Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
NAXÇIVAN MÜHİTİNİN
YETİRDİYİ GÖRKƏMLİ SİMALARIN AZƏRBAYCAN
MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATINDA
MÜSTƏSNA YERİ VAR
"Azərbaycanın
qədim bölgəsi Naxçıvan tarixən çətin
sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli
bir yol qət edib .Çoxəsrlik dövlətçilik ənənələri
olan bu diyar həmişə xalqımızın zəngin mədəni
irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda
görkəmli elm xadimləri, sənətkarları, tarixi
şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi,
ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına
bağlılıq nümayiş etdirərək dövlət
müstəqilliyimizin bərpası, qorunub saxlanılması və
möhkəmləndirilməsində müstəsna xidmətləri
vardır. Bu gün yüksək potensiala malik muxtar respublika
bütün dövlət proqramlarını, infrastruktur layihələrini
böyük uğurla həyata keçirməsi sayəsində
ölkədə dinamik inkişaf
xəttinə uyğun, fasiləsiz aparılan iri
miqyaslı quruculuq, abadlıq işlərinin fəal
iştirakçısıdır. Naxçıvan hazırda
mötəbər beynəlxalq tədbirlərin təşkil
olunduğu məkana çevrilib ". Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu sözləri Naxçıvanın Azərbaycan
tarixində və müasir həyatında, mədəni və
ictimai-siyasi tərəqqisindəki yerini, rolunu müəyyənləşdirmək
baxımından mükəmməl fikirlərdir. Təsadüfi
deyil ki, ümummilli lider Heydər Əliyev də vaxtilə
Naxçıvanı Azərbaycan xalqının tarixini əks
etdirən abidələri özündə cəmləşdirən
bir diyar kimi səciyyələndirmişdi. Buradakı qədim
tarixi abidələr, maddi-mədəniyyət nümunələri
Naxçıvanın təkcə Azərbaycanın deyil, bəşəriyyətin
təşəkkül tapdığı ən qədim
yaşayış məskənlərindən biri olduğunu
sübut edir. Tarixi tədqiqatlar da hələ eramızdan əvvəl
Naxçıvan ərazisində ulu əcdadlarımızın
yaşayıb-yaratdığını təsdiqləyir. Naxçıvan Muxtar
Respublikasının rəsmi saytına əsaslansaq, burada 1162
tarixi-mədəniyyət abidəsi mövcuddur.Bu abidələrin
58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir.
Bunlardan
663-ü arxeoloji, 285-i memarlıq, 31-i monumental sənət,
36-sı tarixi, 7-si təbiət abidələri, 140-ı ziyarətgahlardır.
Paytaxt
Naxçıvan şəhərindən və 7 inzibati rayondan
- Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz,
Sədərək təşkil olunub. 5 şəhəri
(Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8
qəsəbəsi, 206 kəndi vardır. Muxtar Respublika mərmər,
daş duz, əhəng, gips yataqları, Sirab, Badamlı,
Vayxır, Nəhəcir, Qızılcir kimi nadir mineral sularla zəngindir.
Naxçıvan həm də tarixən ədəbiyyatımızın,
mədəniyyətimizin inkişafında xüsusi rol
oynamış şəxsiyyətlər yetirib. Onlardan bəzilərinin
ömür və fəaliyyət yoluna qısaca nəzər
salmaq kifayətdir ki, Naxçıvanın yetirdiyi görkəmli
simaların Azərbaycan tarixindəki müstəsna rolu daha da
aydınlaşsın.
Naxçıvanın
görkəmli şəxsiyyətlərindən biri böyük mütəfəkkir,
şair və dramaturq Hüseyn Caviddir. 1882-ci ildə
ziyalı, tanınmış din xadimi Abdulla Rasizadənin ailəsində
doğulan, ilk təhsilini Naxçıvanda mollaxanada, sonra isə
M.T. Sidqinin "Tərbiyə" adlı yeni üsullu məktəbində
alan H.Cavid klassik üslubda ilk şeirlərini də
"Gülçin" və "Salik" imzaları ilə
burada qələmə alıb. Cavid klassik Azərbaycan ədəbiyyatının
ən yaxşı ənənələrini davam və
inkişaf etdirən sənətkarlardandır. O, Azərbaycan
romantizminin banilərindən, çağdaş Azərbaycan ədəbiyyatının,
mənzum dramın yaradıcılarından biridir. Sənətkarın
"İblis", "Xəyyam", "Şeyx Sənan"
və başqa əsərləri parlaq ədəbi nümunələrdir.
Görkəmli
ədib - yazıçı,
dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə
1869-cu ildə Naxçıvanda dünyaya gəlib. İlk təhsilini
əvvəlcə mollaxanada, sonra isə üç sinifli
Naxçıvan şəhər məktəbində alıb.
1887-ci ildə Qori Müəllimlər Seminariyasını
bitirdikdən sonra 10 il ərzində İrəvan
quberniyasının Uluxanlı, Naxçıvan
mahalının Cəlilkənd (Şərur rayonu) və Nehrəm
kəndlərində müəllimlik edib. Müəllim
işlədiyi illərdə "Çay dəstgahı"
(1889) alleqorik mənzum dramını, "Kişmiş
oyunu" (1892) komediyasını, "Danabaş kəndinin əhvalatları"
(1894; 1936-cı ildə nəşr olunub) povestini qələmə
alıb. Məşhur "Molla Nəsrəddin" dərgisinin
yardıcısı olan ədibin "Ölülər",
"Anamın kitabı", "Dəli
yığıncağı" kimi əsərləri Azərbaycan və dünya ədəbiyyatının
nadir incilərindəndir.
Naxçıvanın
tanınmış ədiblərindən biri də
maarifçi, pedaqoq, publisist, şair Məhəmməd
Tağı Sidqidir. 1854-cü ildə Ordubadda dünyaya gələn
Sidqi mədrəsə təhsili alıb, klassik şərq
poeziyasını və fəlsəfəsini mükəmməl
öyrənib. Gəncliyində ticarətlə məşğul
olub, ailəsini dolandırmaq üçün çayxana
açıb. Bu məkan bir növ ziyalıların, ədəbiyyat
həvəskarlarının toplaşdığı mədəni
mərkəz, qiraətxana rolunu oynayıb. Sidqi Ordubadda
"Əxtər" (1892, maarifçi ziyalı Hüseyn
Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə
"Tərbiyə" ("Məktəbi-Tərbiyə",
1894) məktəbi təsis edərək xalq müəllimi
kimi şöhrət qazanıb, ədəbi-mədəni tədbirlərin
və teatr tamaşalarının əsas təşkilatçılarından
olub. Yüksək elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin
("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki
Qızlara hədiyyə", "Müxtəsər
coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları
Azərbaycan Milli Elmlər Akademiyası Füzuli adına
Əlyazmalar İnstitutunda saxlanır). Sidqi bədii
yaradıcılıqla da məşğul olub.
Pedaqoji fəaliyyəti
ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən
(300-dən çox), "Məsnəviyyati-mənəviyyə"
adlı irihəcmli mənzumədən, "Kəblə Nəsir"
mənzum hekayəsindən, "Heykəli-insanə bir nəzər"
ədəbi-fəlsəfi traktatından (1912-ci ildə kitab
halında çap edilib), 20-dən çox hekayədən
ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin
nümunələrini yaradıb. "Məktəb hekayələri"
kimi tanınan bu əsərlərdə ("Məktəbə
davam", "Gözütox uşağın hekayəti",
"Yalançı uşaq", "Səxavətli
uşaq" və sair) o,özünün maarifçilik
ideyalarını, pedaqoji görüşlərini, yüksək
mənəvi əxlaqi keyfiyyətlərini bədii şəkildə
təbliğ edib. Sidqi publisistika sahəsində də fəaliyyət
göstərib, "Tərcüman" (Baxçasaray),
"Əxtər" (İstanbul), "Həblülmətin"
(Kəlkəttə), "Kaspi" (Bakı), "Nasiri" (Təbriz)
və sair qəzetlərlə yaxından əməkdaşlıq
edib, ara-sıra məqalələr dərc etdirib. Ana dilində
"Çıraq" adlı qəzet çıxarmaq
üçün təşəbbüs göstərib.Sidqi
1903-cü ildə Kəngərli rayonunun Qarabağlar kəndində
vəfat edib, Naxçıvan şəhərində dəfn
edilib.
Naxçıvan
torpağı Azərbaycan mədəniyyətinə, görkəmli
ədiblərlə yanaşı, istedadlı rəssamı Bəhruz
Kəngərlini də bəxş edib. Kəngərlinin rəssam
kimi püxtələşməsində Cəlil Məmmədquluzadənin
və "Molla Nəsrəddin" jurnalının
böyük rolu olub. Yaradıcılığının ilk
dövründə müəllimi-mollanəsrəddinçi rəssam
O.Şmerlinqin və tələbə yoldaşı L.D.
Qudiaşvilinin portretlərini çəkib, karikatura və
satirik rəsmlər, mənzərə və məişət
səhnələrini əks etdirən rəsm, akvarel və
boyakarlıq əsərləri yaradıb. Azərbaycan təsviri
sənətində realist dəzgah boyakarlığının
təşəkkülü, portret və mənzərə
janrlarının formalaşması Kəngərlinin adı ilə
bağlıdır.
1914-cü
ilin iyununda rəssamın Naxçıvandakı ilk
böyük sərgisi və orada göstərilən rəsmləri
həm yerlilərini heyran edib. Cəmi 7 il
yaradıcılıq fəaliyyəti ilə məşğul
ola bilən Bəhruz Kəngərli 2000-ə qədər rəsm
əsəri yaradıb. 1921-ci ildə Azərbaycanda
açılan ilk böyük sərgidə Kəngərlinin
500-dən çox əsəri nümayiş etdirilib. Əsərləri
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində,
Moskvada Dövlət TarixMuzeyində və şəxsi kolleksiyalarda
saxlanılır. Kəngərli həm də milli teatr rəssamlığının
banilərindəndir. 1910-cu illərdə Naxçıvan
teatrında "Ölülər" (C.Məmmədquluzadə),
"Hacı Qara" (M.F.Axundzadə), "Pəri-cadu"
(Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və
geyim eskizləri verib. A.Babayevin "Yarımçıq şəkil"
pyesi Kəngərliyə həsr olunub. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi
Sədrinin
"Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi
haqqında" sərəncamına (2001, 22 may) əsasən,
Naxçıvan şəhərində muzeyi yaradılıb,
qəbirüstü abidəsi ucaldılıb.
Azərbaycan
memarlığının görkəmli nümayəndəsi,
Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani
memarlıq sənətimizə yeni istiqamət verib,
özünün sənət dühası ilə Səlcuqilər
dövrü memarlığının bir qədər
ağır və sərt üslubuna böyük incəlik və
dinamiklik gətirib, Yaxın Şərq memarlığına
güclü təsir göstərib.
Yaratdığı
abidələrin üzərindəki kitabələrdə
özünü "Əbubəkr oğlu Əcəmi,
Naxçıvanlı memar" adlandıran sənətkarın
təsviri sənəti və mühəndisliyi memarlıqda
üzvi şəkildə birləşdirdiyi aydın
görünür. Şərqin böyük dühaları onu
"Şeyxül-mühəndis" (mühəndislərin
başçısı) adlandırıblar. Əcəminin
yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan
Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla
bağlı olub.Əcəmi
yaradıcılığının Azərbaycan və
Yaxın Şərq ölkələri memarlığına
böyük təsiri var - Marağadakı Göy günbəzdə
(1196), Naxçıvandakı Gülüstan türbəsində
(XIII əsr), Qarabağlar türbəsində (XII-XIV əsrlər),
Bərdə və Səlmas türbələrində (XIV əsr),
türk memarı Sinanın (XVI əsr) İstanbulda tikdiyi
türbələrdə Əcəmi ənənələri
yaşayır. 1926-cı ildə Gəncədə Nizaminin məzarı
üstündə abidə qoyularkən Əcəmi irsindən
istifadə edilib, Nizami türbəsi Əcəmi dühası
ruhunda tikilib. Bakıda ucaldılan
Nizami heykəlinin kürsü hissəsində,
Şuşadakı Vaqif türbəsində, Naxçıvan
şəhərindəki Hüseyn Cavid məqbərəsində Əcəminin memarlıq
irsinin təsiri aydın hiss olunur.
Məşhur
Avstraliya sənətşünası Ernest Dits qeyd edirdi ki,
Sinanın İstanbulda tikdiyi türbələr
Naxçıvan türbələrinin təsiri altında
yaranıb. Sinan ordu mühəndisi kimi 1535-36-cı illərdə
İran səfəri zamanı Naxçıvana gəlib,
Əcəminin memarlıq məktəbi ilə tanış
olub. Abidələrindəki zəriflik, memarlıq
bölgülərinin quruluşu, ornament bəzəklərinin
oynaqlığı orta əsr anlayışı çərçivəsinə
sığmayan bədii təfəkkürün məhsuludur.
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 11 dekabr.- S.8.