Qırx gün də belə getdi...
və yaxud özünə çevrilən adam
Unudulmaz Cəmil
Əlibəyova
Elə adamlar var ki, ölən kimi xatirəyə
çevrilir və qısa müddət ərzində daha
heç nəyə çevrilə bilmir. Doğmalarının
yaddaşında, ən yaxşı halda özünə
qırx gün “yuva” qurur...sonra unudulur – elə bil ki, heç
bu adda adam dünyada olmayıb. Nazim Hikmət
demişkən: “İyirminci əsrdə qırx gün çəkir
ölüm acısı!” Elə iyirmi birinci əsrdə də...Nazim
Hikmət məni bağışlayar...
Elə
insanlar da var ki, dünyasını dəyişəndən
sonra uzun illər xatirəyə çevrilmir –özünə
çevrilir və özünə çevrilmək
şansı olduğuna görə yenə bizim aramızdadır,
bizə çox yaxındır, sadəcə olaraq bizlər
ondan uzağıq və bizim ondan uzaqda olmağımız da
çox çəkməyəcək...
Ona görədə yuxarıda “Unudulmaz Cəmil Əlibəyova”
yazdım – onun “xatirəsinə” yox. Onun haqqında
çox söhbətlər edəcəyik, yazacağıq –
ancaq inanın ki, bütün bunların xatirə janrına
heç bir dəxli yoxdur. Bu, diri Cəmil Əlibəyov
barəsində, özünə çevrilmiş Cəmil
Əlibəyov haqqında söhbətlər, yazılar
olacaq...dünyaya gələn adamlar müxtəlif
olduqlarına görə dünyadan gedənlər də
müxtəlif olur – gəlib-getmə zamanında fərq o qədər
də böyük deyil, cüzidir, bəzən isə fərq
yoxdur. İnsan xarakterinin müxtəlifliyinə son dərəcə
həssas yanaşan Azərbaycan dilində də çox
haqlı olaraq müxtəlif deyimlər var: dəfn eləmək,
basdırmaq, torpağa tapşırmaq. Biz dirilər
də özümüz də bilmədən, doğma dilimizin
ilahi diktəsi ilə bəzi ölülərimizi
basdırırıq, bəzilərini dəfn edirik, bəzilərini
də torpağa tapşırırıq. Deyərsiniz
ki, nə fərqi var, üçü də eyni şeydir də.
Əslində isə elə deyil. Mənə elə gəlir
ki, dünyadan gedənlərimiz nə qədər əziz,
müqəddəs, əlçatmaz olsalar da bəzilərini
basdırmalıyıq, bəzilərini dəfn eləməliyik,
bəzilərini isə torpağa tapşırmalıyıq.
Burada elə bir çətin iş də yoxdur, axı bizlər
həm də tapşırmaq məsələlərində
çox təcrübəli mütəxəssislərik: əsgərliyə
gedəndə övladımızı tapşırırıq
ki, Murovdağa düşməsin, universitetdə oxuyanda,
işə düzələndə və s...
Yuxarıda qeyd etdiyim üç anlamın içində
ən çox ürəyimcə olan torpağa
tapşırmaqdır. Burada torpağa tapşırma
sözü, tapşıranların ürəyində nə
boyda arxayınçılıq yaradırsa, bax, o boyda da yerinə
düşür. İnsan Allaha
inandığı qədər də torpağa inanıb,
torpağa etibar eləyib – öz əzəli, əbədi, əvəzolunmaz
məskəninə. Torpağın etibarilə insanlar fəxr
eləyir və bu mənada bütün qəbiristanlıqlar fəxridir,
öyünc yerimizdi, and yerimizdir...
...Düz
qırx gün bundan qabaq Cəmil Əlibəyovu Balaxanı qəbiristanlığında
torpağa tapşırdıq. Bu, tapşırıqdan
çox, onu
sevənlərin xahişi idi. Bu
tapşırıqda amiranəlik yox idi, çünki
keçməzdi. Bu tapşırıq
çox uzaq səfərə çıxan körpə bir
uşağın, onunla yol yoldaşı olan yaşlı bir
anaya tapşırılmasına daha çox
oxşayırdı. Axı, bütün dünyadan gedənlər
də körpə uşaq kimi köməksiz olur, çarəsiz
olur...
Düz
qırx gün bundan qabaq, söz-sənət meydanında
öz atının belində olan – at oynadan, peşəsi
jurnalist-yazıçı olsa da, əsl ixtisası
insanları sevmək olan səksən yeddi yaşlı
körpə Cəmili torpağa tapşırdıq –
tapşırdıq ki, torpaq bu uşaqdan muğayat olsun...
Cəmil Əlibəyovun hər kəsə məlum vəzifələrini
sadalamağın qətiyyən yeri deyil. Ancaq
orasını qeyd eləməyin yeridir ki, o, harada işləyibsə
tutduğu vəzifəyə oxşamayıb, əksinə
tutduğu vəzifəni, oturduğu kabineti özünə
oxşadıb və ömrü boyu beləcə
oxşada-oxşada gedib, yanılmayıb. Nəticədə,
çox böyük qazanc sahibi olub – bu qazancın bir adı
var: Sevgi!
Və əgər
sən, mən, o – biz, siz, onlar doğrudan da, Sevgini ən
keyfiyyətli və əbədi qazanc növü hesab eləsək
deməliyik ki, Cəmil Əlibəyovu da Azərbaycanda XX əsrin
əvvəllərindəki Bakı milyonçuları
siyahısına salmaq olar...
Və milyonçu Cəmil Əlibəyov uzun müddət
“Azərbaycan gəncləri” qəzetinin baş redaktoru işləyib. İndi o qədər
olmasa da, o illərdə qəzet böyük, sərhədsiz
bir meydan idi və Cəmil müəllim də çox
meydangir baş redaktor idi. Bilirsiniz, hər
qəzet də meydan deyildi; qəzet o vaxt meydana çevrilir
ki, redaksiyanın başında duran adamın özü meydan
olsun – başqa cür mümkün deyil. Azərbaycan
Komsomolu Mərkəzi Komitəsinin orqanı olan bu qəzet demək
olar ki, yaradıcı gəncliyin ixtiyarına verilmişdi.
Bu gün ədəbiyyatımızda külüng çalan
şairlərin, yazıçıların, ədəbiyyatşünasların
böyük əksəriyyəti bu qəzetin köynəyindən
keçmiş istedad sahibləridir; Bəkir Nəbiyev, Nəriman
Həsənzadə, Fikrət Qoca, Fikrət Sadıq, Anar,
Elçin, İsi Məlikzadə, Əkrəm Əylisli, Fərman
Kərimzadə, Məmməd İsmayıl, Əşrəf
Veysəlli, Musa Yaqub, Səyavuş Sərxanlı, onlardan nisbətən
cavan Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Tofiq
Abdin, Nüsrət Kəsəmənli, elə mən
özüm, bizdən sonra gələnlərdən: Aqil Abbas,
Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Akif
Əhmədgil, Maarif Soltan və adlarını sonradan
xatırlayacağım, lakin bu yazıda texniki səbəb
üzündən xatırlada bilməyəcəyim qələm
sahibləri...
Komsomolun Mərkəzi Komitəsinin orqanı olan bu qəzetdən,
yuxarıda adlarını çəkdiyim və çəkmədiyim
adamlar, yəni bizlər daha çox yarıdıq, nəinki
Lenin komsomolunun özü...Bu gün özünüz də
bilirsiniz ki, komsomol hardadır, taleyi necə oldu və bizlər
hardayıq, taleyimiz necədir. Bax, bunların hamısının
başında Cəmil Əlibəyov dayanırdı və
dayandıqca da Azərbaycan ədəbiyyatı udurdu...
Yəqin
ki, hörmətli oxucular mənim bu ərköyünlüyümü
bağışlayarlar...
Cəmil
müəllim! Bizlər sənə həmişə, lap əvvəldən
belə müraciət etmişik, axırımıza qədər
də belə olacaq, baxmayaraq ki, sən Qarabağ
mahalının Dədəli kəndindən olan (Füzuli
rayonu) Ədil bəyin oğlusan, bəyzadəsən. Bəylik, bəyzadəlik, ağayanalıq sənin
qanındadır. Bəylik nədir? Əgər sən bütün ətrafından insani
keyfiyyətlər baxımından, əməlinlə, əməlinin
saleh olması ilə (əməlisaleh) fərqlənirsənsə
sənə bəy deyirlər və bu rütbəsənin
halal xoşun olur. Tariximizdə
xalqını, el-obasını sevən bəylər çox
olub.Sən də onlardan birisən. Müqayisə eləmək
şansı da yaranmışdı, axı arada bir bəy
bolluğu da vardı...
Əlqərəz...Sən
çox adamların əlini çörəyə
çatdırmısan...çox adamlar sənin əlindən
su içib, deməli, çörək də olub, su da...
Ancaq ağır da olsa deməliyəm ki, sənin
çörək, su verdiyin bəzi “yaradıcıları” nə
dəfn günün, nə də sonrakı mərasimlərdə
görmədim. Gözüm məxsusi onları
axtardı. Sənin gözlərin
onları axtara bilməzdi, çünki başın
qarışıq idi – çooox uzaq bir səfərə
hazırlaşırdın. Ancaq mənim gözüm
axtaranda, gözüm sənin ruhuna sataşdı – onun da
gözləri axtarırdı...
Onlar sənin
hesabına kişi olub ortalığa
çıxdılar və ortalığa çıxan kimi
dedilər ki, bəli, biz də kişiyik. İndi gəl
sübut elə ki, vallah-billah sizdən kişi
olmaz. Onlardan bəziləri sənin
soyadını övladına ad kimi qoyub, səni görəndə
min bir cildə giriblər. Cəmil müəllim,
heyif ki, sən o dünyada da onlara
narazılığını bildirə bilməyəcəksən,
çünki sən Cənnət korpusunda, onlar isə tamam
başqa yerdə olacaqlar. Cənnət əhli ilə Cəhənnəm
əhli heç vaxt üz-üzə gəlmir o dünyada,
ağlın bu dünyaya getməsin...
Cəmil
müəllim! Bu vəziyyətdən sonra sən
mənə çox ağır bir tapşırıq verdin.
Gərək mən sübut eləyəm ki, onlar kişi deyillər. İşin qətiliyi və
qəlizliyi ordadır ki, bu gün böyük əksəriyyət
elələrinə kişi deyirlər,
görəndə qabaqlarında mil dururlar. Ancaq söz verirəm,
çalışacam ki...bir də ki, bağışla məni,
bunu yazmasaydım çatlayardım, özüm də
olardım onların tayı...lənət şeytana!!!
Yaxın dostumuz Rasim Talıblının təşəbbüsü
və yüksək səviyyəli təşkilatçılığı
ilə Cəmil Əlibəyovun Bilgəhdəki bağında
onu bir neçə dəfə ziyarət etmişik. O, bizi görəndə elə
sevinirdi ki, elə bil dünyanın bütün yaxşı
oğlanları onu yoxlamağa gəliblər. Belə
sevinməyi bacarmaq da hər kəsə qismət olmur – bu
cür sevinmək üçün Cəmil Əlibəyov
ürəyi, qəlbi lazımdır.
Qonaq-qaralı olsa da bağ evində tək
yaşayırdı. Yazıb pozurdu, həyət-bacada
qurdalanırdı – hamısı da Cəmil Əlibəyovsayağı...Cəmil
müəllim özünəməxsus şəkildə
yavaş-yavaş qocalırdı. Bilmirəm,
bu qocalmaqla o, bəlkə də qoca dünyaya oxşamaq istəyirdi.
Onun təmtəraqsız bağ evi də
qocalırdı. Kim nə deyir desin, evin qocalmağı
adama daha çox təsir edir, nəinki bir adamın
qocalmağı – nəsə, mənə elə gəlirdi. Bu cür paralel qocalma prosesi o qədər də
ürəkaçan deyildi. Bir dəfə–hələ
onda səsi batmamışdı – görüşdük, bir kənara
çəkilib xeyli dərdləşdik. Söhbətimizi
isə Cəmil müəllim yekunlaşdırdı:
–Seyran, –
dedi, – belə fikirləşəndə görürəm ki,
qohum-əqrabaya, dost-tanışa, heç
tanımadığım adamlar həmişə əl
tutmuşam...eeeeeeh...
Cəmil
müəllim qırx arşın quyu dərinliyində bir ah
çəkib davam elədi: – İki nəfərdən
başqa, – dedi və gözlərini gözlərimə zillədi,
gülümsədi.
Mən
soruşmaq məcburiyyətində qaldım:
– Kimdir onlar? – dedim.
Elə
bil mənim bu sualımı gözləyirdi, – dedi:
–İki nəfərdən
elə bil ki, xəcalətli qalmışam, – üzümə
baxdı, – biri Cəmil Əlibəyov, biri də Seyran Səxavət...
Düzü, özü haqqında dediyini dərk eləmədim. Mənim barəmdə dediyi
isə həqiqət idi;ya məndən
arxayın olub, ya da ki, mənim onun köməyinə
ehtiyacım olmayıb – bilmirəm. Lap axırda bu məsələdə
özümü günahkar hesab elədim...gərək...
Hamımız bilirik ki, Cənnət deyilən o möhtəşəm
mərtəbəni pul ilə almaq, xahiş-minnətlə,
hikkəli bir zənglə zəbt eləmək, “bron” eləmək
qeyri-mümkündür. Onun, ora düşməyin yalnız bircə yolu var:
bütün əməlisalehlərin yolu; həm də Cəmil
Əlibəyov yolu. Cəmil müəllim ölümünə
təxminən əlli il qalmış cənnətdəki
yerini əməlləri ilə sifariş eləmişdi və
onun bu sifarişi Cənnətin administrasiyası tərəfdən
qəbul edilmişdi – arxayın idi...
Sifarişiniz
mübarək, Cəmil müəllim!
...Düz
qırx gün bundan qabaq Cəmil müəllim
doğmalarını, dostlarını-tanışlarını,
müxtəlif sahələrdə çiyin-çiyinə
işlədiyi həmkarlarını başına
yığıb, birlikdə Balaxanı qəbiristanlığında
dəfn olunmuş istəkli həyat yoldaşı Təkbir
xanımın qəbrini son dəfə ziyarət etdi.Cəmil
müəllim qara maşında gedirdi, özü də
uzanmışdı, mən bilən,
onun yeri hamıdan rahat idi. Onun başına
toplaşmış ziyarətçilər geri qayıdanda qara
maşın boş idi. İndi Cəmil
müəllim yenə uzanmışdı – ömür-gün
yoldaşı Təkbir xanımın sol tərəfində,
qadının ürəyinə yaxın yerdə. Deyəsən,
sevgili xanımının qəbrini ziyarət etməkdən
yorulmuşdu, orada qalmışdı – Cəmil müəllim
axırıncı dəfə yorulmuşdu, bərk
yorulmuşdu; səksən yeddi illik yorğunluğun dincini
alacaqdı – torpaqla birlikdə... Torpaq da ona qoşulub Cəmil
müəllimsayağı dincələcəkdi...
Tapşırma:
–Torpaq! Cəmil
Əlibəyovdan muğayat ol...
–Cəmil
Əlibəyov, Torpaqdan muğayat ol...
Bir ziyarət
yerimiz də artdı...
Allah ziyarətimizi
qəbul eləsin...
dekabr,
2014-cü il.
Seyran Səxavət
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.24.