istəsən pərəstişkarı

Məni də unutma, axtar, bənövşə!

 

Qüssədən, kədərdən biz uzaqlaşaq,

Gəl əl-ələ verib yal-yamac aşaq.

Səni çox bitirən dağlara qaçaq,

Olsun məskənimiz dağlar, bənövşə!

 

Nəğməkarlar odlu nəğmə deyəllər,

Qulaq asıb dinləyəcək bülbüllər.

Səni sevən gözəl qızlar, gəlinlər

Qom-qom edib dəstə bağlar, bənövşə!

 

Öz arzusu, öz diləyi hər kəsin,

Yaxşı bağban əsirgəməz meyvəsin.

Qarışarsa nəfəsinə nəfəsin

Qənbər şirin-şirin yatar, bənövşə!

 

GƏLMƏDİ

 

Gözüm yolda qaldı, qulağım səsdə,

Nə kağızın, nə də səsin gəlmədi.

İki cümlə yazmaq çətin iş deyil,

İstəmədin, ya həvəsin gəlmədi?

 

Qoy sevinsin bizi birgə bilənlər,

Daldalarda rişxənd edib gülənlər.

Düz deyirmiş boş söhbətdi deyənlər,

Təkrar-təkrar bir də gülsün, gəlmədi.

 

Zəhmət çəkib inciməyim çox əbəs,

Aydındır ki, ara vurdu müxənnəs.

“Ölüm olsa öləcəyəm!”deyən kəs

Car çəkəcəm hamı bilsin, gəlmədi.

 

Söz verməyin özü böyük qərardı,

Əməl etməyin də qaydası vardı.

Görsək gəldi – bir həqiqət olardı,

Verdiyi qərarı silsin, gəlmədi.

 

Qənbər, biçarəyə artıq nə deyək?

Hər kəsin işini seyr edir fələk.

Aşikar bilindi qurduğu kələk,

Özü doyanacan gülsün, gəlmədi.

 

VURĞUNDU

 

Böyük Azərbaycan şairi, Azərbaycan şeir dilinin kamil yaradıcısı və bilicisi, bəlkə də birincisi olan ünlü S. Vurğun hələ vaxtilə “Muğan” poemasında koçmopdit tənqidçilərə belə demişdi:

 

Mən sizin tək nökər olub

Yad ocağı qalamadım!

Özgələrin süfrəsində

Nimçə dibi yalamadım!

 

Çoxu Səməd zirvəsinə çatmağa

Cəhd elədi, yorğundu ki, yorğundu.

Onsuz coşub dalğalanmır dənizlər,

Durğundu ki, durğundu ki, durğundu.

 

Hər yetən dedi ki, bağım çiçəkdi,

Söz el sərvətidi – xalq biləcəkdi.

Cəsarətlə bu bağçada gül əkdi,

Ətri yoxdu, solğundu ki, solğundu.

 

Şeirlərdə görünsə də, dağ-dərə

Ruhumuzu tərpətmədi bir kərə.

Ucalmağa Vurğun gəzən göylərə

Qırğındı ki, qırğındı ki, qırğındı.

 

Nanəciblər bostanına daş atdı,

Telli sazı yad ünsürə oxşatdı.

Qeyzə gəlib gur təbini oyatdı,

Dözə bilməz çılğındı ki, çılğındı.

 

Qənbər, denən: uca dağlar sıralı,

Qərib düşüb bir-birindən aralı,

Bu millətin böyük sənət qartalı

Vurğundu ki, Vurğundu ki, Vurğundu!

 

BİLMİRƏM

 

Ətri də gedibdi, xoş görkəmi də,

Daha bənövşəni görə bilmirəm!

Kolların dibində qaldı ömürlük,

Uzaqdı, yaxındı – gələ bilmirəm!

 

Vaxt var idi çəmənlərə gedərdik,

Dəstə-dəstə dosta töhfə verərdik,

Qoxusuna könül fəda edərdik,

Yuxuda görürəm, dərə bilmirəm!

 

Tale bizi yaman ayrı salıbdı,

Gözəlliklər düşmənlərə qalıbdı.

Həsrət məni qəm-qüssəyə alıbdı,

Necə yaşayıram-hələ bilmirəm!

 

Mən bir gün yox olanda kölgələr təkin,

Demirəm ağlayın, göz yaşı tökün.

Qəbrimin üstünə bənövşə əkin,

Axı o çiçəksiz ölə bilmirəm.

 

Qaçqın olduq, gözlərimiz gördü nə?

Sığınmışıq kainatın Mərdinə!

Şərik olun siz Qənbərin dərdinə,

Ağlayıram, amma gülə bilmirəm!

 

LALƏSƏN

 

Görürəm ki, laləsən!

Yanaqların lalədən hələ bir az gözəldi

Gözündəki od-alov külək vurdu, közərdi,

Duruşun, oxşayışın lalədəndə betərdi.

Lap lalənin özüsən

Gözəllərin gözüsən

Lalə kimi bəzərsən

Çəməni sən, çölü sən

Amma qoy deyim yenə

Lalə olmaq şərt deyil

Lalənin ləçəkləri o qədərdə bərk deyil

Dərən kimi soluxar

Nə də ətir qoxuyar

Gül gərək gözəl olsun

Həm də cənnət qoxusun!

Güllərdəki gözəllik

Nə qədərdə bol olsa

Onun nə qiyməti bar

Əgər ətri yoxdusa!

Səndəcə bax beləsən

Ətrin qoxun tükənib

Adın dillərə gəlib

Xeyli tərif edillər

Lap gül kimi yalvarıb

Arxanca sürünüllər

Deyəsən bilməyillər

Güldə gözəllik bolsa

Bir gün komada qalsa

Tez əzilib solpusa

Alax iyi qoxusa

O nəyimə gərəkdi

Belə güllər, çiçəklər

Bəzəkli kəpənəkdi

Bir anlıq göz oxşayar

Qanadlanıb uçanda

Ətri, qoxu qalmayır

Ürəkləri odlayır, özü uçub gedəndə

Nişanəsi olmayır!

İncisəndə sözündən, belə deyəcəyəm mən

Sən ətirsiz çiçəksən

Lalələrdən qəşəngsən!

 

DOST DÜŞMƏNƏ ÇEVRİLƏNDƏ

 

Məyus olar hər bir bəndə,

Dost düşmənə çevriləndə!

Dözüm gərək səndə, məndə,

Dost düşmənə çevriləndə!

 

Özünə arxa sanırsan,

Fəxr edirsən, şadlanırsan

Danışmağa utanırsan

Dost düşmənə çevriləndə!

 

Bilmirsən nə eyləyəsən,

Dərdi kimə söyləyəsən,

Oğulsan tab eyləyəsən,

Dost düşmənə çevriləndə!

 

Qalay gedib, çıxır paxır,

Tənələr qəlbini yaxır,

Hamı sənə əyri baxır,

Dost düşmənə çevriləndə!

 

Təmənna çoxdursa əgər,

Qəm-qüssəyə düşmə hədər,

Kişi kimi tab et, Qənbər,

Dost düşmənə çevriləndə!

 

BU HƏSRƏT

 

Çoxdandı görüşmürük,

Həsrətini çəkirəm.

Nə gözəldi bu həsrət,

Niyə başa düşmürük,

Nə gözəldi bu həsrət?!

 

Eşitmişdim, deyəllər:

Filankəsin həsrəti.

Məni tamam öldürüb-

Yəqin onlar bilmillər,

Nə gözəldi bu həsrət!

 

Gözlərini görmürəm,

Tellərin əllərimlə

Sığallayıb hörmürəm.

Etiraf eyləyirəm:

Nə gözəldi bu həsrət.

 

Həsrətlə yaşamağın

Özü də bir ləzzətdi!

Düşünürəm o günlər

Nə yaman ötüb getdi.

Məni narahat edən

Yadigar məhəbbətdi.

 

Məhəbbətin vüsalı

Çəkdiyim bir həsrətdi.

Həsrət mənə təsəlli,

Həsrət mənə qismətdi.

Deyirəm, yəqin bu da

Özü bir səadətdi.

 

Bu həsrəti yaradan

Nakam bir məhəbbətdi.

Nə gözəldi bu həsrət

İlahidən bir qismət!

Nə gözəldi bu həsrət!

Nə gözəldi bu həsrət!

 

YAXŞIDI

 

Dostum Vaqif həkim məktub yazıb xahiş edir ki, Qənbər müəllim, mənim şeir yazdığımı heç kəs bilməsin.

 

Vaqif, təvazökar olma bu qədər,

Şeirini el-oba bilsə yaxşıdı.

Ləfzin gözəl, sözün şəhdi-şəkərdi,

Dəhanından bal tökülsə yaxşıdı.

 

Nəsihətlər yaşadıbdı insanı,

Daim olub sözün vaxtı, zamanı,

Həzm edə bilməyən məddi-mənanı

Nadanlar gəbərsə, ölsə yaxşıdı.

 

Yolun üstə payəndazlar sərilsin,

Kəlamın oxunub qiymət verilsin,

Müdam ətrafında məclis qurulsun,

Məclisə ariflər gəlsə yaxşıdı.

 

Axı sən şairsən, sözlərin haxdı,

Haqqı inkar etmək özü günahdı.

Sənətə xor baxmaq səndən uzaqdı,

Bağın-bağçan bol bar versə yaxşıdı.

 

Çoxdu mətbəxində qoşma-qəzəllər,

Soraqlayıb inan, əl-əl gəzəllər.

Başında cəm olan türfə gözəllər

Qəhqəhlə, şirinlə gülsə yaxşıdı.

 

Bəzəklidi toxuduğun ilmələr,

Sərrafın qədrini sərraflar bilər.

Dilindən süzülüb gələn kəlmələr

Qanmazın qəlbini bölsə yaxşıdı.

 

Giley etmə vicdansızdan heç zaman,

Elələri qalmır, çıxır sıradan.

Meydanda hayqırıb məşq edən aslan

İgidsə, qoçaqsa, nərsə yaxşıdı.

 

Diqqət elə, doğru eşit Qənbəri,

Babası, Dədəsi sözün zərgəri.

Kamillik qədrini bilməyənləri

Tarix, səhnəsindən silsə yaxşıdı.

 

NEYLƏYİR?

 

Dostum Vaqif həkimə

 

Vaqif, dünya qalınları xoşlayır,

Təhlilləri, isbatları neyləyir?!

Qanmaz özü yabıları xoşlayır,

Düratları, Qıratları neyləyir?!

 

Dərd silahlı, insan əli yalınmış,

Ürək bizə əcəl zəngi çalırmış.

Səmaları əllərindən alınmış

Tərlan quşum qanadları neyləyir!

 

Dünya dərddi, ya tanıma, ya tanı,

Tanımasan yandıracaq atanı.

Dünya sevir tez sığala yatanı,

Bədöyləri, inadları neyləyir!

 

İgidlərə söyləməyin qocalıb,

Misri qılınc düşmənlərdən bac alıb.

Usta əldə kələf müdam uc alıb,

Anlamazlar ustadları neyləyir!

 

Qanan olsa, nə var sözü deməyə,

Heyvanları çağırmazlar köməyə.

Öyrənibdi küləş, saman yeməyə,

Tər çiçəkli otlaqları neyləyir!

 

Gəl incimə sən Qənbərin dilindən,

Ayrı düşüb Kəlbəcərli elindən.

Sözdən ayrı nə iş gəlir əlindən,

Dəbdəbəni, büsatları neyləyir!

 

ÇIXIR

 

Dostum Vaqif həkimə cavab

 

Hər bir kəsin bəd əməli

Qabağına axır çıxır!

Xudadan pay istəyənə

Haxdan sürü, naxır çıxır!

İşin əyilən zamanı

Dost-düşməni yaxşı tanı,

Yüz qalayla mis qazanı,

İşləndikcə paxır çıxır!

 

Çox görmüşəm inlədiyin,

Dünyada “mənəm” deyənin.

Arpa, ya saman yeyənin

Tövləsindən axır çıxır!

 

Olur payı mübtəlanın,

Özünü oda salanın.

Meyli içkidə olanın

Sürfəsindən çaxır çıxır.

 

Qənbər, tanı bu gərdisi,

Çoxlarıynan olub işi,

Allah yaradıb günəşi,

Aləmə nur yaxır, çıxır.

 

GƏZƏR

 

Əqidəsi doğru, Allah sevənlər

Həqiqət axtarar, imanı gəzər.

Tanıyar Qibləni, tanıyar Haqqı,

Məhəmməddən qalan Quranı gəzər!

 

İstəyər ki, halal nemət bol olsun!

Hər kəsin getdiyi doğru yol olsun!

Ellər fərəhlənsin, həm xoşhal olsun!

Üzə vurmasa da pünhanı gəzər!

 

Hamıya xoş əhval, şadlıq diləyər,

Əlsiz, ayaqsıza kömək eləyər,

Aclara sonuncu tikəsin verər,

Dillərdə dastantək dünyanı gəzər.

 

Ürəyində yurd salmayan yalanlar,

Canından böhtanı, məkri qovanlar.

Qəlbi istək ilə nurla dolanlar

Allahu-Əkbəri, sübhanı gəzər!

 

Rəbbim, özün saxla, eləsi də var

Yalandan min fitnə-böhtan uydurar.

Dostuna gah duzaq, gah tələ qurar,

Ara qarışdıran şeytanı gəzər.

 

GÜNAH BİZDƏDİ

 

Dünyanı günahkar sayırıq niyə?!

Dünyada günah yox, günah bizdədi.

Çoxlarının izi-tozu qalmadı,

Çünki onu ana torpaq gizlədi.

 

Bizə töhfə edib Ayı, Günəşi,

Qayğımıza qalmaq olubdur işi,

Belə xəlq edibdi xəlq edən Kişi,

Qartal zirvələrdə, ceyran düzdədi.

 

Bircə yaxşılığı yüz görmürüksə,

Hər nəyə qiyməti düz vermiriksə,

Yaxşını-yamanı düz görmürüksə,

Biclik ürəkdədi, xəta gözdədi.

 

Dünyada şahidi olduq nələrin:

Sonunu çox gördük nadan kəslərin.

Haqqa, ədalətə yol seçənlərin

Şeytan gəlib ləpirini izlədi.

 

İnsanda insana olsa məhəbbət

Olmaz düşmənçilik, olmaz xəyanət.

Yol azana lənət, əyriyə lənət,

Qənbər sizə nə dedisə, düz dedi.

 

BURDADI TELEFON

 

Dostum Vəliyəddin Misiroğlunun “Qara telefon” şeirinə cavab

 

Əzizim, Vəliyəddin! Narahat olma!

Niyə soruşursan: hardadı telefon?!

Məndən uzaqlaşmaz, bir yana getməz,

Bax elə cibimdə, burdadı telefon.

 

Qəddi-qaməti var, boynunu bükmür,

Pisikib, sınıxıb göz yaşı tökmür,

Nə təlaş keçirir, nə qorxu çəkmir,

Nə də bərkə düşüb, dardadı telefon.

 

Demə daldalanıb, fikrindən daşın,

Nigaran eləyir məni təlaşın.

Səsini gözləyir dostun, qardaşın,

Harda görmüsənsə, ordadı telefon.

 

Fikrini dəyişib gülmə, ay qağa,

İncisən canına düşər vəlvələ.

O qədər də əldən düşməyib hələ,

Gözü yolda, intizardadı telefon.

 

Özünü zəhmətə salma çox dərin,

Dedin, qulağıma çatdı sözlərin.

Hərdən harayına gəlir Qənbərin,

Mahnı bəstələyir, xordadı telefon.

 

VAR

 

Gözə görünmədən Haqq olan kəsin

Zühr edib bilinmək təcəllası var.

Yaratdığı hər bəndənin ayrıca

Özünə məxsusluq iştahası var.

 

İnsanı yaşadan duzdur, çörəkdir,

Halal zəhmət çəksən, O verəcəkdir.

Doğruçu, qeyrətli olmaq gərəkdir,

Bizlərdən beləcə təmənnası var.

 

Oğruya, əyriyə, yalana lənət,

Ürəyinə şeytan dolana lənət.

Aralığa nifaq salana lənət,

Hər işin oxşarı, öz qaydası var.

 

Atdığımız hər addımı izləyər,

Səbri çox böyükdü, dözər, gözləyər,

Qərara gələndə bir cümlə deyər:

Cümlənin xəbəri, mübtədası var.

 

İstəsə, hər şeyi aşıb-daşdırar,

Boy verər, bəzən də aşıb-daşdırar.

Ya göyə ucaldar, ya dolaşdırar,

Belə edər-etməz intəhası var.

 

Sərkərdələr sözdə bir olsa əgər

Qələbə gətirər, zəfər gətirər.

Axşam-səhər deyin: “Allahu-əkbər!”

Qənbərin sözünün bu mənası var.

 

SARILDI DAĞLAR

 

Yollar bağlanandan yol çəkir gözüm,

Yollara baxmaqdan yoruldu dağlar.

Bir anda dəyişdi gərdiş, ruzigar,

Bu nə qurğu idi quruldu, dağlar?!

 

Hər gün axıdıram gözümdən yaşı,

Bulaqlar olubdu könlüm sirdaşı.

Yüz yerdən oxlanıb bağrımın başı,

Səsimi duyanda yarıldı dağlar.

 

Atasız, anasız yetiməm, yetim,

Mən dərdimi açıb kimə söyləyim?!

Sənin həsrətindən çinar qamətim

İkiqat əyilib qırıldı dağlar.

 

Zirvədə olsa da şanım, şöhrətim

Qənbərəm, canımda çoxdu möhnətim.

Gördüm, tanımadı, “Oğlunam!” – dedim,

Anamtək boynuma sarıldı dağlar.

 

ÜSTÜNƏ

 

Özün xəlq etmisən, böyük Yaradan,

Nəzər sal, nur çilə yerin üstünə.

Elə əvvəllərdən qayda olubdu:

İnamla gedəllər pirin üstünə.

 

Qəlblərdə şeytanlar yuva salıbdı,

Şər ilə, böhtanla dünya dolubdu,

Artıq insan oğlu aciz qalıbdı,

Pərdə çəkə bilmir şərin üstünə.

 

Mane olan olmaz alsan, ya versən,

Ədalətin vardır – tədbir görürsən.

Xaliqsən, Vahidsən, Qadirsən, Birsən!

Hamı yön çevirir birin üstünə.

 

Öz güclü əlini atmasan əgər

Nadanlıq, nankorluq baş alıb gedər.

Hər kəs dərk edəcək nəsihət göndər,

Dərdə düşmüş bu bəşərin üstünə.

 

Qənbərin xahişi belədir, belə:

Dünyanı tutmasın xəsarət, bəla.

Yolumuzu sədaqətə tuş elə,

Hamı gedə bilsin xeyrin üstünə.

 

ANA DİLİM

 

Yurdum Azərbaycan, elim Kəlbəcər,

Bu yurdsuz yaşamaq bir qəm, bir kədər.

İstədim sözümü deyəm bir qədər,

Öz ana dilimdə, şirin dilimdə,

Bu dil ana dilim, bu dil şipşirin.

 

Doğulduğum kəndin adı Ağdaban,

Dağları yamyaşıl, meşələr duman,

Bu kənd söz diyarı, ümmandı-ümman,

Burda eşitmişəm yüzlərlə dastan,

Öz dilim şirindi, öz dilim şirin.

 

Bu dillə dünyaya açdım gözümü,

Bu dildə eşitdim Vətən sözünü.

Bu dildə tanıdım elə özümü.

Bu dil ana dilim, bu dil şipşirin,

Öz dilim şirindi, öz dilim şirin.

 

Həsənoğlu gözəl meyl oyatdı,

Nəsimi, Nəimi çox əziz tutdu.

Xətai bu dilli dövlət yaratdı.

Bu dil ana dilim, bu dil şip-şirin,

Öz dilim şirindi, öz dilim şirin.

 

Nəsimi, Füzuli sehirsə, sirsə,

Seyidi, Sabir sənətdə pirsə,

Üzeyir bu dildə mahnı deyirsə,

Bu dil ana dilim, bu dil şipşirin,

Öz dilim şirindi, öz dilim şirin.

 

Bu dillə sevmişik eli-obanı,

Səməd Vurğun yazıb “Azərbaycan”ı,

Şəhriyar söylədi “Heydərbaba”.

Bu dil ana dilim, bu dil şipşirin,

Öz dilim şirindi, öz dilim şirin.

 

Bu dildə şəcərəm nəğmə oxuyub,

Babam sözlər ilə ilmə toxuyub,

Bu dilin sözləri cənnət qoxuyub.

Bu dil şeir dili Dədə Şəmşirin,

Bu dil ana dilim, bu dil şipşirin.

 

Nənələr bu dildə nağıl söyləyib,

Analar beşikdə laylalar deyib,

Bu dili yaradan şəkər eyləyib.

Bu dil ana dilim, bu dil şipşirin,

Öz dilim şirindi, öz dilim şirin.

 

Müstəqil dövlətin dili bu dildi,

Bu dildə azadlıq sözü deyildi,

Bizi sevməyənlər çatladı, öldü.

Bu dil ana dilim, bu dil şipşirin,

Öz dilim şirindi, öz dilim şirin.

 

Bu dildə yazarlar minlərdi, minlər,

Heç biri birindən geri deyillər,

Var olsun bu dilə mənim deyənlər.

Bu dil ana dilim, bu dil öz şirin,

Öz dilim şirindi, öz dilim şirin.

 

lll

 

Bir neçə il bundan əvvəl gənc xanəndə Güllü Məmmədova Muğam müsabiqəsində oxuyanda bəlkə də onun səsinə, avazına heyran olmaqla bərabər üz cizgilərində anamın surətini görüb pərəstiş edirdim.

 

I ŞEİR

 

GÜLLÜ

 

Adın Güllü, özün gülsən,

Cəh-cəh vuran bir bülbülsən.

Qönçələnmiş qızılgülsən,

Oxu, Güllü, oxu, Güllü,

Xoş avazlı, şirin dilli.

 

Şipşirinsən, təzə tərsən,

Həm noğulsan, həm şəkərsən,

Könüllərdə gül əkərsən.

Oxu, Güllü, oxu, Güllü,

Xoş avazlı, şirin dilli.

 

Oxuyanda “Zəminxara”

Qəlbim olur para-para.

Bilmirəm yol alım hara.

Oxu, Güllü, oxu, Güllü,

Xoş avazlı, şirin dilli.

 

17.07.2014

 

II ŞEİR

 

CEYRANIM

 

Güllü bala, “Zəminxarə” oxudun,

O muğamı bir də oxu, ceyranım.

Sözlə təsvir eylə gözəllikləri,

Kəlmələrdən ilmə toxu, ceyranım.

 

Yazda bənövşələr yayılar döşə,

Çalışar tamaşa etsin Günəşə.

Sən özün də dəstələnmiş bənövşə,

Qəlbi oxşar ətir qoxu, ceyranım.

 

Qənbər baba səni sevər, əzizlər,

Bir təşrif buyursan, yolunu gözlər.

Ehtiyat eyləyib üzünü gizlər,

Gözəllərin inan çoxu, ceyranım.

 

17.07.2014

 

III ŞEİR

 

ZƏNGULƏ ÇƏK

 

Güllü, şəkər qızım, ay göyçək qızım,

Sən ki, yaranmısan bir mələk, qızım,

Sənətin, şöhrətin mübarək, qızım!

Adın xatirinə bir zəngulə çək,

Biz də qulaq asıb “Çox sağ ol!” – deyək.

 

Anamın da adı olubdu Güllü,

Atamı çox sevib o şirin dilli.

Qarabağ gözəli, ay bizim elli,

Öz adın xətrinə bir zəngulə çək,

Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

 

Səsindəki zil də bəm də qəşəngdi,

Həmi məlahətli, həm də qəşəngdi,

Yoxdu bir əskiklik, kəm də, qəşəngdi

Öz adın xətrinə bir zəngulə çək,

Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

 

Gün o gün olsun ki, dağlara gedək,

Gedək, qədəmini mübarəkləyək.

Taxtadüzdə nərgiz, bənövşə dərək.

Öz adın xətrinə bir zəngulə çək,

Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

 

Sənət öyrənmisən kamil ustadan,

Heç nə deyə bilməz hər hansı nadan.

Alqış alacaqsan eldən, obadan.

Bir gün səsin gəlsin uca dağlardan.

Sevinib şad olsun qoy Qənbər baban!

Adın xatirinə bir zəngulə çək,

Biz də ağız dolu “Çox sağ ol!” – deyək.

 

17.07.2014

 

DƏRDİ

 

Taleyin hökmüdür, bəxtin gərdişi,

Canıma doldurub gecədə dərdi.

Elə bil ki, göndərdiyi bəs deyil,

 Tovlayıb gətirir gücə də dərdi.

 

Deməyə, açmağa qorxu çəkirəm,

Göz yaşımı ürəyimə tökürəm.

Ağrı gəlir, dizlərimi bükürəm,

Bəs açıb söyləyim necə də dərdi.

 

Yəqin qismətimdi, payımdı bu da,

Mənə töhfə etdin bu gün yuxuda.

Sənin əlindədi, ey böyük Xuda,

Yox edib salarsan heçə də dərdi.

 

VERİR

 

Yadda saxla sözlərimi:

İstedadı Allah verir.

Bəzimizə cılız, arıq,

Bəzimizə gümrah verir.

 

Quru daşdan su süzülür,

Ətrafına gül düzülür.

Çox zaman hədər gəzilir,

Payı Böyük Dərgah verir.

 

Qənbərin sözünə inan,

Naşükürlük etməz insan.

Mərhəmətə gələn zaman

Əsirgəməz, billah, verir.

 

 

Qənbər Şəmşiroğlu

525-ci qəzet.- 2014.- 6 dekabr.- S.28-29