Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf etdirilməsi
AZƏRBAYCAN DÖVLƏTİ ÖLKƏDƏ DİNİ VƏ MİLLİ TOLERANTLIQ MÜHİTİNİN QORUNMASINI PRİORİTET İSTİQAMƏT KİMİ DİQQƏTDƏ SAXLAYIR
Dini tolerantlıq baxımından ölkəmizin
dünyaya örnək olduğunu söyləsək, heç
də yanılmarıq. Həqiqətən də Azərbaycan bir
çox digər sahələrdə olduğu kimi, dini
tolerantlıq baxımından da nümunəvi ölkələr
sırasındadır. Bunu ölkəmizdə
səfərdə olan nüfuzlu qonaqlar, siyasətçilər
və din xadimləri də təsdiqləyirlər.
Ölkə rəhbərliyinin yürütdüyü
siyasət nəticəsində insanlar vicdan azadlığı
üçün münbit şərait əldə ediblər.
Məscidlərə, ibadət yerlərinə getmək
üçün heç bir problem yoxdur. Təkcə
İslam dini ilə deyil, ümumiyyətlə, hər hansı
dini durumla bağlı problem mövcud deyil. Bu Azərbaycanın dini, milli və irqi
ayrıseçkilik məsələlərinə nə dərəcədə
həssas yanaşmasının nümunəsidir. Etnik və dini cəhətdən rəngarəng
dövlət olan ölkəmizdə əsrlər boyu azərbaycanlılarla
yanaşı, müxtəlif başqa millətlərin
nümayəndələri də bərabər şəkildə
yaşayıb. Onlar bu gün müstəqil
Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.
Müxtəlif dinlərin nümayəndələri
arasında əlaqələr həmişə dostluq
münasibətləri səviyyəsində qurulub,
tolerantlıq ənənələri möhkəm bərqərar
olub.
Azərbaycan bir çox millətlərin və dinə mənsub
adamların dinc yaşadığı məkan kimi əvəzsiz
nümunədir. Bu ənənənin kökləri tarixin
dərinliklərinə gedib çıxır. Eramızın birinci yüzilliyinin ortalarında
xristianlığın ilk ardıcılları Azərbaycana pənah
gətirərək Alban kilsəsinin əsasını qoyublar.
İslamın Azərbaycana gəlişi ilə
dini dözümlülük ənənələri daha da
möhkəmlənib.
Xüsusən son 20 ildə respublikamızda dövlət-din
münasibətlərinin tənzim edilməsi, dini-mənəvi
dəyərlərin pozitiv potensialından səmərəli və
məqsədyönlü istifadə olunması ilə
bağlı görülən böyük işlərin mahiyyətini
düzgün başa düşmək üçün
müstəqillik dövrünün ilk illərində ölkənin
dini durumuna nəzər salmaq yerinə düşər.
Müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti
üçün həyatın bütün sahələrində
olduğu kimi din sahəsində də müəyyən pərakəndəlik
səciyyəvi idi. Müstəqillik qazandıqdan sonra dini
azadlıq əldə edən, Sovet dövründə yaşayıb-böyümüş
insanlar bu vaxta qədər alışmış olduqları
ictimai yönümü itirdilər. Ölkədə
qeyri-ənənəvi dinləri, deskruktiv sektaları yaymaq məqsədi
güdən bir sıra xarici missioner təşkilatların fəaliyyəti
geniş vüsət aldı. Erməni təcavüzü
nəticəsində ölkə ərazisinin böyük bir
hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın
və köçkünlər ordusunun yaranması ilə
bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən,
cəmiyyətimizin, xalqımızın gələcəyi,
onun müasir millətlər toplusuna daxil olması yolunda ciddi əngəllər
törədirdi. 1992-ci ildə tələsik, bölgədə
dinin yayıldığı tarixi şəraiti tam nəzarətə
almadan hazırlanmış "Dini etiqad azadlığı
haqqında" Azərbaycan Respublikası Qanununun qəbul
edilməsi də dini duruma dövlət nəzarətini təmin
edib, köklü dəyişiklik yarada bilmədi. Əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər, müxtəlif missioner təşkilatları
qanundan və xüsusilə orada olan boşluqlardan istifadə
edərək insan haqları və əsas azadlıqlar adı
altında milli təhlükəsizlik və ictimai asayiş tələblərinə
cavab verməyən dini firqələrin ölkəmizə və
millətimizə yad inanclarını yaymağa
başladılar.
Ümummilli lider Heydər Əliyev respublikada yenidən
hakimiyyətə qayıdanda cəmiyyətin dinə
bağlı durumu belə mürəkkəb və ziddiyyətli
idi. Bu cür çətin şəraitdə yalnız
yüksək dövlətçilik təcrübəsi olan bir
rəhbər ölkədəki vəziyyəti düzgün
qiymətləndirib dönüş yarada bilərdi. Bu məqsədlə "Dini etiqad
azadlığı haqqında" Azərbaycan Respublikası
Qanununda müəyyən dəyişikliklər edildi.
Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu yolu millətin özünü dərindən
dərk etməsini tələb edir, milli özünüdərk
isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə,
adət-ənənələrinə müraciət edilməsini
labüdləşdirir.
Bu sahədə görülən bütün işlər
müvafiq qanunvericilik aktlarına əsaslanır. Azərbaycan
Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi də ümummilli lider Heydər Əliyevin 21 iyun
2001-ci il tarixli fərmanı ilə Azərbaycan
Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata
keçirilməsi üçün müvafiq şəraitin
formalaşdırılması və dini etiqad
azadlığı ilə bağlı qanunvericilik
aktlarının tələblərinə riayət
olunmasını təmin etmək məqsədilə
yaradılıb.
Bu gün
Azərbaycanda dini zəmində münaqişələrin
olmaması insanların sərbəst olaraq öz əqidə
formasını seçməsi, dini dözümlülük və
tolerantlıq şəraitinin yaradılması, bu
uğurların bir çox beynəlxalq təşkilatlar,
dünyada nüfuzlu din xadimləri və böyük ölkələr
tərəfindən etiraf olunması Heydər Əliyevin dini
sahədə müdrik siyasət yürütməsinin və həmin
siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.
Ölkəmizdə
müxtəlif dinə və etnik mənşəyə malik
xalqlar dost, qardaştək əl-ələ,
çiyin-çiyinə bərabərhüquqlu vətəndaşlar
kimi yaşayırlar. Azərbaycan burada
yaşayan hər kəsin doğma vətəninə
çevrilib, milli azlıqlar yerli xalqla
qaynayıb-qarışıblar. Qonaqpərvərlik,
dostcanlılıq, sadəlik, xeyirxahlıqla yanaşı
tolerantlıq da Azərbaycan xalqına xas əsas mənəvi
keyfiyyətlərdəndir. Milli
azlıqlarla bağlı məsələ dövlətin siyasətində
də prioritet istiqamətlərdən biri kimi
götürülüb. Ümummilli lider
Heydər Əliyev Azərbaycanda yaşayan xalqları ölkənin
ən başlıca sərvəti adlandırırdı.
H.Əliyev tərəfindən əsası
qoyulan bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Dövlət
Statistika Komitəsinin son məlumatına görə, ölkəmizdə
əhalinin təxminən 90.6 faizini təşkil edən azərbaycanlı-türklərdən
əlavə, say nisbətinə görə sıralasaq, ləzgilər,
ruslar, ermənilər, talışlar, avarlar, türklər,
tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər,
tatlar, yəhudilər, udinlər və digər daha azsaylı
xalqlar - ingiloylar, xınalıqlılar, lahıclılar,
haputlular, əliklilər, ceklilər, qrızlılar,
rutullular, kilitlilər yaşayır. Bu
xalqların əksəriyyəti yalnız öz etnik tərkiblərindən
ibarət olmaqla kompakt şəkildə ayrıca
yaşayış məntəqələrində məskunlaşıblar.
Hazırda ölkənin şimal və
şimal-qərb bölgəsində etnik tərkibin əsas
faizini təşkil edən (son statistikaya görə 278 min nəfər)
Quba, Qusar, Xaçmaz, Oğuz, Qəbələ və digər
rayonlarda bütövlükdə, yaxud böyük əksəriyyəti
ləzgilərdən ibarət çoxlu sayda kənd
mövcuddur.
Azərbaycanda
sayı 150 mindən artıq olan ruslar isə Bakıda,
Sumqayıtda və Gəncədə, o cümlədən
kompakt halda İsmayıllının İvanovka, Gədəbəyin
Novosaratovka, Novoivanovka, Qorelsk və Slavyanka, Goranboyun Rus Borisi,
Şamaxının Çuxuryurd, Qızmeydan və Nağaraxana
kəndlərində məskunlaşıblar. Bu
kəndlərdən əsası XIX əsrin ortalarında
qoyulan və yaradıcısı İvan Perşin şərəfinə
adlandırılan İvanovka daha məşhurdur. Kənddə əsasən, çar hakimiyyəti
dövründə Qafqaza köçürülmüş
molokanlar yaşayır. İsmayıllıda
qədim etnik xalqın məskunlaşdığı kəndlərdən
biri də Lahıcdır. Əsasının
erkən orta əsrlərdə qoyulduğu ehtimal olunan kəndin
əhalisinin - lahıclıların Sasanilər dövründə
Gilanın Lahican əyalətindən köçüb gəldikləri
güman edilir.
Etnik zənginliyinə görə ölkənin ən rəngarəng
rayonu hesab olunan Quba, azsaylı nadir etnik toplumların
mövcudluğu baxımından da diqqəti çəkir. Rayon ərazisində yerləşən,
nəinki ölkəmizdə, bütün dünyada
tanınan, 99 faizi dağ yəhudilərindən ibarət
Qırmızı Qəsəbənin 280-300 ilə yaxın
tarixi var. Vaxtilə indiki İsrail ərazisindən İraqa,
sonra İrana, oradan isə xanlıqlar dövründə Azərbaycana
köç etmiş yəhudilər Qudyalçayın sol
sahilində məskunlaşıblar və Quba xanı Fətəli
xan tərəfindən onların təhlükəsizliyi tam təmin
edilib.
Qubada
nadir etnik xalqın yaşadığı daha bir ecazkar
yaşayış məskəni Qafqaz dağlarının 2400
metrlik zirvəsində, 5 min illik tarixə malik olduğu
güman edilən Xınalıq kəndidir. Özlərini
kətşlər (Xınalıq dilində - müqəddəs)
adlandıran xınalıqlılar etnik qrupu minilliklər boyu
xalqımızın tolerantlığına borclu olaraq öz
dilini, adət-ənənələrini bugünədək
qoruyub saxlamağı bacarıblar. Rayon ərazisində
Şahdağ milli etnik qrupuna aid edilən yergüclülər,
əliklilər, buduqlular, ceklilər, qrızlılar, haputlular
və tatların məskunlaşdığı eyniadlı kəndlər
də var.
Lənkəran-Astara
bölgəsində talışların, ermənilərin
işğalına qədər Laçın, Qubadlı, Zəngilan
və Kəlbəcərdə kürdlərin, Balakən,
Zaqatala və Qaxda gürcülərin, ingiloyların,
avarların, saxurların, Oğuzda və Qəbələnin
Nic kəndində qədim Qafqaz Alban tayfalarından udinlərin
- bu adda etnos hazırda yalnız Azərbaycanda mövcuddur -
kütləvi şəkildə məskunlaşmaları, bu
xalqların hər birinin öz dilində danışmaq, ənənəvi
dinlərinə tapınmaq, özlərinə aid hər
şeyi qorumaq hüququna və müstəqilliyinə malik
olmaları Azərbaycandakı tolerantlığa parlaq
misaldır. Xalqımız Ahıska türklərinə
də XX əsrin 50-ci illərindən qucaq açıb.
1944-cü ildə Ahıskadan sürgün edilən
ahıskalılar həmişə qayğı, məhəbbət
gördükləri Azərbaycanı özlərinin ikinci vətəni
hesab edirlər. Fərqanə hadisələrindən
sonra yenidən ölkəmizi pənah yeri seçən
Ahıska türklərinin burada sayı hazırda 100 mindən
artıqdır.
Bütün
sadalanan faktlar bu xalqların nümayəndələrinin
özlərini Azərbaycanda qətiyyən yad hiss etmədiyinə,
onların respublikanın bərabərhüquqlu vətəndaşları
olaraq milli kimliklərini qoruduğuna əyani sübutdur.
Bir faktı da mütləq qeyd etməliyik ki, hazırda
Ermənistanla faktiki müharibə şəraitində
yaşamağımıza baxmayaraq, ölkəmizdə təxminən
30 minə qədər erməni yaşamaqda davam edir. Sülhü dəstəkləyən
Azərbaycan xalqı bu günədək erməni
işğalında olan tarixi torpaqlarını hərbsiz,
danışıqlar yolu ilə qaytaracağına inanır.
Hətta ermənilərin bu qədər
zülmündən sonra da xalqımız yenidən onlarla əvvəlki
kimi dostluq qurmağa hazırdır. Çünki
tolerantlıq, özündən qeyrisinə də sayğı
ilə yanaşmaq xalqımızın qanındadır. Ölkəmizin malik olduğu təbii sərvətlər
nə vaxtsa tükənə bilər, amma genetik
yaddaşımızda kök salan ən ümdə milli sərvətimiz
- digər xalqlara bəslədiyimiz sevgi, sayğı və
tolerantlıq tükənməyəcək, əksinə,
paylaşmağı bacardıqca daha da artacaq.
Bu gün Prezident İlham Əliyev mütəmadi olaraq
dini icmaların liderləri ilə görüşür,
onların durumu və problemləri ilə maraqlanır. Hakimiyyətə
gəldikdən sonra ölkə ərazisində mövcud olan
dini ocaqların, məscidlərin, kilsə və
sinaqoqların, ziyarətgahların əsaslı təmiri ilə
bağlı göstərişlər, maddi-mənəvi
yardımlar dövlət başçısının dini-mənəvi
dəyərlərimizə qayğısının təzahürüdür.
Təqdirəlayiq haldır ki, dini əqidəsindən,
milli-etnik kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan
vətəndaşı Prezidentin, digər sahələrdəki
kimi, bu yöndəki siyasətini və fəaliyyətini də
daima yüksək qiymətləndirir, davamlı şəkildə
dəstəkləyir.
Cavid
Şükürov
Yazı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik günü və Yeni il münasibəti ilə
jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim
edilir.
525-ci qəzet.-
2014.- 11 dekabr.- S.5.