Gender, ailə və demoqrafiya
məsələlərinin işıqlandırılması
AZƏRBAYCANDA GENDER BALANSININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ UĞURLU NƏTİCƏLƏR ƏLDƏ EDİLİB
Gender (cins) bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində
kişi və qadınların bərabərliyini nəzərdə
tutur. Azərbaycanda
gender tendensiyasının başlamasının
tarixi XIX əsrin ortalarından Azərbaycan
qadınının savadlanması,
sonra onun ictimai həyata xeyriyyəçi kimi qatılması ilə əlaqələndirilir.
1918-ci ildə Şərqdə yaradılan ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti həm də Şərqdə, islam aləmində qadına seçmək və seçilmək hüququ verən ilk respublika kimi tarixə düşüb.
Cümhuriyyət dövründə
hüquqi təməli
qoyulmuş gender bərabərliyi
prinsipi Sovet dövrü ərzində
həm hüquqi, həm də real baxımdan əksər hallarda həyata keçirilib. Qadının kişilərlə bərabər azadlığı,
hüququ, imkanı, qadın təhsili problemi həlini tapıb. Amma o dövrün ideologiyası
istər-istəməz qadınların
tam olaraq potensialının
üzə çıxmasına
müəyyən qədər
mane olub. Azərbaycan müstəqilliyini
yenidən bərpa etdikdən, xüsusilə
də 1994-cü ildən
başlayaraq ölkədə
sabitliyin bərqərar
olması qadınların
da ictimai-siyasi həyatda fəaliyyətinin
artmasına yol açıb. Bununla bağlı
ölkədə dövlət
səviyyəsində bir
sıra qanun və qərarlar qəbul edilib. Azərbaycanın konstitusiyası da
kişilərə və
qadınlara eyni hüquqları verib.
Həmçinin Azərbaycan
gender bərabərliyinin təmini
üçün mühüm
beynəlxalq konvensiyalara
qoşulub.
Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün
növ formalarının
ləğv edilməsi
haqqında” Konvensiyanı
ratifikasiya edib. 1979-cu ildə
qəbul edilən, iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən fərqi
ondadır ki, burada sadəcə cinsə görə fərqli yanaşmanın yox, qadınlara qarşı ayrı-seçkiliyin
bütün formalarının
ləğvi nəzərdə
tutulub. Başqa sözlə, gender neytrallığı tələbinin
əvəzinə, konvensiya
qadınların bərabərsizliyinin
saxlanılmasına xidmət
edən hər hansı fəaliyyətə
qadağa qoyub.
2001-ci ildə Azərbaycan
ona aid Fakültətiv
Protokolu ratifikasiya edib. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev təşəbbüsü ilə
Qadın Problemləri
üzrə Dövlət
Komitəsinin – indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması, “Azərbaycanda
qadınların rolunun
artırılmasına dair
tədbirlər haqqında”
sərəncamlar imzalayıb.
2000-ci ildə isə ulu öndər
“Dövlət qadın
siyasətinin həyata
keçirilməsi haqqında”
fərman verib. Fərman bütün dövlət strukturlarında qadınların
təmsil olunma faizinin yüksəldilməsini
nəzərdə tutub.
Nazirlik və idarələrdə gender siyasətinə
məsul koordinatorlar-fokal
mərkəzlər fəaliyyət
göstərib. Eyni zamanda 16 rayonun icra hakimiyyəti orqanlarının tərkibində
gender problemləri üzrə
şöbələr yaradılıb.
2006-cı ölkədə “Gender bərabərliyinin təminatları
haqqında” qanun qəbul edilib. Bu qanun Azərbaycanda
cinsi mənsubiyyətə görə hər cür
ayrı-seçkiliyi qadağan edib və ölkənin
hüquq təcrübəsində ilk dəfə olaraq bu
qanunda ayrı-seçkilik anlayışı tətbiq olunub.
Qanunda qeyd olunub ki, cinsi mənsubiyyətə
görə, ayrı-seçkilik, seksual qısnamalar, cinsi mənsubiyyətə
görə fərq qoyma, hansısı istisnalar və ya
üstünlük verilməsi, cinsi mənsubiyyətə
görə haqların sıxışdırılması və
inkar edilməsidir. (Maddə 2.0.4) İnzibati
Xətalar Məcəlləsinin 60.1 maddəsində isə
seksual qısnamaya məruz qalmış və öz idarə rəhbərindən
şikayət etmiş işçiyə təzyiq göstərilməsini
qadağan edən düzəlişlər edilib. Ədliyyə Nazirliyi bununla mübarizənin mütləq
olması haqqında hakimlər, hüquq mühafizə
orqanlarının əməkdaşları, vəkillər
üçün hazırlıq kursu təşkil edib.
Hazırda Azərbaycanda qadınlar dövlət və
özünüidaretmə orqanlarında, özəl sektorda
yüksək postlarda təmsil olunurlar. Parlamentin vitse-spikeri və
komitə sədrlərindən biri, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının, Ailə,
Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
rəhbəri qadındır. Onların
sırasına nazir müavinləri, MSK üzvləri, DSK sədrləri
olan qadınları da aid etmək olar. Bununla
yanaşı, dövlətin güc strukturlarında
çalışan, yüksək rütbəli rəhbər vəzifə
sahibi olan ümumilikdə yüzlərlə qadın var.
Müxtəlif qurumlarda təmsil olunan, rəhbər vəzifələrdə
çalışan qadın mütəxəssislərin Azərbaycanda
gender balansının tarazlığı ilə bağlı
fikirləri, demək olar ki, birmənalı şəkildə
müsbətdir.
Avropa
Şurası Parlament Assambleyası (AŞPA) alt komitəsinin sədri,
Milli Məclisin deputatı Sahibə Qafarova hesab edir ki, Azərbaycanda
gender siyasəti, qadınların hüquqlarının
qorunması istiqamətində xeyli işlər
görülüb: “Azərbaycan 1918-ci ildə Şərqdə
qadınlara ilk seçib-seçilmək hüquqları verilən
ölkədir.
Respublikamızda
məqsədyönlü gender siyasəti aparılır və
bu mühüm sahə dövlətin daim diqqət mərkəzindədir.
Bununla əlaqədar xüsusi Dövlət Proqramı qəbul
olunub, bu gün Azərbaycanda qadın hüquqlarının təmin
olunmasına, onların cəmiyyətdə və dövlət
idarəçiliyində rolunun artmasına yönəlmiş
siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir”.
Millət
vəkilinin fikrincə, hazırda ölkəmizdə
qadınların hüquqlarının ən yüksək səviyyədə
qorunması, onların cəmiyyətin həyatında fəal
rol oynaması üçün yetərincə siyasi iradə və
mükəmməl hüquqi baza mövcuddur:
“Azərbaycan Respublikasında milli qanunvericilik
qadınların hüquq bərabərliyini təmin edərək,
hər cür ayrı-seçkiliyin qarşısını
almağa imkan verir, bu istiqamətdə atılan addımlar
qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə
yönəlib.
Azərbaycan bu gün gender bərabərliyi üzrə bir
sıra beynəlxalq sənədlərə qoşulub, beynəlxalq
təşkilatlarla uğurla əməkdaşlıq edir”.
Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin üzvü,
qurumun qadın və kişi bərabərliyi
komitəsinin üzvü, siyasi elmlər üzrə fəlsəfə
doktoru Qənirə Paşayeva cəmiyyətin bugünkü həyatında
qadınların əvəzsiz rolu olduğu qənaətindədir.
Q.Paşayevanın fikrincə, hazırda Azərbaycan
qadınının ictimai həyatın hər bir sahəsində
fəallıq göstərir, ancaq bununla
yanaşı, qadınların cəmiyyətin və dövlətin
bütün sahələrində rolunun daha da artmasına və
genişlənməsinə böyük ehtiyac var: “Xüsusilə
bölgələrdə gender bərabərliyi istiqamətində
maarifləndirmə, təbliğat-təşviqat işlərinin
daha da genişləndirilməsi vacibdir. Qadınlar
həyatın bütün sahələrində kişilərlə
bərabərliyinin təmin olunduğu ölkələrdə
bu sahədə ciddi işlər görülür, orada daha
çox uğurlar əldə edilir. Qadınlara
qarşı ayrı-seçkiliyin olduğu, onlara qarşı
zorakılığın geniş yayıldığı,
gender bərabərliyinin təmin olunması istiqamətində
fəal iş aparılmayan ölkələr və cəmiyyətlər
isə uğursuzluğa düçardır. Sevindirici
haldır ki, Azərbaycanda bu istiqamətdə konkret və məqsədyönlü
dövlət siyasəti həyata keçirilir. Gender bərabərliyi, qadınların dövlətin
və cəmiyyətin idarə olunmasında rolunun
artırılması, onlara qarşı hər cür
zorakılıq hallarına qarşı kəskin mübarizənin
aparılması dövlətin prioritetləri
sırasındadır.
Qadınlara qarşı zorakılıq isə Azərbaycan
üçün çox həssas və ağrılı bir
mövzudur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində 20 faiz
torpaqlarımız işğal olunub və bir milyondan artıq
azərbaycanlı doğma yurdlarından zorla
çıxarılıb. Yüz minlərlə
azərbaycanlı məcburi köçkün qadın 20 ildən
artıqdır ki, öz evinə dönə bilmir, onların
insan haqları Ermənistan tərəfindən pozulmaqda davam
edir. Çox təəssüf ki, beynəlxalq
aləm bu reallığa əhəmiyyət vermir”.
Milli Məclisin
Sosial siyasət komitəsinin üzvi, millət vəkili Elmira
Axundova da Azərbaycan qadınlarının
hüquqlarının qorunmasına dair müvafiq qanunvericilik
bazasının yaradıldığını və tam həcmdə
fəaliyyət göstərdiyini hesab edir, lakin bununla
bağlı bəzi rayon və kənd yerlərində
qadınların hüquqi maarifləndirməsi sahəsində
xeyli işlərin görülməsinə ehtiyac
duyulduğunu da önə çəkib: Nəzəriyyədə
bizdə bu istiqamətdə hər şey yüksək səviyyədə
ola bilər, amma düşünürəm ki, təcrübədə
maarifləndirmə işlərinə böyük ehtiyac var. Mən
bu istiqamətdə KİV-lərin və QHT-lərin öz fəaliyyətlərini
artırmalarını istərdim”.
Milli Məclis
sədrinin müavini Bahar Muradova isə Azərbaycanda dövlət
quruculuğu, ictimai fəaliyyət sahəsində qadınlar
və kişilərin bərabər hüquqa malik olduğunu,
bərabər imkanlar əldə etdiyini düşünür:
“Azərbaycanda qadınların dövlət quruculuğu
və ictimai fəaliyyətdə təmsilçiliyi bilavasitə
onların istəyi ilə bağlıdır. Hazırda gender bərabərliyi
dünyada ən aktual məsələlərdən biridir. Dünyanın bir parçası olan Azərbaycanda
qanunvericilik çərçivəsində qadın və
kişilər arasında rəqabət üçün
hüquqi baza təmin olunub. Azərbaycanın Ailə,
Əmək, Cinayət məcəllələrində
qadınlara münasibət öz əksini tapıb. Ötən
23 il müddətində Azərbaycanda
gender bərabərliyi sahəsində uğurlar
qazanılıb. Hazırda cəmiyyətdə
iştirak və dövlət quruculuğu təmsilçiliyində
qadınlarla kişilər arasında fərq yoxdur. Azərbaycanda
gender bərabərliyi haqqında qanun qəbul edilib. Ölkəmiz uşaq hüquqları ilə
bağlı beynəlxalq konvensiyalara qoşulub. İndi Azərbaycanda əsas məsələlərdən
biri bəzən məişətdə qadınlara layiq olmayan
münasibətdir. Bu münasibəti aradan
qaldırmaq məqsədilə də məişət
zorakılığı haqqında qanun qəbul edilib”.
Yuxarıda
deyilən fikirlər, ölkəmizdə bu sahədə
dövlət səviyyəsində həyata keçirilən
işlər, maarifləndirmə tədbirləri Azərbaycanda
gender balansının qorunması ilə bağlı gələcəkdə
daha uğurlu nəticələrin əldə
olunacağını vəd edir.
İsgəndər
HƏSƏNOV
525-ci qəzet.-
2014.- 6 dekabr.- S.9.