"Ulduz"un noyabr sayı çapdan
çıxıb
Bugünlərdə
"Ulduz" jurnalının noyabr sayı işıq
üzü görüb. Dərgi tanınmış tənqidçi
Cavanşir Yusiflinin irad və tövsiyələrlə zəngin
"Orijinal axtarışında" yazısı ilə
açılır: "...Kəsə deyim: bu istiqamətdə,
yəni toplunun kollektiv əməyin və cilalanmış
zövqün (yaxud cilalanıb hesablanmış-!) məhsulu
kimi görünməsinə cəhdlər edilir, bunu danmaq
olmaz. Ancaq cəhd və onun baş tutması ayrı-ayrı
şeylərdir. Bu baxımdan təqdim edilən sayı iki
meyar üzrə dəyərləndirəcəyik: 1. Bir sistem olaraq bu say (bu toplu) nə ifadə edir? 2. Konkret
yazıların bədii məziyyətləri, onların
müasir ədəbi proses kontekstində mövqeyi və nəhayət,
həmin yazıların bir sistem daxilində əlaqəsi.
Fikrimizcə,
"Ulduz" jurnalı ilə "Ədəbiyyat qəzeti"nin
birgə layihəsi ən maraqlı ("Variasiya") rubrikalardan
biridir. Ancaq bu ən
maraqlı rubrikanı gözdən salan nədir? Haruki Murakami,
şübhəsiz ki, rusca yaza bilmir. Onun essesinin müxtəlif
tərcüməçilərin ifasında səsləndirilməsi
niyyət kimi yaxşı olsa da, mətnin orijinala əsaslanmaması
təəssüf doğurur...
Bir
iradımı da bildirim: "Ulduz"dakı rubrikaların,
demək olar ki, hamısı köhnədir, mən bu rubrikalar
içində yeni ideyaların təcəssümünü
görmək istərdim.
Gəlirik ikinci meyara. Bir sistem olaraq bu say (
bu toplu) nə ifadə edir? Yuxarıda qeyd
edildiyi kimi, müəyyən rubrikalar yaransa, paralel köşə
sistemini tətbiq etməklə yeni ideyaları təqdim etmək
olar".
Ekspert
yazısını Xakasiyadan Mariya Okunevanın, Uyğur Elindən
Muhameddancan Raşidin, Bolqarıstandan Əhməd Emin Atasoyun
şeirləri, Qırğızıstandan Damira İbraqimin
Berdibek Sokpakbayevin "Mənim adım Xocadır" hekayəsi
haqqında rəyi izləyir.
Oktay Hacımusalı "Anadoluda Xarıbülbül
sevdalı bir şair" yazısında Osman Başın
"Xarıbülbül" kitabı haqqında
düşüncələrini qələmə alıb. Onun
xakasiyalı şair, jurnalist, alim Natalya Axpaşevadan
götürdüyü müsahibə də jurnalın bu
sayında təqdim edilib.
Jurnalın noyabr sayında türk xalqları ədəbiyyatından
nümunələrə geniş yer verilib. Şimali Kiprdən Altay
Burağan, Arif Ali Akbayrak, Türkmən Elindən Nəsrin
Erbil, Kosovadan Esad Bayram, Agim Rıfat Yeşeren, Türkiyədən
Baki Ayhan, Onur Bəhramoğlu, Şərəf Bilsəl, Tozan
Alkan, Özbəkistandan Sanjar Yanışev, Tuvadan Kuular
Çertlikool, Altay Diyarından Tatyana Baymunduzova, Makedoniyadan
Zeynəb Hüseynin şeirləri poeziyasevərlərə təqdim
olunub.
Nəsrlə
maraqlananlar jurnalın bu nömrəsində Namiq Hacıheydərlinin
"Xaqan oğlu Bars bəy", Türkiyədən Demet
Çizməlinin "Qırmızı göyərçin", Özbəkistandan Məmmədəli
Mahmudovun "Sevgi", Dost Elindən Qoça Qvasalianın
"Şeyxin şahini", Şimali Kiprdən Ərdoğan
Saracoğlunun "Polis idarəsinin qapısında bir adam
vardı", Qırğızıstandan Ayderbek Sarmanbetovun
"İnqilab" hekayələrini oxuya bilərlər.
Jurnalda İlham Rəhimlinin "Qavramaya qeyri-səlis məntiq
işığı" məqaləsi yer alıb. Tanınmış
teatrşünasın yazısında incəsənət
nümunələrinə səlis və qeyri-səlis məntiq
nöqteyi-nəzərdən yanaşması öz əksini
tapıb: "...Səlis məntiqdə qüdrətli sənətkar
başqalarının bacarmadıqları işi görə
bilir. Qeyri-səlis məntiqdə sənətkar
özgələrinin ağlına gəlməyən həqiqətlərə
sənət aynası tutur. Bu dahilikdir.
Səttar Bəhlulzadənin tabloları "Segah" və
"Şiraz Bayatısı"nın
ruhundan şirələnib. Toğrul Nərimanbəyovun
tabloları sehrli nağıl söyləyir,
tamaşaçı onun cazibəsinə düşür.
İlya Repinin rəsmlərində tarixdən
moizə oxuyan möbidin qəltanlı, gur səsi
mövcuddur. Pablo Pikassonun tabloları
turşaşirindir, həmişə qəribə məzə
verir. Van Qoqun əsərlərində ləzzətli kəmşirinlik
daha çoxdur...". Yazıda həmçinin
Müslüm Maqomayev, Luçano Pavarotti, Maykl Cekson, Fyodor
Şalyapin, Frenk Sinatr, Xan
Şuşinski, Rübabə Muradova, Qədir Rüstəmov, Nəzakət
Teymurova kimi görkəmli ifaçıların oxu tərzi,
üslubu haqqında maraq doğuran düşüncələr
qələmə alınıb.
Dərgidə Türkmən Elindən Mehmet Ömər
Kazançının "Şeirin vəzifəsi",
Şimali Kiprdən Şövkət Öznurun "Kipr
türk ədəbiyyatında hekayə", Türkiyədən
Mətin Turanın "Yazının inkişafı və cəmiyyətin
dəyişimi" mövzusunda məqalələr də
işıq üzü görüb.
"Ulduz"un ənənəvi
"Dərgidə kitab" layihəsinin budəfəki
qonağı şair Qəşəm Nəcəfzadədir.
Layihədə Q.Nəcəfzadə "məktub yetişdi",
"Mənim qəhrəmanım", "Əmimin əsgərlik
məsələsi, qırmızı gərdək və mən...",
"Telli xala öldü", "Arvad məsələsi və
"Bobbi" filmi" hekayələri ilə
çıxış edib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 11 dekabr.- S.7.