Bakıda görkəmli qırğız
ozanı Toktoqulla bağlı elmi konfrans keçirilib
Dekabrın 9-da M.F.Axundzadə adına
Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin və TÜRKSOY-un birgə
təşkilatçılığı ilə, görkəmli qırğız şairi,
ozanı və bəstəkarı Toktoqulun
150 illiyi ilə əlaqədar beynəlxalq
elmi konfrans olub.
Tədbirdə Toktoqulun TÜRKSOY tərəfindən
türk dilinə tərcümə olunmuş
“Seçilmiş əsərləri” və Türkiyə Eskişehir valiliyi tərəfindən
6 dildə (Azərbaycan,
türk, özbək,
qazax, qırğız,
türkmən) nəşr
edilmiş “Şeirə,
nəğməyə çevrilən
ömür” kitablarının
təqdimat mərasimi
keçirilib.
Konfransı Milli Kitabxanın
direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, giriş üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevə verib. Nazir öz çıxışında
TÜRKSOY tərəfindən belə tədbirlərin keçirilməsini alqışlayıb,
hər bir türk xalqının dahilərinin öyrənilməsi
və irsinin gələcək nəsillərə
çatdırılması məqsədi ilə keçirilən
belə tədbirlərin davamlı
olmasını arzulayıb.
Sonra Toktoqul haqqında 5 dəqiqəlik
film nümayiş olunub. Filmin nümayişindən
sonra Qırğızıstanın
komuz sənətçisi
çıxış edib.
TÜRKSOY-un
Baş katibi Düsen Kaseinov, Türk Şurasının
Baş katibinin müavini Adaxan Madumarov, Azərbaycan Yazıçılar Birliyinin
sədri Xalq yazıçısı Anar,
Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyinin müstəşar yardımcısı
Nihat Gül, Qırğızıstan “Toktoqul
ili” Dövlət Təşkilat Komitəsinin
sədr müavini Osmanbek Artıkbayev, Türkiyənin Əskişəhir
valisi Güngör Asim Tuna çıxışlarında
TÜRKSOY təşkilatı tərəfindən keçirilən
tədbirlərdən, bu
tədbirlərin əhəmiyyətindən
danışıblar.
Ankara Universitetinin professoru
Gülzura Cumakunova Toktoqulun həyat və yaradıcılığı
haqqında geniş məruzə edib.
Çıxışçılar - Azərbaycan
Atatürk Mərkəzinin direktoru,
professor Nizami Cəfərov,
Abay adına Qazaxıstan Dövlət Pedaqoji Universitetinin professoru Temirhan Tebegenov, Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının
müdiri, professor Ramiz
Əsgər, Özbəkistan
Elmlər Akademiyasının
dosenti Zuhriddin İsomuddinov, Qırğızıstanın
TÜRKSOY-dakı nümayəndəsi
Kocagəldi Kuluyev Toktoqul yaradıcılığından,
onun əsərlərindən
söz açıblar.
Sonra
TÜRKSOY-un Baş katibi
Düsen Kaseinov və Qırğızıstan
“Toktoqul ili” Dövlət Təşkilat
Komitəsinin sədr müavini Osmanbek Artıkbayev tərəfindən
Azərbaycanın Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayevə, Türk Şurasının Baş
katibinin müavini Adaxan Madumarova, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anara, Türkiyənin Mədəniyyət və
Turizm Nazirliyinin müsteşar yardımcısı Nihat Gülə, Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim
Tahirova, Türkiyənin
Əskişəhir valisi
Güngör Asim Tuna,
Azərbaycan Atatürk
Mərkəzinin
direktoru Nizami Cəfərova və kitabın tərcüməçilərinə
Toktoqul medalları təqdim edilib.
Tədbirin sonunda iştirakçılar
Toktoqulun Milli Kitabxananın fondunda mühafizə edilən kitablarından ibarət sərgi ilə tanış olublar.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 10 dekabr.- S.7.