Kişinin qadınla imtahanı
“Düşüncə fraqmentləri” silsiləsindən
Tanış
siluetlər qalereyası...
...Tez-tez
gözə dəyən deyil. Bəlkə də
gözümüz bir az yuxarılara, bir az
da uzaqlara zilləndiyindən onu görmək “şansından”
məhrum. Ya bəlkə o bir az yuxarıya
ucalmalı, ya da bir az uzaqlarda dayanmalıydı. Şəkillərindəki kimidir eynən – gah eynəkli,
gah eynəksiz; formasızlığı kəsb elədiyi mənasızlığa
xələl gətirmir. Hər kəsin
simasında ilk baxışdaca nəzərə çarpan və
bəzən yaddaşa həmişəlik həkk olan bir ifadə
olur. O individual ifadə əksərən həmin
adamı bütünlüklə əhatə edir, o ifadə elə
bil yaranışdan insanla doğulan və bir ömür onu tərk
etməyən maska kimidir.
...Elə
bil insan qalereyasında dolaşırsan – hərənin
üzündə bir maska (mərdlik, yazıqlıq,
dürüstlük, çılğınlıq, yaltaqlıq,
qorxaqlıq və daha neçə ...lıq,
...lik, ...luq, ...lük...) saysız-hesabsız siluetlər
dolanır həndəvərində: ruh kimi, səs kimi,
görüntü kimi, qoxu kimi, yuxu kimi...Bu tanış siluetin
maskası mütilikdi. Elə yeriyir, baxan elə
bilər, ayağının altındakı
qarışqaları düşünəcək qədər mərhəmətlidir.
Yox a, haşa! Aşağı mərtəbədə
oturan müdirinin onun ayaq səsindən narahat olmaması, “bu
hökmlü addım kimin ayaq səsidir?” deyib qeyzlənməməsi
üçündür. Bükülə-bükülə
gəzməkdən bircə büküm yuxa kimi qalmış
canını hər cəhətdən böyüklərin
yanında hara qoyacağını da bilməz, üzündəki
mütiliyi ha gizlətmək istəsə də, eynəyinin
altında hamıdan yayındırmağa
çalışdığı, içini ekran kimi “canlı
efir”ə yayımlayan gözləri ələ verər onu... Hərdən
düşünürəm ki, bəlkə təbiətən
çəlimsizliyindən bu qədər müti, bu qədər
qorxaq, bu qədər yazıqdı, amma sonra da
öz-özümə düşünürəm, yox, məsələ
fiziki bədənlik deyil, təfəkkürü qul təfəkkürüdü,
ruhu bapbalacadı, o qədər balacadı ki, heç bircə
düz sözlük canı da yoxdur, amma sözlə
oynamağa cəsarət edir. SÖZlə ha! Sözü də
özünə oxşatmağa çalışır, içini
etibar elədiyi sözə içalat qoxusu hopub... Hələ
“məsumanə” utanmağını, iradəsindən
asılı olmayaraq sanki üzə çıxacaq gizli nələrininsə
qorxusu ilə qısılıb, sıxılıb
özünü qoz qabığına dürtmək istəyini
ifadə edən duruşunu, üstünə bozaranda lap bomboz
olan sifətində anındaca yaranan cığal, amma qorxaq
uşaq ifadəsini demirəm... Rəngi-ruhu
qaçıb, yazığın üstünə gediləsi
deyil, üstünə gedərsən, gedərsən, bir də
baxarsan ki, ondan keçib getmisən. Biz də keçək...
“Tanış siluetlər qalereyası”nı
dolaşmağa davam...
Bir qəsr
var...
O qəsrdə
qadınlar təhlükəli oyunlar oynayırlar: “Müdrik
qadın” ifadəsini qəbul etmirəm. Qadın QADIN olar,
müdrik olsaydı, elə narıncı bürüncəyə
sarınıb oturardı Tibetdə... Hissiyat, əda və
emosiya ilə zəngin bu gözəl yaradılış
möcüzəsi, olsa olsa, tədbirli, təmkinli,
ehtiyatlı və fitrətən “diplomat” olar, ya da elə sadəcə
ÖZÜ olar, heç bir əlavə rəngə,
“bürüncəyə”, incə siyasətlərə,
girişimlərə ehtiyac duymadan-rahat, ÖZgür, təbii...hərdən
çılğın, hərdən dalğın, hərdən
gülərüz, hərdən hüznlü, hərdən
dözülməz, hərdən anlaşılmaz –amma
bütün bu keyfiyyətlərlə birgə nəsə
laübalı, sirli bir xüsusiyyəti ilə vazkeçilməz...Qadının
asiliyi yalnız bu sadalananlarla birgə sevimli olur. Qadındakı ruhun xüsusiyyəti onun kimliyini
müəyyən edir. Qadın yalnız
ruhsuz olanda müdrik görünə bilər yəqin. Təhlükəlidir...
Geyşaruhlu qadınlar da var. Əlbəttə, burada
geyşa termininin hazırda təhrif olunmuş mənası
yox, mənəvi-estetik anlamı nəzərdə tutulur. Geyşaruhlu qadın “yox”
demir, etiraz etmir, özündən kənara itələmir,
ancaq əlbəttə, əgər bu, istənilən mahiyyətli
qorxunun yox, əsl qadın zərifliyinin təcəssümü
fonunda baş verirsə, effektiv olur, daha qadınca
görünür. Bu, fitri bir xüsusiyyətdi,
ya doğuluşdan belə olursan, ya da olmursan. Və bunu
rol kimi oynayan qadınlar da az deyil- zəif, aciz donuna girib nələrsə
“qazanmaq” üçün özünü geyşaruhlu göstərməyə
çalışan, ancaq sadəcə, “geyşafason” olanlar... İmitasiya mahiyyət deyil, olmayacaq da. İmitasiya gec-tez ifşaya məhkumdur. Belələri
zahirən geyşa olur, məcazi desək, eynən onlar kimi əsl
sifətləri qalın ağ qrim
altında gizlənir, qırmızı rəngə
boyanmış dodaqları və gözləri isə insan
ruhuna susayan şeytan maskasını xatırladır. Öz aləmlərində “zərif qadın”
rolundadırlar, amma zəifdirlər. Zəif qadınlar
isə həmişə təhlükəlidir... Və belələri də yalnız zahirən despot
görünən, amma daxilən özləri kimi zəif,
miskin, qorxaq olanların diqqətini cəlb edirlər. Beləcə, qarşılıqlı olaraq əməlli-başlı
“teatr çıxarılır”, tamaşa oynanılır.
Pərdələrlə maskaların enməsi də ya eyni
vaxta təsadüf edir, ya da arada azca zaman fərqi olur...
PerFORMAnsdakı
mənəvi “forma”
Necə olar ki, öz həmcinslərindən bu qədər
cəsarətlə danışasan, yeri gələndə
“paxırlarını açıb tökəsən”, amma əks
cinsin perFORMAnslarından heç söz açmayasan? İnsanlığın iki
fərqli, amma çox maraqlı qütbü olan kişi və qadın həmişə
yanaşı olmalıdır. Sözün
bütün mənalarında TAM olsun deyə. Tam həm də dad demək deyilmiydi? Qadın və
kişi elə bu yazıdakı kimi bir yerdə olanda həyat
da TAM(lı) olur...
Kişinin mənəvi “forması” performansından bəllidir. Bu “performans”
sözü də dəb oldu düşdü dilimizə.
“Söz modabazı” deyiləm, amma bu sözün daxilində
bir “forma” olduğundan yarımbaşlığa
çıxaracaq qədər dəbə uydum... Performans həm də göstəri, şou deməkdir.
Deməli, kişi də göstərisi qədərdir.
Hər kəsin olanından yəni... Kimi mənəvi mətah
göstərisi edər, kimi sifət göstərər, kimi
“özünü göstərər”, kimi sənin
özünü özünə göstərər –
güzgü kimi, kimi də heç nə tapmaz (lənət
yoxa!), tozun içində mərifətini göstərər...
İstənilən müqayisənin qüsurlu olduğu həqiqətini
unudub özünü qadınla müqayisə edən və
yalnız aşkar cins görüntülərinə görə
ondan üstün olduğunu ciddi-cəhdlə sübut etməyə
çalışan, qadın anlayışını
söyüş kimi qəbul edən, amma qadınsız
yaşaya bilməyən anlaşılmaz bir “cinsin” nümayəndələrinin
də mövcud olduğu cəmiyyətdə
yaşayırıq. Qadınla kişi
müqayisə edilərmi? Axı onlar
bütöv tamın ayrı, fərqli və maraqlı tərəfləridir.
Axı onlar ayrı-ayrılıqda
götürülməməlidir? Kişi
ilə qadın yalnız bir yerdə yaradılış mahiyyətini
özündə ehtiva edir. Senekanın
dediyinə əsaslansaq, qadınla sınaqdan
çıxarılmaq kimi çətin, ciddi imtahanı var hər
kişinin. Bəlkə də klassik əsərlərdə
deyildiyi kimi “hər kişinin” yox, “nər kişinin” deməliydim?
Çünki bu imtahandan hər kişi
yox, nər kişi “kəsilməmiş” çıxar.
İmtahan dedim, Napoleonu xatırladım, sonra da onun imtahanla
bağlı məşhur deyimini yox, tamam başqa bir
sitatını: “Kişinin halına acımaq onu təhqir etmək
deməkdir”. Kişiyə acımazlar, onu sevərlər.
Paradoks burdadır ki, kişilər də ona
yazığı gəlməyən, acımasız
qadınları daha çox sevir. Niyəsini özlərindən
soruşun...
Kişiylə qadın həm fiziki, həm mənəvi,
həm ruhi yaradılış baxımından müxtəlifdir. Beyin
quruluşundan tutmuş, ruhi düzən halına qədər
fərqlililk özünü göstərir. Amma
kişiylə qadını Yaradan hələ əsrlər əvvəl
onları birləşdirən ortaq nöqtə
tapmışdı: EŞQ... Hələ azmış kimi “bir dəm
bəlayi-eşqdən etmə cüda məni” tipli dəlicəsinə
bir arzu da vermişdi hər ikisinə... Odu-budu, “Eşq
zövqü zövqi-eşqi var olandan sor”ulur... Min
illərdi qadın-kişi “çarpışması” da sevgidəndi-ya
eşqin çoxluğundandı, ya da yoxluğundan. Yoxun
üzü qara olsun...
Sayrışan
hallar əs(i)ri...
XXI
yüzil nevrozlar əsri kimi düşdü tarixə... Bu əsrin insanı yaratdığı müxtəlif
texnoloji zadlarla özünü həm də təkliyə,
yalquzaqlığa məhkum elədi. Darıxmaq
azarına tutuldu insan. Təbiətdən, ilkinliyindən
qopub səmanın bağrını deşən göydələnlərdə
qərar tutmaqla, genetikaya müdaxiləsi ilə, işini
rahatlaşdıran hər cür texnogen icadlarla özündən
uzaqlaşdı uzaqlaşa bildikcə... İndi
də həmin sürətlə özünqayıdış
cəhdlərində bulunmaqdadır. Ancaq daha nə irəli
gedə bilmir, nə geri qayıda... Kosmosa göndərdiyi
peyklərin sürətinin heç olmasa mində biri ilə
öz içinə enməyə cəsarət tapsaydı
insan...
Sayrışan hallar nevrozunu xatırladır həyatımız-başdan-başa qarmaqarışıq, bir-birinə sarmaş-dolaş olmuş fikirlərin, duyğuların, düşüncələrin, təzadların, anlamsızlıqların içində ömür sürə-sürə bilinməzliyin girdabına yuvarlanmaqdayıq. Haldan-hala düşürük: gah “hallanırıq”, gah “haldan düşürük”, gah “hala gəlirik”...Hər şey bir-birinə qarışıb, dolaşıb, hallaşıb və elə hey sayrışmada... Qidalarımız qatışıq, sevgilərimiz qarışıq, keçmişimiz bulaşıq, gələcəyimiz dolaşıq...
Darıxa bildikcə darıxırıq, niyə, nə səbəbə, nədən ötrü, kimə görə darıxdığımızı bilməmək naxoşluğu çıxmır canımızdan. Adını istedad qoyuruq darıxmağımızın, darıxmağın dərəcəsi ilə müəyyən edirik istedad şkalamızın rəqəmini. Sayrışan düşüncələrimizdən, sayrışan fikirlərimizdən minlərlə həftəbecər menüsü yaranır. Ye, yeyə bildikcə...
Darıxmaq hava, su kimi vacib olur getdikcə, darıxmayanda da darıxmağımız üçün darıxırıq. Bəlkə darıxmaq istedaddır? Ya da əksinə? Darıxmayın, darıxmaq səbəbi tapılan kimi son qoyulacaq əzablarımıza, onda bitəcək sayrışan hallar əsri, darıxmayın...
Əli Kərimə
və Milan Kunderaya sayğılarla...
Kunderanın “Astagəllik” əsərini oxuyandan sonra necə
sürətlə yaşadığımın fərqinə
vardım. Təbii,
bu, bir temperament məsələsi, fleqmatik
olmadığımdan istəsəm də astagəl, təmkinli
ola bilməyəcəyimi də
anlamış durumdayam. Ancaq “Astagəllik” fərqindəlik
duyğusunu nəzarətdə saxlamağın vacibliyini bir
daha anlatmış oldu. “Astagəllik”də məni
qadın-kişi “oyunlarının” əyləncəliliyindən
daha çox, qədim qəsrin ab-havasını, oradakı
insanların ruh halını məharətlə əsərə,
sonra da oxucunun ruhuna transfer eləmiş ustad
yazıçının astagəllik və tələskənlik
arasındakı yaşam fərqləri ilə bağlı
frazaları cəlb elədi. Astagəllik də,
tələsiklik də qazanılma deyil, əzəlidir. Özünü müəyyən yerə qədər
təmkinli, səbirli olmağa məcbur etmək olar, ancaq
astagəllik qanında, canında deyilsə, əbəsdir,
sürət içində yaşamağa və beləcə
sürətlə yaşlanmağa davam edəcəksən.
Astagəl anın həzzini duyur, indini
yaşayır, tələskən isə indini
yaşamağı bacarmır, tələsə-tələsə
indiki anını da buraxır, sonrakına tələsir,
sonrakı da gələr-gəlməz o biri sonrakına, deməli,
indini yaşamamaqla bərabər, həm də gələcəyini
yaşaya bilmir. Bu halda keçmişdən
də danışmağa dəyməz, tələsərək
ötürülmüş İNDİ KEÇMİŞ olub
nəyi xatırladacaq ki? Astagəlin
yaddaşı da yaxşı olur, keçmişi tez unuda
bilmir, tələskən isə yaddaşla bağlı problemlər
yaşayır. Çünki ancaq yaşanan
anlar yaddaşa pərçimlənir. Astagəl
keçmişdəki anıları daha yaxşı
xatırlayır, çünki anı doya-doya yaşayıb.
Bu baxımdan astagəl xatırlamağa, tələskən
unutmağa meyillidir. “Astagəllik”dən xüsusilə əxz
elədiyim bu oldu ki, astagəlliklə xatırlamaq, tələskənliklə
unutmaq düz mütənasibdir. Nə qədər
astagəlsənsə, o qədər çox xatırlayacaqsan,
nə qələr tələskənsə bir o qədər
tez unudacaqsan. Bunların biri və digəri
nə üstünlük, nə də
çatışmazlıqdır, bu, temperament tipləridir,
ancaq yəqin ki, astagəllik daha avantajlı ruh halıdır.
Ruh halı demişkən, bədəni zahirən astagəlliyə,
yaxud bir az cəldliyə öyrətmək
olar. Məsələn, astagəl adam bir az
əldən iti ola bilər, cəld iş görə bilər,
amma onun düşüncəsi astagəldirsə, beyni ləng
reaksiya verirsə, əldən iti olmaq nəyi dəyişər
ki? Yaxud cəld, lap deyək tələskən insan
özünü ləng olmağa məcbur edə bilər, iti
templə düşünən beyini, sürətlə vuran
ürəyi, tələsən və hara, niyə tələsdiyini
bilməyən ruhu isə aram etmək
olarmı? Ürək tələsə-tələsə,
sürətlə işləyirsə, Əli Kərim
demiş, “o qədər sürətlə vurub ki, bəlkə
də lap yüz il yaşayıbdır”sa,
bədən cavan qalsa nə, qalmasa nə? Onsuz da bizdən
sonra qalan bədən deyil ki...
Sevinc Mürvətqızı
525-ci qəzet.- 2014.-
6 dekabr.- S.23.