Taziyanələr

 

 

 

Epidemiya

 

Bəxtim mənə üz vermədi, tutsam da ipindən,

Şahlıq quşu da dad eləyir quş qripindən.

    

Şərq təqvimi

 

İlin axır gecəsi, həftənin cüt günüdür,

Yeni il donquz ili, yeni gün it günüdür.

    

Bursaspor” – “Valensiya” – 0:4

 

Cumacaq şövq ilə top qovmaq üçün “Bursa” əgər,

Lovğanın heç pis olmaz qulağın bursa əgər.

Qol yeməkdəndaha doydumdesə, çox yaxşı olar,

Yaman olmaz, arabir “Bursa” da qol vursa əgər.

    

Top model – 2010

 

Gözəllik ondur,

Doqquzu silikondur.

    

Rəssam xanımın “Abort” adlı əsərinə rəy

 

Əsərin adını mən qoyum, əfv et,

“Abort” əvəzinəAvtoportret”.

 

Teatrşünas”a

 

Yerin tövlədədir desəm, can-ciyər,

Şəksiz ki, danalar məndən inciyər.

 

lll

 

Hər sabah qənşərimə bir sürü naqqal gəlir,

Gah topal, gah təpəgöz, gah topasaqqal gəlir.

    

Üləmanın güzəri hər dəfə baqqala düşür,

Elmü ürfan evinə şəst ilə baqqal gəlir.

    

Yolunu düz gedənə it hürəcəkmiş, əcəb,

Mənim əhvalıma bax, hürməyə çaqqal gəlir...

 

lll

 

Yenə cahilü nadan mənə meydan oxuyur,

Mərifət əhli susur, cahilü nadan oxuyur.

    

Bərəkallah, açıb ağzın da, yumub gözlərini,

Aparıb baş-qulağım, çünki obaşdan oxuyur.

    

Meyli meyxanəyədir, çıxsa da məscid yoluna,

Şəngülüm yerbəyer olmur, görüm hardan oxuyur.

    

Duymayan varsa, deyin, böylədir əsrin mərəzi

Mərifət əhli susur, cahilü nadan oxuyur.

 

lll

 

Sən demirdinmi müxənnət bura gəlməz, gəlir a!

Tas qurub, fal oxuyub, sirrimi bilməz, bilir a!

    

Mənə qəsd eyləmiş olsa, onu ağlar qoyaram,

Cahilin, bir deyirdin, üzü gülməz, gülür a!

    

– O girən kol deyil elm aləmi, bizdən xəbər al,

Siz tərəflərdə dəxi qalmadı kol-kos, girir a!

    

Yatasan fil qulağında, alasan zövqü səfa,

Amma fil, ey dili qafil, oyanıb yüksəlir a!

 

lll

Əslin hardandı, sorursan yenə, ey əhli-qələm,

Yüzdəyüz bakuviyəm, leyk bakinets deyiləm!

 

 

Yusif GÜNAYDIN

525-ci qəzet.- 2014.- 6 dekabr.- S.17.