"Çiyələk qadın"ın
təqdimatında
Səhər saat beşdir. Avtobusun arxa
oturacağında mürgü
döyə-döyə yol
gəlirəm. Bir gün
əvvəl sənəd
məsələsi ilə
bağlı rayona getmişdim, indi isə özümü şəhərə çatdırmalıyam.
Günorta saat 2-də Azərbaycan
Yazıçılar Birliyində
(AYB) Rəşad Məcidin
kitab təqdimatı var.
Müəllifdən imzalı
kitab istəmişəm.
Saat 10-un
yarısı işə
çatıram, həmişəki
kimi qəzetləri götürüb yuxarı
qalxıram, kompüteri
açıb işə
başlayıram. İş yoldaşlarım
da bir-bir gəlməyə başlayırlar.
Bu arada öyrənirəm
ki, iqtisadiyyat müxbirimiz Samirə də təqdimata gedəcək. Heç sevmədiyim
təkbaşına yolçuluqdan
canım qurtardı.
Saat 2-nin
yarısında altdan geyinib üstdən qıfıllanıb, üstdən
geyinib altdan qıfıllanıb yola düşürük. Metroda həmişəki
kimi, iynə atsan, yerə düşməz. Amma tələsmək
lazımdı, gecikirik.
Təhsil müxbirimiz
Vəfa "Sahil"də
bizi gözləyir, yolda Samirəyə zəng gəlir: xüsusi müxbirimiz Sevinc və fotoqrafımız Firəngiz
artıq Yazıçılar
Birliyindədirlər.
Bu da "Sahil". Vəfayla görüşüb
qaçmağa başlayırıq,
təqdimat artıq başlayıb. Yazıçılar Birliyinin köhnə binasına çatırıq.
Qapını özümə sarı
dartıram, ağır
qapı cırıltıyla
açılır. Girişdə Rəşad müəllimin
sürücüsü Zahir
dayıyla rastlaşırıq,
başı söhbətə
yaman qarışıb,
heç salamımızı
da eşitmir. Metrodan Birliyin binasına qədər hamını geridə qoymağa çalışan Vəfa
pilləkənlərə çatanda
yarışmaq fikrindən
vaz keçib, hamıdan arxada pilləkənləri sayır.
Nəhayət, üçüncü mərtəbədə
yerləşən “Natəvan”
klubuna çatırıq. Çoxdan buranı
belə qələbəlik
görməmişəm. Tanışlarla salamlaşıb içəri
giririk. Firəngizlə Sevinc artıq
yerlərini tutublar.
Və əlbəttə, hamının
gözü Rəşad
Məciddədir. Bir ucdan
kitab imzalamaqla məşğuldur. Firəngizin təbirincə
desək, hamıdan xoşbəxt görünür.
Gənc ədiblərin, oxucuların
əlindən qurtulmağa
imkan tapan kimi hanısısa telekanalın müxbiri Rəşad müəllimi
yanlayıb müsahibə
götürmək üçün
zaldan çıxarır.
Tənqidçi Əsəd Cahangir tədbiri ələ alıb ədəbiyyatdan,
şeirdən, gənc
yazarlardan danışır. Müstəqilliyin ilk illərindəki Azərbaycan
ədəbi mühiti
ilə indiki ədəbi mühitin qarşılıqlı müqayisəsini
aparır, Rəşad
Məcidin Azərbaycan
ədəbiyyatındakı yerindən, ədəbiyyat
üçün gördüyü
işlərdən söz
açır. Sözünü
bitirdiyi məqamda qapıda yenə Rəşad Məcid görünür:
- Neynirsiz, nə çox adam
var burda, adamın gözü qaralır. Hamınız mənə görə gəlmisiz?...
Zalda gülüşmə
qopur. Günün qəhrəmanının gəlişiylə gənclərdə
bir canlanma yaranır.
Bu arada, "Çiyələk
qadın"ı vərəqləyirəm. "Yaxşı"
adlı şeir diqqətimi çəkir:
Günlərdən bir adi gün idi,
sonra tarixə çevrildi.
Yaxşımı? Yaxşı!
Üstü torpaqlanmış köhnə
duyğular
yenidən dirildi.
Yaxşımı? Yaxşı!..
"Yaxşı" kəlməsi Rəşad
müəllimin ən
sevimli sözüdü. Bu sözü
elə intonasiya ilə deyir ki, adam
bilmir, ciddimi danışır, zarafatmı
edir... İroniya, sarkazm, gülüş, ciddiyyətlə qaplanmış
bir kəlmə...
Bariton səs diqqətimi dağıdır. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza indicə oxuduğum şeiri deyir. Şeir bitəndə Rəşad
müəllim replika atır:
- Xəyal, çox sağ ol, amma
əzbər desəydin,
daha yaxşı olardı.
Gülüşürük.
AYBkitab layihəsinin
rəhbəri olan Xəyal Rza layihənin özəllikləri
barədə danışdı. Bildirdi ki,
layihə çərçivəsində
Azərbaycanın tanınmış
yazıçı və
şairlərinin kitabları
çap olunacaq.
Bütün ölkə ərazisində
kitabları əldə
etmək mümkün
olacaq. Həmçinin, bölgələrdə müəlliflərin imza günü təşkil ediləcək. Sonda Xəyal Rza onu da nəzərə
çatdırdı ki,
dekabrın 20-si saat
1-də "Kitabevim.az" kitab evində Rəşad Məcidin, Sahilə İbrahimovanın və Səidə Haqverdiyevanın
imza günü olacaq.
Daha sonra söz "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsə verildi. Rəşad
müəllim yenə
zarafatından qalmır:
- Kitabın qiyməti 4 manatdır, onun da
75 qəpiyi Qulu Ağsəsə düşür.
Əvvəldə "Selfie" adlı
bir yazısı var. Hamı gülür.
Qulu Ağsəs
sözlərinə elə
"Selfie"ylə başlayır. Rəşad
müəllimin bir gününü təsvir
etməyə çalışan
Ağsəs zarafata zarafatla da cavab
verir:
- Rəşad müəllim
sözü mənə
verib. Yenə özü danışır,
75 qəpikdən 25-i getdi...
Gülüşmə qopur.
Qulu Ağsəs
Rəşad Məcidlə
ilk tanışlıqlarından, müstəqilliyin ilk dövrlərindəki
ədəbi mühitdən,
ilk dəfə çap
olunmasından şövqlə
danışır.
Yenidən söz alan Rəşad Məcid şeiri, şeir yazmağı təbiət hadisəsi adlandırır: "Qulu Ağsəsin mənim bir günümü təsvir etməklə bu qədər işin arasında şeir yazmağa da vaxt tapmağıma
işarə vurmaq istəyir. Həmişə düşünmüşəm
ki, şeir yazmaq təbiət hadisəsidir. Düzdür, gənclik illərimdə olub ki, özümü
şeir yazmağa məcbur etmişəm.
Amma vaxt keçdikcə insan görür, hiss edir ki, sənin
diqtə etdiyin yox, daxildən sənə diqtə edilən şeirlər qalır. Nəsr yazmaqsa tamam
başqadır. Orxan Pamuk
deyir ki, roman yazmaq iynəylə quyu qazmaq kimidir.
Həqiqətən də nəsr
yazmaq, yazıçılıq
daha ağır və zəhmət tələb edən işdir. Günün 8-10 saatını sən davamlı olaraq yazmalısan. Amma şeir ani hisslərin
şəklidir. Bu kitabdakı
siqaretə yazılan
ilk şeir də belələrindəndir:
Ən uzun öpüşlərim
sənnəndir!
Dırnaqlarım dayanmır, sığallayır
Tellərinin ucunu...
Sənə görə yeriyir,
sənə görə gəzirəm!.."
Tədbirdə gənc yazar Arzu Hüseyn, əvvəlki Gənc Ədiblər Məktəbinin (GƏM) iştirakçısı Anar Amin, şairə və "525-ci qəzet"in əməkdaşı Sevinc Mürvətqızı öz ürək sözlərini, rəğbətlərini ifadə edirlər. Şair Oqtay Rza elə tədbirdəcə yazdığı şeiri oxuyur.
Gəncliyini xatırlayan Rəşad Məcid ailəsinin şeirə, ədəbiyyata bağlılığına qarşı olmasını dilə gətirir: "Ədəbi taleyimi 17 yaşımda Hüseyn Arif müəyyənləşdirib. O vaxt onun yanına getmişdim ki, şeirlərimi dinləyib fikrini desin. Oxuduqca görürdüm ki, heç məni dinləmir. Hiss elədim, əvvəlcədən tapşırıblar, şeirləri zəifdisə, de ki, şeir yazmaq lazım deyil. Bir şeirimi də oxumağa başladım. Saxladı, bir də oxutdu. Sonra bir şeir də oxudum. Sonacan dinlədi və dedi ki, nə riyaziyyat, nə iqtisadiyyat?! Sən yazmalısan. Bununla da mənim taleyim müəyyənləşdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmağa başladım. Sonra məlum hadisələr, işğal baş verdi. Ən sevdiyim şəhər olan Şuşa işğal olunanda düşünürdüm ki, ümumiyyətlə, yaşamağın mənası yoxdur. Folknerin bir fikri var: "Şeir yazmaq üçün ən münasib dövr 27 yaşa qədər olan dövrdür". Mən bu hadisələri yaşayandan sonra yazdım ki, mənim 27 yaşım 24 yaşımda, məlum hadisələr başlayanda bitdi". Düşünmürdüm ki, daha şeir yazaram. "525-ci qəzet"i təsis etdik, ədəbiyyatdan bir qədər uzaqlaşdım, daha çox jurnalistikaya diqqət ayırdım. Amma vaxt keçdikcə yenə yazmağa başladım və beləcə bu şeirlər yarandı. Yadımdadır, 1979-cu ildə 9-cu sinifdə oxuyurdum, həmişə gəlib qarşı tərəfdə dayanardım, bu binaya gəlib-gedənlərə tamaşa edərdim. İçəri girməyə cəsarət etmirdim. 15 yaşım olanda "Ulduz" jurnalına, Vaqif Cəbrayılzadəyə şeir gətirmişdim. Şeirlərimi oxuyub üstünə yazmışdı ki, Mayakovskini, Nazim Hikməti, Məmməd Arazı oxumalı, rus dilini öyrənməli...
O vaxtlar çap olunmaq böyük hadisə idi, "Ulduz" jurnalı 60 min, "Azərbaycan" jurnalı 90 min, "Azərbaycan gəncləri" qəzeti 350 min tirajla çap olunurdu. Yazısı, şeiri çap olunan gənclər ölkə miqyasında tanınırdı. İlk şeirlərim 1985-ci ildə "Ulduz"da çap olunmuşdu. Amma indi saytlar, dərgilər hədsiz çoxdur, xaotik bir vəziyyət yaranıb. Yaxşını pisdən ayırmaq olmur. Bu mənada Yazıçılar Birliyi və digər ədəbi qurumlar çalışıb əsl dəyəri qorumalıdırlar. Kim öz zəhmətiylə, istedadıyla əzmlə çalışır, məqsədinə can atır, əvvəl-axır öz layiq olduğu yeri tutur. Gənclərə sözüm odur ki, heç vaxt qoyduqları məqsəddən yayınmasınlar, addım-addım istəklərinə doğru getsinlər. Azərbaycan kiçik ölkədir. Heç bir istedadlı cümlə, fikir diqqətdən kənarda qalmır".
... Kitabda başqa hansı şeirlərin olduğunu bilməyə səbrsizlənirəm. Yenə bir tərəfdən yaxşıdı ki, gənc ədiblər passivdi... Kitaba hücum çəkirəm:
Bilmirəm iblissən, ya mələk, Qadın,
Ətri, gözəlliyi çiyələk Qadın.
Bir də gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama,
nə bu dünyaya.
Bir də özümə gəlirəm ki, tədbir artıq yekunlaşıb. Sonda neçə vaxtdan bəri gözlədiyimə çatıram. Əsəd Cahangir indiki ədəbi gəncliyi asıb-kəsəndə aldığım kitabı imzaladır, son qeydlərimi də götürüb, redaksiyaya qayıdıram.
Cavid QƏDİR
525-ci qəzet.-
2014.- 9 dekabr.- S.8.