Sevgiyə, hörmətə və etibara layiq...
(esse)
- Qadın kimdir?
- Anan, bacın, qızın, yoldaşın, könül
sirdaşın...
- Qadın qarşısında
borcun nədən ibarətdir?
- Tanımaq, sevmək, qorumaq, hörmət etmək, dəyər vermək!
- Qadın kimdir?
Qadın
səni 9 ay bətnində
daşıyan, 9 min qat
əzab-əziyyətlə böyüdən anandır!
Qadın sənin uşaqlıq dostun, könül sirdaşın, gəlin köçərkən "qardaşım
məni yola salsın" deyən bacındır.
Qadın qurduğun ailənin yanar çırağı,
qürurun, baş tacındır, "qızım"
deyə çağıranda
"atacan" deyə
cavab verən ən əziz varlığındır. O varlıq
ki, onunla nəfəs alırsan, onunla səadətini tapırsan. Hətta öz xoşbəxtliyini
tapıb ailə quranda könlün darıxır, nəfəsin
titrəyir.
Qadın sənə ömür-gün
yoldaşı olmağa
qərar verən, bu dünyanın enişli-yoxuşlu yollarında
səninlə qoşa
addımlayan, sevincinə
sevinən, qəminə
qəmlənən, kədərinə
şərik olan həyat yoldaşındır,
tən yarındır. Təki
sən sev, qiymətləndir!
Qadın
- Tanrının cənnəti
ayaqlarına bir xalça kimi sərdiyi yeganə varlıqdır! Yaradanın
uca tutduğu, yaratmaq, yaşatmaq qabiliyyəti verdiyi zərif, zərif olduğu qədər də dözümlü varlıq!
Qadın
- südü ilə səni saflaşdıra biləcək qüvvəyə
malik bir insan! Eyni zamanda
sənə ehtiyacı
olan, səndən məhəbbət, mərhəmət,
hörmət gözləyən,
görməyəndə dünyası
qana boyanan, diskriminasiyaya məruz qalmış varlıq!
- Diskriminasiya nədir?
- Latın dilindən götürülmüş
"discriminate" (ayrı-seçkilik, ayırma) sözü müxtəlif insanların,
xalqların, etnik qrupların, irqi, milli aidiyyətinə, cinsinə, dini baxışlarına görə
sıxışdırılmasıyla yaddaşlarda qalıb.
- Azərbaycan qadını diskriminasiyaya layiqdirmi?
- Yox! Yox! Yox!
Azərbaycan qadınları təbiətin
bəxş etdiyi yüksək insani keyfiyyətlərə malikdir,
fitri istedad sahibidir, yüksək əxlaqi keyfiyyətlər
boyuna-buxununa biçilib,
namus, qeyrət alın yazısıdır,
gözəl, mərd,
sədaqətli və
əməksevərdir. Mənim
Azərbaycanımda "Ailədə
başçı kişidir
və o qadına nəzarət edir" ,"Ailə münaqişələrinin səbəbkarları
əsasən qadınlardır,
gəlin-qaynana və
s. münasibətləri sağlam
ailə məsələsinə
maneə olur" kimi qeyri-obyektiv fikirlər ürəkbulandırıcıdır.
Mənim
Azərbaycanımda qadın
ailəsində "başçı"
və "icraçı"
münasibətlərinə məruz qalmamalıdır.
Qadın-kişi ailə
nizamnaməsini, əsasnaməsini,
konstitusiyasını düzgün
tərtib etməlidir ki, ailədə bərabərlik pozulmasın.
Hər ailənin öz "tərəzisi"
vardır və göründüyü kimi
tərəzinin iki gözü olur, qurulan ailələrin də tərəzisinin iki gözü olmalıdır: biri qadın, digəri kişi. Bunlar arasında
bərabərlik olmayanda,
təbii ki, tarazlıq pozular, pərsəng vurar.
Ailədə "nəzarət" olmaz,
ailədə inam, etibar və sədaqət olar, nəzarət dəli, əlil, xəstə, özünü idarə edə bilməyənlər
üçündür. Özünə
inamsız insan kişi və
ya qadın olmasından asılı olmayaraq xəstədir.
Təməli möhkəm ailədə
kişi-qadın ifadələri
işlədilmir. Hər bir kişi,
hər bir qadın ailədə öz rolunu bilir. Bunun üçünsə münasibətlər sağlam
olmalıdır, mənəviyyat
saf olmalıdır.
Kifayət qədər inam,
etibar, səmimiyyət
olan ailə topdağıtmaz qaladır.
O ailə-qalanın dirəkləri
kişi ilə qadındır. Dirəyin biri laxlasa qala
uçar. Azərbaycan qadını
evin dirəyidr, dünya qadınlarından
bir çox xüsusiyyətləri ilə
fərqlənir. Azərbaycan anası,
qadını fədakardır,
çox fədakardır.
- Belə qadınlara qarşı diskriminasiya lazımdırmı?
-Yox! Yox! Belə
hallar yolverilməzdir!
Qadın seviləndə, dəyər
veriləndə, hörmət
və ehtiram göstəriləndə qadındır,
anadır, incədən
incə, güldən
zərif, cənnət
ayaqları altında olan, müqəddəs tutulan varlıqdır. Təhqir
ediləndə, ayaqlar
altına salınanda,
döyüləndə, söyüləndə,
alçaldılanda fəlakətdir...
Arzuları buxovlananda,
yolları bağlananda,
ayaqları zəncirlənəndə,
qolları qandallananda püskürən vulkandır,
tüğyan edən seldir...
Hər ailədə qadın da, kişi
də insandır. Onlar bir-birinin "yarısı"dır.
Birləşəndə, bir-birini anlayanda,
bir-birini sevəndə,
bir-birinə dəstək
olanda, dünyanın istisinə, soyuğuna birlikdə sinə gərəndə bütöv
olurlar.
Qadının potensialı kişinin potensialı ilə birləşəndə səadətdir;
o ailədə mütərəqqi
fikirli, tarixi şəxsiyyətlər, yüksək
təfəkkür sahibləri,
yaradıcı, humanist insanlar,
qüdrətli dövlət
qurmağa yardımçı
olan qüvvələr
yetişir. Sağlam cəmiyyət qüdrətli
dövlətin özülüdür;
sağlam cəmiyyət,
sağlam dövlət
sağlam ailəyə
söykənər.
Qadınlara qarşı diskriminasiya
edərkən nəyi
unutmayaq?- Azərbaycan Respublikasının
Konstitusiyasını!
Azərbaycan Respublikasının Konstitusiyası
İkinci
bölmə: Əsas hüquqlar, azadlıqlar və vəzifələr.
Üçüncü fəsil: Əsas insan və vətəndaş hüquqları və azadlıqlar.
Maddə 25. Bərabərlik hüququ.
II bənd: Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət irqindən, milliyyətindən, dinindən,
dilindən, cinsindən,
mənşəyindən, əmlak
vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar ittifaqlarına
və digər ictimai birliklərə mənsubiyyətindən asılı
olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə
təminat verilir. İnsan və vətəndaş hüquqlarını və
azadlıqlarını irqi,
milli, dini, dil, cinsi, mənşəyi,
əqidə, siyasi və sosial mənsubiyyətə görə
məhdudlaşdırmaq qadağandır.
Azərbaycan qadının məruz qaldığı diskriminasiya
hallarına Azərbaycan
kişisi də məruz qalsa, necə reaksiya verərdim?
Acı-acı gülərdim. Axı, diskriminasiyaya məruz qalmış hər bir qadın anamın cinsindən, hər bir kişi də atamın cinsindəndir. Mən anamla atam arasında ayrı-seçkilik edəcək
qədər pis
övlad və qanunlarımızın əleyhinə
çıxmış vətəndaş
olmaq istəmərəm!
- Diskriminasiya hallarının
mövcud olmadığı
dünya nədir?
- İnama, etibara,
ağıla, idraka
sahib olan, azad, bərabər hüquqlu insanların dünyası.
Şəhanə
ŞÜKÜR
525-ci qəzet.-
2014.- 12 dekabr.- S.8.