Ağrı dağın ağrıları
Yazıçı
Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə
bu günlərdə yenidən nəşr olunmuş “Közərən
sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə
məlum olan və olmayan, bir sıra maraqlı məqamları
öz əksini tapıb. Aktuallığını
düşünərək, kitabdan bəzi hissələri
oxuculara təqdim edirik.
(Əvvəli
ötən şənbə sayımızda)
Müsahibimin
qırx il bundan əvvəlki sözlərini qələmə
alanda bu barədə yadıma başqa əhvalat
düşdü. Ölkənin hər yerində Stalinin heykəllərini
ləğv etmək kampaniyası başlananda Ağdamdakı Əli
Bayramov adına sovxozun fəhlə və qulluqçuları
ayağa qalxdılar. Sinələrini irəli verib Stalinin
sovxoz idarəsinin qarşısındakı iri heykəlini
uçurmağa qoymadılar. Respublika, rayon
başçıları bu işə qarışmalı
oldular. Lakin kənd adamları geri çəkilmədi. Axırda
da heykəli bir müddət ot tayasında gizlədib, sonra yenə
də açdılar. Heç şübhəsiz ki,
onların arasında Stalinin sadiq silahdaşı Mikoyanın
hiyləsilə Ermənistan torpaqlarından zorla deportasiya edilən
azərbaycanlılar da az deyildi.
Ağdamda
işlədiyim altmışıncı illərin əvvəllərində
görkəmli ədəbiyyatşünas Abbas Zamanovla şair
Abram Plavnik yolüstü bizə dönmüşdülər.
Bir gecə qonağım oldular. Söhbət əsnasında həmin
əhvalatı onlara danışdım. İnanmadılar. Səhər
maşına əyləşib Əli Bayramov adına sovxoza
getdik. Abram Plavnik idarənin önündə Stalinin heykəlini
görəndə qəhərləndi. Şair
özünü ələ alıb:
– Məni
Xruşşovun bu asıb-kəsən vaxtı, Stalinə
qoyulmuş heykəlin qorunub-saxlanması yox, sizin bu millətin
etibarı, dəyanəti kövrəltdi. Sən bir müsəlman
millətinin sədaqətinə bax!...
Həmin
anda Stalin qeybindən dünyaya göz aça bilsəydi,
şübhə etmirəm ki, ali irqə mənsub olmaq
iddiasına düşən ermənilərin başbiləni
Mikoyanlara dönə-dönə – lənət sizə! – deyib
nifrət edər, onun fitvasıynan türk dünyasına yad
nəzərlə baxmasından xəcalət çəkər
və Ermənistandakı dədə-baba torpaqlarından
insafsızcasına qovulub burada qərar tutmuş azərbaycanlıların
qarşısında diz çöküb onlardan dönə-dönə
üzr istəyərdi. – Ah, gör necə də inanıb
aldanmışam, ilahi! – deyərdi.
lll
Artıq Vedibasar arxada qalmışdı. Naxçıvanın
ucqar guşəsi Sədərək düzləri
görünürdü. Geri qanrılıb
Ağrı dağa vida nəzəri saldım. Dağın bir parça açıq
talasını günəşin şəfəqləri
işıqlandırmışdı. Ona
ümid işığı kimi baxırdım. Və mənə elə gəlirdi ki, bu işıq
getdikcə güclənəcək. Bu yerlərdən
didərgin düşənlər öz doğma
yurd-yuvalarına dönəcəklər. Mən
Ağrı dağla belə bir qəti ümidlə
vidalaşdım.
Bu
ümid işığı ilə yanaşı, səksəkədə
yaşamaq əzabından xilas ola bilmirəm.
Bu, ötən əsrdən bəri azəri
türklərinin bəlalı başı üzərində
dolaşmaqda olan daşnak kabusunun törətdiyi və bundan
sonra da törədə biləcəyi faciələrə
tarixin pəncərəsindən baxıb, diksinmək fəhmindən
xali olmağımızdır. Sabir bəlkə elə
buna görə ürək yanğısı ilə car çəkib
deyirdi ki,
Dindirir əsr
bizi, dinməyirik,
Atılan toplara diksinməyirik.
Böyük şairin bu milli qüsurumuza görə bizə
vurduğu töhmət, tənələrdən
ağıllı bir nəticə çıxara bilmişikmi?! Əliquluuşağı nənələrinin
dili ilə desək, tobalar olsun, yox!...
Burada heç də əsrlərin dərinliklərinə
baş vurub tarixi əsər yazmaq niyyətində deyiləm. Ancaq sadəcə
olaraq yeri gəldikcə qələmimin üzləşdiyi bəzi
məqamlardan yan keçə bilmirəm. Və atılan
top-tüfənglərin ayılda bilmədiklərini, bu sətirlərimin
lal harayları diksindirib ayılda biləcəyinə də az əminəm.
28 NOYABR
1945-ci İL TARİXDƏ, QALIN QARLA ÖRTÜLMÜŞ KREMLDƏN MALEN KOVUN
DƏST-XƏTTİ İLƏ MİRCƏFƏR BAĞIROVA
ÜNVANLANAN BUZ NƏFƏSLİ BİR MƏKTUB QANADLANDI. Bu,
Ermənistanın başçısı Arutyunovun
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
iddiası ilə Kremlin qarşısında
qaldırdığı təkliflərlə əlaqədar
idi. Arutyunov böyük bir iştahla
Kremlin qarşısında şivən qoparırdı ki,
Dağlıq Qarabağ vilayəti 1923-cü ildə Azərbaycanın
tərkibinə daxil olub. Bu vilayətdə yaşayan 153
min əhalinin 137 min nəfəri ermənilərdir... Onların Ermənistanla birləşməsi kənd
təsərrüfatının, elmin, mədəniyyətin, təhsilin
inkişafına təkan verərdi. Dağlıq
Qarabağın və onun keçmiş mərkəzi olan Şuşa şəhərinin bərpası təmin
olunardı. Və s. və i.a...
Malenkov da məktubunda, Arutyunovun ittifaq hökumətində
müzakirəsi nəzərdə tutulan bu təklifi barədə
Bağırovun fikrini bilmək istəyirdi.
Bağırov Malenkovun məktubunda Mikoyanın
barmağı olduğunu yaxşı başa düşür. Və ondan
daşnak qoxusu gəldiyini duyurdu. Və anlayırdı
ki, Arutyunovun Kremli dümsükləməsi onun Dağlıq
Qarabağda yaşayan dindaşlarına canıyananlıq yox,
torpaq təmənnasından, nə yolla olursa-olsun Ermənistan
ərazisini genişləndirmək xülyasından irəli gələn
növbəti fırıldaqdır. Ona görə
də Bağırov bu məsələdə Vəzirovsayağı,
Ələskərin sazından, sözündən bixəbər,
aqambekyanların, şahnazarovların gitarasını
dınqıldatmaqda mahir olan Arkadi Volski kimi daşnakpərəstlərə
üz tutmadı. Özü Kremlin əsas simalarından
olan Malenkova mərd-mərdanə belə bir cavab məktubu
yazdı:
...“Dağlıq Qarabağın ərazisi qədim
zamanlardan Qarabağ xanlığının tərkibində
olub. 1747-ci ildə bu xanlığın mərkəzi Pənahabad
şəhəri idi. Həmin şəhər
Qarabağ xanı Pənah xan tərəfindən bir qala kimi
tikilmişdi. Və onun adı ilə də
adlandırılırdı.
1826-cı ildə Qarabağ Çar Rusiyasına birləşdirildi. Bunun nəticəsində
Dağlıq Qarabağın əraziləri Yelizavetpol
quberniyasının Şuşa,
Cavanşir, Karyakin, Qubadlı qəzalarının tərkibinə
daxil edildi.
1918-1920-ci illərdə müsavatçılar Azərbaycanda
və daşnaklar Ermənistanda hakimiyyətə gəldilər. Həmin dövrdə mərkəzi
Şuşa (keçmiş Pənahabad)
olan Qarabağ Baş qubernatorluğu yaradıldı.
1920-ci ildə, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan
sonra ilk vaxtlar bütün Qarabağın iqtisadi-siyasi həyatına
rəhbərlik vahid vilayət inqilab komitəsi tərəfindən
həyata keçirilirdi.
1923-cü ildə, Dağlıq Qarabağ əhalisinin əksəriyyəti
ermənilərdən ibarət olduğuna görə həmin
ərazinin Ermənistan Respublikasına birləşdirilməsi
məsələsi qaldırıldı. Lakin bu ərazinin Ermənistanla
heç bir sərhəd əlaqəsi olmadığı,
arada əhalisi azərbaycanlılardan ibarət Qubadlı,
Laçın, Kəlbəcər, Dəstəfur
rayonlarının mövcudluğu nəzərə alınaraq
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
mümkün hesab edilmədi. Ona görə də Azərbayçan
Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti ilə Mərkəzi Xankənd
(indiki Stepanakert) olmaqla Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradıldı.
Beləliklə, Daqlıq Qarabağ Muxtar Vilayəti ərazi
etibarı ilə Ermənistana heç vaxt birləşməyib
və birləşdirilə də bilməz.
Sovet hakimiyyəti illərində Dağlıq Qarabağ
Azərbaycanın tərkibində siyasi-iqtisadi cəhətdən
xeyli inkişaf etdirilmişdir. Burada tikinti-abadlıq,
sosial sahələrdə böyük işlər
görülmüşdür. Vilayətin mərkəzi
olan Stepanakert ölkənin abad, mədəni şəhərlərindən
birinə çevrilmişdir.
Azərbaycanın
ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrin
20,5 faizi ermənilərdir ki, onların əksəriyyəti
Dağlıq Qarabağ vilayətindəndir. Respublikanın
partiya, sovet orqanlarında çalışan rəhbər
işçilər arasında Dağlıq Qarabağdan olan
ermənilər çoxdur.
Bununla belə, biz Dağlıq Qarabağ Muxtar
Respublikasının Ermənistana verilməsi məsələsinin
müzakirəsinə etiraz etmirik. Lakin əhalisi əsasən azərbaycanlılardan
ibarət olan Şuşa rayonunun
Dağlıq Qarabaq vilayətinin tərkibində olmasına
baxmayaraq, onun Ermənistana verilməsinə razı ola bilmərik.
Çünki Şuşa şəhəri
yarandığı gündən nəinki Qarabağın
inzibati-siyasi və mədəni mərkəzi olmuş, Azərbaycan
xalqının öz müstəqilliyi uğrunda xarici
işğalçılara qarşı mübarizəsində
də müstəsna rol oynamışdır. Burada
ən qaniçən cəllad Ağaməhəmməd
şah Qacar öldürülmüşdür. Bu şəhərdə Azərbaycan xalqının zəngin
musiqi mədəniyyəti formalaşmışdır. Görkəmli siyasi, mədəniyyət xadimləri
olan İbrahim xan, Vaqif, Natəvan və başqalarının
adı bu şəhərlə bağlıdır.
Eyni
zamanda Ümumittifaq Kommunist Bolşeviklər Partiyası Mərkəzi
Komitəsinin nəzərinə onu da
çatdırmağı zəruri hesab edirik: Dağlıq
Qarabağın Ermənistana verilməsi məsələsi
müzakirə edilərsə, Əzizbəyov, Vedi,
Qarabağlar rayonlarının Azərbaycanın tərkibinə
daxil edilməsi zərurəti də həllini
tapmalıdır. Çünki Ermənistanın
tərkibində olan həmin rayonlar Azərbaycan əhalisindən
ibarətdir. Və ərazicə
respublikamıza bitişikdir. Həmin
rayonların iqtisadi-mədəni cəhətdən son dərəcə
geridə qalması baxımından da Azərbaycana birləşdirilməsi
zəruridir.
Başqa qonşu respublikaların... tərkibində əhalisi
azərbaycanlılardan ibarət olan, ərazicə Azərbaycana
qovuşan bir çox rayonlar vardır. Hətta həmin
rayonlardan bəziləri vaxtı ilə Bakı
quberniyasının tərkibində idi. Həmin
rayonların da Azərbaycan SSR-in tərkibinə
qatılmasının vacibliyi də müzakirədən kənarda
qalmamalıdır.
Qaldırılan
bütün bu məsələlər üzrə təkliflər
hazırlamaq üçün, maraqlı respublikalardan nümayəndələr
daxil etmək şərti ilə Ümumittifaq Kommunist
Bolşeviklər Partiyası tərəfindən komissiya
yaradılmasını məqsədə uyğun sayardıq
(10 dekabr 1945-ci il, N 330, Bakı şəhəri)”.
SAĞƏLİ
ERMƏNİLƏRİN ÜSTÜNDƏ OLAN KREMLLİ
DERLƏRİ BAĞIROVUN MƏKTU BU NA NƏZƏR SALAN
DAMOSKVANIN ŞAXTA SIVURUB MUŞKİMİ DONUB QALDILAR. Arutyunovun daşnaklara xas olan bayağı iddiası
ilə, Bağırovun tarixi dəlil-sübutlarla əsaslandırılmış
məktubunu mizantərəziyə vuranda ayılıb
anladılar ki, əsl həqiqətə qalsa ermənilər
alacaqlı yox, verəcəklidirlər. Və
Ermənistanın başbilənləri nahaq yerə dəridən-dırnaqdan
çıxıb köhnə palan içi tökürlər.
Dağlıq Qarabağ məsələsini
qurdalamaq heç də Yerevanın xeyrinə deyil. Ona görə də bir daş altdan, bir daş
üstdən. Məsələ o yatan oldu,
yatdı.
BƏLİ,
YATDI! LAKİN ÖLMƏDİ!... Böyük Ermənistan yaratmaq xülyasına
düşən daşnaklar qınlarına çəkilib bir
müddət fəs-farağat yerlərində otursalar da zaman
keçdikcə fürsət düşəndə
qurcalanır, orda-burda baş qaldırır, bəd əməllərindən,
qan qoxulu söz-söhbətlərindən əl çəkmirdilər.
Şöhrətli yazıçı Avetik İsaakyan
ölüm ayağında belə azaylana-azaylana onun nəbzini
yoxlayan həkiminə deyirdi ki, əzizim,
özünüzü əziyyətə salmayın, nə qədər
ki, Dağlıq Qarabağ, Naxçıvan Ermənistan
torpağına qovuşmayıb mənim ürəyim sakit vura
bilməz.
Şairə qadın Silva Kaputikyan Andranikin xaricdəki
heykəli önündə dayanıb onun qanlı
qılıncını, zühur edib yenə də türk
dünyasının başı üzərində parlamağa
çağırırdı. Akademik Aqambekyan Fransada
Dağlıq Qarabağın Azərbaycandan qopardılıb
Ermənistanın tərkibinə daxil edilməsinin vacibliyi barədə
müsahibələr verməkdən usanmırdı. Zori Balayan müəllifi olduğu “Ocaq”
kitabını qoltuğuna vurub Ermənistanın,
Dağlıq Qarabağın şəhər və kəndlərində
gecəgündüz vurnuxub milli ədavət toxumu səpirdi.
Azərbaycanın çörəyini yeyib
İrəvan millətçilərinə xidmət edən bəzi
Stepanakert ziyalıları qapı-qapı düşüb
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə
dair imzalar toplayırdılar. Biz isə...
hələ ləngi-ləng idik. Bütün
bu daşnak fitnə-fəsadlarından nə diksinirdik, nə
də ayılmaq bilirdik. Çillə
yuxusundaydıq. Ay bərəkallah! Bax, biz beləcə
canlarıq! Bəs indi necə, ayılıb
özümüzə gəlmişikmi?! Əsla yox! Gündə bir partiya yaratmaq, qəzet
çıxartmaq, vəzifə tutmaq uğrunda didişmədən,
çəkişmədən, xarici ölkələrdən
aldıqları qrantın əsrinə çevrilib, usanıb
həya etmədən dövlətçiliyimizin əleyhinə
bəd əməllər işlətməkdən çirkin hərəkətlər
etməkdən başımız açılır ki?!!
ƏN NƏHAYƏT . . . Azərbaycanın yeganə
sözükeçəni, kölgə salanı Heydər
Əliyev, onun yanında çox cılız görünən,
təsadüfi ölkə başçısı Qorbaçov
tərəfindən Kremlin siyasi səhnəsindən
uzaqlaşdırıldı. Həmin məqamlarda
ağıllı yolgöstərənimiz olmadı. Azərbaycan, onun dilini bilməyən, dinindən bixəbər
olan, dayaz düşüncəli, yüngül təbiətli,
təsadüfi başçıların əlində girinc
qaldı. Elə o gündən də Ermənistanda,
Dağlıq Qarabağda və onun ətraf rayonlarında
yaşayan azərbaycanlıların faciəli günləri
başladı...
Hər dəfə, müğənnilərin dilindən
düşməyən Arpa çayının üzərindən
keçəndə onun xəfif nəğməsində
çətin başa düşülən bir fəryad da
duyurdum. Sən demə, Arpa çayının qulağı
çalıb ki, ermənilər onun başını kəsmək
qəsdinə durublar. Ona görə də
öz həzn və hüznlü nəğməsində haray
çəkib təəssübkeşi olan Şərur elini
haraya çağırır. Lakin Arpa
çayının da vaxtında dadına yetən olmadı.
Onun başını namərdcəsinə kəsib,
məcrasından döndərib, yad səmtə yönəltdilər.
Ey qələm, çox da dərinlərə baş vurub onsuz da ağır olan dərdlərimizin üstünə beşini də sən qoyma. Qurdalama yaralarımızı. Keç ayrı mətləblərə. Bir də ki, özünü çox yorma. Dünyanın quyruğu uzundur. Hər gecənin bir gündüzü var. Tez-gec tarix hər şeyi öz yoluna, düz yoluna qoyacaq. Buna inan və heç vaxt naümid olma.
(Ardı var)
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.26.