Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin
möhtəşəm saxlancı
(Əvvəli ötən sayımızda)
Azərbaycanla, ölkəmizin tarixi
ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə
ilk növbədə bu
diqqətəlayiq sətirlər
nəzərə çarpır:
"Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə
gölü hövzəsi
də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına
başladığı ən
qədim mədəniyyət
mərkəzlərindən biridir. Tarixən Azərbaycan şimalda Dağıstan, qərbdə
Gürcüstan, cənub-qərbdə
Ermənistan, şərqdə
Xəzər dənizi,cənubda
isə İran ilə həmsərhəd
olub. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında
zəngin və özünəməxsus bir
mədəniyyət, o cümlədən
dövlətçilik ənənələri
yaradıb. Azərbaycan qədim
tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar
zamanı aşkar edilən əşyalar Azərbaycanın maddi-mədəniyyət
tarixini öyrənməyə
imkan verib".
Tariximizin
öyrənilməsində arxeoloqların, alimlərin
fəaliyyəti qədər,
müxtəlif dövrləri
əks etdirən eksponatların da rolu var. Ölkəmizdə
tariximizlə bağlı
materialların toplanması,
saxlanması, araşdırılması
və təbliği ilə məşğul olan Milli Azərbaycan
Tarix Muzeyinin fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiqdir.
Milli Azərbaycan
Tarixi Muzeyinin yerləşdiyi bina vaxtilə məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi olub. H.Z.Tağıyevin sarayı 1895-1901-ci illərdə inşa edilib. Nəhəng günbəzlərlə tamamlanan bu üçmərtəbəli
sarayın bir tərəfi Baryatinski (indi Əbdülkərim Əlizadə), digərləri
Polis (indi Yusif Məmmədəliyev), Merkuri
(indi Zərifə Əliyeva), fasadı isə Qorçakov (indi Hacı Zeynalabdin Tağıyev) küçələrinə baxırdı.
Otaqların ikisıralı tikilişi
sarayın daxili həllinin əsasını
təşkil edir.
İki qapalı həyət ətrafında mərasim və yaşayış otaqları qruplara ayrılıb. Binanın iki
aralı mərmər
pilləkənləri olan
ön hissəsi Qərbə baxır.
Şərq zalının iç
görünüşü əzəmətli
naxış və bəzəmələrlə fərqlənir,
şaquli və üfüqi detallar divarların səthini bitki ornament motivləri ilə doldurulan ekranlara bölür. Dirəklərdən biri üçtağlı
Mavritaniya orderinin zərif sütunları formasında tərtib olunub. İ.Qoslavskinin eskizi əsasında
həndəsi şəkillərdən
ibarət və yığma elementlərdən
düzəldilən taxta
tavan çox əzəmətli görünür.
Sarayın tikintisi zamanı
müxtəlif memarlıq
üslublarından istifadə
olunub. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında,
təmizlik otağı
fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunub. H.Z.Tağıyevin kabineti, yemək,
qonaq və başqa otaqlar palıd ağacı ilə bəzədilib.
Binanın dürüst mərtəbələr
üzrə bölünməsi,
divarların dərin çıxıntılı hörgüsü
və memarlıq plastikasının zənginliyi
memarların yüksək
ustalığından xəbər
verir.
"Sərvət və səxavətilə məşhur
cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-əhvalı" kitabında (1903) məlumat
verilib ki, Tağıyev sarayının
inşasında 270 nəfər
mühəndis, memar, dülgər, nəqqaş
və başqa ustalar çalışıb.
Sarayın daxilindəki bütün
avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib.
Evdə istilədici və soyuducu sistemlər quraşdırılıb. İmarət
hər dörd tərəfdən üç
mərtəbədən ibarətdi.
Otaqların hər birisinin
ucalığı 1320 metrə
çatır. Tavanın naxışlarına
ustalar tərəfindən
40 min rubladək qızıl
işlənilib. Sarayın sütunları
almaz və rəngli güzgülü
şüşələrlə bəzədilib.Yeri Rusiyadan
gətirilən təbii
rəngli ağcaqayın
taxtalardan döşənib.
Mebel Amerikadan, şəkillər və zərbəft pərdələr
isə Almaniyadan gətirilib. Kitabda deyilir ki, təkcə
binanın tikintisinə
(xaricdən gətirilən
mebel və avadanlıq nəzərə
alınmasa) 1,2 milyon rubl vəsait
xərclənilib.
Aşağı mərtəbədə H.Z.Tağıyevin
kontoru və bir sıra başqa
otaqlar, ikinci mərtəbədə isə
yaşayış otaqları,
kabinet və iki zal - Avropa
və Şərq zalları, eləcə də iki seyf
otağı, təmizlik
otaqları, mətbəx,
hamam və s. yerləşir. Y. Məmmədəliyev
küçəsinə ayrıca
çıxışı olan
üçüncü mərtəbə
16 otaqdan ibarətdir.
Binanın tikintisi üçün işlədilən inşaat
materialı, eləcə
də avadanlıq, mebel, çil-çıraqlar
və interyer üçün lazım olan hər şey
Rusiyadan və Qərbi Avropadan gətirilib. Yüksək ixtisaslı ustalar
və rəssamlar dəvət olunub. İkinci mərtəbənin anfiladasında
nəbati naxışlı
pilyastrlarla bəzədilən
Avropa zalı yerləşir. Şərq zalı
isə özünün
əzəməti, ornamentlərin
təmtəraq və zərifliyi ilə fərqlənir. Mərkəzində kiçik fəvvarə olan qış bağı Şərq zalına birləşdirilib.
Hacının həyat yoldaşı
Sona xanımın öz orijinallığı
ilə seçilən
buduarının- kiçik
qonaq otağının
tavanı fiqurlu güzgülü lövhəciklərdən
yığılıb. 1914-cü ildən sarayda H.Z.Tağıyevin başçılıq etdiyi
Bakı Tacir Tankı da yerləşib.
1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti
ələ alan
bolşeviklər Tağıyevin
evini müsadirə edib. Onun bir hissəsində
Dövlət Tarix Muzeyi fəaliyyətə başlayıb. 1941-1954-cü
illərdə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülüb.
Binada Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilib. 1954-cü
ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarılıb.
Birinci mərtəbədə isə
Texniki və tibbi sənədlər arxivi yerləşdirilib.
Yalnız 2000-ci ildə Tağıyev
mülkü bütövlükdə
Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verilib. Tağıyev sarayı bir
neçə dəfə
rekonstruksiya edilib.
XX əsrin ortalarında
aparılan təmir zamanı güzgülü
otaqdakı şəkillər
"burjua qalığı"
kimi məhv edilib və üzərindən yeni suvaq çəkilib.
2000-ci ildə cari təmir zamanı suvağın altında həmin divar rəsmləri aşkar edilib. Üstündən dörd dəfə
rəng vurulmasına baxmayaraq, rəsmlər əvvəlki təravətini
itirməyiblər.
Milli Azərbaycan
Tarixi Muzeyi Azərbaycan tarixinin bütün dövrlərinə
aid maddi və mənəvi mədəniyyət
abidələrinin toplanılması,
öyrənilməsi, nümayişi
və təbliği ilə məşğul olan elmi tədqiqat
və mədəni-maarif
müəssisəsidir. Muzey
1920-ci il iyunun 15-də "Doğma
diyarın tədris muzeyi" adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının
məktəbdənkənar işlər şöbəsində
təzəcə təşkil
olunan "Muzekskurs"
yarımşöbəsinin nəzdində yaradılıb.
Əsas bazasını
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin
ildönümü münasibətilə
1919-cu il dekabrın 7-də açılan
"İstiqlal" muzeyinin
materialları təşkil
edir. 1920-ci ilin
iyulundan həmin muzeyin şərəfinə
"Doğma diyarın
tədris muzeyi - İstiqlal", 1920-ci ilin
oktyabrından 1936-cı ilin
martınadək Azərbaycan
SSR Dövlət Muzeyi
adlandırılıb.
Yarandığı ilk illərdə muzeydə
tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət
və bədii sənət, xalq təhsili, köməkçi
tədris müəssisələri
şöbələri, eləcə
də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi
komissiyası fəaliyyət
göstərib. Sonrakı illərdə
dövrün tələbinə
uyğun olaraq muzeydə dəfələrlə
struktur dəyişikliyi
edilib.
(Ardı var)
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 10 dekabr.- S.6.