Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı

 

 

Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi daxil olmaqla Alagöz dağ silsiləsi Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Tarixən Azərbaycan şimalda Dağıstan, qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan, şərqdə Xəzər dənizi,cənubda isə İran ilə həmsərhəd olub. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb". Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji yazılı qaynaqlar əsasında yazılır.

 

Arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan verib. Tarixi qaynaqlar ekspedisiyalar zamanı toplanan etnoqrafik materiallar əsasında adət-ənənələr, maddi-mənəvi mədəniyyət, keçmiş idarə formaları, ailə münasibətləri s. öyrənilir. Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunub. Bunun nəticəsində respublikamızın ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaradıb. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji paleontoloji materiallar tapılıb. Qədim Azərbaycanın öz qaynaqları olmadığından (yaxud bizə gəlib çatmadığından) onun tarixi barədə az-çox məlumatlar mixi yazılarda əks olunub. Nisbətən sonrakı qədim dövr barədə isə antik mənbələr məlumat saxlayıb. Azərbaycanın ərazisi qədim tayfaları barədə ilk nisbətən geniş məlumat qədim yunan tarixçisi Heredotun "Tarix" əsərində məlumat verilib.

 

Azərbaycan hadisələri, xüsusilə hun türk tayfalarının Ön Qafqaza axını barədə, onların qədim etnik adları barədə Bizans qaynaqları müxtəlif məlumatlar saxlayıblar. Qədim Alban dilində yazılan Musa Kalankatlunun "Alban tarixi" erkən orta əsrdə Azərbaycanda iqtisadi, siyasi dini hadisələri şərh edib. Ərəb müəllifləri VII əsrdən etibarən Azərbaycana xüsusi diqqət yetirib, o dövrün siyasi, mədəni həyatına aid məlumatlar veriblər. Araz çayı ilə Azərbaycanın tarixi torpaqları iki hissəyə bölünüb. Azərbaycan coğrafi addır. Bu adın tarixən tələffüzü cürbəcür olub. Qaynaqlarda bu ad qədimdən başlayaraq Andirpatian, Atropatena, Adirbican, Azirbican nəhayət, Azərbaycan şəklində işlənib. Əvəzsiz tarixi qaynaq hesab edilən "Cəmi ət-Təvarix"in müəllifi Rəşidəddin 14-cü əsrdə, Məhəmməd Hüseyn ibn Xələfi Təbrizi isə 18-ci əsrdə yanlış ənənələri qıraraq Azərbaycan sözünün mənasını sözün özündə, öz ana dilimizdə aramağa başlayır.

 

Onların fikrincə Azərbaycan sözü iki komponentdən - "adr"- qədim türkcədə uca, yüksək mənasında "baycan" - əyan, zadəgan mənasında - ibarətdir. Beləliklə həm Təbrizinin, həm Rəşidəddinin gəldiyi ümumi nəticəyə görə Azərbaycan sözünün mənası - "Əyanların yüksək, uca yeri"dir.

 

Tariximizin öyrənilməsində arxeoloqların, alimlərin fəaliyyəti qədər, müxtəlif dövrləri əks etdirən eksponatların da rolu var. Ölkəmizdə tariximizlə bağlı materialların toplanması, saxlanması, araşdırılması təbliği ilə məşğul olan Milli Azərbaycan Tarix Muzeyinin fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiqdir.

 

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru görkəmli tarixçi, akademik Nailə xanım Vəlixanlıdır. Nailə Vəlixanlı 1940-cı il 25 dekabr Bakı şəhərində dünyaya gəlib. Nailə xanım 1948-ci ildə Bakıdakı 132 saylı məktəbdə təhsil almağa başlayıb, 1958-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olub.1963-cü ildə fərqlənmə diplomu ilə Universiteti  bitirdikdən sonra təyinatla EA Şərqşünaslıq İnstitunun ərəb şöbəsinə baş laborant vəzifəsinə göndərilib.1964-cü ilin fevralından 1967-ci ilin iyununadək həmin İnstitutun əyani aspiranturasında təhsilini davam etdirib. Akademik Ziya Bünyadovun elmi rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyasını başa çatdırıb. 1968-ci ildə həmin işi müdafiə edib.1967-1992-ci illərdə Şərqşünaslıq İnstitunun orta əsrlər tarixi şöbəsində kiçik elmi işçidən aparıcı elmi işçiyədək vəzifələrində çalışıb. 1992-ci ildə ştat vahidimlə çoxcildlik Azərbaycan tarixinin II cildi üzərində apardığı işlə əlaqədar EA Tarix İnstitunun orta əsrlər tarixi şöbəsinə keçib. 1996-cı ildən həmin İnstitutda 0,5 ştatla fəaliyyətini davam etdirib. 1996-1997-ci illərdə Azərbaycan Universitetində professor vəzifəsində işləyib.

 

1998-ci ilin iyul ayından  MEA Azərbaycan Tarixi Muzeyinin direktorudur. 1994-cü ildə "Ərəb Xilafəti Azərbaycan (İbn Xordadbeh ərəb coğrafi ədəbiyyatının digər nümayəndələrinin əsərləri üzrə)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Bu illər ərzində Xilafətin, o cümlədən Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemləri ilə, regionun ictimai-siyasi-iqtisadi-mədəni tarixi məsələləri ilə məşğul olub, bunlara dair elmi əsərlər yazıb çap etdirib. 1970-2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olub. Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan  Pedaqoji İnstitutunda, Xəzər, "Ziya", "Azərbaycan" universitetlərində və.b ali məktəblərdə "Ərəb ölkələri tarixi", "Orta əsrlər tarixi", "Ümumi tarix", "Asiya Afrika ölkələri tarixi", "Dünya dinləri", "Azərbaycan tarixinin mənbəşünaslığı tarixşünaslığı" digər fənləri eləcə ixtisası üzrə kurs xüsusi seminarları tədris edib.

 

Muzeydə direktor kimi fəaliyyət göstərdiyi illərdə muzeyin yenidən qurulması,ekspozisiyanın yeniləşdirilməsi, sərgilər təşkil edilməsi, fondların yenidən qurulması, muzeyin elmi əsərlərinin nəşrinin bərpası, aspirantların yetişdirilməsi, kataloqların hazırlanması çap edilməsi b. işlərlə yanaşı elmi fəaliyyətini davam etdirib. 2001-ci ildə MEA-nın müxbir üzvü, 2007-ci ildə-həqiqi üzvü seçilib. 2007-2012-ci illərdə AMEA-nın vitse-prezidenti vəzifəsində çalışıb. Muzey işi elmi fəaliyyətilə bərabər  hələ 1981-ci ildən məsul katib, 2010-cu ildən baş redaktoru olduğu "Azərbaycan EA xəbərləri(tarix, fəlsəfə,hüquq)" redaksiyasında da çalışıb. İran, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Fransa, Polşa, Çin digər xarici ölkələrdə, eləcə respublikada (Bakı, Naxçıvan, Gəncə, Şəki) keçirilən konfrans simpoziumlarda məruzələrlə çıxışlar edib. 200-dən artıq elmi əsərin müəllifidir.

 

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina vaxtilə məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi olub. Bakı şəhərin baş memarı olan İosif Vikentyeviç Qoslavskinin (1865-1904) layihəsi əsasında inşa edilən Tağıyev sarayı Bakının ən gözəl binalarından biridir. Varşava quberniyasında polyak zadəgan ailəsində anadan olan, Peterburq Mülki Mühəndislər İnstitutunun məzunu İ.Qoslavski 1891-ci ildə Bakıda tikilən Aleksandr Nevski kilsəsinin inşasına nəzarət üzrə mütəxəssis qismində Bakıya ezam olunub. İ.Qoslavski 1893-1904-cü illərdə şəhərin baş memarı vəzifəsini tutub. Onun müəllifliyi ilə Bakıda memarlıq cəhətdən gözəl olan on iki bina, o cümlədən şəhər dumasının, Tağıyev teatrının, Rus İmperator Texniki Cəmiyyəti Bakı şöbəsinin, rus-müsəlman qız məktəbinin binaları tikilib.

 

(Ardı var)

 

Vəfa MƏMMƏDLİ

 

525-ci qəzet.- 2014.- 9 dekabr.- S.6.