Səma içrə bir nur

 

 

 

(ədəbi təriqətin məqamları)

 

Səni hər zaman, ay Rafael, məclisi-səhbada görüm!!!

 

Bilirəm ki, bu cümləni oxuyan kimi bəyənəcəksən, çöhrəndə təbəssüm sayrışacaq: çünki həməncə yadına düşəcək Əkrəm Cəfər, Ağacavad, Əli Fəhmi... və mənim tanımadığım bir sıra digər Füzuli, Seyid Əzim aşiqləri, muğam xiridarları; çünki həməncə yadına düşəcək “Ştrausun binası” dediyim Bakı Filarmoniyasında xanəndə Hacıbaba Hüseynov üçün keçirdiyin o möhtəşəm, bənzərsiz, təkrarolunmaz yubiley məclisi, ilahi eşq məclisi, nur məclisi... Onda sənət ustadlarının çoxusu səni səhnədə dövrələmişdi: Şövkət Ələkbərova, Sara Qədimova, Əlibaba Məmmədov, Süleyman Ələsgərov, Səxavət Məmmədov, Alim Qasımov və daha kimlər... kimlər... kimlər... Hamısı ulduz... Hamısı millətin zərrəsi... Hamısı əfsanə... Hamısı nağıl...

 

Hamısını indi desəm, nə qalar ki sabaha?..  Hərçənd bu ulduzları “Qobustan” toplusunun səhifələrində, radionun “Axşam görüşləri”ndə sən bir-bir xalq nağılına, xalq əfsanəsinə çevirmisən, ömrünü həsr etmisən bu ulduzlara... Nəinki həsr etmisən, sən onlar üçün içdən yanmısan, onları öz doğmaların bilmisən, onları millətin gözündə bütləşdirmisən... Odur ki, bu nağıllar sabaha da çatar, birisi günə də...

 

Bir də millət vəkilinə “sən” deyib müraciət elədiyim üçün qəni-qəni üzr istəyirəm. Üzrümün mənası bu ki, qoy, kimsələr söyləməsin “Aydın fərqində deyil”. Fikrimcə, bu müraciəti haqq eləmişəm.

 

“Yetişib bir ali töhfə mənə, Bəxtiyaridəndür”... Zamanında xanəndə Hacıbaba Hüseynov Azərbaycanın filosof şairi Bəxtiyar Vahabzadənin ona şəxsən bağışladığı “Muğam” poemasına öz təşəkkür qəzəlini məhz bu misra ilə başlamışdı. İndisə bu misranı mən sənə ünvanlayıram, sənin mənə göndərdiyin “Hamısı ulduz” kitabına bir cavab replikası kimi yazıram.

 

Yaxşı yadımdadır, amma gününü, saatını dəqiq bilmirəm, verilişin adı da huşumdan çıxıb. Ancaq vaxt o vaxtdır ki, Rafaelin “Vaxtdan uca” kitabı təzəcə nəşr olunub və qısa bir müddətdə bestsellerə çevrilib. Harada kiminlə qarşılaşırsan, həməncə soruşur ki, bəs Rafaelin kitabını oxumusan? Bax, elə bu dalğada Az.TV ilə bir veriliş gedir ekrana axşam-axşam. Təfsilatını unutmuşam. Verilişin ekspozisiyası isə hələ də gözümün önündədir: telekamera “Vaxtdan uca” kitabının necə böyük bir ehtiramla əldən-ələ ötürüldüyünü iri planda panoramlaşdırır. Mən nə bundan əvvəl, nə də sonra heç bir verilişdə hər hansı bir kitaba belə sayğılı, qutsal münasibət görmədim. Rafael o zaman nə millət vəkili idi, nə akademik... Sadəcə, içi Azərbaycan mədəniyyətinə heyranlıqla dolu birisi idi, bu mədəniyyəti yaradanlara səmimi təşəkkürlə dolu birisi idi... Hərçənd  Rafael artıq o adam idi, o qələm sahibi idi ki, dahi Hüseyn Cavidin nəşi Sibir torpaqlarından Azərbaycana gətirildikdən sonra öz bədii-sənədli oçerkində vaxtdan uca Cavidi bir daha milli mentallığımızın ləyaqət simvolu kimi vətənə, kütləyə qaytarmışdı, Cavidi emotiv-duyğusal qatda, fikir vitruallığında “dirildib” Cavidlərə qovuşdurmuşdu, Turan xanımın əsrə bərabər təziyəsinə xitam vermişdi və Cavidlər tarixçəsini elə nəql eləmişdi ki, hər bir azərbaycanlı bu ailənin faciəsini müqəddəs bir ailənin faciəsi sanmışdı, şiə imamlarının faciəsilə tutuşdurmuşdu...

 

Hətta bu kitabı oxuyarkən kimlərinsə acı-acı ağladığından mənim xəbərim olub...

 

Rafael “Vaxtdan uca” şərəfinə layiq bildiyi qəhrəmanlarından öylə bir yanğı ilə, öylə bir ehtirasla, öylə bir emosional təlqinlə danışırdı ki, oxucularını həyəcanlandırıb coşdura bilirdi, onların sinirlərinə toxuna bilirdi.  Elə ona görə də bayaq təsvir elədiyim telekadr istər rejissorun, istərsə də redaktorun yalnız saf dəruni sevgisini, xalqın bu kitaba və onun müəllifinə içdən gələn rəğbətini eyhamlaşdırırdı. Çünki Rafael kimlərdən nə yazmışdısa, onların dövrlərini, həyat məqamlarını, yaşantılarını, dərdlərini sanki əyninə çəkib geyinmişdi, onların ağrılarını öz ağrıları kimi qəbul edib səhifələrdə yansıtmışdı. Rafaelin özü də bunu inkar etmir və oxucusuna açıq etirafda bulunub deyir: “İnanın mənə, mən əllərimlə vərəqləri çevirməmişəm, gözlərimlə oxumamışam, mən qan ağlayan ürəyimlə vərəqləri çevirmişəm, oxumuşam”. “Cavidlər”i də, “Rəfibəylilər”i də və təkcə onları yox, Azərbaycan mədəniyyəti tarixindən yazdığı nə varsa, hamısını bu sayaq gətirib ərsəyə Rafael. Bu təkcə istedad, vəhy, ani nurlanma demək deyil, arxivlərdə gecə-gündüz çalışmaq deməkdir, dəqiq məntiq zəncirini qurmaq deməkdir və faktları tarixi-kulturoloji aspektdən işıqlandırıb hissiyyat “ilmə”lərilə bir-birinə toxumaq deməkdir.

 

Azərbaycanın çox dəyərli fikir işçisi Rafael Hüseynov haqqında nə yazırsan yaz, mətn hərlənib-fırlanıb qəribə şəkildə qəzələ, nohəyə oxşayır. Heç bu da təsadüfi sayılmaz: çünki Rafaelin istedadının hüsnü, yazı manerası müsəlman Şərqinin ədəbi ənənələrindən, dini ədəbiyyatının cövhərindən süzülüb gəlir. Rafaelin tekstlərində rövzə poetikasının, şəbih pyeslərinin səciyyəvi ünsürlərini aşkarlamaq mümkündür. Bu mətnlər sanki “Segah” zümzüməsilə qələmə alınıb və muğamın ahəngini özünə hopdurub. Onun təhkiyəsi üçün nağılvarilik, mətnin miniatür kimi bəzədilib rənglənməsi, epizodların zərrə-zərrə yığılması, nəsrin qafiyələnməsi, hadisələr və yaşantılar mozaikası, mədhiyyə və mərsiyə elementlərinin modern bir sintezi də xarakterikdir. O, həmişə öz yazısına sanki çox uzaqlardan başlayır, təfsilatı sevir, xırda detallardan qaçmır, hərçənd mətləbi hər zaman “şah beyt”ə saxlayır; bu mətləb təkcə ideyanı fokuslaşdırmır, həm də resepiyentin dünyasında müəyyən emosional partlayışlara hesablanır. Onun irihəcmli mətnlərində mümkün ki, belə “şah beyt”lərin sayı bir neçə olsun. Rafael bunlardan təkcə üslubun qəşəngliyi naminə bəhrələnmir: bu yazı tərzi onun məramını qüvvətləndirmək, ideyanı majorda səsləndirmək üçündür. Həmin məramı, ideyanı isə cəmi bir cümlə ilə bu şəkildə bəyan etmək olar: “Bir baxın, görün Azərbaycanın necə dahiləri, necə ustadları, necə mədəniyyəti, necə musiqisi var!!!”

 

Elə bu məqaləni işləyərkən hardansa belə bir müqayisə gəldi fikrimə: Rafaelin mətnləri rəssam Qəyyurun tabloları kimidir: yağlı boya, tünd, işığı söndürülmüş fon və parlaq muncuqlar... Qəribəsi budur ki, onun Məhsəti Gəncəvi və Azərbaycan şəhraşublarının tədqiqinə həsr etdiyi monoqrafiya da bu estetikada yazılıb... Rafaelin Məhsətisi öz iç ovqatına görə sanki Qəyyur rəsmlərindən baxan qaraqaş, qaragöz xanımlara oxşayır; şairənin şəhraşubları isə onun öz boynundan asdığı  şəfəqlənən mirvarilər qismindədir...

 

Rafael kiminsə haqqında oçerk-filan yazmır; o, hüzur gətirib yadına salır, xatırlayır, düşünür və aramla fikri təlqinə, zikrə çevirir.

 

Onun məqalələrinin qəhrəmanları sanki həmişə dua astanasında üzü qibləyə dayanıblar... Bu cizgidə isə şəcərəsi Yaxın Şərq poeziyasından gələn bir “Nəti-şərif” əlaməti, bir səma əlaməti görünməkdə: çünki bütün mətnlər islam dünyasında yalnız Allaha ünvanlanır. Bəlkə də məhz bu nişanə səbəbindəndir ki, Rafaelin yazdığı ədəbi tekstlər mənə möminlərin yüz bir dənədən ibarət təsbehini xatırladır.

 

Hərdən bu təsbehin sırasına, əsl Şərq poeziyası üslubunda desəm, “teatr danələri” də düşür. Rafael Azərbaycan teatrı tarixindən elə qəfil faktlar üzərində gəzişmələr eləyir ki, onu hələ heç bir teatrşünas dəyərləndirib mədəniyyət üçün sənədləşdirməyib, təsvir eləməyib, məsələnin poeziyasını, konfliktini aşkarlamayıb. Onun “Millətin zərrəsi” adlı məqalələr toplusunda qəşəng bir yazı var: “San Sanıçın süfrəsi”. Bu kiçik məqalədə Azərbaycan teatrının çox mühüm bir dövrünün tarixi və estetikası, teatr mədəniyyətinin kübarlığı cümlələrin arasından görüntülənir. Burada söhbət 1924-31-ci və 1935-37-ci illərdə Azərbaycan Dram Teatrında baş rejissor kimi çalışmış Aleksandr Aleksandroviç Tuqanovun ad günlərində masa üstünə salınan süfrəsindən, o süfrənin qeyri-adiliyindən gedir. Nədə imiş o süfrənin qeyri-adiliyi? Rafaeli sitatlaşdırıram: “San Sanıç hər il ilk dəfə həmin süfrə ətrafında əyləşən sənət dostlarından karandaşı götürüb süfrənin üzərinə imza atmağı, yadigar sözlər yazmağı xahiş edirmiş... Azərbaycan teatrının, Azərbaycan ziyalılığının ən tanınmış adlarının hamısının qolları toplanıbmış o süfrədə. İmzaların vaxt keçdikcə solub itə biləcəyini nəzərə alaraq Tuqanovun həyat yoldaşı hər hay-küylü məclisdən sonra  iynəni saplayaraq yeni çəkilmiş qolun və sözlərin üzərindən keçirmiş; bu minvalla da imzalar asta-asta iri əlvan tikmənin naxışlarına dönürmüş... Beləcə, Azərbaycan mədəniyyəti tarixinin 20-50-ci illər arası sayğılı adlarının hamısı o tikmə-süfrədə qovuşubmuş”...

 

Təəssüf ki, bu unikal süfrə indi bizim deyil: onu 70-ci illərdə San Sanıçın dul qadını Moskvanın M.Qlinka adına muzeyinə satıb... Ruslar onu bir tək A.A.Tuqanova görə saxlayacaqlar, bizim üçünsə o süfrənin üzərində imzası olan hər bir adam əzizdir: Müslüm Maqomayev, Cəfər Cabbarlı, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Bülbül, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Davudova, İsmayıl Hidayətzadə... O süfrəni Azərbaycana qaytarmağın vaxtı çatmayıbmı?

 

Bu qədər teatr bilicisi, teatr yazarı ola-ola, ilk dəfə bu məsələni məhz Rafael Hüseynov aktuallaşdırmışdı. Ondan ötrü kim, bu insan üçün Azərbaycan mədəniyyətinə aid ikinci dərəcəli, epizodik, fraqmentar, ötəri heç nə yoxdur: nə varsa, hamısı vacibdir, hamısı mühümdür. O, Azərbaycan mədəniyyətini tam, bütöv şəkildə, mozaik harmoniyada görür və pərvanə kimi bu mədəniyyətin işığı ətrafına fırlanır: fırlana-fırlana gördüyünü ruhunun gözü ilə yazır, ruhu ucalardan uca olanlardan yazır, ərşə çəkilib ulduza dönənlərin dönməzliyindən yazır, ruhən, əqidəcə azad insanların nurundan, ilahi eşq içrə səmasından yazır. Yazır ki, millətin yaddaş fayllarını çoxaltsın; yazır ki, əsl insani keyfiyyətlərin millət içrə sönməsinə yol verməsin; yazır ki, qaranlıqlar çıxsın aydınlığa və haqqın işığı toplumdan heç vədə azalmasın!!!

 

Odur ki, Rafael, bütün yazdıqlarına görə, millət yolunda çabalarına görə mənim səmimi təşəkkürümü qəbul elə və bu məqalə ilə sənin qarşıdan gələn 60 illik yubileyini qutlayan ilk insan, qoy, elə mən özüm olum!!!

 

Aydın Talıbzadə

525-ci qəzet.- 2014.- 6 dekabr.- S.20.