Özümüz və sözümüz
Dünya nizamını pozan ikili standartlar
...Dünyanın
yaranıb vücuda gəldiyi ilkin başlanğıc barədə
materialist və idealist düşüncənin tam ortasında
qərar tutub, onların min illərdən bəri eşidilən
mübahisəsinə bircə hökmlə aydınlıq gətirmək
fürsətim olsaydı, əminliklə deyərdim ki,
dünya sözdən yaranıb...
Söz
olmadan nə materiya var, nə də şüur...
Ruhla maddi aləm arasında körpüyə
çevrilib onları bir-biri ilə qovuşduran, həyatı
yoxdan var edən sehrli qüvvə məhz Sözdür.
İnsan
sözdə yaşayır, sözdə var olur və kamilliyə,
Haqqın dərgahına doğru aparan o müqəddəs
yolu da sözün işığında arayır...
Bu böyük sözün yaradıcıları və
daşıyıcıları olan mətbuat, televiziya-radio
vaxtın səsidir, zamanın özü barədə hekayətidir. Özünə
jurnalist, yazar deyib, vaxtın səsini dinləmək
iddiasına düşən bir insan qarşısında duran
çox vəzifələr var.
Bir qələm
sahibinin peşəkarlığı, ustalığı onun
söz sevgisinə sadiqliyidir, həm də hansı dövlətə,
xalqa mənsubluğunu sözünün heç bir vədəsində
unutmamasıdır...
lll
İndi kimsə bir çox xarici institutların məqsədli
şəkildə apardıqları təbliğata uyaraq mətbuatın
vətənsizliyi, milliyyətsizliyi barədə dastanlar
uydura, bu sahədə peşə maraqlarının guya milli
maraqlardan öndə gəlməsi xüsusunda
boşboğazlıq edə və bütün bunları cəmiyyətin
faydası, demokratik inkişaf əlaməti kimi qələmə
verməyə ciddi-cəhd göstərə bilər. Neynək, qoy
olsun. Amma...
Azərbaycan - həyata baxışından, siyasi
mövqeyindən asılı olmayaraq hamımızın
ümumi Vətənimizdir.
Onun
taleyinə görə hər birimiz məsuliyyət
daşıyırıq - vətəndaş məsuliyyəti!..
Çünki
bu, həm də bizim öz taleyimizdir,
doğmalarımızın taleyidir...
lll
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay
ömür sürmüşdü. AXC-nin hüquqi varisi
olaraq 1991-ci ildə öz istiqlalını bütün
dünyaya bəyan etmiş müstəqil Azərbaycan dövləti
isə bu ilin 18 oktyabrında müstəqilliyinin 23 şərəfli
ilini geridə buraxdı.
Bu əlamətdar fakt əsrlərcə sürən
möhnət və iztirabların, Azərbaycanın
istiqlalı naminə canını fəda etmiş Vətən
övladlarının çəkdikləri məşəqqətlərin,
yarıda qırılmış ömürlərin əsəridir.
Azərbaycanın
müstəqilliyi böyük dövlət adamı Heydər
Əliyevin memar əllərində zərrə-zərrə
ucalan nailiyyətdir!
Ulu
öndərin yadigarı, Prezident İlham Əliyevin minbir
çətinliklərə rəğmən böyük zəhmət
bahasına qoruyub bütün sahələr üzrə
tarixinin ən cəlallı, ən parlaq günlərinə
yetirdiyi qudsal dəyərdir!
Bu 23 ildə Azərbaycan başlanğıcda
siyasi-iqtisadi təlatümlərin amansızca silkələdiyi,
ruzigarın hər əsintisinin qırılıb yox olmaq
qorxusu ilə təhdid etdiyi körpə, kövrək fidandan
qollu-budaqlı qocaman bir ağaca dönüb.
İndi ölkə sərhədlərindən kənarda
sözümüz daha ucadan, daha ötkəm eşidilir. İllər əvvəl
bizimlə hədə, təhdid, kinayə dilində
danışanlar indi Azərbaycanın dünya
üçün əhəmiyyətini, gərəkliliyini,
ölkə rəhbərinin xalqın vəhdətinə,
gücünə söykənən təpərini, qətiyyətini
nəzərə alaraq intonasiyanı dəyişməyə məcbur
olublar.
Biz hansısa sənətin sahibi olmazdan əvvəl bu
torpaqların sahibi kimi doğulmuşuq. Anamız bizi Azərbaycan vətəndaşı
statusunda dünyaya gətirib və özümüzdən
asılı olmayaraq, Tanrı Azərbaycanı taleyimizə
yazıb! Bizim üçün bütün nailiyyətlərin
son nöqtəsi Azərbaycanın istiqlalıdır və
bütün şəxsi istək və
iddialarımızın bitdiyi yer də Azərbaycanın milli
maraqları olmalıdır!
Bu gün cəmiyyətimizdə insanlar kimi söz və
düşüncə də ona görə azaddır ki, bu
azadlıqlar Azərbaycanın özünün
azadlığından pöhrələnir, vətənin
hürriyyətindən gəlir. Unutmamalı ki, Vətən azad
olmayan yerdə, insanların söz və ifadə
azadlığı ideyası da yerlə-yeksandır, dar sinələrin
əsarətindədir!
Ona
görə də özünü bu vətənin övladı
sayan hər bir qələm sahibi müstəqil Azərbaycan
dövlətinin təəssübünü çəkməyi,
onun milli maraqlarını təmsil etməyi, Azərbaycanın
uğurlarına uğur qatmağı özünə vətəndaşlıq
borcu və ülvi missiya bilməlidir...
lll
...Bu ilin
avqustunda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin yanında dövlət orqanlarının
informasiyanın verilməsinə məsul struktur bölmələrinin
və kütləvi informasiya vasitələri rəhbərlərinin
iştirakı ilə geniş müşavirə
keçirildi.
24 sentyabr
2014-cü il tarixində isə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ermənistan
Respublikası silahlı qüvvələri ilə təmas xəttində
bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam
imzaladı.
Həmin
müşavirə və sərəncama rəvac verən səbəb
yetərincə düşündürücü idi: avqustun əvvəlində
Ermənistan hərbi birləşmələrinin növbəti
təxribatı nəticəsində cəbhə bölgəsində
gərginlik yaşanarkən, cəmiyyət cəbhədən
gələn hər sorağın intizarında ikən kütləvi
informasiya vasitəsi, jurnalist adına
iddialı biriləri, xüsusilə bəzi internet
resurslarının yiyələri insanların narahat hissləri
ilə hərcayı davranmağa başlamışdılar.
O
çağacan peşəkarlıq baxımından təcrübəsi
az olan bu kəslər cəbhə xəttində
vəziyyət barədə yanlış məlumatlar
yayırdılar. Hərbi hissələrimizin dislokasiyası və
hərəkəti barədə düşünülməyən
informasiyalarla, həlak olmuş hərbçilərin
sayının süni şəkildə şişirdilməsi
və bu mövzuda müxtəlif spekulyativ məlumatlarla
özlərinə auditoriya toplamağa can atırdılar.
Cəbhə
bölgəsində yaşayan əhali və ölkə
ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri,
düşmənin maraqlarına xidmət edən məlumatların
sızdırılması belə bir xoşagəlməz
gerçəkliyi ortaya qoymuşdu ki, özünü jurnalist
adlandıran bəzi həmvətənlərimizin
düşüncəsizliyi, məsuliyyətsizliyi, ucuz
populyarlıq qazanmaq həvəsi belə çətin məqamlarda
milli maraqlarımızı ciddi təhdid altında qoya bilər...
lll
Y.V.Çəmənzəminli öz məqaləsində
yaşadığı dövrdəki milli mətbuatımızı
xarab olmuş lampaya bənzədirdi. Göstərirdi ki, bu lampa gah
yanır, gah keçir, yandıqda işıq vermir,
işıq verdikdə şöləsi həmişə bərqərar
olmur: “Mətbuatımızın bu qeyri-sabit halı
oxucuların və millətin halına da sirayət etməmiş
olmur...”
Milli dövlətçilik tariximizin ən parlaq, ən qüdrətli
dövrünü yaşadığımız indiki günlərimizi
o məqalənin qələmə alındığı
zamandan fərqləndirən çox nəsnələr var.
Şükürlər olsun ki, Azərbaycanın
istiqbalı kimi milli mətbuatımızın
çırağı da indi yetərincə gur yanır. Demokratiyanı,
söz və ifadə azadlığını
özünün inkişaf yolu kimi seçmiş, hər kəsin
düşündüyünü söyləməkdə,
yazmaqda, tirajlayıb paylaşmaqda tam azad olduğu müstəqil
ölkəmizdə fəaliyyət göstərən qəzet
və jurnalların sayı artıq minləri ötüb.
Texniki inkişafın bu sıraya əlavə
etdiyi televiziya və radio yayımları, informasiya təqdimatının
misilsiz imkanlarını özündə birləşdirən
internet, sosial şəbəkələr bu sahədə vəziyyəti
keçmiş günlərdəkindən çox-çox fərqli
edir.
Amma o məqalənin
sərlövhəsində görünən ehtiyac, təsvir
etdiyi vəziyyət, ötən əsrin sonlarından bəri
yenə də ara-sıra qəzetlərimizin səhifələrində
görünür, sayları gündən-günə artan
internet resurslarından, sosial şəbəkələrdən
boylanır...
Təəssüf...
və yenə də təəssüf!..
Bu gün
də hal eyni hal!..
Və nə
qədər qəribə olsa belə, bu hallara rəvac verən
səbəblər də yenə yüz il əvvəlkinin
tam eynisi...
lll
Ədalət
naminə bunu əvvəldən yazmalıyam: qəzet səhifələrində,
televiziya-radio efirində, internet portallarında əsl
jurnalistika örnəyi sayıla biləcək
yaradıcılıq nümunələri yetərincədir. Publisistik ifadə tərzləri, mühakimə və
müşahidə qabiliyyətləri, ana dilimizin incəliklərinə
bələdlikləri ilə, yazılarında adamın
gözlərini dolduran, qəlbini sevindirən, ruhuna su səpib
rahatlıq gətirən gənc yazarlarımız, publisistlərimiz
yetişir.
Azərbaycan
teleməkanında problemlərdən danışmazdan əvvəl,
haqq üçün,
onu da qeyd edim ki, AzTV milli-mənəvi dəyərlərin
təbliğində öz ənənəviliyini saxlayır. Ailə və əxlaq kodeksinin, peşə
etikasının tələblərinin qorunması,
yaradıcı fəaliyyətdə keyfiyyətli nəticənin
təmini, dil normalarına riayət edilməsi, geyimdən
danışığadək bütün istiqamətlərdə
milli kimlik amilinin üstünlük təşkil etməsi
dövlət televiziyamızın və radiosunun əsas cəhətidir
və bu, təqdir olunmalıdır.
Və əlbəttə
ki, tək əldən səs çıxmaz...
Əfsuslar
olsun ki, mövzuya qeyri-peşəkar yanaşma tərzi,
dünyagörüşünün kasadlığı,
düşüncə dayazlığı, Sözlə məsuliyyətsiz
davranış da bu gün əksər kütləvi informasiya
vasitələrində oxucuya, tamaşaçıya təqdim
olunan “ucuz məhsullar”da əsəb
qıcıqlandırır, qəlbimizi göynədir.
Qəzetlərin, internet portallarının çoxu məzmun,
tematika baxımından bir-birini təkrarlayır. Onlardan
yalnız birini nəzərdən keçirməklə, demək
olar ki, hamısının məzmunundan xəbər tutmuş
olursan.
Bəzən jurnalistlər boyat məzmunun ifadə formasını
dəyişməyə belə ərincəklik göstərirlər. Kompüterin
texniki imkanlarının son illərin maraqlı terminlərindən
biri kimi fəal leksikona daxil etdiyi “copy-past”
texnologiyasının kəraməti sayəsində
informasiyalar, müəllif yazıları olduğu kimi
köçürülərək başqa mənbələrdə
təqdim olunur. Qəzetlər, saytlar,
televiziyalar arasında qarşılıqlı plagiat
ittihamları bitib-tükənmək bilmir.
lll
Kütləvi informasiya vasitələrində bəzən
ana dilimizin elementar normalarına belə əməl edilmir.
Yüksək
üslubi imkanlara malik, şirəli, musiqili Azərbaycan dili,
böyük dahilərin bircə misrasından, bircə
cümləsindən də xəbəri olmayan, bəzən
adi bir sözün də mənasını bilməyən
mütaliəsiz, bilgisiz, naşı jurnalistlərimizin
korşa qələmində əzab çəkir. Televiziya, radio aparıcılarının pozuq nitqində
zar-zar zarıyır. İnkişafın
yeni dönəmində zənginləşməli olduğu
halda, keçmişin qazandırdığı zənginlikləri
də itirir.
Efirdə
məhəlli danışıq tərzi, sanki, bir normaya
çevrilib, sözlərin vurğusu pozulur,
aparıcıların ləhcəsindən onların hansı
dialektə mənsub olduqlarını dərhal təyin edə
bilirsən, efirə ziyalı statusu ilə çıxan bir
çoxları da məhəlli danışıq tərzlərini
rəndələmək, ləhcələrini ədəbi
dilimizin vahid normaları qəlibində cilalayıb qaydaya
salmaq barədə əsla düşünmürlər. Beləliklə, milli mətbuatımız,
televiziyalarımız, qəzetlərimiz bu gün ədəbi
dil normalarını müəyyən edə bilmir və
bütün bunlar gənc nəslin ana dilində düzgün,
səlis, rəvan kommunikasiya imkanlarına yiyələnməsi
prosesinə mənfi təsir göstərir.
lll
Müharibə
gedən ölkədə populyarlıq qazanmaq xatirinə cəbhə
bölgəsində baş verənlər barədə
ağlına gələnləri yazıb insanların hissləri
ilə oynayanlardan, ictimai rəyi çaşdıranlardan,
sözü ali məqamından endirib
urvatdan salan “reket jurnalistika” kimi qara ləkələrdən
geniş müzakirələr açıldığından, ətraflı
bəhs etməyəcəyəm. Zənnimcə,
bunlar qeyri-peşəkarlıqdan çox, fərdlərin mənəviyyatı,
naşılıq və peşə səriştəsi ilə
bağlı problemlərdir.
Kimlikləri
hər kəsə bəlli olduğu halda xalqa əxlaq dərsi
keçmək istəyənlərin, cəmiyyətə ağıl
xocalığı iddiasına düşənlərin, şou
adı altında “qeybət” xarakterli söhbətlərə rəvac
verən “efir” qəhrəmanlarının
davranışları isə artıq elə bir problemə
çevrilib ki, bunun çarəsini elliklə
axtarmalıyıq...
XXX
Sosioloqlardan birinin “Televiziya evimizin
çağrılmamış qonağıdır” deyimindəki
məntiqə yetərincə diqqət verməliyik.
Televiziya kimsənin fikrini soruşmadan dəvətsiz və
icazəsiz evimizə gəlir, gündəlik məişətimizə
daxil olur, özümüz də bilmədən həyat tərzimizi
müəyyən edən xariqüladə qüvvəyə
çevrilir.
Ona görə də bu sirli qüvvəni
insanların mənəvi tərbiyəsinə yönəltmək,
onun gücündən pozitiv məqsədlərlə istifadə
etmək televiziyanın kəşfindən bəri ötən
bütün dövrlərin aktual məsələsidir.
Əfsuslar
olsun ki, bu gün Azərbaycan tamaşaçısı, dinləyicisi
adına şou-biznes deyilən
bataqlığın girdabındadır, düzgün tərbiyə
verməyə, həyatın min bir pis sifətlərindən,
eybəcərliklərindən qorumağa
çalışdığımız gülüzlü, safqəlbli
körpələrimiz belə bir qorxulu təhdidlə
üz-üzədirlər.
XXX
Efirin ancaq elmi-kütləvi proqramlardan, yalnız
hazırlıqlı auditoriyanın maraqlarına
hesablanmış ağır məzmunlu verilişlərdən
təşkil olunmasına əsla tərəfdar deyilik. Televiziya
tamaşaçılarının, radio dinləyicilərinin
heç də hamısı alim, yüksək təhsil
görmüş ziyalılar deyil. Bu
auditoriyada əyləncə xarakterli verilişlər arzulayan kəsimin
payı daha böyükdür. Amma
şounun da bir əndazəsi olar, bunu da bir qədər səviyyəli,
faydalı formada düşünmək olar, şou xarakterli
verilişlərdə də insanların istirahətini təşkil
etməklə yanaşı, həm də maarifləndirmək,
bilgiləndirmək olar. Əfsuslar ki, hələlik milli
efirimizdə əyləncə tematikasının ən səviyyəsiz,
ən az istedad və qabiliyyət tələb
edən, ən bəsit ifadə tərzi ilə
baş-başayıq.
Ən pisi budur ki, şou sənayesi təmsilçiləri
reklam, məşhurluq xatirinə, cəmiyyət həyatı
üçün mühüm aktuallıq kəsb edən
az-çox ciddiliyə iddialı verilişləri də
inhisara alıblar. Bütün mövzularda, demək olar ki,
ancaq onlar danışır, bütün mövzuların
müzakirəsində, ancaq onlar görünür.
Bu insanlar hər fürsətdə öz bayağı həyat
tərzlərinin, imkanlı həmvətənlərimizin xeyir
işlərdəki sadəlövh bədxərcliyi hesabına
əldə edilmiş bahalı maşınlarının, təmtəraqlı
evlərinin, dəbdəbəli geyimlərinin nümayişinə
çalışırlar. Axı ömründə bircə
kitabın da üzünü açmamış belə “sənətçi”lərin
həyat tərzi, zövqü, dünyagörüşü, məsələlərə
münasibəti nədən cəmiyyət üçün norma müəyyənləşdirməlidir,
etalona çevrilməlidir?!
Onların işi, sənəti nədir? Oxumaq!..
Tamam... Qoy istədikləri qədər oxusunlar, buna kimsə
bir söz demir, yoxsa əllərini müdrikcəsinə
çənələrinə dayayıb, ünlü fransız
heykəltəraşı Ogüst Rodenin yaratdığı
“Mütəfəkkir” heykəlinin pozasını alaraq,
“müdrik məsləhətlərini” efirdən bizlərə
sırımalarına və yaxud başqasının ailə-məişət
problemlərinə yersiz müdaxiləyə nə hacət?!
Belələrini fetişləşdirmək, bütləşdirmək
və ən nəhayət filosoflaşdırmaq kimə xeyir gətirəcək,
kimə?!
XXX
Akademik
Ramiz Mehdiyev bir müddət əvvəl indiki gənclərimizin
həyata baxışlarında, davranışlarında nəzərəçarpan
xoşagəlməz bir meyli ziyalı narahatlığı ilə
diqqətə çatdırmaqla, əslində cəmiyyətin
sabahını düşünən hər kəsin narahat
düşüncələrini ifadə etmiş oldu: “Heç
bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar
ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki,
onun gözəl evi, bərbəzəkli maşını və
kifayət qədər pulu olsun. O, həyatın mənasını
ancaq əylənməkdə görür. Bütün bunlara
nail olmaq üçün o, min bir vasitəyə əl
atmağa, o cümlədən qanunu və əxlaq
normalarını da aşmağa hazırdır. Zəhmət
çəkməyi, çalışmağı, əziyyətə
qatlaşmağı o, ümumiyyətlə istəmir...”
Müasir gəncliyimizin həyatın mənası ilə
bağlı tərəddüdlərində, illərdir efirdən
evimizə soxulan ucuz və mənasız şouların, bu mənasızlığın
təlqin etdiyi yanlış yolun, yanlış
düşüncənin rolu çox böyükdür.
Əyləncə sənayesinin zahirən göz
qamaşdıran, daxili isə bomboş meşşan həyat tərzi
ilə cəmiyyətimizə sırıdığı saxta dəyərlər,
mənasız obrazlar hələ yolun başında olan bəzi
gənclərimizi öz yollarından yanıldır, onları
hədəflərindən yayındırır.
lll
Uşaqlığımızın,
gəncliyimizin elə bəstəkar mahnıları var ki,
aradan keçən illər yaddaşımızda onların
üzərinə toz qondurmayıb, o nəğmələr
indi də qəlbimizin ahəngidir, dodağımızın
zümzüməsidir, bu mahnıların bahar şəbnəmi
kimi saf, duru misraları bir ömür boyu ruhumuzun yol
yoldaşıdır.
Başqa
cür ola da bilməzdi, çünki o
mahnıların sözlərini əsl söz sərrafı
olan şairlərimiz yazıb, dahi bəstəkarlarımız
bəstələyib, korifeylərimiz ifa edib və bu
mahnılar efirə, oradan isə qəlblərə yol tapmaqdan
ötrü yaradıcılığın min bir süzgəcindən
keçib.
Amma indi hər
şeyin meyarı itib, dadı-bərəkəti
qaçıb, eyni şəxs həm mahnının sözlərini yazır, həm
musiqisini “bəstələyir”, həm də efirə
çıxıb oxuyur və belə “universal” konveyer üsulu
ilə gündə əllisi qoşulan bu cür kəpənək
ömürlü mahnılar sabun köpüyü kimi
dağılıb gedir, onlardan, demək olar ki, heç nə
yadda qalmır.
Bu
ağrılı mövzunu əsrlər əvvəl də
insanların diqqətinə çatdıran Həsən bəy
Zərdabinin təbirincə desək, “Bu mahnılara baxıb təəccüb
edirsən ki, xudavənda, onları kim və
nə üçün düzəldib?!”
Belə mahnılar insanların zövqünü
korlayır, cəmiyyətin mədəni inkişafına xələl
gətirir, cəmiyyəti savaddan, mədəniyyətdən
uzaq salır.
Televiziyaların proqram siyasətinin nizama
salınması, xüsusilə milli mədəniyyət incilərimiz
olan Azərbaycan bədii filmlərinin televiziyalarda
yayımı ilə bağlı ümumi koordinasiya sisteminin
yaradılması da zərurətdir. Yoxsa eyni Azərbaycan
filminin, tutaq ki, “O olmasın, bu olsun” kinosunun ya
bütövlükdə, ya da bir epizodunu bu kanalda, həmin
epizodun davamını eyni vaxtda başqa kanalda izləməli
olursan və bu cür xaotik yayım siyasəti o filmləri
tamaşaçı üçün adiləşdirir,
maraqsızlaşdırır, dəyər kimi gözdən
salır.
Bir filmin,
bir yubiley gecəsinin və ya hər hansı başqa arxiv
materialının eyni gündə və eyni zaman ərzində
müxtəlif kanallarda və proqramlarda təkrar-təkrar
nümayişində məqsəd nədir?!
Milli dəyərlərə, milli sərvətlərə
belə sayğısızlıq haradan qaynaqlanır?!
Fikrimizcə,
bütün bu məsələlərin az-çox sahmana
salınmasından ötrü vahid bədii,
proqramlaşdırma və koordinasiya şurasının
yaradılmasına, efirə verilməzdən qabaq hər yeni
mahnının musiqisinin, sözlərinin ciddi şəkildə
bədii nəzarətdən keçirilməsinə, eyni
zamanda təkrarçılığı
aradan qaldırmaq üçün televiziyaların proqram siyasətinin
koordinasiyasına böyük
ehtiyac var.
Televiziya aparıcılarının, efirə
çıxan insanların zahiri görkəmi, geyim tərzi,
paltarlarının rəngi, biçimi də ciddi bir məsələdir. İnsanın
adi həyatdakı zahiri görünüşü,
yaraşıqlı, ya kifirliyi, geyiminin şıq
olub-olmaması əsla sorğulanmaz, bu təbiətin verdiklərinə
və maddi imkanlara bağlı məsələdir. Amma söhbət televiziya efirindən gedəndə
burada vəziyyət dəyişir. Televiziya
özünün efir estetikası ilə insanların geyim,
zahiri görünüş zövqünü müəyyən
edən, onlara düzgün davranış normaları
aşılayan əhəmiyyətli təsisatdır, televiziya
ekranına necə gəldi geyinib, bəzənmək, necə
gəldi görünüb çıxmaq düzgün deyil.
Əfsuslar olsun ki, bu gün əksər
televiziyalarımızda bu məqama əsla diqqət yetirilmədiyindən
efir zövqdən çox, zövqsüzlük,
bayağılıq aşılayır.
XXX
Bu gün
bəzi kanallarda nümayiş etdirilən bir çox
verilişlərin ideyası və süjeti xarici, xüsusilə
Türkiyə və Rusiya televiziyalarından bəsit
köçürmələrdir, bilavasitə özümüzə
aid olan, özümüzü ifadə edən, dünya teleməkanında
Azərbaycanın vizit kartı sayıla biləcək
verilişlər, demək olar ki, yox səviyyəsindədir...
Televiziyalarda nümayiş etdirilən xarici filmlərin,
kəskin süjetli kadrların, zorakılıq aşılayan
görüntülərin insanların ruhi durumuna pis təsir
göstərdiyini yazmaqla yenilik kəfş etmirəm, əslində,
bu, uzun illər boyu aparılan elmi araşdırmalar
gedişində zaman-zaman öz təsdiqini tapmış həqiqətdir.
Konfliktləri,
kriminal xarakterli olayları sosial münasibətlər sistemindən
yığışdırıb kənarlaşdıra bilmərik,
bunlar yüz illər əvvəl də olub, bu gün də
var, yəqin ki, sabah da olacaq. Biz mövcud təbliğat,
maarifləndirmə vasitələrindən faydalanmaqla insanlar
arasında daha rahat, səbrli, təmkinli bir ortamın
formalaşdırılmasına nail ola bilərik
və televiziya bu vasitələrdən ən
mühümüdür.
Amma bu gün özəl telekanallar bu missiyanın tamam əksini
yerinə yetirir, heç bir ictimai əhəmiyyəti olmayan
kriminal olaylar ətürpədən detallarına qədər
görüntülənməklə əsəblər
tarıma çəkilir, heç fərqinə də varmadan
zorakılıq, hüzursuzluq təbliğ edilir.
Efirə
çıxıb şəxsi həyatını utanmadan intim
detallarına qədər sərgiləyən, evinin, ailəsinin
sirrini televiziyadan aləmə car çəkən
insanların davranışlarında Azərbaycan kişisinin,
Azərbaycan qadınının, Azərbaycan ailəsinin
yüz illər ərzində formalaşmış ictimai
obrazı sarsılır, yerlə-yeksan olur.
Bax, bu,
olduqca qorxulu bir tendensiyadır!
XXX
Özüm sosial şəbəkə istifadəçisi
olmasam da, ölkəmizdə informasiyalı cəmiyyətin,
azad internetin mövcudluğuna dəlalət edən, insanlar
arasında kommunikasiyaları misilsiz şəkildə
asanlaşdıran bu texniki platformaya rəğbət bəsləyirəm.
Amma bu sahənin bilicilərindən sosial şəbəkələrdəki
real mənzərə barədə eşitdikcə, bu şəbəkələrdə
baş verənlər xüsusunda məqalələr oxuduqca
içimdəki narahatlıq artır.
Oxumaq,
öyrənmək, maariflənmək və bütün
bunları başqaları ilə də paylaşmaq
baxımından təkrarsız imkanlara malik bu cür platforma,
əfsus ki, istifadəçi auditoriyasının böyük
kəsimi üçün sadəcə virtual dostları ilə
laqqırtı vurmaq, şəxsi həyatını sərgiləmək,
bəzənsə sosial şəbəkələrdən
ayrı-ayrı fərdlərə, cəmiyyətə, bəzənsə,
hətta öz dövlətinə qarşı təhqir,
böhtan, şantaj aləti kimi istifadə vasitəsidir.
Ən pisi də budur ki, bizim gəncliyimiz, gələcəyimiz
müəyyən istisnaları nəzərə almasaq, pis vərdişlərin
baş alıb getdiyi, ana dilimizin elementar qaydalarına belə
riayət olunmadığı, etik normaların gözlənmədiyi
belə bir virtual mühitin təsiri altında yetişir. Əslində, sosial şəbəkələrdəki
bu qorxulu meylin real həyatdakı durumun aynası olduğunu nəzərə
alsaq, virtual dünyada da yüngül mövzuların,
insanların qızıl kimi qiymətli vaxtını əllərindən
alan bəsit əyləncələrin dominantlığına
təəccüblənməyə bilmirsən.
XXX
Ciddi
media, kitab, sanballı məzmuna malik televiziya, radio verilişləri
bu gün də cəmiyyətimizin yalnız məhdud bir kəsiminin
gündəlik həyat tərzidir.
Azərbaycanda insanların dolanışıq səviyyəsi,
şükürlər ki, indi yetərincə
yaxşıdır. Ən azı modern ictimai-iaşə
müəssisələrində, alış-veriş yerlərində
müşahidə edib ölkəmizdəki sosial-iqtisadi
inkişafın xoş nişanəsi kimi fərəhləndiyimiz
qələbəlik Azərbaycanda qəzetə, kitaba pul xərcləmək
imkanına malik milyonlarla insanın
yaşadığını göstərir.
Biz təhsilin,
təxminən bir əsrdir, icbari xarakter
daşıdığı, hər il minlərlə
gənc vətəndaşımızın ali məktəblərdən
məzun olduğu savadlı insanlar ölkəsində
yaşayırıq.
Ona
görə bəzən jurnalistləri qeyri-peşəkarlıqda
günahlandırarkən, imkan daxilində gündə bir
neçə qəpiyimizlə qəzet alıb ciddi mətbuata
dəstək vermək, aylıq xərclərimizin cəmi bir
neçə manatını yeni kitablara ayırmaqla gənc,
istedadlı yazarlarımıza, mütərcimlərimizə
dayaq olmaq, səriştəli jurnalistlərimizin min bir əziyyəti
bahasına başa gələn sanballı verilişləri
televizorlarımızın idarəetmə pultlarında, nə
yazıq ki, yüksək reytinq gətirən səviyyəsiz
şouların, şou-biznes əhlinin dedi-qodularının
ayağına verməmək qayğısına da
qalmalıyıq.
İndi qarşıda duran əsas məsələ,
insanlarımızı qəzetə, kitaba, ciddi verilişlərə,
bir ömür boyu maariflənməyə, sözə dəyər
verib onun işığına sığınmağa,
sözün hərarətində isinməyə və
sözünə sahib çıxmağa öyrətməyin
yollarını aramaqdır, kütləvi marağı bu hədəfə
yönəltməkdir.
Azərbaycan jurnalistikası da bu istiqaməti
özünün əsas missiyası elan etməlidir. İndi milli
jurnalistikamızın əsas məramı, əsas mövzusu
cəmiyyətimizin mədəni inkişafı,
insanlarımızın maariflənməsi, Azərbaycanın
inkişafına uyğun sivil bir ictimai mühitin
formalaşdırılması olmalıdır.
Elə bir mühit ki, hamı bir-birinə hörmət və
sevgilə yanaşsın, savadlılıq, bilgi sahibliyi, əsl
mədəniyyət, ədəbiyyat, musiqi bu mühitin ən
qiymətli sərvəti sayılsın. Valideynlər
qız uşaqlarının erkən ərə verilməsi
yox, təhsil alması qayğısına qalsınlar, insanlar
demokratiya ilə xaos, vicdan azadlığı ilə xurafat,
doğru ilə yanlış arasında daim aydın seçim
edə bilsinlər, öz dövlətçilik dəyərlərinə
sahib çıxsınlar, milli hədəflər
qarşısında məsuliyyət hissini unutmasınlar.
Elə
bir mühit ki, burada insanlar özlərinin azadlıqları ilə
birgə başqalarının hüquqları barədə də
düşünsünlər, fərdi əxlaqla yanaşı,
ictimai əxlaq normaları da qorunsun, burada heç kim əlindəki zibili küçəyə
atmasın, növbələrdə basabas salmasın, insanlar
hansısa anlaşılmazlığa görə bir-birindən
üzrxahlıq etməyi özlərinə ar bilməsinlər,
adi bir mübahisə ailələrin faciələrinə
çevrilməsin.
Elə
bir mühit ki, burada heç kim dəbdəbəli
həyatı, israfçılığı, geyiminin
markası, avtomobilinin bahalığı ilə öyünməsin,
bu mühitdə hər kəs dövlət rəhbərinin,
onun ailə üzvlərinin sadəliyindən, təvazökarlığından,
nəcib əməllərindən
görüb-götürsün, həyatın mənasını
cəmiyyət üçün faydalı olmaqda axtarsın.
Bax budur,
çağdaş jurnalistikamızın özü və
sözü ilə diqqət yetirməli olduğu məsələlər!..
Bax budur,
təlqin olunmalı dəyərlər!..
XXX
...Bu
düşüncələrimi qeydə alarkən, akademik Ramiz
Mehdiyevin “İkili standartların dünya nizamı və
müasir Azərbaycan” adlı tədqiqat əsərini oxudum. Bu yazıda bir qütblü dünyaya
transformasiyanın doğurduğu geosiyasi təlatümlərdən,
ikili standartların nəticə etibarilə bəşəriyyəti
savaş, qan təşnəsinə çevirməsindən bəhs
edir. Dövlətləri və millətləri
səfil günə salan bu fırtına önündə Azərbaycanın
və onun lideri İlham Əliyevin mətin duruşunu, qətiyyətli
müqavimətini real faktlarla göstərir.
Böyük vətəndaş yanğısı ilə ərsəyə gələn bu əsərin təəssüfatı məndə indicə üzərində işlədiyim bu mövzu ilə də bağlı dolğun rəy və konkret fikir yaratdı. Bəli, reallıq budur ki, Azərbaycana yönəlmiş təhdidlər yalnız geosiyasi və geoiqtisadi yönümdə deyil, bu, həm də mənəvi sferada öz fəsadlarını törədir. “Beşinci kolon” ancaq ictimai-siyasi proseslərə təsir göstərməyə çalışmır, bəlkə də daha çox mənəviyyat sahəsini, mənəvi dəyərlərimizi hədəfə götürüb. Açıq etiraf edək, bu gün məmləkətimizdə mənəvi sahədə baş verən aşınmalar, təlatümlər əslində, elə mənəviyyatımıza yönəlmiş “Xaç yürüşlərinin” nəticəsi deyilmi?!.
Min il öncə əllərində qılınc İslam torpaqlarına yürüş edənlərin xələfləri bu gün dillərində “qloballaşma”, “müasirləşmə”, “demokratiyanın ixracı” kimi “patofon kəlmələri” ilə silahlanıb, yenidən müsəlman dünyasına hücum çəkir və doğma Azərbaycanımızı da “səlib savaşı”na qoşmaq istəyirlər...(?!)
Bu gün mənəviyyat sahəsində baş verən hər hansı bir problemə biz Azərbaycan çərçivəsində - lokal miqyasda baxmayaq. Bunlar qlobal məkandan ölkəmizə transformasiya edilən bəlalardır. Bunun qarşısında isə acizlik və laqeydlik göstərilməsi, mübaliğəyə varmıram, elə Vətənə xəyanət kimi bir şeydir!..
Bu məqamlara bizim hamımız və əsasən də mətbuatımız xüsusi diqqət yetirməli, bu ikili standartların baş alıb getdiyi laqeyd və biganə dünyada düşmən dəyirmanına su tökməməliyik!..
...Dünyanın təlatümlü yoluna sözlə çıxdıq beləcə...
Bu yol - getdikcə bitməyən intəhasız bir yoldur...
Sevgi, ümid, ruhu isindirən ən gözəl hisslərin izharıdır söz...
Söz həm də Vətəndir!.. Səmada dalğalanıb Vətən torpaqlarına şölə saçan bayraqdır!..
Bəs onu kim qorumalıdır?
Bu müqəddəs sözün - müqəddəs Azərbaycan sözünün işığında və müstəqil Azərbaycanın bayrağı ətrafında birləşməyə hamımızın ehtiyacı var, hamımızın...
Və biz - Azərbaycan ziyalıları sözümüzlə, vətəndaş mövqeyimizlə, ictimai qınaq imkanlarımızla bu vəziyyəti müsbətə doğru dəyişməkdə yubanmamalıyıq!
Və... böyük Üzeyir bəyin dediyi kimi: “Bu vətənin taleyi - hamının taleyidir...”
Bəs bu taleyin təəssübünü kim çəkməlidir?..
İmamverdi İSMAYILOV
525-ci qəzet.-
2014.- 11 dekabr.- S.6.