Nazım Hikmətlə üç
görüş
“Kərəm kimi” kitabımı çapa hazırlayarkən əziz dostum Vaqif Səmədoğludan Nazım Hikmət haqqında xatirələrini yazmağı xahiş etdim ki, kitabıma Son söz kimi verim. “Xatirələrimi
yazmışam, – dedi, – türk jurnalında dərc olunub”.
Vaqifin icazəsiylə həmin mətni Azərbaycan
türkcəsində ilk dəfə olaraq “Kərəm kimi”yə
Son söz kimi çap etdim. İndi isə “525”in
oxucularının diqqətinə təqdim edirəm.
ANAR
Nazım Hikməti ilk dəfə on səkkiz
yaşımda görmüşəm. 1957-ci ilin
payızında Bakıya gələn zaman atam Səməd
Vurğun bir ildən artıq olardı ki, dünyasını
dəyişmişdi. Səməd Vurğun 27 may
1956-cı ildə vəfat edən zaman xəstələndiyi
üçün dəfnə gələ bilmədiyindən
indi də S.Vurğunun ev muzeyində
saxlanan belə bir teleqram göndərmişdi: “Qardaş
türk dillərimizin böyük şairi dillərimiz
yaşadıqca sonsuzadək yaşayacaqdır”.
Otuz ildən sonra Nazım Hikmət yenidən Bakıya gəlmişdi. Bakı da,
Nazımı sevənlər də onu həsrətlə
gözləyirdi. Azərbaycanın hər
yerində onu sevənlər çox idi. Bu
sevgi sadəcə onun özünə, qürbətdə olan
şairə deyil, eyni zamanda türk xalqına olan böyük
məhəbbətin, hörmət və həsrətin ifadəsi
idi.
Nazımın
Bakıya gəlməsi münasibətilə olduqca zəngin
proqram hazırlanmışdı: tələbələrlə,
müəllimlərlə, jurnalistlərlə, şair və
yazıçılarla görüşlər, teatr
tamaşaları, Səməd Vurğunun məzarını
ziyarət və onun evində ailə üzvləriylə
görüş.
Biz o vaxt hazırda Səməd Vurğunun muzeyə
çevrilmiş mənzilində qalırdıq. Evimiz 3-cü
mərtəbədəydi. Bina liftsizdi, mərtəbələri
çox yüksək idi. Buna bir də
Nazımın səhhətini əlavə etsək, çox
çətinlik çəkməsinə baxmayaraq, hər mərtəbədə
qoyulan kətillərdə oturub hər dəfə nəfəsini
dərərkən “Ah, Səməd” deyə-deyə evimizə
qalxdı. Onun şux geyimi; məxmər
papağı, yumşaq ayaqqabısı, gümüşü
rəngli zərif paltosu, boynuna bağladığı ipək
şərfi məni və qardaşım Yusifi – Bakının
moda həvəskarlarını – heyran etmişdi. Nazım gözəl, zövqlə geyinməyi, Avropa
geyim tərzini çox sevərdi.
Anam Xavər xanım əziz qonağımızın
şərəfinə xüsusi hazırlıq
görmüşdü. Nazım Hikmət ona olan hörmətdən
çox razı qaldığını gizlətmirdi. Mən o zaman Azərbaycan Dövlət
Konservatoriyasının 2-ci kurs tələbəsiydim.
Əziz qonağımıza F.Şopenin “3-cü sonatası”nı çaldım. Məni qucaqladı və
soruşdu:
– Üzeyir Hacıbəylini yoxsa Qara Qarayevi çox
sevirsən?
– İkisini də – deyə cavab verdim.
–
Özünü və torpağını sev- dedi.
Bu, heç gözləmədiyim, bu günə qədər
ağlımda sual kimi qalan bir sözdü.
Bizdə
qaldığı müddətdə tez-tez təkrarlayırdı:
“Öz dilinizdə danışın. Dilinizi qoruyun.
Azərbaycan türkcəsi təmizdir,
safdır, şirindir”.
Patefonu açaraq nə isə söyləməyini
xahiş etdik.
Dərindən nəfəs alaraq dedi:
“Qardaşım Səməd! Evinə gəldim. Məni elə
qarşıladılar ki, sənin hələ bu həyatda
yaşadığına inandım. Xatırlayırsanmı,
Moskvada sənə bir şeir oxumuşdum. İndi eyni
şeiri sənin ailə üzvlərinə oxuyuram:
Karşı
yalı memleket,
Haykırıyorum
Varnadan.
Eşitiyormusun
Memet?
Kara deniz
akıyor,
akıyor
durmadan.
Deli
hasret, deli hasret...
Oğlum,
sana sesleniyorum,
eşitiyormusun, Memet?”
Nazım Hikmətin Azərbaycanın elm, ədəbiyyat,
musiqi sahəsində tanınmış nümayəndələriylə
yaxın münasibətləri olmuşdur. Bu əlaqələrin
bəziləri sağlam dostluğa çevrilmişdir, Səməd
Vurğunla olduğu kimi. Mənim atam da
kommunist idi, Nazım Hikmət də. Amma
onların görüşü kommunist şairlərin deyil,
iki türk şairinin görüşü idi. Hansı mövzularda söhbət etdiklərini bilmirəm.
Ancaq şübhəm yoxdur ki, Vətən
sevgisi, Vətən həsrəti, ana dilin qorunmasının
vacibliyi və buna bənzər mövzular onların söhbətlərinin
əsasını təşkil edib. Nazım
Hikmət Bakıda köhnə və yeni dostlar arasında
sevgi, həyəcan, alqışlarla dolu günlər
yaşasa da, Səmədin yoxluğunu daha da dərindən
hiss edirdi. Hələ Bakıdaykən
yaşadığı duyğuları şeirə
çevirmişdi:
Nehayet,
şehrine gelebildim,
ama
geç kaldım Samet,
Görüşemedik.
Bir ölüm boyu geç qaldım.
Teypdeki
sesini
dinlemek
istemedim, Samet!
Ölülerin
büsbütün ölmeden
resmlerine
bakamam.
Ama
gün gelecek,
Seni de
senden büsbütün
ayıracağım, Samet!
Sayğılı hatıralar dünyasına gireceksin.
Kabrinin
üstüne çiçek de
koyabileceğim
gözüm yaşarmadan.
Sonra,
gün gelecek,
senin
başından geçen iş
benim de
başımdan geçecek,
Samet!
Bakıdan
döndükdən sonra Nazım yazmışdı:
“Şairlərə hörmət edilən, sevgi duyulan
ölkələrdən birində – Azərbaycandayam. Azərbaycan
xalqının öz şair və
yazıçılarını nə qədər sevdiyini
gözlərimlə gördüm. Mən
burda hara getdimsə Səmədlə
qarşılaşdım. Hər rayonda, hər
kənddə, hər məktəbdə, hər klubda, neft mədənində,
pambıq tarlalarında, hər evdə Səmədlə
üz-üzə gəldim. Hər süfrədə
qədəhimi onun qədəhinə vurdum. Hər narı, hər salxımı Səmədlə
bölüşdüm. Xalqla görüşlərimdə
Süleyman Rüstəmlə, Mehdi Hüseynlə, Rəsul Rza
ilə bərabər Səməd də öz
ağıllı, çox aydın və bir az da məsum
gözləri ilə mənə gülümsədi”.
Nazım Hikmətlə ikinci görüşüm
1960-cı ildə oldu. O, Bakıya qardaşım Yusifin toyunda iştirak etmək
üçün gəlmişdi. Yusif Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda
oxuduğu zaman atam onu Nazım Hikmətlə tanış
etmişdi. Söhbət zamanı Nazım Hikmət
Yusifdən yazılarını hansı təxəllüslə
yazacağını soruşdu. Yusifin “Yusif Vəkilov” –
deyə verdiyi cavaba, “onda hər kəs elə zənn edəcək
ki, russan”- deyə qarşılıq verdi. – “Elə isə atanın adını özünə
təxəllüs olaraq götür, Yusif Səmədoğlu
ol”.
Sonralar mən də oldum Vaqif Səmədoğlu.
Nazım Hikmətlə üçüncü
görüşüm Moskvada oldu. 1963-cü ilin
qışında. Mən Moskva Konservatoriyasında
təcrübədə olarkən.
Moskva Konservatoriyasında unudulmaz Niyazinin rəhbərliyi
ilə türk bəstəkarları Adnan Saygun və Ulvi Camal
Erkinin əsərlərindən ibarət bir konsert təşkil
olunmuşdu. Foyedə Nazım Hikmət və tədqiqatçısı
Əkbər Babayevi gördüm. Yenicə
danışmağa başlamışdıq ki, bir qrup rus
ziyalısı Nazımə yaxınlaşdı və onu
söhbətə tutdular. Bu vaxt Əkbər
Babayev mənə Nazımlə Saygunun dənizçilik məktəbində
bir yerdə oxuduqlarını və uşaqlıq dostu
olduqlarını astadan söylədi. Konsert
başladı. Əvvəl Saygunun əsərindən
biri ifa olundu. Sonra pianoçu İ.Juk Erkinin “Piano və
orkestr üçün 3-cü konserti”nı
səsləndirdi.
İ.Juk bu əsəri üç gündə öyrənmişdi. Konsert
çox uğurlu alınmışdı. Konsertdən
sonra səhnə arxasına Niyazini təbrik etməyə
getdim. “Ürəyimiz dağa döndü, maestro” dedim.
Maestro
özünəməxsus əzmlə cavab verdi:“Bəs
sən Niyazini nə zənn etmişdin!”
Niyazi məni
Türkiyə səfiri, türk diplomatları, həmçinin
Saygun və Erkin ilə tanış etdi. Bu
vaxt unutmayacağım bir hadisə baş verdi.
Nazım Hikmət vüqarla otağa daxil oldu və
heç kimə baxmadan Niyaziyə yaxınlaşdı.
Onu qucaqlayıb təbrik etdikdən sonra mənə: gəl
gedək – dedi.
Getmək
istəyirdik ki, Türkiyə səfiri Saygundan: “Sən nə
üçün məktəb yoldaşınla
salamlaşmırsan?” – deyə soruşdu.
Saygun və
Nazım sanki bunu
gözləyirdilər, bir-birlərinə
sarıldılar və mən türk diplomat
qadınlarının için-için
ağladıqlarına şahid oldum. Sonra Nazım Hikmət,
Əkbər Babayevlə bərabər konservatoriyadan
çıxaraq Gertsen küçəsindən
aşağı, Karl Marks prospektinə dönüb “Nasyonal
restoranı”na getdik. Nazım
bizi axşam yeməyinə aparırdı. Yolboyu yanımızdan keçən hər bir
qızın və qadının gözləriylə onu necə
yola saldıqlarının şahidi oldum. 60
yaşında olmağına baxmayaraq o, hər kəsin diqqətini
cəlb edirdi. Yaşadığı illərin
əzab-əziyyəti, kədərli hadisələri onu sanki
daha işıqlı, cazibədar etmişdi.
Nazımlə danışmaq, onu dinləmək çox
maraqlıydı. O, dərin fəlsəfi məlumatlara sahib, azad
düşüncəli şəxsiyyət idi. Bəzən
düşüncələrini açıq söyləməkdən
çəkinmirdi. Kommunizm quruluşuna
inamını itirdiyini və əsl sosializmi İsveçdə
gördüyünü söylədiyi kimi. Ona təmkinli olmağın vacibliyini söyləyənlərə,
Türkiyə həbsxanasında yatmışam, Sovet həbsxanasında
da yataram – deyə cavab verirdi.
Onun şeiri də özü kimi sərrast və gözəldir. Əgər
türk olmasaydı, kommunist olmasaydı Nobel mükafatı
alardı.
Sonra onun
ani ölüm xəbəri... Sarsıdıcı xəbər...
Ancaq Nazim ölümdən qorxmurdu, demək olar ki,
dünyaya gəldiyi gündən etibarən.
Bu onun
sözüdür: “Nə ölümdən qorxmaq ayıb, nə
də düşünmək ölümü”.
O,
ölümə meydan oxudu, həm taleyi, həm həyatı,
həm də yaradıcılığıyla. Buna ancaq
müdrik insanlar qadirdir... Moskvada heykəltaraş Sidurun
emalatxanasında Nazımın məzar daşının necə
olması üstündə məsləhətləşərkən
yaxın dostu Rəsul Rza: “Məzar üstündə yalnız
ayaq izləri olsun, “bu dünyadan bir Nazım keçdi”
duyğusunu oyandırsın” – dedi.
Belə də etdilər. O zaman bir şeir yazdım:
Məzarımın baş ucuna
Nə məzar daşı qoyun,
nə də heykəl...
Bir cüt ayaqqabı qoyun,
ayağı yalın olan geyib getsin...
Uzun müddət onun parlaq, yaraşıqlı, nurlu
siması xəyalımdan silinmədi. Bu hisslərlə 1963-cü ildə
ona ithafən bir şeir yazdım:
Öləndə neçə yaşın var idi?
Neçə qış, neçə bahar
görmüşdün?
Öləndə
kimin saman sarısı
saçlarının qoxusunu duydun?
Torpağını
gördünmü
gözlərini yumanda.
Mavi
gözlərinin səması indi yox,
Gecə çökdü gözlərinin səmasında.
Neçə
ulduz söndü mavi gözlərinin
qapanmış gecəsində?
İşığı
bizə heç bir vaxt çatmayacaq
ulduzlar...
Öləndə neçə yaşın var idi sənin?
Yoxsa hələ doğulmamışmıydın?
Sonra “Divin nağılı” adlı şeirimi Nazım
Hikmətə həsr etdim. Yer üzündə az
insan var ki, işini, sənətini xarici
görünüşündən söyləmək
mümkün ola bilsin. Nazım Hikmət elə
nadir şəxslərdəndir ki, onun poetik ruhu üzündə,
görünüşündə əks olunurdu.
Bu yazımla mən yenidən Nazımlı xatirələrimi
yaşadım.
Nazım Hikmətlə çox az
görüşdüyüm üçün peşmanam. Bir də hələ də peşmanam ki, niyə ona
şeir yazdığımı söyləmədim. O, məni
yalnız Səməd Vurğunun oğlu və musiqiçi
kimi tanıdı.
Dilimizə uyğunlaşdırdı:
T.Teymurova
Vaqif SƏMƏDOĞLU
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.19.