Ekologiya və ətraf mühitin mühafizəsi
ATMOSFERƏ ATDIQLARIMIZ
ÖZÜMÜZƏ QAYIDACAQ
Çağdaş dövrdə sürətlə
qloballaşan, qloballaşdıqca da kiçilən
dünyamızı bir sıra problemlər çox ciddi şəkildə
təhdid etməkdədir. Bu problemlərin
yaranması və "inkişaf edərək" bugünə
gəlib çatması təkcə bir ölkədən
asılı olmadığından, ümumbəşəri
xarakter daşıdığından onların həlli
üçün də planetin hər bir dövlətinin və
sakininin səfərbər olmasına böyük ehtiyac var.
Özümüzə
qazdığımız quyu...
Hazırda
bəşəriyyəti təhdid edən problemləri iki
qrupa bölmək olar: birbaşa insan amili ilə bağlı
olan və dolayı yolla insanın yaratdığı problemlər.
Birinci qrupa müharibələr və digər silahlı
münaqişələr, terrorizm, sivilizasiyaların
toqquşması, insan və qanunsuz silah alveri, narkotik vasitələrin
istifadəsi, qanunsuz dövriyyəsi, müxtəlif
epidemiyaların, həmçinin QİÇS və xərçəng
kimi xəstəliklərin sürətlə yayılması, ərzaq
səbətimizdə genetik modifikasiya olunmuş qidaların
xüsusi çəkisinin ilbəil artması və sair
problemlər daxildirsə, ikinci qrupa ekoloji problemlər, o
cümlədən atmosfer havasının çirkləndirilməsi,
ozon qatının deşilməsi, içməli su
ehtiyatlarının tükənməsi, ərzaq
çatışmazlığı, buzlaqların əriməsi,
daşqınların, sunamilərin, zəlzələlərin
sayının artması, sönmüş vulkanların fəallaşması,
bir sözlə, qlobal iqlim dəyişiklikləri daxildir. Şərti olaraq iki qrupa ayırdığımız
bu problemlər, heç şübhəsiz, bir-biri ilə
qırılmaz surətdə bağlıdır. Lakin
paradoksal hal ondan ibarətdir ki, dünyanın aparıcı
dövlətləri, o cümlədən "G-8" və
"G-20" ölkələri birinci qrupa daxil olan problemlərlə
mübarizə aparmaqda bu gün daha həvəsli
görünürlər. Əslində isə bu
iki qrupda birləşmiş problemlərdən birinin həlli
digərininkindən vacib deyil. Bu problemlərin
həlli ilə ən azı paralel şəkildə məşğul
olmaq, daha yaxşı halda isə ekoloji tarazlığın
pozulmasının qarşısının alınması məsələsini
üstün mövqeyə çıxarmaq lazımdır.
Çünki ekoloji problemlərin öz həllinə
qovuşması üçün bəşəriyyətin
çox az vaxtı qalıb. Odur ki, bu
gün bütün dövlətlərin və insanların bir
yerə yığışıb atmosfer havasının həddən
artıq çirkləndirilməsinə qarşı, necə
deyərlər, üsyana qalxmasına, "SOS"deməsinə
ehtiyac var. Onu da nəzərə almaq lazımdır ki, bu
gün atmosferə atılan çirkləndiricilərin, o
cümlədən karbon birləşmələrinin çox
böyük əksəriyyəti inkişaf etmiş sənaye
ölkələrinin payına düşür. Ümumiyyətlə,
atmosferə ildə orta hesabla 21 milyard ton çirkləndiricilər
və karbon 4-oksid (CO2) atılır. Aparılan
araşdırmanın nəticələrinə görə,
atmosfer havasını ən çox çirkləndirən
ölkələr müvafiq ardıcıllıq üzrə
Çin, ABŞ, Hindistan, Rusiya və Yaponiyadır.
Siyahının ilk onluğunda Avropa ölkələrindən
Almaniya və İngiltərənin adı var. Statistika təkcə
yanacaq materiallarının həm sənayedə, həm də
məişətdə istehlakının il ərzində
bütün dünya üzrə 5 milyard ton çirkləndirici
və karbon qazının atmosferə atılmasıyla
müşayiət olunduğunu göstərir. Hazırda
atmosferin nə az, nə çox, düz
0,038 faizi CO2-dən ibarətdir. Məlum səbəblərdən
atmosferin tərkib hissəsi olan karbon qazının miqdarı
ildən-ilə artması ilk növbədə iqlimin dəyişməsinə
təsir göstərir. Atmosfer
havasının toz-tüstü və hislə çirklənməsi
də iqlim dəyişməsinə şərait yaradır.
Karbon qazı ultrabənövşəyi
şüanı infraqırmızı (istilik yaradan)
şüalardan yaxşı keçirir. Yer
ətrafında karbon 4-oksidin miqdarının çoxalması
"İstixana effekti" yaradır. Hesablamalara
görə, atmosferdə karbon qazının miqdarı iki dəfə
artdıqda Yer kürəsində temperatur 1.4-2.3 dərəcə
yüksələ bilər ki, bu da daimi buzlaqların əriməsinə
və çoxlu yağıntı düşməsinə səbəb
olar. Nəticədə quru sahəsinin bir
hissəsi subasmaya məruz qalar və külli miqdarda yağan
yağıntılar digər ərazilərdə güclü
daşqınların və sel sularının yaranmasına gətirib
çıxarar. Hər il çoxlu
sayda daşqınlar, torpaq sürüşmələri, subasma
və son nəticədə insan ölümləri artıq vəziyyətin
kritik həddə olduğunu sübut edir. Hələ
planetin müxtəlif ərazilərin yağan, əksər
hallarda fauna və flora örtüyünü məhv edən
turşu və rəngli kimyəvi yağışları
demirik. Bundan başqa iri sənaye şəhərlərində,
meqapolislərdə atmosferin müxtəlif tullantılarla
çirklənməsi -su buxarı, tüstü qazları və
avtomobillərin buraxdığı yanma məhsullarının
birlikdə sıxlaşaraq əmələ gətirdiyi dumanabənzər
çox zərərli tərkib olan "smoq"un
yaranmasına gətirib çıxarır. İndiyədək
London, Los-Ancelos, Tokio və başqa iri sənaye şəhərlərində
"smoq" müşahidə edilib. 1952-ci
ildə Londonda, 1963-cü ildə Nyu-Yorkda minlərlə insan
smoq səbəbindən dünyasını dəyişib,
ağır zəhərlənmə halları ilə xəstəxanalara
yerləşdirilib.
Bu gün
tez bildiyimiz sabah gec olacaq...
Yəqin
ki, məşhur "Titanik" filminə baxmayan az tapılar. Filmdəki kadrlardan
birində gəmi sürətlə aysberqə doğru irəliləyir.
Lakin gəmi kapitanının köməkçiləri
bundan gec xəbər tutduqlarından nəhəng gəminin
aysberqlə toqquşması qaçılmaz olur. Kapitana xəbər veriləndə o gəmini
"tam yana döndərmək" əmri verir. Lakin buna baxmayaraq fəlakətdən yaxa qurtarmaq
mümkünsüz olur, sadəcə müvəqqəti
yayınmaq, bir neçə saat əlavə vaxt qazanmaq
imkanı yaranır, vəssalam. İndi təsəvvür
edək ki, görkəmli alimlər atmosferin çirklənməsinə
görə dünyanın sonuna sayılı həftələr,
günlər qaldığını xəbər verirlər.
Və bu zaman hamı bir-birinə dəyir.
Özlərini dünyada baş verənlərə cavabdeh
sayan, "böyük idarəçilər" müəyyənləşdirdikləri
siyasi mərkəzlərin birində toplaşıb artıq
iş işdən keçəndən sonra mühüm qərarlar
qəbul etmək məsələsini müzakirə edirlər...
İronikdir...
Acınacaqlı
hal burasıdır ki, vaxtında həyəcan təbili
çalan görkəmli alimlər, bütün dünya
üzrə yaşıllar hərəkatının fəalları
isə başqa-başqa məkanlarda dalbadal toplantılar
keçirib, küçələrə, media önünə
çıxaraq artıq iş işdən keçdiyini
bildirirlər. Bəli, bəşər övladı
yüz illər ərzində özü üçün
qazdığı məzarlığa daxil olmaq üzrədir.
Təəssüf ki, bu, acı reallıqdır.
Hazırda bəşəriyyət çox ciddi
ekoloji fəlakətlə üz-üzədir. Biz isə
hələ də-narahatlıq üçün tezdir-qənaətindəyik...
Amma bu gün tez bildiyimizin sabah çox gec
olacağını anlayacağıq. Yeri gəlmişkən,
bunu anlayanlar da artıq çoxluq təşkil edirlər.
İngiltərənin və eləcə də bütün
dünyanın ən nüfuzlu jurnallarından olan
"Time" jurnalına müsahibə verən
tanınmış ingilis alimi Ceyms Lavlok qlobal istiləşməni
kritik həddən çıxarmaq üçün edilən
səylərin müvəffəqiyyətsizliyə məhkum
olduğunu, bunun üçün çox gec olduğunu,
mövcud sivilizasiyanın artıq öz axarında davam edə
bilməyəcəyini iddia edib.
Gördüyümüz
və görəcəyimiz işlər
Artıq qeyd etdiyimiz kimi, sübut olunub ki, atmosfer
havasını əsasən inkişaf etmiş sənaye
ölkələri həddən ziyadə çirkləndirir. Məsələn,
ABŞ Kioto protokolunu - istixana qazlarının atmosferə
yayılmasını azaltmaq məqsədilə əldə
olunan razılaşmanı ratifikasiya etməkdən bugünədək
imtina edir. Qurunun oduna yaş da yanar deyiblər.
Atmosfer havasının çirkləndirilməsi
ilə bağlı vəziyyət də buna oxşayır.
Şübhəsiz ki, atmosfer havası planetin hər
yerində hamı üçün eyni olduğundan onun
çirklənməsindən, mübaliğəsiz desək,
Azərbaycan kimi ekoloji duruma ciddi önəm verən ölkələr
də ziyan çəkir. Ekoloji problemlərin
həlli, o cümlədən atmosfer havasının mühafizəsinin
daim Azərbaycan dövlətinin diqqət mərkəzində
olmasının mühüm göstəricisidir. Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
açıqladığı statistikaya görə, Ekologiya
ili elan olunmuş 2010-cu ildə təkcə nazirlik əməkdaşları
tərəfindən Bakı və onun ətraf ərazilərində,
magistral avtomobil yollarının kənarında 1 841,0 min, respublika ərazisində isə
ümumilikdə 10835,3 min ədəd ağac və kol bitkisi əkilib.
Bundan əlavə,
son illər ərzində Azərbaycan ərazisində
dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zərərli maddələr
üzrə Avro-2, Avro-3 və bu ilin 1 aprel tarixindən etibarən
Avro-4 standartlarının, ekoloji normalarının tətbiq
edilməsi önəmli addım kimi qiymətləndirilməlidir.
Bu ilin 9
yanvar tarixində Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilmiş Nazirlər Kabinetinin iclasında
ekologiyanın qorunması, atmosferi çirkləndirən amillərə
qarşı ciddi mübarizənin aparılması və vətəndaşların
ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə
bağlı ölkə başçısı tərəfindən
verilmiş tapşırıqlara uyğun olaraq bu istiqamətdə
işlər sürətləndirilib. Bir sözlə,
dünyanın kiçik bir parçası olan Azərbaycanda
ekoloji problemlərlə mübarizədə son illər
atılan addımların təqdirəlayiq olduğunu əminliklə
demək olar.
Bütün
görülən yaxşı işləri, həyata
keçirilən önəmli tədbirləri qabartmaqla
yanaşı həm də etiraf etmək lazımdır ki,
ölkəmizdə atmosfer havasının mühafizəsi ilə
bağlı görüləsi işlər də az deyil. Atmosfer havası ilə
bağlı vəziyyətin ideal olduğunu iddia etmək
özünü aldatmaq olardı. Xüsusilə,
Bakı, Abşeron yarımadası və Sumqayıtın
ekoloji durumunun ürəkaçan olmadığı bəllidir.
Bunun da əsas səbəbi həmin zonaların
iri sənaye mərkəzi olması, ölkə üzrə sənaye
müəssisələrinin 60 faizdən çoxunun Abşeron
yarımadasında yerləşməsi ilə
bağlıdır. Yarımsəhra iqliminə
malik Bakı şəhərində yaşıllıq da kifayət
qədər deyil. Üstəlik, artıq
meqapolisə çevrilən Bakıda nəqliyyat vasitələrinin
sayı durmadan artır. Hazırda bütün
ölkə üzrə havanın çirklənməsinin 70
faizi avtonəqliyyat vasitələrinin payına
düşür. Son statistikaya görə,
təkcə Bakıda 550 mindən artıq avtomobil
qeydiyyatdadır. Bu baxımdan ölkəmizdə
atmosfer havasının daha da təmiz olması
üçün hər birimizin üzərinə böyük
yük düşür.
Ziyanın
yarısından qayıtmaq...
Atmosferin
qorunması üçün təkcə hansısa bir ölkə
yox, bütün bəşəriyyət qolunu
çırmayıb iş görməlidir. Atmosferin çirklənməsinin
qarşısını almaqdan ötrü
yaşıllıqlar artırılmalı, təbii meşə
zolaqları qorunmalı, sənaye müəssisələrindən
atmosferə buraxılan zərərli qazların miqdarına nəzarət
olunmalı, onlar təmizlənməli, bunlara qarşı
müvafiq tədbirlər görülməli, ekoloji cəhətdən
təmiz və bərpolunabilən alternativ enerji mənbələrindən
istifadə genişlənməli, üzvi yanacaqla (benzin, dizel)
işləyən avtomobillərdən hidrogenlə və
elektrik enerjisilə işləyən nəqliyyat vasitələrinə
mümkün qədər tez keçid edilməlidir. Atalarımız-ziyanın yarısından
qayıtmaq da xeyirdəndir -deyiblər. Yer
kürəsi hamımızın evidir. Bu
evin gözəgörünməyən damını
xatırladan atmosferi-göy üzünü qorumaq da
hamımızın işidir. Əks təqdirdə,
o damı-göy üzünü nəzərə almadan
aşağıdan yuxarı tolazladığımız,
atdığımız, tulladığımız hər
şey xəstəlik, təbii fəlakət, bəla kimi
özümüzə qayıdacaq.
Sevinc
MÜRVƏTQIZI
Yazı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibəti ilə
jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim
edilir.
525-ci qəzet.-
2014.- 9 dekabr.- S.5.