"Dövlət büdcəsinin gəlirləri
müəyyən olunmuş prioritetlərin icrasının təmin
edilməsində zəruri zəmin yaradacaq"
Müsahibimiz Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovdur.
-
Artıq 2015-ci ilin dövlət büdcəsi Milli Məclis tərəfindən
təsdiq edilmişdir. İlk olaraq növbəti ilin dövlət
büdcəsinin gəlirləri, bu gəlirlərin strukturu ilə
bağlı əsas meyllərə münasibətinizi bilmək
istərdik.
- Qeyd edək
ki, dövlət büdcəsi dövlətin əsas maliyyə
sənədidir və bu sənəd dövlətin inkişaf istiqamətləri ilə
bağlı nəzərdə tutulmuş tədbirlərin təqdimatı
kimi nəzərdən keçirilməlidir. Bu baxımdan,
2015-ci ilin dövlət büdcəsinin layihəsi də
iqtisadi inkişafın davamlılığının təmin
ediləcəyini, müəyyən edilmiş strateji məqsədlərə
mərhələli nail olunmasının
reallığını ifadə edir.
2015-ci
ilin büdcə layihəsində dövlət büdcəsinin
gəlirləri cari illə müqayisədə 1054,0 mln. manat
və ya 5,7% çox olmaqla
proqnozlaşdırılmışdır və təqdim olunan
məlumatlara əsasən, növbəti il üçün
dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə
nisbətinin 32,5% təşkil edəcəyi gözlənilir.
Dövlət
büdcəsinin gəlirləri üzrə 2014-cü illə
müqayisədə nəzərdə tutulan əsas
artımlar Dövlət Neft Fondundan daxilolmalar, ƏDV, fiziki şəxslərin gəlir
vergisi üzrə, əsas azalmalar isə aksiz vergisi, Azərbaycan
Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən
məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri
çıxılmaqla) ölkədaxili topdansatış qiyməti
arasındakı fərqdən daxilolmalar və digər gəlirlər, o cümlədən
büdcə təşkilatlarının ödənişli
xidmətlərindən daxilolmalar üzrə
proqnozlaşdırılmışdır. Eyni zamanda,
gömrük rüsumları və əmlak vergisi üzrə
gəlirlərin 2014-cü illə müqayisədə
artacağı, mənfəət və yol vergisi, həmçinin
dövlət rüsumları üzrə azalacağı
gözlənilir.
Dövlət
büdcəsinin gəlirlərinin tərkibində xüsusi
çəkisinə görə əsas daxilolmaları Dövlət
Neft Fondundan daxilolmalar, ƏDV, hüquqi şəxslərin mənfəət
(gəlir) vergisi və fiziki şəxslərin gəlir vergisi
təşkil edir.
Vergi gəlirləri
ilə yanaşı qeyri-vergi gəlirlərinin də 2015-ci
ilin dövlət büdcəsində artacağı gözlənilir.
Dövlət
büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin son
illər ərzində müşahidə olunan sabitliyi 2015-ci
il üçün təqdim edilmiş proqnoz hesablamalarında
da qorunmuş, eyni zamanda dövlət büdcəsinin qeyri-neft
gəlirlərinin ÜDM-ə nisbətinin artım tempinin
qorunub saxlanması prioritet kimi müəyyən edilmişdir.
Hesab edirik ki, növbəti ildə qeyri-neft gəlirlərinin
artırılması istiqamətində fəaliyyətin
davamlılığı təmin edilməklə mövcud
potensial tam səfərbərliyə alınacaq.
- Dövlətin
gəlirlərinin yalnız dövlət büdcəsinin gəlirlərindən
formalaşmadığını nəzərə alsaq, icmal gəlirlərinin
formalaşma xüsusiyyətləri barədə fikrinizi bilmək
istərdik.
- Dövlət
büdcəsi ilə yanaşı, bu gəlirlərin daxil
olduğu icmal büdcənin də gəlirləri nəzərdən
keçirilməlidir. Azərbaycan Respublikasının 2015-ci
il icmal büdcəsinin gəlirləri 20716,8 mln. manat olmaqla
2014-cü illə müqayisədə 197,8 mln. manat və ya
1,0% çox proqnozlaşdırılmışdır.
Ümumiyyətlə, qeyd edək ki, 2016-2018-ci illərdə
icmal büdcənin gəlirləri üzrə artım, xərcləri
üzrə isə əvvəlki illə müqayisədə
azalma nəzərdə tutulub və icmal büdcə gəlirlərinin
strukturunda dövlət büdcəsi gəlirlərinin
payı 80%-dək olacaq.
İcmal
büdcənin tərkib hissəsi kimi Dövlət Sosial
Müdafiə Fondunun gəlirləri 3056,3 mln. manat məbləğində
nəzərdə tutulmuşdur. Bu isə, 2014-cü ilin
göstəricisi ilə müqayisədə 4,4% çoxdur.
Ötən illərdə olduğu kimi, gələn ildə də
Fondun gəlirlərinin tərkibində məcburi dövlət
sosial sığorta haqlarından daxilolmaların xüsusi
çəkisinin artması tendensiyası davam edəcəkdir
ki, bu da Fondun maliyyə dayanıqlılığının təmin
edilməsi baxımından təqdirəlayiqdir. Əsas məqam isə, məcburi
dövlət sosial sığorta haqları üzrə gəlirlərdə
qeyri-büdcə sektorunun üstünlüyünün getdikcə
gücləndirilməsidir.
Qeyri-büdcə
sektoru üzrə gəlirlərin artım tendensiyası,
öz növbəsində, Fondun ümumi gəlirlərinin
formalaşmasında dövlət büdcəsinin iştirak səviyyəsinin,
o cümlədən dövlət büdcəsindən
transfertlərin xüsusi çəkisinin də azalmasına səbəb
olmaqdadır. Belə ki, dövlət büdcəsindən
transfertlər və büdcədən maliyyələşən
təşkilatlar üzrə daxilolmaların ümumi məbləğinin
Fondun gəlirlərində xüsusi çəkisi 2013-cü
ilin icra göstəricilərinə əsasən 62,5%,
2014-cü ilin proqnoz göstəricilərinə əsasən
61,5% təşkil etdiyi halda 2015-ci ildə həmin göstərici
60,0% səviyyəsində
proqnozlaşdırılmışdır.
2015-ci ildə
Fondun gəlirlərinin 1100000,0 min manatının və ya
36,0%-inin dövlət büdcəsindən transfertlərdən
ibarət olacağı proqnozlaşdırılır ki, bu da
2013-cü ilin icra göstəricisindən 22966,4 min manat və
ya 2,1% artıq olsa da 2014-cü ilin müvafiq proqnoz göstəricisindən
42033,6 min manat az olmaqla bu göstəricinin 96,3%-i qədərdir.
Göründüyü kimi, gələn il dövlət
büdcəsindən transfertlərin məbləğində
azalma proqnozlaşdırılır ki, bu da Fondun tədricən
öz xərclərini öz gəlirləri hesabına maliyyələşdirməsi
imkanlarının artması baxımından təqdirəlayiq
hal kimi qiymətləndirilməlidir.
İcmal
büdcənin digər komponenti olan Dövlət Neft Fondunun
2015-ci ildə gəlirlərinin 10245,6 mln.manat təşkil edəcəyi
gözlənilir. Qeyd edək ki, vəsaitlərin volatil məzənnəli
valyutalarda deyil, aktiv istifadəsi prinsipi əsas
götürülərək 2015-ci ildə Fondun xərclərinin
də artımı proqnozlaşdırılır ki, bu da
respublikamızın geosiyasi mövqeyinin güclənməsi və
beynəlxalq imicinin yüksəlməsinə xidmət edən
mühüm layihələrin həyata keçirilməsi ilə
izah olunur.
- Dövlət
büdcəsinin vergili gəlirlərinin
formalaşdırılmasında diqqət yetirilməli məqamlar
hansılardır?
- 2015-ci
ilin büdcə layihəsinə uyğun olaraq dövlət büdcəsinin
vergi gəlirləri 7857600,0 min manat məbləğində
proqnozlaşdırılmışdır ki, bu da cari ilin
proqnozuna nisbətən 2,3% çoxdur. Vergi gəlirlərinin
ÜDM-ə nisbəti 13,1%, dövlət büdcəsinin
ümumi gəlirlərinin tərkibində xüsusi çəkisi
40,4%, Dövlət Neft Fondundan daxilolmalar nəzərə
alınmadan dövlət büdcəsinin gəlirlərinin tərkibində
xüsusi çəkisi isə 86,8% səviyyəsində nəzərdə
tutulmuşdur.
Gələn
il dövlət büdcəsinin gəlirlərinin 36,6%-i Azərbaycan
Respublikasının Vergilər Nazirliyinin xətti ilə təmin ediləcəkdir
və bu gəlirlər cari illə müqayisədə 2,3%
çox proqnozlaşdırılmışdır.
Vergi gəlirlərinin
strukturunda əsas qeyd edilməli məsələ qeyri-neft
sektoru üzrə gəlirlərin stabil artımıdır.
Növbəti
il üçün Vergilər Nazirliyi xətti ilə müəyyən
edilən proqnozun 67,7%-i qeyri-neft sektorunun payına
düşür ki, bu da 2014-cü ilin proqnozundan 7,1 faiz bəndi
yüksəkdir.
Mütləq
həcmdə Nazirlik xətti ilə dövlət büdcəsinə
təmin edilən gəlirlərin tərkibində neft sektoru
üzrə 2015-ci il üçün müəyyən
edilmiş proqnoz məbləği 2300000,0 min manat təşkil
etməklə 2013-cü ilin icrasından 617070,6 min manat və
ya 21,2%, 2014-cü ilin proqnozundan isə 502000,0 min manat və ya
17,9% azdır. Azalma hər iki mənbə, həm neft-qaz sahəsində
hasilatın pay bölgüsü sazişləri üzrə
podratçı tərəflərin mənfəət vergisi,
həm də Dövlət Neft Şirkətinin xətti ilə
konsolidə edilmiş vergilər və digər ödənişlər
(fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) üzrə
daxilolmalarda gözlənilir.
Nazirlik xətti
ilə dövlət büdcəsinə təmin olunan gəlirlərlə
əlaqədar qeyd etmək istərdim ki, vergi və digər
icbari ödənişlər üzrə yığım əmsalı
(qaytarılmış məbləğlər
çıxılmaqla daxilolmanın həcminin azalmış məbləğlər
çıxılmaqla ilin əvvəlinə olan ümumi borcun
və il ərzində hesablanmış məbləğlərin
cəminə qarşı nisbəti) 2012-ci ilin yekunları
üzrə 69,9%, 2013-cü ilin nəticələri üzrə
75,4%, 2014-cü ilin yanvar- sentyabr ayları üzrə göstəricilərə
əsasən isə 75,0% təşkil edir.
2015-ci ildə
vergilərin yığılması ilə bağlı fəaliyyətin
ilin birinci yarısında xüsusilə gücləndirilməsinin
vacibliyi də xüsusi qeyd edilməli
məqamdır.
- Qeyd
etdiniz ki, vergili gəlirlərin artımı əsasən
qeyri-neft sektoru üzrə təmin edilir. İqtisadi sistemin
qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, təbii ki,
qeyd olunan sektordan gəlirlərin də artımına səbəb
olacaq. Qeyri-neft sektorunun inkişaf perspektivlərini necə
görürsünüz?
- Büdcə-vergi
siyasətinin əsas istiqamətlərinə uyğun
olaraq iqtisadiyyatın neft
sektorunda yaradılan əlavə dəyərin tədricən
azaldılması şəraitində büdcə-vergi siyasəti
üzrə müəyyən edilmiş hədəflər,
habelə "Azərbaycan Respublikasının 2015-ci il və
gələn üç il üzrə iqtisadi və sosial
inkişaf konsepsiyası" üzrə tədbirlər
növbəti ildə dövlət büdcəsinin neft
sektorundan gəlirlərinin artım tempinin aşağı
düşməsi fonunda qeyri-neft sahələrindən gəlirlərinin
müsbət dinamikasının qorunmasını təmin etməlidir.
Dövlət
büdcəsinin qeyri-neft sahələrindən gəlirlərinin
dayanıqlı artımı, onun inkişaf perspektivləri
üzrə pozitiv rəy
yaradır. Nazirlik xətti ilə
növbəti il ərzində qeyri-neft sahələrindən
dövlət büdcəsinə gəlirlər 4812000,0 min
manat məbləğində
proqnozlaşdırılmışdır ki, bu da 2014-cü ilin proqnozu ilə
müqayisədə 11,9%
çoxdur.
"Büdcə
zərfi"nə daxil olan məlumatlarda növbəti il qeyri-neft sahələri üzrə
makroiqtisadi göstəricilərin, o cümlədən
ümumi məhsul buraxılışının və
yaradılan əlavə dəyərin davamlı artımı
ilə xarakterizə edilir.
"Azərbaycan
Respublikasının 2015-ci il və gələn üç il
üzrə iqtisadi və sosial inkişaf konsepsiyası"
çərçivəsində tədbirlər
sırasında ümumi bəyannamə sisteminə keçidlə
bağlı, vergi inzibatçılığının təkmilləşdirilməsi,
vergi ödəyiciləri ilə vergi orqanları arasında
münasibətlərin genişləndirilməsi,
nağdsız ödənişlərin
stimullaşdırılması, regionların bank xidmətlərinə
çıxış imkanlarının və maliyyə alətlərinin
genişləndirilməsi, özəl sektorun ixrac qabiliyyətli
sahələri üzrə məhsul istehsalının
stimullaşdırılması, milli istehsalçıların
xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi,
yeni sənaye müəssisələrinin, mövcud müəssisələrin
əsaslı yenidənqurulması və yerli təbii
resurslara, eləcə də istehsalat və məişət
tullantılarının emalına əsaslanan müəssisələrin
yaradılmasının sürətləndirilməsi, yeyinti məhsullarının
daxili istehsalının inkişaf etdirilməsi
üçün antidempinq siyasətinin tətbiq edilməsi kimi
tədbirlərin reallaşdırılması da Vergilər
Nazirliyi tərəfindən təmin olunan gəlir potensialının
perspektivləri sırasındadır.
"Büdcə
zərfi"nə əsasən növbəti il
üçün nəzərdə tutulan qeyri-neft ÜDM-in
proqnozu 39469,7 mln. manat həcmində müəyyən edilməklə
cari illə müqayisədə real artım tempi 8,2% səviyyəsində
nəzərdə tutulmuşdur. Qeyri-neft ÜDM-in strukturunda yüksək
xüsusi çəkilərə malik olan sahələr kimi
müxtəlif fəaliyyət növləri üzrə xidmətlərin
istehsalı sahəsi (2015-ci il üzrə 52,9%, 2016-cı il
üzrə 53,2%, 2017-ci il üzrə 53,7%, 2018-ci il üzrə
54,1%) və tikinti sahəsi (2015-ci və 2016-cı illər
üzrə 23,0%, 2017-ci il üzrə 22,8%, 2018-ci il üzrə
22,5%) çıxış edir.
Əlverişli
makroiqtisadi şəraitin formalaşmasına təsir edən əsas
amillər sırasında irimiqyaslı mərkəzi və
yerli əhəmiyyətli investisiya layihələrinin də həyata
keçirilməsini qeyd etməliyik. Bu layihələrin əsas
maliyyə mənbəyi olan dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin 2015-ci il üzrə 2014-cü illə
müqayisədə 670000,0 min manat artımla, yəni 6930000,0
min manat məbləğində
proqnozlaşdırılması dövlət sifarişləri
vasitəsi ilə qarşılanan tələbin artacağını
göstərir ki, bu da bilavasitə vergi və digər icbari
ödənişlər şəklində dövlət
büdcəsinin qeyri-neft sahələrindən gəlirləri üzrə
proqnozların yerinə yetirilməsi üçün əsas
mənbələrdəndir və bu barədə Palatanın rəyində
qeyd edilmişdir.
Uzunmüddətli
perspektiv üçün isə strateji yanaşma
baxımından nəzərə almaq lazımdır ki,
ölkə iqtisadiyyatının neft sektorundan
asılılıq səviyyəsinin azaldılmasının
real görüntüləri yalnız ixrac perspektivi olan
istehsal sahələrinin genişləndirilməsi və
qeyri-neft (qeyri-xammal) məhsullarının ixrac
potensialının gücləndirilməsi hesabına əldə
olunacaqdır. Təqdim edilmiş məlumatlara görə
qeyri-neft sahələri üzrə malların ixracının
2693,2 mln. ABŞ dolları və
ya cari illə müqayisədə 20% çox təşkil edəcəyi
gözlənilir.
- Qeyri-vergi
gəlirlərini xarakterizə edən meyllər kimi
hansıları qeyd etmək olar?
- Büdcə
layihəsinə əsasən qeyri-vergi gəlirləri
ümumilikdə 11580400,0 min manat məbləğində
proqnozlaşdırılmışdır ki, bu, 2014-cü ilin
proqnozuna nisbətən 874400,0 min manat və ya 8,2% çoxdur.
Əvvəlki illərlə müqayisədə artmanı və
ya azalmanı şərtləndirən əsas mənbə
qismində Dövlət Neft Fondundan qeyri-vergi gəlirləri
üzrə daxilolmaların 2014-cü ilin göstəricisinə
nisbətən 11,3%, Dövlət
Gömrük Komitəsinin xətti ilə proqnoz isə 2014-cü ilin proqnozundan 5,6%
çox olmasıdır. Həm hüquqi, həm də fiziki
şəxslər tərəfindən ödənilən
gömrük rüsumları (idxal rüsumları) üzrə
proqnozun 2014-cü ilin proqnozuna nisbətən artımı 8,6%
olacaq. Dövlət Neft Fondundan
daxilolmalar nəzərə alınmadan qeyri-neft gəlirləri üzrə
növbəti il üçün nəzərdə tutulan
proqnoz dövlət büdcəsinin gəlirlərinin 3,8%-ni,
Gömrük Komitəsinin xətti ilə təmin olunan gəlirlərin
isə 21,9%-ni təşkil edir.
Qeyri-vergi gəlirlərinə, eyni zamanda, xarici dövlətlərə
verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində
dövlətin payı olan müəssisələrdən
alınan dividendlər, dövlət
əmlakının, özəlləşdirilən dövlət
müəssisə və obyektlərinin altındakı
torpaqların icarəyə verilməsindən daxilolmalar,
dövlət mülkiyyətində olan torpaqların icarəyə
verilməsindən daxilolmalar da daxildir.
Azərbaycan
Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından
alınmış kreditlər üzrə daxilolmalar, Vahid xəzinə
hesabının qalığının (sərbəst
qalığın) idarəetməyə verilməsindən
daxilolmalar da bu gəlirlərə aiddir.
Azərbaycan
Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən
məhsulların ixracı zamanı məhsulların kontrakt
(satış) qiyməti ilə (ixracla bağlı xərclər
çıxılmaqla) ölkədaxili topdansatış qiyməti
arasındakı fərqdən dövlət büdcəsinə
yığımın dərəcəsi 30 faiz həcmində
müəyyən edilmişdir. Bu yığımlar vergi
ödəyicisinin vergilər, faizlər, maliyyə
sanksiyaları və inzibati cərimələr üzrə digər
borclarının ödənilməsinə aid edilmir.
Dövlət
rüsumu üzrə proqnoz və icra göstəricilərinin
dinamikası göstərir ki,
qeyri-vergi gəlirlərini xarakterizə edən meyllər optimist proqnoz üçün əsas
verir və artım perspektivinə malikdir.
- Büdcə
müzakirələri zamanı bəzi millət vəkilləri
tərəfindən Hesablama Palatasının iri investisiya layihələrinə
nəzarətinin artırılması təklif edildi. Sizin bu təkliflə
bağlı münasibətinizi bilmək istərdik.
- Bəli,
millət vəkilləri tərəfindən büdcə
müzakirələrində, həmçinin müxtəlif mətbuat
orqanlarına verilən müsahibələrdə investisiya
layihələrinə maliyyə nəzarətinin gücləndirilməsi
məsələsi vurğulanmışdır. Hesablama
Palatası millət vəkillərinin təkliflərini həmişə
diqqət mərkəzində saxlayır. Eyni zamanda, bildirilməlidir
ki, Palatanın İş Planının formalaşması onun
fəaliyyətini tənzimləyən müvafiq qanunvericiliklə
tənzimlənir və hal-hazırda Hesablama Palatasının
növbəti il üçün İş Planının
formalaşması prosesi gedir. Milli Məclis tərəfindən
rəsmi təklif və sorğuları cavablandırmağa
Palata həmişə hazırdır.
Bununla
yanaşı, qeyd etməliyik ki, cari ildə də bəzi
büdcə sifarişçi təşkilatların investisiya
fəaliyyəti ilə bağlı audit tədbirləri həyata
keçirilmiş və növbəti ildə də investisiya
layihələrinə sərf edilən vəsaitlərin auditi
keçiriləcəkdir.
-
Palatanın dövlət büdcəsinin layihəsi və
icrası ilə bağlı rəylərində Ali Audit Qurumu
olaraq təklifləri də əks olunur. 2015-ci ilin dövlət
büdcəsinin layihəsinə dair təqdim edilmiş rəydə
Palatanın növbəti ilin dövlət gəlirləri,
xüsusilə vergili gəlirləri ilə bağlı təklifləri
hansı istiqamətləri əhatə edib?
- Məlum olduğu kimi, qanunvericiliklə müəyyən edilmiş əsas funksiyaların yerinə yetirilməsi, o cümlədən ötən ilin dövlət büdcəsinin icrası və növbəti ilin dövlət büdcəsinin layihəsi ilə əlaqədar qanun layihələrinə rəylərin verilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatası səlahiyyətləri çərçivəsində Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) audit standartlarını nəzərə alaraq audit tədbirləri həyata keçirir. Palatada dövlət büdcəsinin gəlirlərini, xüsusilə vergi gəlirlərini təmin edən vergi orqanlarında və iri vergi ödəyicilərində həyata keçirilən auditlərin nəticələri nəzərə alınmaqla büdcə prosesinin təkmilləşdirilməsi üçün müvafiq qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, eyni zamanda, qanunvericiliklə tənzimlənməyən məsələlər üzrə hüquqi əsasların müəyyən edilməsi istiqamətində təkliflərin hazırlanmasına xüsusi diqqət yetirilir.
2015-ci ilin dövlət büdcəsi ilə bağlı hazırlanmış rəydə dövlət büdcəsinin gəlirləri, o cümlədən, vergi gəlirləri üzrə hazırlanmış təklifləri bir neçə istiqamətdə təsnifləşdirmək olar. Birinci istiqamətə proqnozların əsaslılığının və məlumatlılığının artırırması ilə bağlı təkliflər aiddir. Bu təkliflərə misal olaraq müxtəlif ölkələrdə olduğu kimi növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsində və (və ya) ona əlavə olunmuş müvafiq sənədlərdə dövlət büdcəsinin gəlirlərinin, xüsusilə vergi gəlirlərinin proqnoz parametrlərinin hesablanması üçün əsas göstəricilərdən olan yığım əmsalının (vergilərin yığım səviyyəsinin), iri dövlət vergi ödəyicilərinin gəlirlər və xərclər smetalarının rüblük bölgüdə layihələrinin növbəti ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən məlumatlara daxil edilməsini qeyd edə bilərik.
İkinci istiqamət mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların bütün əsas mənbələr üzrə differensiallaşdırılmış şəkildə əhatəli iqtisadi təhlilinin aparılmasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti üzrə gəlirlərdən gəlir vergisinin uçotunun Vahid Büdcə Təsnifatı çərçivəsində təkmilləşdirilməsi (ayrıca maddə ilə göstərilməsi), qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklər nəticəsində avtonəqliyyat vasitələrinin texniki baxışının keçirilməsi müddətlərinin və prosedurunun dəyişməsindən sonra fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin ödənilməsi müddətində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə qanunvericilik aktlarının təkmilləşdirilməsi kimi təkliflərimizi misal göstərə bilərik.
Üçüncü istiqamət isə inzibatçılığın təkmilləşdirilməsi ilə bağlı təklifləri əhatə edir. Palata hesablanmış, proqnozlaşdırılmış və ödənilmiş yol vergisi məbləğləri arasında əhəmiyyətli fərqlərin fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri üzrə yol vergisinin bəyan edilməməsi (yəni, bəyan edilməsi prosedurunun qanunvericiliklə tənzimlənməməsi səbəbindən ödənilmiş yol vergisinin hesablanmış kimi uçota alınmaması) səbəbindən yarandığını nəzərə alaraq ölkə ərazisindəki avtonəqliyyat vasitələrinin mühərrik həcmləri meyarları üzrə müvafiq statistik məlumat bazasının yaradılmasının vergi inzibatçılığının gücləndirilməsində müsbət addım ola biləcəyi qənaətindədir.
- Sonda bir məsələyə də toxunmaq istərdik. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda maliyyə nəzarəti haqqında qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Bununla bağlı məlumat verməyinizi xahiş edirik.
- Milli Fəaliyyət Planında nəzərdə tutulmuş Qanun layihəsi dövlət maliyyə nəzarətini həyata keçirən orqanların səlahiyyətlərinin dəqiqləşdirilməsi, maliyyə nəzarəti üzrə daha təkmil hüquqi bazanın yaradılması, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması məqsədi güdür.
Dövlətin maliyyə nəzarəti vahid bir sistemdir və bu sistem iki struktur elementə malikdir: daxili nəzarət və kənar nəzarət. Hər iki elementin əsas məqsədi maliyyə intizamının və hesabatlılığın gücləndirilməsi, dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsidir. Eyni məqsədə xidmət etsələr də, daxili və kənar maliyyə nəzarətinin əhatə dairəsi və tətbiq edilən metodlar, başqa sözlə, hüquqları və vəzifələri fərqlidir. Bu fərqlərin dəqiqləşdirilməsi qanun layihəsini xarakterizə edən əsas məqamlardan biridir.
Digər məqam maliyyə nəzarəti orqanlarının fəaliyyətinin koordinasiyası ilə bağlıdır. Belə ki, maliyyə intizamının gücləndirilməsi məqsədini güdən nəzarət tədbirlərinin öz növbəsində dövlət qurumlarının fəaliyyətinə mane yaratmaması, şəffaf nəzarətin təmin edilməsi bu orqanların işinin əlaqələndirilməsini zəruri edir. Qanun layihəsində əlaqələndirmə işinin təşkili ilə bağlı məqamlar, eyni zamanda, bu prosesdə Ali Audit Qurumu olaraq Hesablama Palatasının yeri və rolu öz əksini tapmalıdır.
Maliyyə nəzarəti ilə bağlı qanun layihəsinin nəzarət orqanları ilə birgə hazırlanması və müvafiq qaydada qəbulu gələcəkdə dövlət vəsaitlərinin rasional və nəticəli istifadəsinə, eyni zamanda, şəffaflığın və hesabatlılığın təmin edilməsinə xidmət edəcək.
Rəsmiyyə
RZALI
525-ci qəzet.-
2014.- 11 dekabr.- S.4.