Hilal Münşi
əsərlərinin ilk nəşri
Azərbaycan mühacirətşünaslığı özəlliklə dövlət
müstəqilliyimizin bərpasından
sonra bir ictimai elm sahəsi kimi formalaşmağa başlayıb.
Son illərdə istər qardaş Türkiyədə
və İranda, eləcə də Avropa və Amerikada yaşayaraq fəaliyyət göstərmiş
mühacir soydaşlarımız,
onların Azərbaycanın
azadlığı və
müstəqilliyi uğrunda
apardığı çətin
mübarizə haqqında
dəyərli əsərlər
ortaya qoyulub. Bu baxımdan Məhəmmədəmin
Rəsulzadə, Əlimərdan
bəy Topçubaşov,
Parisdəki Azərbaycan
Sülh Heyətinin üzvləri və başqaları haqqında
Azərbaycan, Türkiyə
və Rusiyada nəşr edilmiş kitablar böyük əhəmiyyət kəsb
edir. Bunu ayrıca qeyd
etmək gərəkdir
ki, xüsusilə Moskvada işıq üzü görmüş
20-dən artıq kitab
Azərbaycan mühacirətşünaslığına
ən dəyərli töhfə sayıla bilər. 2014-cü ildə Bakıda rusca nəşr edilmiş “Odlar ölkəsi azadlıq və müstəqillik uğrunda mübarizədə.
1920-1945-ci illər Azərbaycan
mühacirətinin siyasi
tarixi” kitabı isə müstəsna dəyəri var, çünki həmin əsər daha çox Paris arxivlərinin
indiyədək əl
vurulmamış zəngin
sənədləri əsasında
yazılıb, Türkiyə
və Avropadakı siyasi mühacirlərimizin
fəaliyyəti ilə
bağlı indiyədək
qaranlıq qalmış
xeyli faktlar orada ilk dəfə açıqlanıb.
Çox fərəhli haldır ki, Azərbaycanda artıq nəinki siyasi mühacirlərimizin
həyat və yaradıcılığı haqqında
kitab və məqalələr yazılır,
həm də onların əsərləri
nəşr edilməyə
başlanıb. Bu baxımdan ədəbiyyatşünas alim,
filologiya üzrə fəlsəfə doktoru Şəlalə Qarabağlının
tərtib edərək
önsöz, qeydlər
və izahlar yazdığı Hilal Münşinin “Azərbaycan
Cümhuriyyəti” kitabı
(“Elm və təhsil” nəşriyyatı, 2014) bu
sahədəki ən dəyərli örnəklərdən
biri sayıla bilər. Hilal Münşinin 1930-cu ildə Berlində almanca nəşr edilmiş, Azərbaycan mühacirəti ədəbiyyatı
və tarixində özəl yeri olan “Azərbaycan Cümhuriyyəti” əsəri
ana dilimizə tərcümə edilərək
kitabda ilk dəfə Azərbaycan oxucusuna təqdim edilib. Hilal Münşinin və alman alimi professor Q.Yeşkenin məqalələri
də mühacirət
mətbuatından götürülərək
toplu halında kitaba daxil edilib.
Kitab Şəlalə
Qarabağlının 32 səhifəlik
“Mühacirət irsi tarixindən” adlı geniş önsözü ilə başlayır. Müəllif
burada Azərbaycan siyasi mühacirətinin tarixinə ümumi baxışdan sonra Hilal Münşinin fəaliyyəti üzərində
dayanır, xüsusən
onun Berlindəki Azərbaycan İstiqlal Komitəsindəki fəaliyyəti,
eləcə də Berlində çıxan “Yeni Kafkasya”, “Azəri Türk”, “Odlu Yurt”, “Bildiriş” qəzetlərinin, “Kurtuluş”
dərgisinin əsasını
qoymasını, onlarda
öz dəyərli siyasi yazıları ilə Azərbaycanın müstəqilliyi ideyasını
qızğın müdafiə
etməsini, Məhəmmədəmin
Rəsulzadənin ən
yaxın silahdaşına
çevrilərək Azərbaycanın
istiqlalı uğrunda
sonadək mübarizə
aparmasını konkret
faktlarla göstərib.
Şəlalə xanımın yazdığı
bu önözdə H.Münşinin “Azərbaycan
Cümhuriyyəti” əsəri
də yetərincə
təhlil edilib.
Önsözdən sonra filologiya elmləri doktoru professor Himalay Qasımovun yazdığı “Hilal Münşinin “Azərbaycan
Cümhuriyyəti” əsərində
“Azərbaycan tarixi inkişafının bəzi
məqamları” haqqında”
yığcam qeydləri
diqqəti çəkir.
Kitabın 45-120-ci səhifələri Hilal Münşinin “Azərbaycan Cümhuriyyəti. Tarixi-siyasi təsvir” kitabının tərcüməsindən ibarətdir. Əsəri alman dilindən soydaşımız Namiq Abbasov ana dilimizə çevirib. Fikrimizcə, tərcümə uğurlu alındığına görə əsər asanlıqla anlaşılır. Burada tərcümə xətası olan dolaşıq fikirlərə, demək olar ki, rast gəlinmir. İnanırıq ki, Azərbaycan siyasi mühacirəti tarixi üzərində çalışan alimlərimiz üçün bu tərcümə qiymətli qaynaqlardan biri olacaq.
Daha sonra kitabda Hilal Münşinin “Kurtuluş” dərgisində çıxmış 16 məqaləsinin mətni ilə tanış oluruq. Təqdirəlayiq haldır ki, Şəlalə xanım həmin əsərləri çox diqqət və peşəkarlıqla dilimizin çağdaş imlasına uyğunlaşdıraraq Azərbaycan oxucusuna ilk dəfə çatdırıb. Bu məqalələr içərisində “31 mart”, “Böyük azərbaycanlı”, “Bolşevik çörəyinə çəkilmiş yağ deyil, bəs nədir?”, “Almaniyadakı təntənə”, Nürnberq qurultayı”, “Mətbuat və kitab. Azərbaycan və alman mətbuatı”, “Almaniya mətbuatında məsələlərimiz”, “Alman fikri və məsələlərimiz” və s. xüsusi maraq doğurur.
Ş.Qarabağlı məqalələrdən sonra Üzeyir bəy Hacıbəylinin vəfatı ilə əlaqədar Hilal Münşinin Ceyhun bəy Hacıbəyliyə yazdığı təziyə məktubunu da əsərə daxil edib.
Əsərin son bölümündə yenə Şəlalə xanımın qələmindən çıxmış “Alman tarixçisi, türkoloq və şərqşünası” adlı məqalədə Azərbaycan oxucusu alman professoru Qotthard Yeşke və onun fəaliyyəti haqqqında bilgiləndirilir və bunun ardınca Yeşkenin 6 məqaləsi təqdim edilir. Bu məqalələrin hamısı Hilal Münşinin redaktor olduğu “Kurtuluş” dərgisində işıq üzü görüb. Bu yazılar içərisindəki “Almaniya və Azərbaycan”, “28 Maydan 27 aprelə qədər milli Azərbaycan təqvimi”, “Qarabağ, Zəngəzur və Naxçıvan sovet siyasətinin ticarət əmtəəsidir”, “Transqafqaz Qırmızı rus ordusunun istila siyasətinin bir nümunəsi kimi” məqalələri bugünkü tarixçilərimiz üçün də dəyərli qaynaqdır.
Kitab tərtibçinin Əhməd Cəfəroğlu haqqında yazdığı “Görkəmli türkoloq alim, mütərəqqi ziyalı” məqaləsi və onun ardınca Əhməd Cəfəroğlunun “Azərbaycan Cümhuriyyəti” əsərindən söz açan və redaktoru olduğu “Azərbaycan Yurd Bilgisi” dərgisinin 1932-ci il 6-7-ci saylarında dərc etdirdiyi rəy ilə bitir.
Əsərin sonunda tərtibçi kitabın yazılmasında istifadə olunmuş 75 qaynaqdan ibarət ədəbiyyat siyahısı verib.
Bizə bəllidir ki, Hilal Münşi uzun illər Berlində çalışsa da əsasən, Bonn şəhərində yaşayıb və ömrünü burada başa vurub. Onun ölümündən sonra evi satılıb və talesizlik üzündən, demək olar ki, bütün arxivi məhv olub. Almaniyadakı dostlarımızın səyi nəticəsində onun sənədləri içərisindən yalnız müəyyən miqdarda fotoşəkillər xilas edilib. Bu acınacaqlı durumu nəzərə aldıqda Şəlalə xanımın gördüyü işin dəyəri daha da artır. İnanmaq istərdik ki, araşdırıcılarımız Ş.Qarabağlının başladığı bu nəcib işi davam etdirərək Azərbaycanın istiqlal mücadiləsinin ən görkəmli simalarından biri olan Hilal Münşinin bütün mətbu irsini eyni sevgi və qayğı ilə xalqın malı edəcəklər.
Ramiz ABUTALIBOV,
Ədalət
TAHİRZADƏ
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.25.