Müharibə və onun nəticələrinə
təsir edən amillər
(Əvvəli
ötən şənbə sayımızda)
Haqq uğrunda aparılan ədalətli müharibədə
qəhrəmanlıq rəmzləri yaranır. Persiyalıların Avropaya
keçib, Afinanı işğal etmək niyyətində olan
200 minlik ordusunun qarşısını kəsmək
üçün Leonidin başçılığı
altında Fermonil keçidində ağlasığmaz igidlik
nümayiş etdirən üç yüz spartalı, yaxud da
ingilis işğalçılarına qarşı fransız
xalqını geniş müqavimətə qaldıran Janna
D`Ark unudulmaz qəhrəmanlıq, sarsılmaz vətənpərvərlik
simvollarına çevrildilər. Spartalıların
igidliyi ilə bizi 25, Fransanın qəhrəman qızı ilə
isə 6 əsrə bərabər olan bir zaman məsafəsi
ayırır. Ancaq onlar bu gün də mübarizlərin,
vətənin taleyini şəxsi həyatından üstün
tutanların qəlbində yaşamaqla, indiki dövrdə də əyilməyən
insanların həqiqi müasirləri kimi görünürlər.
Müharibənin
əks dəyərləri
Müharibədə bir qayda olaraq düşmənə
ağır itki verənlər, döyüşdə daha
çox canlı qüvvəni, sonralar isə havada daha
çox təyyarəni sıradan çıxaranlar xüsusi
hörmət və şöhrət sahiblərinə
çevrilirdilər. Qan tökməkdə hədd tanımayanlar
ən yüksək dövlət mükafatına layiq
görülür, onların haqqında bəzən hətta
yalan əfsanələr uydurulurdu. Hələ
Böyük Vətən müharibəsindən əvvəl
(1934-cü ildə ) SSRİ-də hərbçilər
üçün Sovet İttifaqı Qəhrəmanı
adı təsis edilmişdi, müharibə qurtardıqda bu ada artıq
minlərlə adam layiq görülmüşdü.
Yaponlar isə bu məsələdə daha uzağa
getmişlər. Onlar döyüşməyi, Sinto, Mikado və Yamato
(Sinto – əsasını təbiət ilahiliyini və əcdadların
kultlarını əhatə edən dindir, Mikado – Yapon
imperatorunun adlandığı tituldur, Yamato isə – ilk yapon
dövlətinin adı olmaqla, bəzən “yapon ruhu”nu ifadə
etmək üçün işlədilir) uğrunda həlak
olmağı sevirdilər. Yaponların həyat
və düşüncə tərzinə yaxşı bələd
olan bir rus yazıçısının dediyi kimi, yapona
çörək verməsən da olar, ancaq necə
olursa-olsun, o, gözəl qaydada ölmək istəyir. Bu fikir həmin millətə məxsus olan
adamların düşüncəsinə hakim kəsilmişdi.
Təsadüfi deyildir ki, yapon samuraylarının kodeksi
sayılan “ Busido”da deyilirdi ki, “ Borc dağ
kimi ağırdır, lakin samurayın ölümü quş
lələyi kimi yüngüldür”. Yaponlar digər
xalqlarda olan adi təltiflərdən başqa həlak olan hərbçilərin
rütbəsini də artırırdılar, bu onun xidmətinə
ölümündən sonra verilən qiymət idi. Müharibədəki ən başlıca qəhrəmanlara
isə “qundzin” titulu verilirdi, bu söz yapon dilində
“müharibə allahı” deməkdir.
Buna təəccüblənmək də lazım deyildir. Axı
müharibədə dinc dövrlərdə mövcud olan dəyərlər
əsaslı dəyişikliyə məruz qalır, diametral əks
olan dəyərlər sistemi meydana çıxır. Sülh dövründə insanı qətlə
yetirməyə görə qatil ən ağır cəzaya məhkum
edilirsə, bəzi ölkələrdə o, özü də
həyatdan məhrum edilir, döyüş, müharibə,
işğal vaxtı çox sayda qətlləri, bəzən
hətta qırğınları icra edən və ya bu iyrənc
əməliyyata başçılıq edənlər isə ən
böyük hörmətə və şöhrətə yiyələnən
adamlara çevrilirlər. Birinin mülkiyyətinə və
ya yaşadığı evə azacıq ziyan vuran adam müvafiq cəzaya məhkum edildiyi halda,
müharibə vaxtı bütöv şəhərləri,
yaşayış məntəqələrini viranə qoyanlar,
xarabalıga çevirənlər xüsusi ad-san qazanır, məşhurluq
haləsinə bürünürlər.
Çingiz
xan öz ordusu ilə 1220-ci ildə Xarəzmi tutduqda, şəhəri
qarət etmək və dinc əhalini qılıncdan
keçirmək əmrini verdi. Hitler hələ öz müharibələrinə
başlamamışdan əvvəl İspaniyadakı Vətəndaş
müharibəsində faşistlərinin lideri, general Frankoya
kömək etmək məqsədilə Basklar ölkəsində
olan Gernika şəhərinin aviasiya bombardmanı ilə yerlə
yeksan etmişdi. İkinci Dünya
müharibəsi illərində isə Hitler aviasiyası və
qoşunları bu sıraya İngiltərədəki
Koventrini, Fransadakı Oraduru, Belorusiyadakı Xatın kəndini
əlavə etdi.
Amerikanlar
həmin müharibənin son mərhələsində, 1945-ci
ilin avqustunda öz canlı qüvvəsinin böyük itkisinə
yol verməmək məqsədini əsas götürərək
yapon şəhərləri Hirosimanı və Naqasakini atom
bombası zərbəsi ilə təkcə nəhəng
xarabalığa çevirmədilər, həm də hər
iki şəhərdə iki yüz minə yaxın dinc əhalinin
məhvinə səbəb oldular. Amerikanlar Vyetnam müharibəsində
isə napalm bombardmanları ilə yaşayış məntəqələrini
yanğına məruz qoyurdular. 1968-ci ildə
Sonqmi kəndində 500 nəfər sakini güllələmiş,
binaları yandırmışdılar. Bu
hadisə dünya ictimaiyyətinin hiddətinə səbəb
olmuşdu. Təəssüf ki, bu cinayəti
törədənlərə heç bir mühakimə
qurulmadı. Hitler natsizminin dəhşətlərindən
əzab çəkənlər isə, heç olmasa, Nyurnberq
tribunalı tərəfindən yüksək rütbəli
faşist hərbi cinayətkarları ölüm hökmünə
və digər ağır cəzalara məhkum edildikdə,
öz intiqam hisslərini bir qədər söndürə
bilmişdilər.
Dünya həmin beynəlxalq tribunalın işini
razılıqla qarşılasa da, onun ümumiyyətlə
baş tutmasına və hökmlərinə zidd
çıxanlar da oldu. Bunlardan biri, keçmiş ABŞ prezidenti Uilyam
Taftın oğlu, senator Robert Taft idi. O,
1946-cı ilin payızında Senatda çıxış edərkən
Nyurnberq məhkəməsinin işini və orada ABŞ
nümayəndələrinin iştirakını kəskin tənqid
etdi. Taft bu mövqeyində beynəlxalq
hüququn prinsiplərinə əsaslandığını
bildirərək bəyan etdi ki, tarixdə hələ heç
vaxt qaliblər məğlubları mühakimə etməmişdilər.
Əlbəttə, belə mövqeyi əsassız
saymaq da çətindir, axı Taft öz mülahizələrində
hüququn aliliyini əsas götürmüşdü. Müharibə cinayətkarlarının
hamısını onsuz da mühakiməyə çəkmək
mümkün deyildir. Yaxşı olardı
ki, bəşəriyyət özünün anadangəlmə
bu qüsuruna birdəfəlik qadağa qoyaydı və ərazi
işğalına girişənləri, günahsız
insanlara divan tutanları qanundan kənar elan etməklə,
dünyanın bütün siyasi, iqtisadi və hərbi
qüdrətini onları lazımınca cəzalandırmağa
yönəldəydi. Belə mövqe həmin
fikrə düşənləri yəqin ki, öz sərsəmliklərindən
əl çəkməyə məcbur edərdi. Bu vaxt bütün xalqlar birdəfəlik rahat nəfəs
alardı, Bibliyada göstərildiyi kimi şirlə qoyun bir
yerdə yatardı.
Çox təəssüf ki, müharibələrin
ardı-arası kəsilmir. İkinci Dünya
muharibəsindən sonra iki fövqəldünya dövləti
– ABŞ və SSRİ müvafiq olaraq hərbi və iqtisadi cəhətdən
çox zəif olan Vyetnamda və Əfqanıstanda öz
vassal dövlətlərini yaratmaq üçün onların ərazilərinə
girib uzunmüddətli müharibə apardılar. Lakin ABŞ Vyetnamdan sillə zərbəsi almaqla,
1965-ci ildə başladığı iri miqyaslı müharibəni
1973-cü ildə dayandırmalı oldu. Bundan 16 il sonra, 1989-cu ildə SSRİ Əfqanıstanda
apardığı on il ərzindəki vuruşların olduqca
uğursuz, əslində nəticəsiz olduğunu dərk
etdikdə, onun ərazisindən qoşunlarını
çıxarmaq məcburiyyətində qalmaqla, ABŞ kimi
eyni biabırçılıq zərbəsinə məruz
qaldı. Hər iki qanlı avantyura həmin
dövlətlərin nüfuzuna ciddi təsir göstərdi.
SSRİ isə bir onillik keçdikdən sonra tarix səhnəsini
bütünlüklə tərk etməli oldu.
Müharibədən qalib gələn tərəf
heç də həmişə onun bəhrələrindən
lazımınca qidalana bilmir. Bunu SSRİ-nin
müharibədən sonrakı ömrü aydın surətdə
təsdiq edir. İkinci Dünya müharibəsində
məğlub olan, əraziləri xarabalığa çevrilən
Almaniya və Yaponiya isə ağır iqtisadi itkilərinə,
sənayelərinin tamamilə iflic vəziyyətə
düşməsinə baxmayaraq, bu ağır xəstəlikdən
tezliklə sağalmağı bacardılar. Yaponiya məğlubiyyətdən iki onillik sonra
dünyanı özünün “Yapon möcüzəsi” ilə
təəccübləndirdi. Qərbi
Almaniya isə amerikanların Marşall planından bəhrələnib,
öz sənayesini bərpa etdi və tezliklə Avropanın
iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən
birinə çevrildi. Almaniya müharibədəki
məğlubiyyəti hesabına öz ərazisinin əvvəlcə
dörd zonada, sonra isə iki dövlətə
bölündüyünün şahidi olduğu halda, 1989-cu
ildə bu vəziyyətə son qoyub, vahid dövlətdə
birləşdi.
Bu
nöqteyi- nəzərdən müharibə bir “
böyük illuziyadır”, çünki nominal qalib,
güman ki, prinsipcə əldə etdiyindən daha çox
itirəcəkdir.
Tarixdən
dərs almaq zərurəti
Yuxarıdakı
misalların əyani davamı kimi Ermənistan 1990-cı illərin
əvvəllərində apardığı müharibədə
Azərbaycanın tarixi və hüquqi ərazisinin beşdə
birini işğal etsə də, iqtisadi və sosial cəhətdən
getdikcə zəifləməyə başladı, ölkə əhalisi
kütləvi surətdə öz doğma evlərini tərk
edib, bir qədər əlverişli yaşayış şəraiti
tapmaq ümidi ilə xarici ölkələrə üz tutdu. İrlandiya əhalisi XIX əsrin ortalarındakı
dəhşətli aclıqdan vətənini tərk edib, əsasən,
Amerika Birləşmiş Ştatlarına mühacirət
etmişdi. Ona görə də, indi vətəndə
yaşayan irlandların sayı xarici ölkələrdə
yaşayanların miqdarından xeyli azdır. Ermənistan əhalisi birbaşa aclıqla üzləşməsə
də, ağır yaşayış şəraitinə davam gətirməyib
öz ölkəsini atıb, uzaq diyarlara getməyə məcbur
oldu. Ermənistanda da yaşayan ermənilərin
sayı hazırda kəskin surətdə azalmaqla, xarici ölkədə
yaşayanların sayından əhəmiyyətli dərəcədə
azdır. Əslində bu, Ermənistan
dövləti üçün fəlakət təhlükəsinin
zəng səsi hesab olunmalıdır.
Torpaqlarının bir hissəsi işğal olunan Azərbaycan isə böyük iqtisadi və sosial inkişaf yoluna qədəm qoymuş, paytaxtını, şəhərlərini görünməmiş qaydada abadlaşdırmış, gözəlləşdirmişdir. Öz tarazlaşdırılmış xarici siyasətinə görə Azərbaycan dünya birliyi ailəsində yaxşı nüfuz sahibinə çevrilmişdir. Azərbaycan dostluq etdiyi ölkələrə öz yardım əlini uzatmaqla, iqtisadi imkanları barədə olan köhnə stereotipləri də bütünlüklə dağıtmışdır.
Ermənistanı isə yaxın və uzaq perspektivdə daha sürətli iqtisadi tənəzzül və yoxsullaşma gözləyir. Belə olan halda onun özünü qalib kimi aparması, Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlamaq cəhdi əslində gülünc görünür və belə eybəcər status-kvonu hər vəchlə qoruyub dondurmaq arzusu ancaq onu apokalipsisə aparan bir yola daş döşəyir.
Müharibəyə başlayan və ondan nəsə qazanmaq niyyətində olan tərəf tarixdən ibrət dərsi götürməkdən utanmamalıdır. Bunu dərk edənlər, vaxtilə müharibə tonqalının bürüdüyü Avropanın sülhün əsl zəfərindən xəbər verən bu gününə müraciət etsəydilər, süni düşmənçilik kösövlərinin alovlanıb müharibə yanğınına çevrilməsinə yol verməzdilər və özlərinin mehriban qonşusuna belə qara nankorluq göstərməzdilər. Təəssüf ki, qatı erməni millətçiləri tarixdən və coğrafiyadan dostluğu möhkəmləndirməyin bol məxəzlərini axtarmaq əvəzinə, bu dostluğu məhv etməyə xidmət edən kiçik, əslində sayrışan işartıları ön plana çəkdilər və belə təbliğat iki xalq arasında müharibənin başlanması ilə nəticələndi. Ermənilər əsl işğal müharibəsi aparmağa girişdilər. Müharibə bütöv bir xalqı dəli dərəcəsinə gətirir, bu fikir böyük filosof Senekaya məxsusdur və bunun həqiqətə söykəndiyini ölkəmizə soxulan təcavüzkarların timsalında aydın görmüşük. Doğrudan da müharibədə qüsurlar, alçaq hisslər öz məcrasından çıxıb, qan içmək həvəsində olanların ruhuna və ağlına hakim kəsilir.
Müharibəni qızışdıranlar azərbaycanlılara qarşı hər cür böhtan, iftiralar uydururdular, axı başqa bir əsas tapa bilmirdilər. Hipermillətçilik naminə həyasızlıqdan ilhamlananlar üçün nəhayətsiz yalan həyat normasına çevrilir. Onlar üçün eybəcər nümunə də mövcuddur. Natsistlərin mifinə görə öz bədbəxtlikləri üçün yəhudilər özləri günahkardır. Söz ekvilibristikası belə böhtan təbliğatında güclü silaha, şair demişkən, süngüyə çevrilir. Adamyeyənlərin nitqində humanizm hər şeydən çox səslənir. Axı müharibə qızışdıranlar reallıq hissini bütünlüklə itirir, yalan oyunbazlığından həzz alırlar. Bu vaxt səfehlik asanlıqla əclaflığa keçir.
Bu iki qonşu xalqı – azərbaycanlıları və erməniləri yalnız dil və din ayırır, bunlar isə elə bir əhəmiyyət kəsb etmirdi. Əsrlərlə onlar dostcasına qonşuluqda və birlikdə yaşamışdılar. Dünyada başqa irqə, dinə və dilə malik olan çox sayda xalqlar hətta bir ailə timsalı olan dövlətlərdə mehriban şəraitdə yaşayırlar. Kiçik dağlıq ölkə olan Albaniyada yaşayan müsəlman – bektaşi məzhəbindən olan çoxluqla katolik və pravoslav əhali tam harmoniyada yaşamaqla, başqalarına yaxşı nümunə göstərir. ABŞ- da isə millətlərin, dillərin və dinlərin Babil mərəkəsini andıran böyük müxtəlifliyi mövcud olsa da, onlar tam dinc və mehriban şəraitdə yaşayırlar.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.27.