Ulu öndərlə böyük şairin
əbədi mənəvi vəhdəti
Ümummilli liderimiz Heydər Əliyevin cəsarətli və
zəngin dövlətçilik fəaliyyəti son iki minillik
Azərbaycan mədəniyyətinin, demək olar ki,
bütün mərhələlərini əhatə edib.
Azərbaycan
xalqının dahi və əzabkeş
oğlu Hüseyn Cavidin milli yaddaşımıza və mənəviyyatımıza
qaytarılmasında, tarixi taleyinin kökündən dəyişməsində
və əbədiyyətə qovuşmasında da ümummilli liderimizin xidmətləri
təkcə bizim çox minillik tariximizdə deyil, ümumiyyətlə,
dünya və insanlıq tarixində nadir hallarda rast gəlinən
hadisələrdəndir. Məhz buna görə də
bugün müstəqil Vətənimizdə və dünya
miqyasında minnətdar və qədirbilən xalqımız
hər iki dahi oğlunun adını qürurla qoşa çəkir:
Heydər Əliyev və Hüseyn Cavid!..
Heydər
Əliyevin böyük cəsarət nümayiş etdirib
Hüseyn Cavidi Azərbaycan mənəviyyatına və mədəniyyətinə
qaytarması bədii təfəkkürdə də
güclü əks-səda verdi. Məhz buna görə
də XX yüzil Azərbaycan ədəbiyyatında Cavid
obrazına dəfələrlə müraciət edilməsi, əlbəttə,
təsadüf deyildi. Xüsusən,
müstəqilliyin qazanılmasından sonra, 90-cı illərdə
bu mövzuya sıx-sıx müraciət olunduğunu söyləmək
olar.
Amma altmışıncılar və Cavid xüsusi bir
mövzudur. Milli istiqlalı çoxlarının arzulamağa
belə cəsarət etmədiyi zamanlarda bu poetik gənclik
Cavid sevgisini ürəklərində yaşatmağa və
aydın lirikanın səsi ilə söyləməyə cəsarət
etmişdilər. Çağdaş nəsillərin
azadlıq arzuları və cəsarətləri o illərin
yenilməz gəncliyinin bənzərsiz mərdliyindən və
rəşadətindən doğulmuşdur desək,
yanılmarıq.
Həqiqətən də
altmışıncıların lirikasında bədii ideal
timsalı olan sənətkar obrazlarından söz açarkən
dahi Hüseyn Cavidi anmamaq mümkün deyil. Öncə
söyləməliyik ki, ömür yolu amansız faciə nəticəsində
kəsilmiş şairin xatirəsi gənclik üçün
hədsiz dərəcədə əziz və müqəddəs
idi. Bu pleyadanın alovlu nümayəndələri
Hüseyn Cavidi misilsiz bir ustad, mənəvi ata və saf milli
ideal kimi öz qəlblərində əzizləyirdilər.
Onlar bir çox şeirlərində
açıq-aşkar olmasa da, xəyalən, müəyyən
sətiraltı mənalarla və işarələrlə
ötən yüzilin ən tragik dahilərindən birinə
müraciət edirdilər. Amma Hüseyn
Cavid və Əhməd Cavad adının uzun müddət qəti
qadağalar mühasirəsində saxlanması onlara birbaşa
ithaflar yazmağa, şeirlər həsr etməyə imkan
vermirdi. Düzdür sonralar, xüsusən
80-ci illərdəki məlum hadisələrdən sonra
Hüseyn Cavid obrazına açıq müraciət etmək
imkanları genişləndi.
Fikrət Qocanın "Uzaq şərqin üfüqlərində
Cavidi xatırladım" şeiri ulu ustadın xatirəsi təkcə
60-cı illərdə yox, sonrakı dövrlərdə də
pleyadanın mənəvi-bədii fəaliyyətində
mühüm yer tutduğunu göstərməkdədir.
Altmışıncılar yaradıcılığa təzə
başladığı və formalaşmaqda olduqları
zamanlarla yanaşı, artıq boya-başa
çatdıqları və öz estetik mövqelərini təyin
etdikləri dövrlərdə də öz amallarının mənşəyinə
bağlılıqlarını vurğulamaqdan
usanmırdılar. Fikrət Qocanın şeiri Hüseyn Cavid
iztirablarının hərarətinin
soyumadığını, əksinə bu həsrətin illər
keçdikcə alovlandığını nümayiş
etdirir: "Təyyarədəyəm, göyləri fəth
etmədə sürət, Çərxi-fələyin sürətini
ötmədə sürət. Yay idimi, yer ox kimi
atdı bizi ərşə, Qaçqın günəşə
çatmağa yerdən üzü ərşə. Cavid, göy üfüqlərdə çiməndə
səni andım. Yandım, yenə
andım". Zaman, təbii ki, insanın təsəvvür
və qənaətlərinə öz təsirini göstərir.
Ancaq zamanın ürəyə təsir dərəcəsi,
könül yaddaşına düzəlişlər etmək
imkanları çox məhduddur. Fikrət
Qocanın şeirində də biz buna bir daha əmin oluruq.
Şairin yanıqlı və cavabsız sualları dünən
olduğu kimi bu gün də ürəklərin ən məhrəm
və köhnəlməyən
ağrılarıdır:
"Karvanını çəkmiş yenə səyyarə
buludlar, Ahındımı, arzundumu onlar, Nəğməndimi
qu nəğməsi, son nəğmən, əzizim, Neylim mən
əzizim?"
Fikrət Qoca ustad şairin faciəsindən,
müsibətlərindən birbaşa söz açmır.
Diqqəti daha çox həmin ağrı və
itkinin iztirablarına və izlərinə yönəldir.
Mənəvi müsibət və əzabların
əks-sədasını əks etdirir. Səhər
çağı qızaran dan, dalğalanan ümmanlar, bu həsrətə
dözməyən çılğın Xəzər də məhz
bu ayrılığı andırır. Hüseyn Cavid
ayrılığı və ağrısı torpağın
altına belə sığmır, vulkan kimi, od-alov kimi
göylərə ucalır: "Həsrətli
baxışlarını allam bu səmadan Bəlkə o
baxışdan qalan izdir qızaran dan. Sakit okean
bir tərəfindirsə, a şair, Bir yanda da qəlbin kimi
çılğın Xəzərindir. Tayqa
məzarındır. Ruhundumu,
könlündümü vulkan?! Nəğməndimi
qu nəğməsi, son nəğmən, əzizim, Neyləyim
mən, əzizim?!"
Ötən yüzildə ulu Cavidimizə həsr
olunmuş böyük şeirlərdən bəhs edərkən
bir gözəl poetik nümunəni də yaddan
çıxartmaq olmaz. Bu şeir də narahat sənətkarımız
Fikrət Qocanın qələminə məxsusdur. Misal gətirmək istədiyimiz əsərin
fövqəladəliyini təkcə böyük Cavidin
amansız və dözülməz faciələri deyil, həm
də bu müsibətlərin gözlənilməz və
fövqəladə sonu, xalq qəlbindəki əks-sədası,
şəhid sənətkarın dünyada misli görünməmiş
və möcüzəli bir tərzdə Vətənə
qayıdışı şərtləndirmişdi. Ulu
öndərin misilsiz cəsarəti və fədakarlığı
nəticəsində Azərbaycan xalqının dahi və
nakam oğlu Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən
doğma vətəninə gətirilməsi və
Naxçıvanda ana yurd torpağına qovuşması əsrlərin,
tarixlərin, bəlkə də minilliklərin bir möcüzəsi
idi. Məhz şeir mövzusunun özü, təkrarsızlığı
və müqayisə edilməzliyi bu əsərin taleyini sanki əvvəlcədən
müəyyən etmişdi.
Bu
şeirdə üç böyük obraz - Hüseyn Cavid, Ulu
Öndər və Azərbaycan bütün əzəməti,
cəsarəti və tragizmi ilə üzvi surətdə birləşmişdir.
"Cavid gəlib, aç qoynunu" şeirinin bədii səviyyəsi
və dərəcəsi isə öz mövzusuna, ehtiva etdiyi
məqsəd və mətləblərə tamamilə həmahəngdir:
"Tale, nə gözəl gündü bu, sən insafa gəldin.
Qırx ildi gəlirdin, gəl, a Cavid, səfa gəldin".
Şair təhlükəli və səksəkəli illərin
bir-birini qova-qova gözdən itməsini, zaman küləklərinin
dünyanı təzələməsini, üzü
dönmüş insanların dəyişməsini və yenidən
özünə dönməsini məharətlə təsvir
edir: "İllər külək oldu, yollar çiçək
oldu, insan mələk oldu, gördün - vəfa gəldin".
Bu qəribə və fövqəladə
vüsal müəllifi o qədər duyğulandırır
ki, o hiss-həyəcanını və ilhamını cilovlaya
bilmir. Zira, bu gözlənilməz
Vüsalın yalnız ruhi-hissi təcrübəsi deyil, təbii
ki, bədii təcrübəsi də yoxdur. Məhz buna
görə də biz bu şeirdə xüsusən,
aşağıdakı misralarda yalnız görünməmiş
və yaşanmamış yaşantıları deyil, həm də
görünməmiş görüntüləri -
yazılmamış yazını oxuyuruq: "Torpaq,
gözün aydın, onu al bağrına, torpaq!" Ana torpağa belə gözaydınlığı
vermək, bu qədər böyük müjdə verə bilmək
zatən, heç bir Vətən oğluna və qələm
sahibinə qismət olmayıb.
Bu misralarda kədər və sevinc, ayrılıq iztirabları və vüsal hıçqırıqları təkcə bir sətirdə deyil, bir sözdə belə birləşə bilir, əks edir: "İtkin düşən oğlun gəlir, Yoldan gəlir, yorğun gəlir, Ey ulu torpaq, ana torpaq..." Bizə elə gəlir ki, şeirdəki növbəti misra - bax bu sətir təkcə nəzərdən keçirdiyimiz şeirin yox, Fikrət Qoca lirikasının deyil, ümumən, XX əsr Azərbaycan şeirinin şah misrasıdır:
Cavid gəlib, aç qoynunu, bas bağrına torpaq...
Ana Vətənə ünvanlanmış bu amiranə xitab - bu şairanə əmr də özünü doğruldur: "Onu kövrəlt, onu qızdır, O qədər həsrət olub ki, Ona yurdun qışı yazdır". Bəli, bu misralar düz qırx il uzaq torpaqlarda həsrət çəkmiş, sümükləri Sibir soyuğunda donmuş şairə Vətən mehrini ifadə edir, ana laylası qədər əziz və şirin səslənir: "Həsrət - onu mərd yıxdı ki, O, insafa gəldi... Ey ayrılıq oğlu, bu Araz sahilinə sən səfa gəldin!"
Cavidin Vətənə qayıdışı uzunmüddətli, ümid və iztirablarla dolub-daşan bir proses idi. Altmışıncılar özlərinin mərdanə və cəsur fəaliyyətləri ilə əzabkeş dahinin mənəvi qayıdışını təmin etmişdilər. Yenilməz gəncliyin hüdudsuz və azadlıq eşqi ilə qanadlanan təxəyyülü zamanın süni bölgüləri və milli yaddaşda yaratdığı sərhədlərlə barışa bilməzdi.
Atəşin və istiqlal xəyallı gənclik "ruhu ilə həmvətən" (Ə. Vahid) olduqları və özlərinə ideal elan etdikləri varlıqla, şəxsiyyətlə daim bir yerdə, bir sırada idilər. Bu mənada 80-ci illərin əvvəllərində Cavidin fiziki qayıdışı öz mənşəyini Caviddən başlayan və taleyini əbədiyyən Cavidlə bağlayan pleyadanın aləmşümul qələbəsi idi. Və bu qəti qələbənin reallaşmasında altmışıncıların mənəvi-siyasi hamisi - Ümummilli liderimiz Heydər Əliyevin həllediici xidmətlərini etiraf etməmək insafsızlıq olardı. 60-cı illərin ədəbi-siyasi dissident hərəkatı ilə ürəkdən həmrəy olan Ulu Öndər böyük Cavidimizə münasibətdə də onlarla həmfikir və məsləkdaş idi. Akademik Yaşar Qarayevin təbiri ilə söyləsək, altmışıncı illərin mübariz və barışmaz dissident şairlərini həmişə himayə və hifz edən Ulu Öndərin özü də həmin epoxanın ən yenilməz və uzaqgörən dissidenti idi. Beləliklə, aydın olur ki, 60-80-ci illərin poetik prosesində reallaşan və dahi sənətkara ünvanlanan ithaflar sadəcə bir ədəbiyyat işi və hadisəsi deyildi. Cavid taleyi və tərcümeyi-halı, şəxsiyyəti və sənəti təkcə ədəbi obraz sərhədlərinə sığmayıb, eyni zamanda, ümummilli birlik və həmrəylik simvoluna çevrilirdi. Məhz o illərdə yenidən doğulan Cavidanə şeiriyyət isə yeni Azərbaycan şeirinin ilk parlaq səhifələri idi.
Hüseyn Cavid və Heydər Əliyev!.. Bu birlik Azərbaycan xalqının mənəvi qüdrətinin tükənməzliyindən və milli iradəsinin yenilməzliyindən xəbər verən parlaq bir xüsusiyyətdir. Minnətdar nəsillər bütün dahi ədəbi şəxsiyyətlərimizi anarkən müdrik Heydər Əliyevi xatırladığı kimi, bu gün təkcə Azərbaycan xalqının yox, bütün türk xalqlarının yenilməz və Ulu Öndərinin tarixi və ənənəvi yubileyi təntənələrində mədəni və mənəvi tariximizin unudulmaz simalarını, o cümlədən XX yüzilin "qırmızı qaranlıqlarına" öz qüdrətli qələmi ilə nur saçan Hüseyn Cavidi də qürurla yad etməkdədir!..
Yaşar
QASIMBƏYLİ,
Filologiya elmləri
üzrə fəlsəfə doktoru, AMEA-nın baş elmi
işçisi
525-ci qəzet.-
2014.- 12 dekabr.- S.7.