Qərbi Azərbaycan əyalətində gördüklərimiz – Urmiya

 

URMİYA GÖLÜNÜ BƏRPA ETMƏK MÜMKÜN OLACAQMI?

 

(Əvvəli ötən sayımızda)

 

Urmiya şəhərinin qədim tarixini, mədəniyyətini onun muzeylərində nümayiş etdirilən eksponatlar da sübut edir. Şəhərdə baş çəkdiyimiz arxeoloji və etnoqrafik muzeylərdə Səlcuqlar, Manna, Urartu, Səfəvilər dövrünə aid nümunələr, o cümlədən insanların məişət şəraitini əks etdirən eksponatlar, xanımların vaxtilə taxdıqları bəzək əşyaları ilə tanış olduq.  Muzeylərdə həmçinin insanların həyat tərzini, məşğuliyyətini əks etdirən nümunələr də sərgilənir. Urmiya ərazisində yaşamış xalqların geyim nümunələri ilə də muzeylərdə rastlaşmaq mümkündür.

 

Növbəti ünvanımız Urmiya kitabxanasıdır. Burada 100-dən artıq daş kitabələr, əlyazmalar saxlanılır. Burada bütün kateqoriyalara aid kitablar var. Kitabxananın rəhbəri Əli Firuzun sözlərinə görə, fiziki qüsurlu insanlar, yəni, gözdən əlillər üçün də kitablar mövcuddur. Belə insanlar kitabxanaya gələ bilməyəndə onlar üçün kitablar evlərinə göndərilir və buna görə heç bir xidmət haqqı alınmır.

 

Kitabxanada Səfəvilər dövründə yazılmış daş kitabələr də saxlanılır və hazırda qədim əlyazmaların araşdırılması davam etdirilir.

 

Urmiya həm də öz aşıqları, saz-söz ustaları ilə məşhurdur. Burada aşıq sənətinə xüsusi maraq var. Hər həftə bazar ertəsi aşıqlar günortadan sonra Urmiya İncəsənət Dərnəyinə toplaşaraq izləyənlərə öz ifalarını təqdim edirlər. Bizim də aşıq məclisində iştirak etmək imkanımız oldu.

 

Aşıq sənətini himayə edən bu dərnək 4 ildir Urmiyada fəaliyyət göstərir və dərnək dövlət tərəfindən maliyyələşdirilir.  Dərnəyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Daryuş Əlizadənin sözlərinə görə, Qərbi Azərbaycan əyalətinin şimalından cənubuna kimi 130-a qədər aşıq bu dərnəyə üzvdür: “Bu dərnək İran tərəfindən maliyyələşdirilir. Qoymuruq ki, aşıq musiqi sənəti o biri musiqilərin arasında itsin. Məqsədimiz budur ki gənc nəsillər üçün aşıq musiqisini hifz edək”.

 

Dərnəkdə tək aşıq sənəti deyil, digər incəsənət nümunələri, şair, yazıçıların yaradıcılığı da qorunur.

 

Həftənin 5 günü müxtəlif mövzularda toplantılar təşkil olunur, sənət adamları fikir mübadiləsi aparır. Bir- birinin yanlışlarını, nailiyyətlərini müzakirə edirlər. Dərnək həm də sənət adamlarına kitab çap etməkdə, albom çıxarmaqda da dəstək olur.

 

Urmiyanın tanınmış aşıqlarından olan, Azərbaycana tez-tez gələn Aşıq Qurban deyir ki, əslində torpağın o baş, bu başı yoxdur: “Saz-söz bizi birləşdirir. Avşar tayfalarından bizə iki hava qalıb. Biri “Şüştər” dəsgahında zərb muğam ovşarı, biri də aşıq havası ovşarı”.

 

Urmiya aşıqları dastan deməyi də çox sevirlər.  Onlar Qarabağ şikəstəsinə də tez-tez müraciət edirlər. Aşıq Qurbanın ifasında səslənən Qarabağ şikəstəsi izləyən hər kəsi heyran etmişdi.

 

Aşıq Qurban deyir ki, dünyada hər yerdə dava-dalaş, bir cəng var: “Biz arzulayırıq ki, dünya bir gün dava-dalaşsız, cəngsiz olsun. Hamı sülh arzulasın. Bizim də sazımız bu sülhün carçısıdır. Düzdür, o tayda aşıqlar Qarabağ şikəstəsini oxumur. Amma bu tayda oxuyurlar. Çünki bu əsər aşıq yaradıcılığıdır. Bizim bu aşıqlardan hansına desəydiniz, Qarabağ şikəstəsini oxuyardı”.

 

“Araz” qəzetində

 

Urmiya şəhərində “Araz” qəzetinin redaksiya heyəti, şəhərin media nümayəndələri ilə keçirilən görüşdə isə iki ölkə KİV-ləri arasında əlaqələrin inkişafı və Azərbaycanla İran jurnalistləri arasında dostluq qrupunun yaradılması təklif olunub.

 

Media nümayəndələri dostluq qrupunun yaradılmasının ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini bildiriblər. Azərbaycandilli “Dəniz” qəzetinin redaktoru Mustafa Quluzadə Azərbaycanda çox olduğunu deyərək, ölkəmizin media nümayəndələri ilə şəxsi dostluq əlaqələri qurduğunu deyib: “Fikrimcə, münasibətlərin inkişafı üçün daha mütəşəkkil görüşlər, səfərlər təşkil edilməlidir. Mediada gedən bəzi yanlış xəbərlər bəzən münasibətlərə xələl gətirir. “Cənubi Azərbaycan” ifadəsinin işlənməsi İran tərəfini narahat edir. Gərək açıq şəkildə deyilə ki, biz Azərbaycanı Cənub və Şimal hissəyə bölmürük. Biz iki qardaş ölkəyik.

 

Birimiz Azərbaycan, digərimiz İran vətəndaşıyıq. Dilimiz, dinimiz, qanımız birdir. Gəlin, işimizi də bir edək”.

 

Görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qəzetin baş redaktoru İbrahim Ağazadə İran İslam Respublikasının Ermənistanı müstəqil dövlət kimi tanıdığını qeyd edib: “Amma Dağlıq Qarabağ məsələsində Ermənistanın təcavüzkar olduğunu düşünürük. Biz inanırıq ki, tezliklə Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaq”.

 

Daha sonra media nümayəndələri hər iki ölkənin media təcrübəsi barədə fikir mübadiləsi aparıblar.  

 

Onu da qeyd edək ki, Urmiyada 24 saat yayımlanan telekanal və radio da fəaliyyət göstərir. Radioda 4 dildə, Azərbaycan, fars, kürd və asuri dilində proqramlar yayımlanır. Telekanalda isə 3 dildə, fars, Azərbaycan, kürd dilində proqramlar efirə gedir. Burada gün ərzində Azərbaycan xalq mahnıları da səsləndirilir.

 

Urmiya gölünü diriltmək mümkün olacaqmı?

 

Urmiya gölünün hazırkı vəziyyəti ilə səfərimizin sonuncu günü tanış olduq. Bu gün Qərbi Azərbaycan əyalətini ən çox narahat edən məsələlərdən biri məhz Urmiya gölünün qurumasıdır. Urmiya ərazisinin böyük bir hissəsini əhatə edən və quruduğu təqdirdə daha çox bu bölgəyə təhlükə yaradacaq Urmiya gölündə suyun həcmi xeyli azalıb.

 

Gölün ümumi ərazisi 5000 kvadrat metrdir. Bundan 2500 kvadrat metrə qədər olan hissəsi quruyub. Gölün suyunun səviyyəsi yay aylarında daha da azalır. Qışda isə bir qədər çoxalır. Bu da qışda yağıntılar nəticəsində suyun artması, yayda isə quraqlıq səbəbi ilə baş verir. Həddindən artıq duzlu olduğu üçün göl gələcəkdə tamamilə quruyarsa, bu əhali üçün problemlər yaradacaq. Gölün yaradacağı əsas problem bundan ibarətdir ki, orada olan duzlar toz şəklində insanların nəfəs yollarına, dərilərinə və gözlərinə ziyan vuracaq. Bundan başqa gölün qurumasının heyvanat və bitki aləminə də zərəri var.

 

Gölün quruması turizmə də təsir edib. Belə ki, gölün kənarında salınmış turizm obyektlərinə əvvəllər daha çox insan üz tuturmuş. İndi isə ərazi turistlər üçün o qədər də cəlbedici deyil.

 

Qərbi Azərbaycan əyalətinin qubernatoru Qurbanəli Səadət jurnalistlərlə görüşdə bildirib ki, qarşıda duran əsas məqsəd gölün təzədən bərpa olunmasıdır. Gölün ətrafındakı suların düzgün istifadə edilməsi ilə onun bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi mümkündür. Hələ ki, göl tamamilə qurumayıb və qurumanın qarşısının alınması üçün tədbirlər görülür:

 

“Cənab Həsən Ruhani prezident olmamışdan əvvəl söz vermişdi ki, prezident olduğu halda Urmiya gölünün probleminin həllinə çalışacaq. Prezident olduqdan sonra ilk iş kimi Nazirlər Kabinetində Urmiya gölü ilə bağlı qərar qəbul olundu. O qərar bundan ibarət idi ki, Urmiya gölünün əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı bir işçi qrup yarandı. Bu sahə üzrə çalışan İran universitet müəllimləri və professorlardan ibarət olan bu qrup dünyada bu sahədə ixtisaslaşan universtietlərlə və alimlərlə vəziyyəti müzakirə etdi. Onlar İrana dəvət olunaraq fikirləri öyrənildi. Bir müddət öncə Aral gölü də qurumuşdu və gölün əvvəlki  vəziyyətinə qaytarılmasında ruslar, kanadalılar, yaponlar, amerikalılar, belçikalılar, o cümlədən Avropa ölkələri və Hindistandan olan alimlər işləmişdilər. Biz onların təcrübələri və fikirlərini öyrəndik.

 

Daha sonra 6 ay ərzində həmin tövsiyələr əsasında təkliflər paketi hazırlandı. Həmin təkliflər paketində göstərildi ki, əgər dövlət həmin işləri görərsə, göl 10 il və bir qədər daha artıq müddətə əvvəlki vəziyyətinə qaytarıla bilər. Təkliflər paketi 25 maddədən ibarətdir ki, hər bir maddə özü bir layihə olaraq bəndlərə bölünürdü. Hazırda biz həmin təkliflər paketi üzərindən bir neçə layihənin icrası üçün vəsait ayırmışıq və işlərə başlamışıq. Həmin layihəyə əasən gölün ətrafındakı kənd təsərrüfatı sistemində islahatlar aparmalıdır. Biz  ənənəvi suvarma sistemindən səmərəli və elmi suvarma sisteminə keçmək istəyirik.

 

Bundan başqa gölün ətrafında kiçik gölməçələr və su resursları var ki, çalışırıq  onları da gölə istiqamətləndirək. Bu da gölün bərpa olunmasına kömək edəcək. Bu layihələrin qaydalarını balaca gölməçələrə tətbiq etmişik və göl əvvəlki vəziyyətinə qayıdır. Bu təcrübəni Urmiya gölündə də tətbiqinə çalışırıq. Həmçinin, Araz çayı və Xəzər dənizindən Urmiya gölünə su xəttinin çəkilməsi üzərində araşdırma aparılır. Əvvəlcə müəyyən olanmalıdır ki, bu suların tərkibi necədir. Xəzər dənizinin suyunun tərkibində sulfat üstünlük təşkil edir, lakin Urmiya gölünün suyunun tərkibində xlorid-sudiom üstünlük təşkil edir.

 

Bunlar birləşərsə, daha böyük problemlər yarana bilər. Həmçinin, Xəzər beynəlxalq su hövzəsi olduğundan bu məsələ əlavə müzakirələr tələb edir. Hələlik bu araşdırılır və konkret qərar verilməyib”.

 

İndi Urmiya gölünün böyük bir hissəsi ancaq duz parçalarından ibarətdir. Uzaqdan baxanda su gördüyümüzü hesab etsək də, yaxınlaşdıqca ancaq daşlaşmış duz parçalarını gördük.  Hər halda 2000-ci ildən qurumağa başlayan Urmiya gölünün əvvəlki  vəziyyətinə qaytarmağın mümkünlüyünü isə zaman göstərəcək.

 

Sonda səfərin təşkilinə və azərbaycanlı jurnalist qrupuna Qərbi Azərbaycan əyaləti ilə yaxından tanış olmaq imkanı yaratdığı üçün İranın ölkəmizdəki səfirliyinə təşəkkür edirik.

 

Pərvanə SULTANOVA

Bakı-Urmiya

525-ci qəzet.- 2014.- 6 dekabr.- S.8.