Azərbaycanı uçurumdan qoruyan...

 

"Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə öz-özünüzdən soruşun ki,  siz Vətən üçün nə etmisiniz?"

 

Heydər ƏLİYEV

 

Hər xalqın, hər millətin taleyində ağır, keşməkeşli dövrlər olur. Hər xalq, hər millət o ağır, keşməkeşli dövrü tarixin ən müxtəlif dönəmlərində yaşaya bilər, amma belə bir sınaq məqamı ilə haçansa mütləq üzləşir. Məhz belə məqamda o xalqın, o millətin xilaskarı meydana çıxıb düzgün, müdrik qərar verməklə fəlakətlərin, faciələrin qarşısını alır, böyük bir toplumu məhv olmaqdan xilas edir, onu uçurumdan qoruyur.

 

1993-cü ilin may-iyun aylarında Azərbaycan belə bir imtahanla üz-üzə qaldı. Hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Xalq nicat yolunu  Heydər Əliyevin hakimiyyətə gətirilməsində gördü və elə bu tələblə də  ayağa qalxdı. Ovaxtkı ölkə rəhbərliyi Heydər Əliyevi iyun ayında rəsmən Bakıya dəvət etmək məcburiyyətində qaldı. İyun ayının 15-də Milli Məclisin sədri seçilən dahi öndər oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi.

 

Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan, erməni işğalı ilə üzləşən  Azərbaycanı böyük fəlakətlərdən, faciələrdən xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində sabit, normal həyat bərqərar oldu.

 

Bu gün Heydər Əliyev irsinin araşdırılması ilə məşğul olan siyasətçilər, politoloqlar ulu öndər barədə fikir yürüdərkən çox zaman onun adını haqlı olaraq XX əsrin Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill, Konrad Adenauer kimi şəxsiyyətlərlə bir sırada çəkir, qeyd edirlər ki, indiyədək Azərbaycanın heç bir siyasi xadimi  xalqın tarixində öz ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi ilə yaratdığı dövlətin həyatında onun kimi əvəzedilməz rola malik olmayıb. Heydər Əliyev dühası dünyanın onunla bir dövrdə yaşayıb fəaliyyət göstərmiş böyük siyasətçiləri, dövlət xadimləri tərəfindən də dəfələrlə etiraf olunub. Görkəmli dövlət xadimi Eduard Şevardnadzenin bir fikrini yada salaq: "XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir". Türkiyənin sabiq baş naziri, böyük ictimai-siyasi xadim Bülənt Ecevit isə Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən belə deyib: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir".

 

Azərbaycanda iqtisadi dirçəlişin, ictimai-siyasi və sosial həyatda tərəqqinin,  dövlət quruculuğunun  otuz ildən artıq bir dövrünün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi həqiqətdir. Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda respublika həyatının bütün sahələrində tənəzzül hökm sürürdü. Xüsusilə, iqtisadiyyatı bürümüş dərin böhran hər bir sahədə özünün mənfi nəticələrini göstərirdi. Sosial-iqtisadi baxımdan digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan SSRİ rəhbərliyinin nəzərində ölkənin perspektivsiz əyalətlərindən biri sayılırdı. Moskva hesab edirdi ki, respublikanın neft yataqları artıq öz əhəmiyyətini itirib və Azərbaycanın əsasən bu sahə ilə bağlı olan iqtisadiyyatının gələcəyi yoxdur. Dahi öndərin müdrik siyasəti ilə  bu fikrin əsassızlığı sübuta yetirildi. Azərbaycan SSR-in rəhbəri kimi çalışdığı on üç ildən bir qədər artıq müddətdə Heydər Əliyev iqtisadiyyatın inkişafında və insanların həyat səviyyəsinin yüksəldilməsində böyük uğurlara nail oldu. Xalqın iqtisadi azadlığının onun siyasi müstəqilliyini şərtləndirməsi konsepsiyasına dərindən bələd olan ümummilli lider yaxşı bilirdi ki, milli dirçəliş ideyalarını, azərbaycançılıq ideologiyasını yalnız iqtisadiyyatın inkişafındakı uğurlar fonunda reallaşdırmaq  mümkündür. Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri keçmiş Sovet İttifaqının digər respublikalarında aşkar şəkildə hiss olunduğu bir vaxtda, Heydər Əliyev Azərbaycanda yaradıcı insanları himayəsinə götürdü. O illərdə xalqımızın görkəmli şəxsiyyətlərinin yubileylərinin ittifaq və respublika miqyasında qeyd edilməsi, görkəmli xadimlərə abidələr ucaldılması,  dilimizə göstərilən qayğı,  müttəfiq respublikalarda və bir sıra xarici dövlətlərdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi, mədəni sərvətlərimizin təbliği, qorunub saxlanılması prioritet məsələyə çevrildi. Böyük rəmzi mənaları olan Cəfər Cabbarlı və Nəriman Nərimanovun yubileylərinin keçirilməsi, Bakıda onlara əzəmətli abidələrin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan ilk ali təhsil ocağı Bakı Dövlət Universitetinin 50 illiyinin məhz 1969-cu ildə qeyd olunması, respublikanın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusunun təsbit edilməsi, Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən gətirilərək, şairin doğma yurdu Naxçıvanda dəfni deyilən fikrin bariz ifadəsidir.

 

Bütün fəaliyyəti dövrində ölkəmizin gələcəyini düşünən ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın sabahı müasir biliklərə yiyələnmiş, geniş dünyagörüşünə malik, milli-mənəvi dəyərlərin daşıyıcısı olan kadrlardan asılıdır və onlar gənclər arasında yetişməlidir. Bu məqsədlə də respublikanın kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi üçün Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində genişmiqyaslı tədbirlər həyata keçirməyə başladı. O illər ərzində minllərə azərbaycanlı gənc SSRİ-nin mötəbər ali məktəblərinə oxumağa göndərildi.

 

Heydər Əliyevin xarakterindəki bir cəhəti də qeyd etmək yerinə düşərdi. Bu böyük şəxsiyyətin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, peşəkar idarəetmə bacarığı ilə  yanaşı, cəsarəti, qorxmazlığı da diqqət çəkirdi. Bax, elə buna görə də düşmənlər onun qarşısında susur, bəd əməllərdən çəkinirdilər. Təkcə bir misal çəkək: Dahi öndərin  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə ermənilər torpaq iddialarını səsləndirmirdilər, bu barədə danışmağa belə cəsarət etmirdilər. Sovet İttifaqı rəhbərinin qısqanclığı nəticəsində bu böyük şəxsiyyət tutduğu vəzifədən istefa verdikdən dərhal sonra isə ermənilər Dağlıq Qarabağ iddialarını ən yüksək səviyyələrdə səsləndirməyə nail oldular.

 

20 Yanvar faciəsindən sonra Sovet İttifaqının rəhbərlərini kəskin tənqid edən Heydər Əliyev təqib və təzyiqlərə məruz qalaraq Moskvadan Bakıya qayıtdı. Lakin imperiyanın qullarına çevrilmiş yerli rəhbərlər onun burada yaşamasına imkan vermədilər. Məcburiyyət üzündən Naxçıvana gedən ulu öndər xalq tərəfindən böyük rəğbətlə qarşılandı. Həmin dövrdə muxtar respublika çox çətin günlərini yaşayırdı. Rəsmi Bakı tərəfindən tamamilə unudulmuşdu, hər an mövcudluğunu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Heydər Əliyevin Naxçıvana gəlişi blokada şəraitində yaşayan, dözülməz problemləri ilə yalqız qalan naxçıvanlılara sanki bir ruh gətirdi. Ümidsizliyə qapılmış insanların ürəyində bir ümid çırağı yanmağa başladı, Naxçıvan xilas edildi, qorundu və yaşadı...

 

Həmin dövrdə istər paytaxt Bakıda, istərsə də respublikanın bölgələrində xaos, hərc-mərclik hökm sürürdü. Xalq nicat yolunu dahi öndərin yenidən ölkənin siyasi rəhbərliyinə qayıtmasında görürdü. Beləliklə, Azərbaycan xalqı öz sevimli oğlunu, böyük şəxsiyyət Heydər Əliyevi təkidlə ölkəni idarə etməyə çağırdı. Bu çağırışın arxasında sonsuz xalq etimadı, millətin sonsuz məhəbbəti və inamı dayanırdı.

 

Ulu öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın az qala siyasi xəritədən silinmək ərəfəsində olduğu bir dövrə təsadüf edirdi. Ərazilərimizin böyük bir hissəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal altına düşmüş, iqtisadiyyat iflasa uğramış, silahlı qruplaşmalar arasındakı çəkişmələr isə vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri Heydər Əliyev idi.

 

Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən dahi şəxsiyyət dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə bütün çətinlikləri aradan qaldıra bildi. Təcrübəli dövlət xadiminin böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, bədnam qonşularımız tərəfindən torpaqların işğalının qarşısı alındı, Azərbaycanın yaxın gələcəkdə dünya siyasətində geosiyasi mövqeyini müəyyən edəcək siyasi-iqtisadi konsepsiya işlənib hazırlandı.

 

Qısa zamanda Azərbaycanın neft strategiyası işlənib hazırlandı. Ümummilli lider uzaqgörənliklə dünyanın enerji tələbatının günbəgün artdığını görür, neft diplomatiyası dövrünün başlandığını və bu diplomatiyada Azərbaycanın qazanacağı iqtisadi və siyasi dividendi məharətlə qiymətləndirirdi. Ona görə də dünyanın söz sahibi olan ölkələrin nəhəng neft şirkətləri ilə intensiv danışıqlar başlandı. Danışıqlarda əsas üstünlük "açıq qapılar" və "balanslaşdırılmış siyasət" prinsiplərinə verildi. Nəhayət, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Vaxtı ilə "Neft daşları"nın salınması Azərbaycanı Xəzərin "hökmdarı" etmişdisə, Heydər Əliyevin qətiyyətinin təntənəsi olan "Əsrin müqaviləsi" müstəqil ölkəmizə dünyanın qüdrətli dövlətlərinin mühüm iqtisadi tərəfdaşı statusu qazandırdı.

 

Ulu öndərin neft strategiyasının yeni bir mərhələsi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi oldu. Bəzi dövlətlərin qısqanclıqla yanaşdıqları və hətta reallaşacağına şübhə etdikləri Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: "Bakı-Tbilisi-Ceyhanın fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi". Əslində, dünyanın enerji xəritəsini dəyişən Bakı-Tbilisi-Ceyhan neft kəməri yox, onun yaradıcısı, Azərbaycanın böyük oğlu Heydər Əliyev idi.

 

Ümummilli lider müstəqil Azərbaycanın iqtisadiyyatının təkcə neft sənayesi üzərində qurulmasının da gələcəkdə arzuolunan nəticələr verməyəcəyini yaxşı bilirdi. Məhz ona görə də neft gəlirləri hesabına iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyin, infrastruktur layihələrinin reallaşdırılmasına çalışmağın vacibliyini dönə-dönə qeyd edir və bunu reallaşdırmağa ciddi səy göstərirdi. Bu məqsədlə qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası yaradıldı, iqtisadi həyatımızda sahibkarlıq fəaliyyəti formalaşmağa başladı.

 

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd respublikamızda insan hüquq və azadlıqlarının təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi.

 

Heydər Əliyev üçün müstəqil Azərbaycanin dövlətçilik fəlsəfəsinin təməlində, əsasında azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Bu fəlsəfə onun memarı olduğu müstəqil Azərbaycanda tədricən öz real əksini tapdı.

 

Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. 2003-cü ilin prezident seçkiləri ərəfəsində həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

 

Cənab İlham Əliyev artıq 11 ildir ki, Azərbaycan Prezidenti kimi uğurla fəaliyyət göstərir.  Ötən dövr ərzində dövlət başçısı əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanıb  və ulu öndər tərəfindən qarşıya qoyulan  vəzifələrin öhdəsindən layiqincə gəlib. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır. Hazırda Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə sabitlik, dinamik  inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə edilir...

 

lll

 

Hər xalqın, hər millətin taleyində ağır, keşməkeşli dövrlər olur. Hər xalq, hər millət o ağır, keşməkeşli dövrü tarixin ən müxtəlif dönəmlərində yaşaya bilər, amma belə bir sınaq məqamı ilə haçansa mütləq üzləşir. Məhz belə məqamda o xalqın, o millətin xilaskarı meydana çıxıb düzgün, müdrik qərar verməklə fəlakətlərin, faciələrin qarşısını alır, böyük bir toplumu məhv olmaqdan xilas edir, onu uçurumdan qoruyur.

 

Amma uzaq və yaxın tarixə baxanda görürsən ki, belə ağır və məşəqqətli dövr hər xalqın, hər millətin taleyində yaşansa da, hər xalq, hər millət həmin zaman öz xilaskarını tapa bilmir və mərhumiyyətlər qaçılmaz olur. Uzağa getməyək, son illər Ukraynada baş verən olaylara nəzər salaq. Avropanın ortasında yerləşən belə bir böyük ölkə bu gün dünyanın güc mərkəzlərinin maraqlarının toqquşduğu poliqona çevrilib, parçalanmaq təhlükəsi ilə üzə-üzə qalıb. Bu gün Ukraynada bu fəlakətlərə son qoya biləcək siyasi lider yoxdur.

 

Belə bir təhlükə ilə 1993-cü ildə Azərbaycan da üzləşmişdi. O zaman xalqın nicat yolu kimi baxdığı ülu öndər Heydər Əliyev meydana çıxdı və Azərbaycanı xaosdan xilas elədi, Xalqı, Milləti və Dövləti uçurumdan qorudu. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövləti üçün elə zəngin bir irs qoyub getdi ki, onun haqqında hər gün saatlarla danışmaq olar, amma söhbət yenə də bitib-tükənməz, yarımçıq qalar.

 

 

İbrahimov Hacı

525-ci qəzet.- 2014.- 10 dekabr.- S.4.