Zəki Vəlidi Toğanın “Xatirələr”ində Azərbaycan

 

 

Türk dünyasının böyük şəxsiyyətlərindən birinin – Zəki Vəlidi Toğanın 1970-ci ildə İstanbulda çap olunan “Xatirələr”inin adına ilk dəfə aspirantlıq dövrümdə, 1978-ci ildə Azərbaycan EA Əsaslı kitabxanasının Şərq ədəbiyyatı fondunun kataloqunda təsadüf etdim. Dərhal sifariş blankı doldurub həmişə səmimiyyəti və diqqətli münasibəti ilə seçilən kitabxanaçı xanıma yaxınlaşdım. Lakin o, şifrələrə baxan kimi istədiyim kitabla tanışlıq üçün xüsusi icazənin tələb olunduğunu bildirdi. Yəni institut direktorunun imzası ilə verilmiş ştamplı, möhürlü məktubda əsərin dissertasiya işimlə, yaxud elmi-tədqiqat mövzumla bağlılığı rəsmən təsdiqlənməli idi. Yalnız belə sənəd gətirdiyim təqdirdə kitabı oxu zalında heç bir qeyd aparmadan sadəcə gözdən keçirmək üçün ala bilərdim.

 

Amma heyhat! Dissertasiya mövzumun adını ara-sıra antisovet tarixçisi kimi “Azad Avropa” və “Amerikanın səsi” radiostansiyalarından eşitdiyim Zəki Vəlidi Toğana heç bir aidiyyəti yox idi. Ümumiyyətlə namizədlik işim türkologiya ilə, XX əsr türk xalqlarının tarixi ilə əlaqədar deyildi. Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspirantı idim. Akademik Məmməd Cəfər Cəfərovun rəhbərliyi altında “Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi (1960-1970-ci illər)” mövzusunda dissertasiya yazırdım. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün!

 

Amma bir məsələ var ki, o dövrdə hətta ideoloji baxımdan heç bir təhlükə doğurmayan üslubla bağlı bəzi kitabları tapıb oxumaq da asan iş deyildi. Sonralar heç çap etdirmək fikrinə də düşmədiyim dissertasiyamın birinci fəsli bədii üslub nəzəriyyəsinə həsr olunmuşdu. Sovet ədəbiyyatşünaslığının bu istiqamətdəki araşdırmalarını gözdən keçirib ümumiləşdirmək niyyətində idim.  Sən demə, 1920-ci illərdə mövzu  ilə bağlı yazan bir sıra rus Sovet alimlərinin, xüsusən də strukturalistlərin və OPOYAZ ədəbi məktəbi nümayəndələrinin əsərləri “spesxran” deyilən xüsusi qoruma altında saxlanırmış.

 

Onlarla tanışlıq üçün də məktub gətirmək lazım imiş! Həm də burada artıq institut direktorunun imzası keçərli deyildi.  Söhbət Moskvadan, məşhur Lenin kitabxanasından getdiyi üçün müraciət milli akademiyanın müvafiq sahəyə baxan vəzifəli şəxsindən gəlməli idi. Bu kitabxanaya bizim EA-nın humanitar elmlər bölməsinin akademik-katibi Əlisöhbət Sumbatzadənin məktubu ilə getdiyim yadımdadır. O da yadımdadır ki, məşhur tarixçimiz sənədə  imza atmazdan əvvəl mənimlə bir neçə dəqiqə söhbət etdi. Mövzumla maraqlandı, kimin aspirantı olduğumu soruşdu. Sonra “Üslub nədir, a bala? Görürəm, özün də ağıllı, bilikli oğlana oxşayırsan. Niyə ciddi bir  mövzudan yapışmamısan?” – deyə məzəmmət qarışıq  sual elədi. Doğrudur, məni əliboş da qaytarmadı,  burnunun altında “Ay Məmməd Cəfərə nə deyim...” söylənib  məktuba qol çəkdi...

 

Zəki Vəlidinin “Xatirələri” bu yaxınlarda yenidən yadıma düşdü. Təsadüfən  onun qızı, Türkiyənin tanınmış çinşünas alimi, professor İsənbikə Toğanla you.tube-də yerləşdirilmiş müsahibəyə baxdım. Öyrəndim ki, İsənbikə xanım və qardaşı, professor Subidey Toğan atalarının məşhur əsərini “Xatirələr. Türküstan və digər müsəlman Doğu türklərinin milli varlıq və kültür mücadilələri” adı altında 2012-ci ildə Türkiyə Diyanət Vəkfinin  dəstəyi ilə yenidən nəşr etdiriblər. Sovet rejiminin süqutundan sonra kitab bir neçə dəfə başqırd dilində çapdan çıxıb, ayrı-ayrı hissələri ingilis və rus dillərinə çevrilib. Xoşbəxtlikdən Türkiyə nəşrini İnternet üzərindən almaq mümkün idi.  Beləliklə, L.İ.Brejnevin durğunluq dövründə hətta bir neçə saatlığa da olsa vərəqləmək imkanı tapmadığım kitabı şəxsi kitabxanamda görmək şansı qazandım.

 

lll

 

1917-ci il fevral inqilabından sonra bolşeviklərlə iş birliyi yolu tutan, lakin bu zaman milli dövlətçilik  və milli-tarixi dəyərlərin qorunub saxlanmasını mühüm şərt sayan üç böyük türk ictimai-siyasi xadiminin – Nəriman Nərimanovun, Mirsəid Sultan – Qaliyevin və Əhməd Zəki Validovun (Zəki Vəlidi Toğan) taleyində həm fərqli, həm də oxşar cəhətlər tapmaq mümkündür. Onların heç biri sovetlərin buyruq quluna çevrilmək istəmədi. Bolşevik liderlərin keçmiş Rusiya imperiyasının tərkibinə daxil olan türk-müsəlman xalqların milli mentalitetini, yaşam tərzi və psixologiyasını nəzərə alaraq mümkün qədər dəqiq, qərəzsiz mövqe tutmasına çalışdılar. Yeni quruluşa münasibətdə Roma papasından daha artıq katoliklik edən bəzi manqurt xislətli milli neobolşeviklərlə aralarında məsafə saxladılar. Nə qədər çətin olsa da, bəzən hətta həyatları bahasına riskə gedərək sözlərinin eşidilməsi, simalarının qorunub saxlanması qayğısına qaldılar. Bu məsələdə Kremlin yeni sahibləri ilə qarşıdurmadan çəkinmədilər.

 

Onların arasında birinci yerdə, heç şübhəsiz, yaşına, təcrübəsinə və şəxsiyyətinin siqlətinə görə Nəriman Nərimanov (1870-1925) dayanırdı. Azərbaycan Şura Cümhuriyyətinin siyasi müstəqilliyi bir yana qalsın, heç olmazsa, nisbi iqtisadi müstəqilliyini qorumaq üçün “yeni çar” Serebrovski, erməni və rus bolşevikləri, yerli səbatsız, mənəviyyatsız “xadimlərlə” qeyri-bərabər mübarizəyə girən Nərimanov sonda Moskvaya, fəxri sürgünə aparıldı və 1925-ci ilin martında burada sirli şəkildə dünyadan köçdü. Amma ölümündən əvvəl özünün tarixi qu quşu nəğməsini oxumağa imkan tapdı: bolşevik liderlərinə – Leninə, Stalinə, Trotskiyə ünvanlanan “İnqilabımızın milli ucqarlardakı tarixinə dair” əsəri ilə yeni siyasi quruluşun  həqiqi mahiyyətini açdı, çarizmin imperialist siyasətini daha amansız formada davam etdirən bolşevik liderlərin ikiüzlülük və riyakarlıq maskasını qopardı. Gələcək nəsillərin xilası üçün həyəcan təbili çaldı.

 

Qərb tarixçilərinin “müsəlman Trotskisi”, bəzən “üçüncü Dünya inqilabının atası” adlandırdıqları Mirsəid Sultan – Qaliyev (1892-1940) XX əsrin əvvəllərində bolşevizmlə təmas quran tatar siyasətçiləri arasında yüksək intellekti, nəzəri hazırlığı və tribunluq xüsusiyyətləri ilə seçilirdi. Milli məsələyə rəsmən problemin bilicisi sayılan Stalindən qat-qat yaxşı bələd idi. Ən başlıcası isə Stalin kimi bürokratik zorakılıq və yeni müstəmləkəçilik yolu tutmaq niyyətində deyildi. Türk-müsəlman xalqlara daha həssas, diqqətli münasibət tələb edirdi. Onların tarixi inkişaf xüsusiyyətlərinin və milli özünəməxsusluqlarının nəzərə alınmasını, dillərinə və dinlərinə hörmət qoyulmasını zəruri sayırdı. Bu müstəvidə də Stalinlə qarşı-qarşıya gəlməli olmuşdu.

 

Haşiyə çıxaraq qeyd etməliyəm ki, 1914-1917-ci illərdə Bakıda yaşayan M.Sultan-Qaliyev müəllimlik fəaliyyəti ilə yanaşı həm də Kilkəbaş və Mirsəid təxəllüsləri ilə “Kavkazskoe slovo”, “Kavkazskaya kopeyka”, “Baku” qəzetlərinin fəal müəlliflərindən biri kimi tanınırdı. Fevral inqilabından sonra o, rus dilində “Bakı müsəlman ictimai təşkilatlarının xəbərləri” (“İzvestiya  Bakinskix musulmanskix obşestvennıx orqanizasiy”) qəzetinin təsisçiləri sırasında yer aldı. Azərbaycanlı siyasətçilərin bir çoxunun birləşdiyi həmin siyasi təşkilatın rəhbəri Ə.Topçubaçov idi. Bakıda yaşadığı illərdə M.Sultan-Qaliyev “Müsavat” partiyasının qurucusu M.Ə.Rəsulzadə ilə yaxın əlaqələr saxlayırdı.

 

Parlaq zəkası, intellekti və enerjisi ilə Stalini kölgədə qoyan tatar bolşevikinə qarşı təqiblər 1920-ci ildə başladı. Həmin il onun – Rusiya K(b)P MK yanında Şərq xalqları kommunist təşkilatları Mərkəzi bürosu sədrinin Bakıda keçirilən Şərq xalqlarının I qurultayında iştirakına imkan verilmədi. 1923-cü ildə isə artıq əlində kifayət qədər hakimiyyət toplayan Stalin rəqibinin həbsinə nail oldu. Tanınmış sovetoloqlar A.Benninqsen və Ş.Lemerje-Kelkeje Sultan-Qaliyevi Stalinin “ilk ovu” adlandırırlar. Sonralar özləri də “xalqlar atasından” biri-birindən sarsıdıcı zərbələr alan L.D. Trotski və L.V.Kamenev 1920-ci illərin əvvəllərində, yetərincə nüfuz və tərəfdarlara malik olduqları dövrdə Stalinə Sultan-Qaliyevin “qanını dadmağa” imkan verdikləri üçün özlərini qınayırdılar.

 

1923-cü ildən sonra dəfələrlə həbs edilən, iki dəfə ölüm kamerasında  faciəli aqibəti gözləyən  M.Sultan-Qaliyevin əzablarla dolu həyatına haqqında çıxarılan ikinci ölüm hökmünün 1940-cı ilin yanvarında yerinə yetirilməsi ilə son qoyuldu. O, dünya siyasi tarixinə “islam marksizmi” nəzəriyyəsinin müəllifi kimi daxil oldu. Rus tarixçisi, professor R.Q.Lanqanın fikrincə, “dünya miqyaslı ictimai mütəfəkkir” və “islam xalqlarının azadlıq hərəkatının görkəmli nəzəriyyəçisi” M.Sultan-Qaliyev zorakı yolla siyasi həyatdan təcrid edilməsəydi, fikir və təklifləri nəzərə alınsaydı, bəlkə də gələcəkdə bir çox bəlaların, o cümlədən Sovet İttifaqının süqutunun, radikal islam hərəkatının qarşısını almaq mümkün ola bilərdi.

 

N.Nərimanov və M.Sultan-Qaliyevdən fərqli olaraq başqırd milli hərəkatının lideri Əhməd Zəki Vəlidov (1890-1970, Türkiyəyə Cümhuriyyəti vətəndaşlığını qəbul etdikdən sonra  Zəki Vəlidi Toqan kimi tanınmışdı) bolşeviklərlə bütün körpüləri yandırmağı və siyasi mühacir həyatı yaşamağı daha üstün tutdu. Görünür o da Məmməd Əmin Rəsulzadə kimi yeni hakimiyyətin mahiyyətini zamanında anladığından bu mühüm qərarı verə bilmişdi. Nəticədə radikal addım atmaqdan, kəskin şəkildə cəbhə dəyişdirməkdən çəkinməmişdi. Bolşevik hakimiyyətinin çətin vaxtında, 1919-cu ilin martında mütəşəkkil hərbi gücə malik başqırdlarla müqavilə imzalayıb onlara federal Rusiyanın tərkibində həqiqi muxtariyyət vəd edən, vəziyyət düzələndən sonra həmin sənədi “kağız parçası” adlandıran Leninin siyasi riyakarlığı Zəki Vəlidinin gözünü açmışdı. Az əvvəl bolşeviklərin etibarlı müttəfiqi sayılmasına, dəfələrlə Lenin, Stalin, Trotski və digər Sovet liderləri ilə görüşüb əməkdaşlıq yollarını müzakirə etməsinə, Lenindən zirehli “Ford” avtomobili hədiyyə almasına baxmayaraq  Zəki Vəlidi 1921-ci ildə öz yerini Sovet rejiminin barışmaz düşmənlərinin – basmaçılar hərəkatının rəhbərliyində tapdı. Burada 1921-ci ilin yayında Türküstan Milli Şurasını qurub bolşevik rejiminə qarşı geniş miqyaslı mübarizəyə başladı. Rəhbərlərindən biri olduğu hərəkatın məğlubiyyəti ərəfəsində əvvəlcə İrana, oradan da Qərbi Avropaya üz tutdu.

 

Nəriman Nərimanovun məkrli yolla aradan götürülməsi, Mirsəid Sultan-Qaliyevin həbsxanalarda çürüdülməsi, Zəki Vəlidinin vətənindən didərgin salınması da görünür, Stalinin və bütünlükdə rejimin bu türk övladlarına bəslədiyi kini, hiddəti səngidə bilməmişdi. Əks təqdirdə, 1956-cı ilə qədər gündəlikdən düşməyən və yeni-yeni günahsız insanları məhv etmək üçün siyasi təqib bəhanəsinə çevrilən “narimanovşina”, “sultanqalievşina”, “validovşina” yarlıklarına başqa izah tapmaq qeyri-mümkündür...

 

lll

 

Bolşevik liderlərin çoxundan fərqli olaraq Zəki Vəlidi inqilaba küçədən, yaxud həbsxanadan deyil, elmdən gəlmişdi. Ziyalı ailəsində doğulması (həm atası, həm də anası mədrəsə müəllimləri idi, atasının başqırd ədəbiyyatı tarixinə daxil olan bir sıra əsərləri vardı. Fikri inkişafında böyük rol oynayan dayısı Həbibnəzər Utyaki dövrünün qabaqcıl pedaqoqlarından biri kimi tanınırdı), erkən yaşlarından sistemli və mükəmməl təhsil alması onu tamamilə fərqli mühitin və dəyərlərin insanına çevirmişdi. 18 yaşından tatar mətbuatında məqalələri çap edilirdi. Klassik Şərq dilləri (ərəb, fars, türk) ilə bir sırada rus dilinə də mükəmməl yiyələnmişdi. Daha sonra bu dillərin sırasına almanca və ingiliscə də əlavə olundu.

 

19 yaşında ikən Əhməd Zəki Qazanın “Qasimiyyə” mədrəsəsində təhsilini başa vurub burada türk-tatar dilləri və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərirdi. 1912-ci ildə “Türk-tatar tarixi” adlı ilk elmi əsəri çap olundu. Sonrakı beş il ərzində kitabın yenidən işlənmiş daha iki nəşri işıq üzü gördü. Əslində əsər iki cilddən ibarət olmalı idi. Birinci cild ən qədim dövrlərdən Bulqar xanlığına qədər türk tarixini əhatə edirdi. İkinci cilddə çağdaş dövrə qədərki tarixin hadisə və prosesləri öz əksini tapmalı idi. Lakin bəlli səbəblərdən materiallarının çoxu toplanıb sistemə salınan bu cildi tamamlamaq mümkün olmamışdı.

 

Xakas türkü, Qazan universitetinin professoru N.V.Katanovla (1861-1922) tanışlıq Zəki Vəlidinin universitet  cameəsi və rus elmi dairələri ilə yaxınlaşmasına imkan yaratdı. Nəticədə 1913-cü ilin mayında o, universitet yanında fəaliyyət göstərən Arxeologiya, tarix və etnoqrafiya cəmiyyətinin həqiqi üzvü seçildi. Bu cəmiyyətin maliyyə və təşkilati dəstəyi ilə Orta Asiyaya 1913-cü ilin noyabrından 1914-cü ilin martına qədər davam edən ilk elmi ekspedisiyası zamanı Zəki Vəlidi Yusif Has Hacibin “Kutadqu bilik” əsəri də daxil olmaqla bir sıra nadir Şərq əlyazmaları üzə çıxardı, bölgənin iqtisadiyyatı və tarixi coğrafiyası, habelə köçəri özbəklərin məişəti ilə bağlı etnoqrafik materiallar topladı.

 

Ekspedisiyanın nəticələri dövrün V.V.Radlov,  V.V.Bartold kimi məşhur şərqşünaslarını maraqlandırdığından gənc başqırd alimi Mərkəzi və Cənubi Asiyanın öyrənilməsi üzrə Rusiya komitəsi və İmperator Elmlər Akademiyasının xətti ilə 1914-cü ilin iyun-iyul aylarında yenidən Mərkəzi Asiyaya ezam edildi. Bu dəfə əsas etibarı ilə Buxara xanlığında oldu. İkinci elmi ekspedisiya da sensasiyalı tapıntı ilə yadda qaldı: Zəki Vəlidi Özbəkistanın Qarşı şəhərinin bazarında tam bir təsadüf nəticəsində Quranın X, yaxud XI əsrdə türkcəyə sətri tərcüməsinin XVIII surədən başlayan natamam əlyazmasını aşkara çıxardı. Müharibənin başlanması ilə yarımçıq qalan ekspedisiyadan 23 nadir əlyazması ilə geri döndü.

 

Birinci Dünya müharibəsi milyonlarla insan kimi gənc Zəki Vəlidinin də həyatını dəyişdi. Həmin vaxta qədər özünü yalnız elmdə gördüyündən siyasətlə maraqlanmırdı. Amma zamanı çatanda məşhur ifadədə deyildiyi siyasət özü onunla maraqlandı. IV Dövlət Dumasının müsəlman fraksiyası Zəki Vəlidini Büronun tərkibində çalışmaq üçün Peterburqa dəvət etdi. Rusiya müsəlmanlarının lideri Ə.Topçubaşovun rəhbərliyi altında Büro çarın fərmanı ilə sayları minimuma endirilən müsəlman deputatların (sonuncu, IV Dumada onların sayı cəmisi 6 nəfər idi) yerlərlə əlaqə saxlamalarına, Dumanın gündəliyinə çıxardıqları məsələlərin işlənib hazırlanmasına və qanun yaradıcılığına yardım göstərirdi.

 

Çarizmin süquta uğradığı Fevral inqilabından sonra 27 yaşlı Zəki Validov çox qısa zamanda vətəni Başqırdıstanda milli hərəkatın liderlərindən biri kimi tanındı. O, Rusiya müsəlmanları müvəqqəti mərkəzi bürosunun və başqırdların Millət Məclisinin üzvü idi, bolşeviklərin işini yarımçıq dayandırdıqları Rusiya Müəssislər Məclisinə nümayəndə seçildi. 1917-ci ilin mayında Moskvada Ümumrusiya müsəlmanları qurultayında ayrıca başqırd qurultayı çağırılmasının təşəbbüskarı kimi çıxış etmiş və sonralar Azərbaycan K(b)P MK mətbuat şöbəsinin müdiri, Azərbaycan Pedaqoji İnstitutunun rektoru vəzifələrində çalışan həmvətəni Şərif Manatovla (1887-1936) birlikdə  bu ideyanın gerçəkləşməsinə nail olmuşdu. Hər ikisinin rəhbərliyinə daxil olduqları Başqırdıstan Milli Şurası 1917-ci il noyabrın 15-də federativ Rusiyanın bir hissəsi kimi başqırd xalqının milli-ərazi muxtariyyətini elan etmişdi. Zəki Vəlidi yeni qurulan hökumətdə Başqırdıstan Müdafiə Şurasının sədri, başqa sözlə desək, hərbi nazir idi.

 

Yalnız hərbi güclə hesablaşan bolşeviklər yeni başqırd liderini də tanımalı oldular. Çünki 1918-ci ildə onun sərəncamında 27 mindən çox silahlı başqırd əsgəri vardı.  Məhz arxasında bəlli hərbi qüvvənin dayanması nəticəsində Lenin “yoldaş Validovu” dəfələrlə Kremldə qəbul etdi, Rusiyanın yenidən qurulması, milli muxtariyyətlər, sosialist inqilabı ideyalarının müsəlman Şərqində yayılması və s. kimi məsələlərdə fikir və mülahizələri ilə maraqlandı. Nəticədə Zəki Vəlidi mütəşəkkil başqırd hərbi hissələrinin bolşeviklərin tərəfinə keçməsinin təşəbbüskarı kimi çıxış etdi. Və təbii ki, bundan sonra Kreml liderlərinin nəzərində əhəmiyyətini itirdi. Amma sərbəst buraxılması, yaxud Sovet Rusiyası hüdudlarını tərk etməsi barəsində söz də ola bilməzdi.

 

Zəki Vəlidi vətəndaş müharibəsinin qarmaqarışıqlığından istifadə edərək aradan çıxmağı bacardı. 1923-cü ildə Orta Asiyadan İrana keçdi. Müvəqqəti dayandığı Məşhəd şəhərində elm adamı kimi tale yenidən üzünə güldü. Yerli kitabxanada nadir mənbə – Abbasi xəlifəsi Əl-Müqtədirin düz min il əvvəl –  921-ci ildə elçi sifəti ilə Volqa bulqarlarının yanına göndərdiyi Əhməd ibn Fədlanın səfər qeydlərindən ibarət “Risalə”sini aşkara çıxardı. Aradan on iki il keçəndən  sonra Vyana universitetində həmin mənbə əsasında “İbn Fədlanın şimal bulqarları, türklər və xəzərlərin ölkəsinə səyahəti” adlı doktorluq dissertasiyası müdafiə etdi.

 

1925-ci ildə Mustafa Kamal Paşanın göstərişi ilə Berlində siyasi mühacir kimi müvəqqəti sığınacaq tapan Zəki Vəlidiyə Türkiyə vətəndaşlığı verildi. O, maarif nazirinin müşaviri təyin edildi, eyni zamanda İstanbul universitetində türk tarixindən mühazirələr oxumağa başladı. Mühacirətdəki Türküstan milli hərəkatının liderlərindən biri kimi tanındı, əqidə yoldaşları ilə birlikdə hərəkatın bir sıra nəşrlərinin əsasını qoydu. Uzun və məhsuldar ömrü boyunca 11 dildə 400-dən çox əsəri nəşr olundu. Türkiyə Şərqşünaslar assosiasiyasını qurdu. 1951-ci ildə rəhbərliyi altında İstanbulda dünya şərqşünaslarının 21-ci Beynəlxalq konqresi keçirildi. İki il sonra İstanbulda yeni elmi mərkəz – İslam Araşdırmaları İnstitutu yaratdı və ilk direktoru oldu. 1970-ci ildə, 80 yaşında dünyaya gözlərini yuman ordinar professor Zəki Vəlidi Toğan mübarizə və əqidə dostlarının çoxunun uyuduğu İstanbulun Qaracaəhməd məzarlığında torpağa tapşırıldı.

 

Sovet rejiminə qarşı mübarizə aparan mühacirət nümayəndələrinin bir çoxu kimi Zəki Vəlidinin də doğma xalqı qarşısındakı xidmətləri yalnız Sovet rejiminin süqutu ərəfəsində öz həqiqi qiymətini aldı. 1990-cı ildə anadan olmasının 100 illiyi Ufada dövlət səviyyəsində qeyd edildi. Adı milli kitabxanaya verildi. Əsərlərinin tərcüməsi və çapı istiqamətində ilk addımlar atıldı. 1995-ci ildə dünya başqırdlarının qurultayı zamanı Başqırdıstan prezidenti  Murtuza Rəhimov onu müasir başqırd dövlətçiliyinin qurucusu kimi yad etdi.

 

lll

 

Zəki Vəlidi gündəlik yazmasa da, həyatının bütün mühüm dəyişiklik və  hadisələri ilə bağlı ilk gənclik illərindən etibarən mütəmadi qeydlər aparırdı. Lakin bolşevik Rusiyasını gizli yolla tərk edərkən zəngin şəxsi arxivi, eləcə də çoxsaylı əlyazmaları ilə həmişəlik vidalaşmalı olmuşdu. Bütün görkəmli şəxsiyyətlər kimi Zəki Vəlidi də keçdiyi fikir və ideyalarının, ömür yolunun, gördüyü işlərin, savaş və mübarizələrin yalnız özünə deyil, xalqına, gerçək tarixə məxsusluğunun fərqində idi.  Ömür yolunun təsviri yalnız şəxsi şöhrətpərəstlik hissindən deyil, həm də tarix qarşısında duyduğu məsuliyyət hissindən irəli gəlirdi. Ona görə də, nisbətən sakit, təlatümsüz mühacirət həyatına başlayan kimi xatirələrini qələmə almağa qərar verdi. İlk dəfə 1924-cü ildə Berlində yaddaşına arxalanaraq, habelə əlinə keçən tək-tük sənəd və materiallara əsaslanaraq qeydlərini sahmana salmağa başladı. Amma ilk mərhələdə görmək istədiyi  iş dağınıq qeydlərdən irəli getmədi. Sonrakı illərdə əsas vaxt və enerjisini elmi-pedaqoji fəaliyyətə sərf etdiyindən xatirələrin yazılması tədricən arxa plana sıxışdırıldı.

 

Bu istiqamətdə qəti qərarını aradan bir qərinə keçəndən sonra, 1956-cı ildə vermişdi. Həmin il ABŞ-da yerləşən “Robert Speller and sons” nəşriyyat evinin sahibi Robert Speller alimə məktub göndərib “Tarix yaradanlar” silsiləsində onun  xatirələrini çap etmək niyyətində olduğunu bildirmişdi. Professor Zəki Vəlidi Toğanın növbəti, 1957-ci ildə  müsafir professor kimi  Kolumbiya Universitetinə dəvət olunması niyyətin gerçəkləşməsinə ciddi təkan oldu. Bütün boş vaxtını ABŞ kitabxanalarında, özəlliklə də başlıca sovetoloji mərkəz kimi tanınan Hover İnstitutunda çalışması, Türkiyədə tapa bilmədiyi bir sıra kitab və dövrü nəşrləri əldə etməsi sayəsində Zəki Vəlidi öz ömür yolunun və başqırd xalqının müstəqillik mübarizəsinin təsviri üçün zəruri materialları toplaşdı. Bəzi məlumatlara görə əsərin indi əldə olmayan müxtəsər variantı (təxminən 8 m.v.) ilk dəfə ingilis dilində meydana çıxmışdı. On illik gərgin zəhmət sayəsində “Xatirələri”n Türkiyəyə gəlişinə qədərki dövrü əhatə edən birinci hissəsini 1967-ci ildə tamamlayıb ölümündən əvvəl kitab şəklində çap etdirə bildi.

 

Zəki Vəlidinin xatirələri yalnız bir şəxsin deyil, bütöv xalqın, hətta daha geniş anlamda Rusiya imperiyasında yaşayan türk-müsəlman toplumunun XIX əsrin sonu – XX əsrin əvvəllərində keçdiyi mürəkkəb tarixi yolu göz önündə canlandıran qiymətli sənəddir. Burada digər türk məmləkətləri ilə yanaşı Azərbaycanla bağlı bir sıra diqqətəlayiq məqamlar da özünə yer alıb. Memuarların həmin səhifələrində xalqımızın türk dünyası, ümumtürk mədəniyyəti tarixindəki yerindən və mövqeyindən, həm də müəllifin şəxsən tanış olduğu, ünsiyyət qurduğu ayrı-ayrı görkəmli şəxsiyyətlərimizin həyatından, fəaliyyətindən, ümumi ideallar uğrunda birgə mübarizəsindən bəhs açılır.

 

“Xatirələr”dəki Azərbaycanla bağlı məqamları xronoloji ardıcıllıqla gözdən keçirdikdə Zəki Vəlidinin gəncliyindən tutmuş həyatının sonuna qədər ölkəmizlə yaxından maraqlandığını, həyatının Türkiyə dövründə isə Azərbaycanın tarixi coğrafiyasına, toponomikasına, Cənubi Qafqazdakı ərəb fütuhatına dair bir sıra qiymətli əsərlər qələmə aldığını görməmək mümkün deyil. Bu mənada başqırd alimini tam əsasla həm də elmi azərbaycanşünaslığın indiyə qədər layiqincə öyrənilməmiş nümayəndələrindən biri adlandırmaq mümkündür. Onun Azərbaycan əsilli görkəmli türkoloq Əhməd Cəfəroğlunun (1899-1975) redaktorluğu ilə ilk sayı 1932-ci ildə çıxan “Azərbaycan Yurd Bilgisi” jurnalının redaksiya heyətinə daxil edilməsi xidmətlərinə verilən qiymət kimi dəyərləndirilə bilər.

 

Zəki Vəlidinin Azərbaycan ədəbiyyatı və ictimai fikri ilə tanışlığı 1915-ci ilə təsadüf edir. Həmin il o, Peterburqda Maksim Qorki ilə tanış olmuşdu. Qorki türk xalqlarının tarix və ədəbiyyatı sahəsində bacarıqlı mütəxəssis kimi gənc alimi ideya müəllifi olduğu “Russkiy letopisets” məcmuəsinin fəaliyyətinə cəlb etmişdi. Həmin dövrdə gələcəyin proletar yazıçısı Rusiyada yaşayan xalqları biri-birinə yaxından tanıtmaq məqsədi ilə onların tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir həyatı haqqında müxtəlif səciyyəli materialları ehtiva edən silsilə kitabların nəşri üzərində işləyirdi. Birinci Dünya müharibəsi başlayana qədər bu seriyadan ukraynalılara, finlərə, gürcü və ermənilərə dair məcmuələr  hazırlanıb çap olunmuşdu. Türk xalqlarının tarix və mədəniyyətini ehtiva edən populyar əsərin  yazılması xahişi ilə Qorki yeni tanışı Zəki Vəlidiyə üz tutmuşdu.      

 

“1916-cı ilin qışında bu işlə çox məşğul oldum, – deyə xatirələrində müəllif yazırdı.– Bunun üçün Peterburq Ümumi kitabxanasında mövcud Rusiyada basılmış müsəlman nəşriyyatını, məsələn, İsmayıl bəy Qasprinski və Azərbaycanda Həsən bəy Məlikov, Fəttah (yanlışlığa yol verilmişdir, Fətəli olmalıdır – V.Q.) Axundov və başqalarının təkmil nəşriyyatını və rusların Türküstandakı nəşriyyatını gözdən keçirdim”. Düşünmək olar ki, kitab üzərindəki iş zamanı Zəki Vəlidi sadəcə XIX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai fikri ilə ilk dəfə tanış olmaq imkanı qazanmışdı. Çünki  Nizami Gəncəvi, Xaqani, Füzuli kimi klassiklərimizin  əsərlərini daha əvvəllər, mədrəsə təhsili illərində, fars və türk dillərinin incəliklərinə yiyələnərkən mənimsəmişdi.

 

Maksim Qorkinin təşəbbüsü ilə hazırlanan kitaba gəldikdə isə inqilabi hərəkatın güclənməsi, ölkənin hərc-mərclik və anarxiya dövrünə qədəm qoyması onun çapına imkan vermədi. Zəki Vəlidi əsərin ilk variantı üzərində işi 1916-cı ilin sonunda tamamlayıb əlyazmasını nəşriyyata göndərsə də, əsərin nəşrini görə bilmədi. Sonradan əlində qalan bəzi hissələri özünün “Bu günkü Türküstan və Yaxın gələcəyi” kitabına daxil etmişdi. Azərbaycan, habelə Krım və Qazan tatarlarının ədəbiyyat və mədəniyyət tarixindən bəhs edən bölümlər isə həmişəlik itirilmiş və bu barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdı.

 

Kitab üzərindəki iş Zəki Vəlidini Cənubi Qafqaz regionunun tarixi, xüsusən də milli zəmindəki dramatik hadisələrlə yaxından maraqlanmağa vadar etmişdi. Qafqazında Azərbaycan türkləri ilə ermənilər arasında sonuncuların əsassız iddiaları nəticəsində meydana çıxan münaqişələr diqqətini daha çox çəkmişdi. Bu məsələdə Maksim Qorki vasitəsi ilə tanış olduğu rus tarixçisi və hüquqşünas, I Dövlət dumasının üzvü, professor Maksim Kovalevskinin (1851-1916) “Qanun nöqteyi-nəzərindən milliyyət məsələsi və təbəələrin hüquq bərabərliyi” kitabından bəzi maraqlı məlumatlar öyrənmişdi. Ə.Topçubaşovun da yaxın dostu olan Kovalevskiyə istinadən Zəki Vəlidi aradan illər keçəndən sonra “Xatirələr”ində aşağıdakı fikri vurğulamağa lüzum görmüşdü: “Ermənilərə Baqrat dövründəki böyük Ermənistanı əhya etmək (diriltmək) xülyası ilə azərbaycanlılarla amansız mücadiləyə girişmək və mədəni dünyanı vəlvələyə salmaq əvəzinə öz dil və dinləri əsasında milli kültürlərini inkişaf etdirməyi tövsiyə etmiş və bu yolla Qafqaz müsəlmanlarının sevgisini qazanmışdı”. Bu sitat Qafqazda erməni millətçilərin körüklədikləri qanlı münaqişəyə Zəki Vəlidinin özünün münasibətini aşkara çıxarmaq baxımından da səciyyəvi sayılmalıdır.

 

(Ardı gələn şənbə sayımızda)

 

Vilayət QULİYEV

525-ci qəzet.- 2014.- 6 dekabr.- S.14-15.