Bir ayın səfərləri
Hər yerə çatmağın, ürəyin istəyən bütün görüşlərə, məclislərə qatılmağın mümkün olmadığını bilirik. Seçim eləməlisən, ancaq bu o qədər də asan iş deyil.
Noyabr ayının 19-21-i arası bu il Türk dünyasının mədəniyyət mərkəzi seçilmiş Kazan şəhərində türk dünyası mahnı yarışması – Türkviziona yekun vurulacaqdı, Dünya Azərbaycanlıları Konqresinin Tatarıstan təmsilçiliyinin yığıncağı keçiriləcəkdi, eyni zamanda ayın 22-də İstanbulda unudulmaz dostum, Türk Dünyası Araşdırmaları Vaqfının mərhum genel başkanı professor Turan Yazqanın anım mərasimi olacaqdı.
İkisindən də dəvət almışdım, amma birini seçməliydim. Turan Yazqanla bağlı xatirələrimi, ürək sözlərimi dediyimi, bu barədə yenə yaza biləcəyimi nəzərə alıb Kazana getməyi qərarlaşdırdım. Milli Məclisdə büdcə müzakirələri sona yaxınlaşanda Tatarıstana uçdum. Yalnız təyyarədə – gündəlik işlərdən başım açılandan, yer qayğılarından müvəqqəti ayrılandan sonra dəftərçəmdəki qeydləri gözdən keçirib, son ay ərzində iştirakçısı olduğum hadisələr haqqında fikirlərimi sahmana salmağa, götür-qoy etməyə imkan tapdım. İlboyu sonralar sayını, bəzən tarixini və məzmununu da unutduğum çoxlu belə görüşlər olur, çoxunu qeyd eləməyə də vaxt tapmırıq; halbuki bunlar bizim həyatımızın səhifələridir, hər birinin bəlli bir ictimai, tarixi, milli tale anlamı da var və bunun xətrinə hər birinin bir yazı xatirəsində qorunması söz adamının borcudur.
BURSA. QARABAĞ FORUMU
Bursa görüşü oktyabrın 25-də olmuşdu. “Qarabağ məsələsi uluslararası hüquq müstəvisində” adlı bir müzakirəyə mən və həyat yoldaşım da dəvət olunmuşduq. Öncə Ankaraya, sonra maşınla Bursaya gedəcəkdik.
Oktyabrın sonu, noyabrın əvvəllərində, işim oldu-olmadı, Yardımlıya getməyi xoşlayıram; son baharın bu çağında Masallı-Yardımlı arası yol, Viləşçay vadisi, meşələr qeyri-adi bir rənglər kəhkəşanına çevrilir, sarının, qırmızının min bir çalarını görürsən, yamaclar eyni bahar yaşıllığına bürünür, göylər təmizlənir, zirvələrdən yaxınlaşan qışın nəfəsi vurur, dünyanı sözlə deyilməsi mümkün olmayan bir vida ovqatı, hüzn bürüyür. Tez-tez yolunu kəsən sürülər, yaylaqdan arana tələsən köçlər, ürəyə min illər davam etmiş bir hərəkətin, enerjinin canlı havasını qaytarır, gündəlik yaşamımızın qovhaqovu, mübahisələr, didişmələr təbiətin əbədi axarı qarşısında mənasız şeyə çevrilir, yüngülləşib, dirçəlib qayıdırsan.
Ancaq bu dəfə o yolları bir daha keçə bilməyəcəyimə üzülmədim. Çünki Bursa ətrafının ilin hər fəslində gözəl olduğunu və bu səfərdə təbiətlə ünsiyyətdən gözlədiyim enerjini artıqlamasıyla alacağımı bilirdim.
Üstəlik Ankaradan güney tərəfə gedən yol böyük Atatürkün zəfər yoludur; Türkiyənin baş kəndinə yürüyən və qarşısıalınmazlıqları haqda sərsəm xəyallara düşən yunan ordularının burnunun ovudularaq geri oturduqları yerlərdən keçir. Tarixin qüruruyla təbiətin gözəlliyi bir-birini tamamlayır.
Köhnə dostumuz, Türkiyə-Azərbaycan ilişkilərinin, qardaşlığının möhkəmlənməsi yolunda yorulmadan çalışan prof. Çətin Almas və həyat yoldaşı Ayşəgül son dərəcə ağır, lakin dahiyanə bir ağıl və qəhrəmanlıqla idarə edilmiş Qurtuluş savaşının tarixini yaxşı bilirlər və bu barədə söhbətlərimiz demək olar ki, bütün yol boyu davam edir. XX yüzilin ən parlaq və uzaqgörən şəxsiyyətlərindən biri, bəlkə də birincisi olan Atatürkün dağıdılmış, parçalanmış Osmanlı imperatorluğunun küllərindən alovlandırdığı böyük türklük idealı və çağdaş, güclü Türkiyə onu yenidən bölməyə, əzməyə çalışan Qərbin hiyləgər qurğuları və onlara ölkə içindən dəstək verənlər... Çox acı və bu gün bütün Türkiyənin rahatlığını əlindən alan mövzudur. Ölkənin bir tərəfində Atatürkün qaldırdığı bayraqlar endirilir, “Nə mutlu türküm deyənə” şüarı yasaqlanır, türk silahlı qüvvələri qislalarda əli-qolu bağlı saxlanılır, terror və bölücülük at oynadır, türk düşmənçiliyi tüğyan edir, o biri tərəfində on minlərlə türk gəncinin ölümünə fərman vermiş bir cani ilə görüşlər keçirilir. Utanıb-qızarmadan ölkənin dahi qurucusunu gözdən salmaq, türk milli kimliyini, türk dövlətçilik ənənələrini, ilkələrini unutdurmaq siyasəti aparılır. Türkiyə vətəndaşı deyilsən, ancaq türksən və bütün bunlara göz yummaq, qulaq tıxamaq, susmaq olmur! Çünki Türkiyənin taleyi bütün türk dünyasını etkiləyən bir məsələdir. Həm də Türkiyə və türklük ətrafında gedən oyunları, xəyanətləri görmək üçün Türkiyədə yaşamaq, türk olmaq vacib deyil; baş verənlər dünyanın hər tərəfindən görünür.
İlk dəfə 1987-ci ildə Moskvadan çətinliklə aldığım vizayla Türkiyəyə gələndə bu yolu keçib İzmirə getmişdim. Taxılın biçilən vaxtıydı və göz işlədikcə uzanan yaylaların son dərəcə gözəl relyefi, çox da yüksək olmayan yumru təpələrin yamaclarını, vadiləri saraldan zəmilərin doğma havası və yol boyu sıralanmış qovun tağlarının tanış ətri Türkiyədən aldığım və illər uzunu unudulmayan ilk təəssüratlardan olmuşdu.
O vaxt yazmışdım; “İyulun axırları Orta Anadolunun barlı-bəhərli çağıdır. Yolumuz qızılı təpələrin arasından keçir. Taxıl zəmiləri dalğalanır. Biçinin qızğın vaxtıdır. Xırmanlar göz doyurur. Anadolunu Azərbaycanla bağlayan təkcə qan, din, tarix qohumluğu deyil. Sanki bu təbiət də eynidir. Bu zəmilər, bu xırmanlar və onların oyatdığı ürək sızıldadan xatirələr də eləcə! Yol boyu qovun-qarpız bostanları uzanır... Torpaq yiyəsizlik sevmir. O at kimidir, tumarlandıqca, qaşovlandıqca gözəlləşir, çiçək açır, sərvəti aşıb-daşır”. (“Bu sənin xalqındır”, Bakı, 1995, səh.254). İndi həmin zəmi yerləri payızın hava kimi yüngül yaşıllığına bürünüb, ancaq qovun sərgiləri elə o vaxt olduğu kimi yol boyu bizi müşaiyət edir. Bu yaylaların ürəyi yerindən oynadan başqa bir cəhəti də min illərin izlərini dipdiri saxlamasındadır və uzaqda sıralanan dağlar, yaylaların əriş-arğac yolları, doğudan-batıya, quzeydən-güneyə axıb gedən və bu axınla dünyanı silkələyib oyadan, tarixin yeni çağını başladan orduların canlı xatirələridir. O orduları arxasınca çəkib aparan kişilərin yerə-göyə sığmayan qəhrəmanlıq ruhu bu yaylaların torpağında, daşında, havasında, suyundadır.
27 il öncə də Anadoluda təxminən eyni duyğuları yaşamışdım: “Bu yaylalar böyük türk sivilizasiyasının ilk beşiklərindən və son səngərlərindən biridir. Bu şüşə yollar, asfalt qaytanlar olmayanda el yolları, karvan yolları, köç və döyüş yolları, orduları qalibiyyətə və ya məğlubiyyətə aparan yollar o gədiklərdən bütün dünyanın ayaq altına alındığı duyulan o ucalıqlardan keçirdi... Bu dağlar... Dədə Qorqud dünyasının Qara dağlar silsiləsinin qırılmaz halqaları olan, əsr-əsr qılınc səsinə silkələnən, at yürüşünə oyanan, saz havasına uyuyan dağlar!” (“Bu sənin xalqındır”, Bakı, 1995, səh.520).
1922-ci ilin avqustunda yunan ordusunun geri püskürdüldüyü bu aşırımlar da o qəhrəmanlığın son şahidlərindən biridir.
Yunan işğalçıları gəlib bu aşırımlara dirənəndə atışma səsləri Ankarada eşidilirdi. Avropanın ən yeni silahlarıyla silahlanmış 121 min nəfərlik ordu bu yüksəklikləri aşsalar, qarşılarını kimsə kəsə bilməzdi. Türkiyədə bu yürüşə mane olacaq birisinin varlığına inanmırdılar, qələbəni qutlamağa hazırlaşırdılar. Anadolu torpaqlarında min il boyu türk ruhunun gözlənilmədən hansı möcüzələr yarada bildiyini dəfələrlə görsələr də hələ də ibrət almamışdılar və xam xəyallarından əl çəkməmişdilər. Avropanın param-parça etdiyi Türkiyənin müqavimət gücünü tükənmiş sanırdılar. Ancaq bu güc tükənməmişdi və onu dirçəltməyə qadir bir insan var idi! O Sakarya, Afyon, Karahisar meydan savaşlarında yunanın burnunu ovmağa hazırlaşırdı. Kimsəyə demədən!
Axşam ziyafət düzənləmiş, Ankaradakı səfirləri də dəvət etmişdi ki, kimsə bu Böyük Təərrüzdən duyuq düşməsin. Yeyib-içib əylənən qonaqların gözü onu axtarırkən o indi yanından ötüb keçdiyimiz qərargahından son tapşıqırlarını verir, son hazırlıqlarını görürdü. Qəzetlər Atatürkün anasıyla “çay içdiyini” yazanda o, Qaratəpədəki qərargahından sübh çağı yaylım atəşiylə hücumun başlanmasını gözləyirdi. Və sabah olanda bu təpələrdən aşan türk qasırğası yunanları əzdi və qabağına qatıb İzmirə qədər sürüyərək orda Ege dənizinə tökdü. Aşırımın üstündə Atatürkün nəhəng bir heykəli ucalır. Əlinin işarəsiylə “Durun! deyir, – burdan irəli gedə bilməzsiniz, bundan sonrası toxunulmazdır, mənim baş kəndimdir!” deyir. Maşından enib o qutsal tarixə şahidlik etmiş Atatürklə birgə qutsallaşmış təpələrə tamaşa edəndən, şəkil çəkəndən sonra yolumuza davam edirik.
Qarabağda 25 ildən artıq uzanan (Atatürk yunan işğalına bir il dözmüşdü) Ermənistan işğalını düşünürəm və yenə Atatürkün dahiyanə sözlərini xatırlayıram. O, savaşın əvvəlində yunanların yardığı cəbhə xəttinə işarəylə deyirdi: “Xətti müdafiə yoxdur, səthi müdafiə var. Bu səth bütün Vətəndir!” Biz də cəbhə xəttindəki atəşkəsin qorunmasını yox, Vətən torpaqlarının erməni işğalından qurtarmasını düşünməliyik və bundan ötrü yenə “XX yüzilin lideri”nin dediyi kimi “xalq, dövlət, ordu” adlı qutsal üçlüyün güclü olması vacibdir.
Günəşli bir gündür və onsuz da bütün yol boyu göz oxşayan təbiət Bursa ətrafında tarixin və bu günümüzün bütün acılarını unutduran qeyri-adi bir gözəlliklə adamı sehirləyir. Arada bir çay içmək adıdan düşüb bu gözəlliklərə dalmaqdan özümüzü saxlaya bilmirik. Mənzilə çatmamışıq, ancaq işimiz başlanıb. Bursanın girəcəyində yerləşən “OlayTV”yə dəvət olunmuşuq. Ora dönüb maraqlı bir proqramda çıxış edir, Qarabağ məsələsi, forum və günün əsas olaylarıyla bağlı suallara cavab veririk.
lll
Çətin Almasın ailəsi, qohumları Bursaya yerləşənə kimi ağır bir yol keçmişlər. Əsilləri Qars tərəflərdən olsa da sonra Musda yaşamış, ordan İstanbula və Bursaya köç etmişlər, bilgisayar texnikası üzrə çox gözəl mütəxəssisdir. Doktora işini Londonda müdafiə etmiş, bir müddət Qazi Universitetində çalışdığından sonra, nəhayət Milliyyətçi Hərəkat Partiyasının Mərkəzi Qərargahında taleyini siyasətlə bağlamışdır.
“Qarabağ forumu”nu Çetin bəylə Tənzilə xanımın başçılıq etdiyi Azərbaycan-Türkiyə Evi təşkil etmişdi.. Bursa Ticarət və Sənaye odasının geniş salonu gələn dinləyicilərə, qonaqlara darlıq edir. Türkiyənin dördüncü böyük şəhərinin millət vəkilləri, valilik və bələdiyyə nümayəndələri, aydınlar, Bursada oxuyan azərbaycanlı tələbələr, Bursadakı Azərbaycan dərnəyinin üzvləri, Ticarət və Sənaye odasının başkanı və yardımçıları... Bir sözlə, şəhərin əsas intellekt gücü burdadır.
Təəssüf ki, forumun axırına qədər otura bilməyəcəyəm. Saat 3-də başlanan yığıncadan mümkün qədər tez çıxmalıydım ki, axşam İspartaya çatım və sonrakı günün birinci yarısında Türkiyə siyasətinin patriarxlarından olan Süleyman Dəmirəlin “Demokrasi və Kalkinma Muzeyi”nin açılışına qatıla bilim.
Ticarət odası başkanının və yerli aydınlardan bir neçəsinin çıxışından sonra Qarabağın işğalına, Xocalı soyqırımına həsr olunmuş və Türkiyədə hazırlanmış son dərəcə təsirli film göstərildi.
Professor Çətin Almas Forumun əsas məqsədi barədə məlumat verərək yığıncaqda çıxış edəcək qonaqları – tarixçi alim Necdat bəyi, beynəlxalq hüquq üzrə mütəxəssis, Ana Yasa professoru Hasan Tuncu, Tənzilə xanımı və məni təqdim etdi, tələsdiyimi bildirərək ilk sözü də mənə verdi.
Bir saat sonra mən yığıncaqdan çıxdım. Oğlum Cəmillə Kıprısda oxumuş tələbə yoldaşı Əmir və yaxın dostlarından biri məni maşınla Spartaya aparacaqlarını bildirdilər. Üzü axşamaydı və belə uzun yolda onlara əziyyət vermək istəmir, israrla avtobusla gedəcəyimi deyirdim. Lakin gənclər əl çəkmədilər: “Bu bir fürsətdir. Yol boyu sizinlə söhbət edəcəyik. Bizi maraqlandıran suallar var”. Etiraz etməyə yer qalmamışdı.
Azərbaycan həyatını də diqqətlə izləyən, ürəkləri türklük sevgisiylə dolu olan gənclərlə söhbətimiz yolun uzunluğunu unutdurdu və 600 kilometrlik məsafəni yorğunluq hiss etmədən keçib getdik.
SÜLEYMAN DƏMİRƏL MUZEYİ
Süleyman Dəmirəl XX yüzilə damğasını basmış dövlət və siyasət adamıdır; buna görə də doğma kəndində açılan muzeyinə əsasən rəsmi adamları – köhnə və yeni dövlət başçılarını, nazirləri, millət vəkillərini, dostlarını, tanıdığı, ünsiyyətdə olduğu ziyalıları dəvət etmişdi.
Özünə məxsus bir nəzakətlə və 90 yaşa yaraşan bir ehtiramla hər kəsə öz imzasıyla və son dərəcə səmimi dəvətnamə göndərmişdi:
“Əziz kardeşim!
Sizi, Süleyman Dəmirəl Demokrasi və Kalkınma müze və Külliyəsinin, İsparta Vilayətinin, İslamköy Bölgəsində 26 Ekim 2014 tarihində gerçəkləşdiriləcək olan, rəsmi açılış mərasiminə dəvət etməkdən onur və mutluluk duyuyorum. Bu özəl gündə sizi aramızda görmə imkanına sahib olacağımı ümit ediyorum...”
Sonra bəlli olanda ki, bu məclisə Azərbaycandan Respublikamızın prezidentindən əlavə cəmi bir neçə adam dəvət olunmuşdur, Süleyman Dəmirəlin dəvət siyahısında olmağıma səbəb olmuş tanışlığımızı xatırladım.
İlk görüşümüz Ankarada bir mətbuat konfransında olmuşdu və mənim bir sualımı da cavablandırmışdı. Sonra Azərbaycan Milli Məclisinin Türkiyəylə dostluq qrupunu qəbul edərkən görüşmüşdük. Ancaq bu epizodlar kimisə yaddaşda saxlamağa yetərli deyil.
1994-cü ilin fevral ayının 8-də Süleyman Dəmirəl Türkiyəyə ilk rəsmi səfərə gedən Azərbaycan prezidenti Heydər Əliyevin şərəfinə verdiyi ziyafətdə demişdi: “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin yaxınlığını xatırlatmağa ehtiyac duymuram, bu, göz qabağındadır. Biz iki dövlət olsaq da bir millətik. Bir görün ünlü Azərbaycan şairi Sabir Rüstəmxanlı “Sağ ol, ana dilim” adlı şeirində nə deyir:
Bu dildə
sevincim, qəmim, kədərim,
Təzə ümidlərə açılan səhər.
Bu dilin
reaktiv təyyarələri
Araz sərhəddini qıran kəlmələr.
Bugünkü görüşlərimiz bu əlaqələrimizin
səmimiyyətini göstərir”.
Əlbəttə, elə yüksək bir məclisdə
Heydər Əliyevin “Türk dünyasının böyük
şəxsiyyəti” adlandırdığı Süleyman Dəmirəlin
dilindən öz şeirindən misralar eşitmək hər
bir qələm sahibini sevindirər.
Üstündən bir ay keçəndən sonra Heydər
Əliyevin başqa bir mühüm rəsmi səfəri
Çinəydi və Mətbuat və informasiya naziri, millət
vəkili kimi mən də Azərbaycan prezidentini müşayiət
edən rəsmi nümayəndələrin arasındaydım.
Təyyarə havaya qalxandan sonra Heydər Əliyev adəti
üzrə ümumi salona gəldi və tək-tək
hamıyla görüşdü. Məni görəndə
gülümsədi və özünə xas şuxluqla
“Eşitdin? Türkiyədə bizi
qarşılayarkən Süleyman Dəmirəl sənin
şeirindən misal çəkdi”. Mən “Eşitdim!
Siz o şeiri çoxdan eşitmisiniz, 1982-ci ildə, Respublika
sarayında” – dedim. Sonra mən də onun üslubuna uyğun
zarafatla əlavə etdim: “Birinin özü gedir, birinin
sözü”. Söz
xiridarıydı, anında cavabımı verdi:
“Onda getməmişdin, indi gedirsən. Çin
uzaq yerdir, Türkiyəyə çox getmisən, Çini
görməyin də yaxşı olar!” Mən
təşəkkürümü bildirdim.
Çində doğrudan da unudulmaz görüşlərimiz
oldu və H.Əliyevin təyyarədən başlanan bu
xoş ovqatı, səfərə gedən ziyalılarla
zarafatları sona qədər davam elədi.
Hətta geriyə dönüş zamanı Qazaxıstan
prezidenti Nursultan Nazarbayevin qonağı olduğumuz 7-8 nəfərlik
məclisdə də bu zarafatlar davam edirdi. Onu deyim ki, ilk
növbədə Nazarbayevin Heydər Əliyevə ağsaqqal
kimi yüksək ehtiramla yanaşması diqqətimi cəlb
etmişdi. Məclisin şirin yerində
Nazarbayev “Elçibəy hardadır?” deyə soruşanda da
Heydər Əliyev həmin zarafat ovqatıyla “bunu məndən
niyə soruşursan, onun mübarizə yoldaşlarından,
silahdaşlarından biri burda, bizim məclisimizdədir. Bizim Mətbuat və informasiya nazirimizdir. Sən bu sualı ona ver!” deyərək mənə
işarə elədi və güldü.
Növbəti ildə, yəni 1995-ci ilin dekabrında
Süleyman Dəmirəl Bakıya rəsmi səfərə gəldi. Gülüstandakı
ziyafətdə prezidentlərin nitqlərindən sonra mikrofonu
açıq buraxdılar, yəni “kimin sözü var deyə
bilər”. Bir-iki nəfərin
çıxışından sonra düşündüm ki,
Süleyman Dəmirələ minnətdarlıq üçün
bundan gözəl məqam ola bilməz və mikrofona
yaxınlaşıb prezidentləri salamlayandan, Süleyman Dəmirələ
Ankarada mənim şeirimi dediyinə görə minnətdarlıq
edəndən sonra “indi bizim bu günkü məclisdə o
şeiri bütöv oxumaq istəyirəm” deyərək
“Sağ ol, ana dilim”i oxudum.
Öz
yerimə qayıdandan həmən sonra iki nəfər
yaxınlaşdı, biri Azərbaycan prezidenti adından, biri
Süleyman Dəmirəl adından: “Səni
çağırırlar!”
Hər
iki prezident məni təbrik edəndən sonra Dəmirəl
“ver o şeiri bana!” dedi.
Şeiri əzbər oxumuşdum, amma hər ehtimala onun
yazıldığı ildəcə makinadan
çıxmış bir nüsxəsi cibimdəydi. Mexaniki şəkildə əlimi
cibimə atıb şeiri çıxartdım, sarı vərəqləri
açıb: “Amma bağışlayın, vərəqlər
əskidir, həm də kiril əlifbasıyla yazılıb” –
dedim. Sanki Heydər Əliyev elə buna bəndmiş, yenə
gülərək: “Görürsən, Süleyman, latın əlifbasına
keçidin birinci təşəbbüskarı budur (bundan xəbərdar
olduğunu bilmirdim), ancaq özü hələ də kirillə
yazır”. Mən: “Heydər müəllim, bu, köhnədənqalma
nüsxədir” desəm də, bu dəqiqləşmənin
heç bir mənası yox idi. Azərbaycan
prezidenti sözünü demək üçün belə məqamları
əldən buraxmazdı. “Mən sizə
latın qrafikasında çıxan kitabımı gətirərəm!
Orda bu şeir də var!” deyərək vəziyyətdən
çıxdım və ertəsi gün bir şeir, bir
publisistika kitabımı Süleyman Dəmirələ
çatdırdım.
lll
İsparta həm də əziz dostlarımdan birinin –
Türk Dünyası Araşdırmaları Vaqfının Genəl
Başqanı professor Turan Yazqanın vətənidir. Əydir
gölü və çevrəsini mənə sevdirən cəhətlərdən
biri də budur. Turan Yazqan da Türkiyənin
və bütün türk dünyasının əfsanəvi
şəxslərindən biri idi.
lll
İslamköyə Türkiyə Cümhuriyyəti
Dış İşləri Bakanlığının
maşınında getdik. Təkcə
Süleyman Dəmirəl muzeyinin çevrəsi deyil,
bütün kənd qonaqla, maşın və avtobuslarla
doluydu. Protokol maşını adamları
yara-yara düz açılış mərasiminin keçiriləcəyi
böyük çadırın qarşısına keçdi.
Qonaq, protokol, nazir, millət vəkili
qarışmışdı bir-birinə. Yer tapmayanlar
çöldə qoyulmuş televizorlarla izləyirdilər məcilisi.
Dəmirəllə
TBMM-in genəl başqanı Cəmil Çiçəyin
arxasında oturmuşdum, onlarla görüşmək
imkanım oldu və məclis boyu yaşı 90-ı haqlayan bu
böyük şəxsiyyətin öz gənclik illərindən
bəri bütün fəaliyyətini əks etdirən filmə,
görüntülərə baxarkən, sevdiyi türküləri
dinlərkən gözünün necə
dolub-boşaldığını müşahidə etmək
imkanım vardı. Dəmirəlin yanında
İordaniya kralı əyləşmişdi və onun
mühafizi kənardan bir stul gətirib zorla böyrümdə
özünə yer eləmişdi.
Həmin gün İslamköy öz böyük
övladının şərəfli ömür yolunu bir də
gözən keçirdi.
Tanıtım filmi göstərildikdən sonra
dünyanın çeşidli ölkələrindən gəlmiş
təbriklər haqda məlumat verildi, Azərbaycan prezidenti
İlham Əliyevin təbriki isə bütövlüklə
oxundu. Dəmirəl
Vaqfı başkanı Şevkət Dəmirəl “Yarım
yüz ilin demokrasi və uyqarlıq mücadiləsini
daşıyan Süleyman Dəmirəl muzeyinin və
külliyyəsi”nin yaranma tarixi barədə
danışdı.
Sonra ağırlaşmış addımlarla,
qorumanlarının arasında səhnəyə qalxan
Türkiyənin 9-cu cümhurbaşqanı Süleyman Dəmirəl
bu köydən başlayan və onu Türkiyə siyasi həyatının
zirvəsinə ucaldan, bütün dünyada tanıdan həyat
yolu barədə söhbət açdı. Bu söhbətin
maraqlı tərəfi yarım əsrlik siyasi həyatını
Türkiyənin bu dövrdəki yüksəlişiylə
qoşa, iç-içə incələməsi, dəyərləndirməsiydi.
Heyrətə gəlmişdim. Yaşı 90-ı haqlamış,
pillələri çətinliklə qalxan kişi, səhnədə
qoyulmuş masanın arxasına keçən kimi dirçəldi,
danışdıqca səsinin tonu, üzünün ifadəsi
dəyişildi; qarşımızda köhnə illərdən
tanıdığımız enerjili, məntiqli, qeyri-adi hafizəsi
ilə ötüb keçən hadisələri təfərrüatı
ilə dilə gətirən bir siyasətçi, bir Türkiyə
sevdalısı, dünyanın altını-üstünü
bilən müdrik ağsaqqal əyləşmişdi.
Dəfələrlə vəzifədən gedən, siyasətlə
məşğul olması yasaq edilən, sonra yenidən
xalqın seçimiylə hakimiyyətə qayıdan bu
insanın seçki uğurları Gennesin rekordlar kitabına
düşə bilər.
Bununla yanaşı, onun çıxışında əksər
böyük dövlət başçılarının
istifadə etdikləri bir üslub var idi. “Mən gəldim
və Türkiyəni hardan hara yüksəltdim.” Anlaşılan bir yanaşmadır. Ömrü qüruba yaxınlaşan insan öz xidmətlərini
bir daha xatırladırdı. Ancaq o
söyləməsə də Türkiyənin bu günkü
durumu və İslamköyü dolduran insan axını, məhşur
qonaqlar və Türkiyənin siyasət və mədəniyyət
liderləri bunu aydın göstərirdi.
Məni duyğulandıran bir cəhət də
Süleyman Dəmirəlin bu muzey üçün dağlar ətəyindəki
doğma köyünü seçməsi idi. Onun sözlərinə
görə bu muzey işləməkdən əli cadar-cadar
olan bir köylünün övladının
bacarığıyla özünə yol açaraq ölkə
üçün necə mühüm bir şəxsiyyətə
çevrilə, necə böyük işlər görə
biləcəyini göstərir.
Məktubunda
yazdığı və çıxışında təkrarladığı
kimi, muzeylə bərabər Dəmirəl kitabxanasını,
Dəmirəl arxivini qapsayan bu külliyyə Dəmirəl ailəsinin
kökdən bağlı olduğu və hələ də
yaşadığı İslamköyün hekayəsini
anlatmaqla yanaşı Türk millətinin demokratiya və
hürriyyət sahəsində əldə etdiyi göz
qamaşdırıcı gəlişmələri parlaq bir
şəkildə sərgiləyir, əks etirir. Muzey təkcə Türk milləti üçün
deyil, demokratiya, hürriyyət və mədəniyyət
uğrunda bir ömrə yayılmış uzun bir mücadilənin
bütün izlərini daşımaqdadır. Türkiyədə
bir ilk olma özəlliyinə sahib olan Dəmirəl
kütübhanəsi əlli ili aşan
dövlət və siyasət həyatı boyunca bir araya gətirilmiş
və qorunmuş şəxsi və rəsmi sənəd,
arxiv, xatirə və digər əsərləri ehtiva edir. Bunlar Süleyman Dəmirəlin muzeyə verdiyi
öz qiymətidir.
Qibtə
ediləcək bir tale yaşaması bir yana,
ziyalı diqqəti, keçib gəldiyi yolların xatirəsi
olan və ölkəsinin son əsr tarixinə işıq
salan hər şeyi qoruyub saxlamaq bacarığıda qeyd
olunmalıdır.
Yığıncaq
qurtaranda ayaq üstü MHP Genel Başqanı Devlet Bahçəliylə
görüşüb kitabxanaya, muzeyə baxandan, muzeyin Xatirə
Kitabında ürək sözlərimi yazandan sonra
yağışın gurlaşdığını
görüb İspartaya, otelə qayıtdım.
Tanış olduğum bir gənc
qardaşımızın adını burda
xatırlamağı özümə borc bilirəm. Bu,“Barida”
otelinin mühafizəçilərindən olan Hüseyn Kərimidir.
Özü mənə yaxınlaşdı, “mən
də Azərbaycan türküyəm. Təbrizliyəm”
dedi. Sonra məlum oldu ki, Hüseyn idman döyüşü
üzrə Dünya çempionudur...
BOLQAR
ŞƏHƏRİ
Bakıdakı
görüşlərimizi, dəyirmi masaları, Milli Məclisdə
büdcə müzakirələrini nəzərə almasaq
ayın üçüncü ən mühüm hadisəsi bu
il “Türk Dünyasının Mədəniyyət
Mərkəzi” missiyasını daşımış
Kazandakeçirilən Türkvizion yarışmasıydı.
Türkvizionda
iştirak etmək üçün gedənlər arasında
Azərbaycan Mədəniyyət və turizm nazirinin birinci
müavini Vaqif Əliyev, TMB TV kanalının rəhbəri
Samir Qurbanov, şairlər Əkbər Qoşalı və
Əli Hacı, Azərbaycan-Türkiyə Evinin başkan
yardımçısı Cahandar Bayoğlu da var idi.
Tatarıstan səfərimizin ən yadda qalan hadisələrindən
biri Volqaboyu bolqarların Qızıl Ordanın əfsanəvi
paytaxtı, Kazandan 180 km aralıda yerləşən Bolqar
şəhərini görməyimiz oldu. Moskvadan
Dünya Azərbaycanlıları Konqresinin sədr müavini
Abuzər Bağırov, İdarə Heyətinin üzvü Rəhman
Abbasov da gəlmişdilər. Əslən
Cəlilabaddan olan tanışlar və əvvəlki səfərlərdən
də tanıdığım bəzi dostlarımız – Sərraf,
Zaur, Şaban, Cabir hava soyuq və yağışlı olsa da
işlərini atıb böyük həvəslə bizə
qoşuldular.
Volqanın
qarşısı kəsiləndən sonra bütün Tatarıstan boyu
uzanan Kuybışev dəryaçasının
bir ucu yolumuzu kəsmişdi, onun üstündən adlayıb
keçirik. Su donduğundan hər tərəf
ağappaq buzdu. Orda-burda buzu qırıb
balıq tutan balıqçı dəstələri
qaralır.
Kəndlər, yolboyu satılan kənd təsərrüfatı
məhsulları, qarmaqlardan asılmış çöl
quşları, ördəklər, balıqlar
Tatarıstanın Rusiyada başqa əyalətlərə nisbətən
daha yaxşı yaşadığını göstərir. Günortadan
sonra bərpa işlərinin hələ də davam etdiyi qədim
Bolqar şəhərinə çatdıq. Tatarıstan Respublikasında son illərdə gedən
quruculuq işlərinin, milli dirçəlişin nəticələrindən
biri də Bolqar şəhərində arxeoloji
araşdırmalarının aparılması və şəhərin
bərpasıdır. Qədim Bolqar
geniş bir ərazini əhatə etmişdir. Girişdə
ucaldılmış Ağ məscid son illərdə tikilsə
də bolqar-tatar memarlıq ənənələrinin, Volqa boyu
zəngin islam ruhunun təcəssümüdür.
Azan vaxtı yoldaşlarımızın bəziləri
namazlarını qılırlar. Sonra Xan sarayının,
antik saray qalıqlarına bənzəyən məscidin
qalıqları arasında dolaşır, bərpa olunmuş
binalardakı tarix-diyarşünaslıq, əlyazmaları və
incəsənət muzeylərini gəzirik. O muzeylər
Bolqar şəhərinin Avrasiya boyu yayılmış
şöhrətinin möhtəşəm anıları olmaqla,
Qızıl Ordanın xoşbəxt günlərini əks
etdirir.
Eramızın 6-cı yüzilində bu yerlərdə məskən
salmış Qürbət xandan başlanan bir türk
hökmdarlığı zəncirinin nişanələrinə
həyəcansız baxmaq mümkün deyil. Ancaq buralar
6-cı yüzildən əvvəl də qədim türk
uruslarının yurdu olub. Şərq və
müsəlman dünyası ilə əlaqələri əks
etdirən xəritələr bolqar və Qızıl Orda mədəniyyəti
və intibahının göstəriciləridir.
Bu bölgədə İslamın qədim tarixi var,
922-ci ildə Bolqar şəhəri və Volqa boyu müsəlmançılığı
qəbul etmişdi.
İdil çay gəmiçiliyinin mərkəzi də
burda yerləşirdi. Şəhər Kama sahilində yüksək
təpənin üstündə yerləşir, göz
önündə çayın, sahil meşələrinin
ürəyi yerindən oynadan bir mənzərəsi
açılır.Burdan baxanda aşağıda görünən
liman nə zamansa Xəzərədək üzüb getmiş
qədim türklərin qəhrəmanlıq və faciələrlə
dolu tarixinin acı xatirəsidir.
Ətrafı doyunca gəzdikdən, bu şəhəri
salanların böyük zövqünün, memarlıq qabiliyyətini,
mühafizə strategiyasının kamilliyini duyandan sonra geri
qayıtdıq. Bolqar şəhərinin sahibləri hələ
dünyada rus xalqından xəbərsiz idirlər və nə
vaxtsa bura slavyan ayağı dəyəcəyini
ağıllarına gətirmirdilər.
Bu şəhərin, Qızıl Ordanın, Kazan
xanlığının süqutu hər şeydən öncə
türk xalqları arasında birliyin olmamasından
başlanmışdı. İbrət
almışıqmı?
Qardaş respublikaya səfərimizin uğurlu nəticələrindən
biri Dünya Azərbaycanlıları Konqresinin Tatarıstan
nümayəndələrinin konfransı oldu. Köhnə
idmançı, bacarıqlı təşkilatçı Sərraf
Kərimovu DAK-ın Tatarıstan təmsilçisi seçdik.
Həmyerlilərimizi, ziyalıları görəndə
sevindim. Kazanda 45 mindən çox azərbaycanlı
yaşayır, güclü diaspor təşkilatları avr.
“Odlar yurdu” adlı qəzet çıxır.
DAK nümayəndəliyi də onlarla əl-ələ
verib çalışmalıdır.Bu insanlarla və diaspor təşkilatları
ilə görüşəndə ölkəmizdən kənarda
olan potensialımızdan səmərəli istifadə edə
bilməməyimizə təəssüflənirsən.
TÜRKVİZİON
– TÜRK DÜNYASI MAHNI YARIŞMASI
Hər il bir şəhərin Türk Dünyası Mədəniyyət
Mərkəzi seçilməsi ideyası – TÜRKSOY tərəfindən
irəli sürülmüş və 2012-ci ildə
İstanbulda Türk Dövlətlərinin onuncu zirvə
görüşündə qəbul edilmişdir. Həmin il bu
adı Astana daşıdı, sonra estafet Türkiyəyə
– Əskişəhərə
verildi, ilk Türkvizion yarışması da burda
keçirildi; və türk mədəniyyətinin o möhtəşəm
nümayişini izləmək mənə də nəsib oldu;
buna görə növbəti Türk Dünyası Mədəniyyət
Mərkəzi olan Kazanda keçirilən ikinci Türkviziona dəvəti
böyük məmnuniyyətlə qəbul etdim.
Türksoyun
baş katibi Düsen Kaseinovun sözüylə desək: “TÜRKSOY yalnız bir mahnı
müsabiqəsi deyil. O Türk
dünyasını birləşdirir, xalqlarımızı
yaxınlaşdırır. O bizim
qardaşlığımızın rəmzidir, türk mədəniyyətinin
birliyini və çoxcəhətliliyini nümayiş etdirir. Türkvizion heyrət doğuran Türk
dünyasına bənzəri olmayan bir səyahətdir”.
Bu ili Rusiya Federasiyası Mədəniyyət ili
elan etmişdir. Kazanın belə bir ildə həm də
Türk Dünyası Mədəniyyət Mərkəzi
olması təsadüfi bir hadisə olsa da, eyni zamanda,
Rusiyanın zəngin mədəniyyət politrasının bir
çox gözəl rənglərinin məhz türklərə
məxsus olması da bir həqiqətdir və çar
Rusiyasının başladığı assimilyasiya siyasəti
türk xalqlarını nə qədər parçalasa,
onların taleyində faciəli izlər buraxsa da bu mədəniyyəti
tamamilə məhv edə bilməmişdir və SSRİ
dağılandan sonra Yeni Rusiyada gedən “milli
azlıqların” intibah prosesini də heç bir repressiv yolla
boğmaq, dayandırmaq mümkün deyildir. Bunu
mən Qazaxıstanda təməlini atdığımız
Turan şəhərində Azərbaycan-Türkiyə Evinin
Bakıda keçirdiyi Türklük şölənində
Rusiyanın ən uzaq guşələrindən gələn və
türk muxtariyyətlərini, respublikalarını təmsil
edən sənət sahiblərinin
çıxışlarında da görmüşəm.
Türk
Dünyası Mədəniyyət Mərkəzi olan Kazanda bu il ümumtürk mədəniyyətinin öyrənilməsi,
təbliği ilə bağlı bir çox görüşlər,
müzakirələr olmuş, maraqlı layihələr həyata
keçirilmişdir.
Türkvizion o tədbirlərin zirvələrindən
biridir. Yeri gəlmişkən
deyim ki, Türkvizionun təşkilində Beynəlxalq Musiqi
kanalı olan TMBTV-nin və bu telekanalın baş direktoru Samir
Qurbanovun
böyük xidməti var.
Şəxsən
mənə belə gəlir ki, Samir kimi həm Rusiyanı, həm
Türk dünyasını yaxşı tanıyan, bilən, yüksək təşkilatçılıq
qabiliyyəti olan bir adamın yardımı, təşəbbüskarlığı,
aylarla sürən səfərləri, zəhməti olmasa belə
bir yarışı bu səviyyədə keçirmək
mümkün olmazdı.
TMBTV Türk dövlətləri və xalqlarının
çağdaş mədəniyyətlərini göstərmək,
yaymaq baxımından unikal bir kanaldır və TÜRKSOYUN əsas
partnyoru və informasiya yardımçısıdır.
Türkvizion mahnı yarışması layihəsinin
keçirilmə ideyasının əsas müəllifi də
məhz bu telekanaldır.
TMBTV peyklər vasitəsilə və kabel şəbəkəsiylə
12 ölkəyə yayılır, yüz milyondan çox
tamaşaçısı var.
Samir
Qurbanovun komandası ilə birgə gördüyü işin
miqyası və dəyərini göstərmək
üçün yalnız bir faktı deyim: bu il
Türkvizion mahnı yarışının
iştirakçısı olan bütün ölkələrin
telekanallarında birbaşa translyasiya edilmişdir.
Türkvizionu
Tatarıstanın rəsmiləri ilə, nazir və nazir
müavinləri, Başqırdıstan mədəniyyət
naziri və onun müavini ilə bir yerdə izlədik, tanış olduq və əlaqələrimizin
möhkəmləndirilməsi zərurətindən
danışdıq.
Türkviziondan
sonra oteldə 1971-ci ildə hələ yeni-yeni şeir
yazmağa başlayan indi isə xalq arasında böyük
hörmət qazanmış, köhnə millət vəkili,
Tatarıstanın Xalq şairi Robert Minnulinlə uzun-uzadı
söhbət etdik. O, ətrafımızdakı azərbaycanlılara
üz tutaraq dostluğumuzun tarixindən bəhs edir: “İlk
tanışlığımız məni ayıltdı – deyir.
–Sabir mənə tatar tarixindən, tatarların
taleyindən bilmədiyimi şeylər
danışırdı”. Yerlilərimizin
Roberti Azərbaycanın dostu kimi yaxşı tanıyırlar.
Ona dərin hörmətləri var.
Kazanda yaşayan soydaşlarımız arasında jurnalistlər, yazı-pozu adamları da az deyil. Yardımlıda və ətraf bölgədə 1932-ci ilə qədər Sovet hakimiyyətinə müqavimət göstərmiş Bərcanlı Qaçaq Həsən haqqında maraqlı bir kitab yazmış, İshaq Dağlı həm də yerlilərimiz arasında bir ağsaqqal kimi tanınır.
lll
Mahnı yarışmasının bütün təfərrüatı, nə boyda bir mədəniyyət bayramı olması barədə danışmaq istəmirəm. Bunu tamaşaçılar görüblər.
Sadəcə onu demək istəyirəm ki, Əskişəhərdə yarışın qalibi azərbaycanlı Fərid Həsənov olmuşdu.
Bu il ən zəif çıxış edənlərdən biri Azərbaycan təmsilçisi oldu.
Hər şey zəif idi, mahnı, səs, geyim, səhnə tərtibatı. Türk dünyasının zəngin geyimləriylə müqayisədə biz görünmürdük və ya gənc sənətçinin səhnəyə niyə o geyim-keçimdə çıxması anlaşılan deyildi.
Amma şükür, yarışmada Azərbaycan ruhu güclüydü. Çünki keçən il də, bu il də Azərbaycan mədəniyyətini yalnız respublikamızdan gedənlər təmsil etmir. Bu il də İranı – Güney Azərbaycanın güclü Barış qrupu, Gürcüstanı 2008-ci ildə Gürcüstan, 2009-cu ildə Tiflis gözəli olmuş, türkcə olumpiadaların laureatı Aysel və bir sıra müsabiqələrin qalibi Ayla, İraqı türkmən sənətçi Əhməd Tuzlu təmsil etməklə həm də tərəddüdsüz Azərbaycan mədəniyyətinin səsiydilər.
Ancaq yarışda məni təəssüfləndirən məsələlər də vardı ki, qeyd etməyi zəruri hesab edirəm.
Məncə Gürcüstanın, İraq türkmənlarinin, İran azərbaycanlılarının həm də kifayət qədər peşəkarlıqla çıxış edən təmsilçiləri ən yüksək balları – Azərbaycandan, yəni münsiflər heyətinin Azərbaycanı təmsil edən üzvündən almalıydılar. Təəssüf ki, belə olmadı. Məsələn, Şəhriyarın “Heydərbabaya salam”ını oxuyan məhşur “Barış” qrupu Azərbaycandan cəmi 8 bal aldı. Nədən? Münsiflər heyətinin üzvü Eldar Qasımov bunu belə izah etdi: “mən siyasətə qarışmıram”. Bu adam başa düşmür ki, vətəndaşlıq, soydaşlıq təəssübkeşliyi – milli qeyrətdir, hər kəsdə olmalıdır, bunun siyasətə dəxli yoxdur. Eldarın özü də Avroviziyada məncə yalnız səsinə görə dəstəklənməmişdi. İranda ana dilində məktəbi olmayan bir xalqın nümayəndələri Türkviziona gəlib “Heydərbabaya salam” deyərək oxuyursa – Azərbaycan respublikasının nümayəndəsi təkcə bu fakta görə ona ən yüksək qiymət verməyə borcludur; bunu eləmirsə deməli ya dünyadan bixəbərdir, ya da milli şüur deyilən anlayışdan uzaqdır; hansı titullar daşımaqdan asılı olmayaraq.
Türk dünyası mahnı yarışması gələn il Türkmənistanda, Marı şəhərində keçiriləcək.
Sabir Rüstəmxanlı
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.10-11;18