AMEA-nın
müxbir üzvü,
professor Nizami Cəfərova məktub
Hörmətli Nizami müəllim!
Mətbuatda dərc olunan, demək olar ki, bütün məqalələrinizi və
mənə bağışladığınız
kitabları oxuyaraq fikrimi həmişə sizinlə bölüşmüşəm. Dilimizi, ədəbiyyatımızı,
ədəbiyyatşünaslıq elmimizi dərindən bilməyiniz, fikir və təfəkkür sahibi olmağınız hamıya bəllidir.
O da danılmaz faktdır ki, görkəmli dilçilərdən,
akademiklər Ağamusa
Axundov, Tofiq Hacıyev və professor Yusif Seyidovdan sonra ədəbi prosesə ən çox müdaxilə eləyən alimimizsiniz. Tale elə gətirib
ki, adını fəxrlə çəkdiyim
alimlərdən elm və
təhsil məbədi
Bakı Dövlət Universitetində dərs alıb, mükəmməl
məktəb keçmisiniz,
görkəmli filoloq kimi yetişmisiniz. Odur ki, nə yazsanız
ədəbi ictimaiyyətin
diqqət mərkəzində
olur. Qənaətimə görə akademik
İsa Həbibbəylinin
sanballı giriş məqaləsi ilə təzəcə çapdan
çıxmış "Hüseynbala Mirələmovun
yaradıcılığı və ya ədəbi
tərcümeyi-halı" adlı çox geniş həcmli maraqlı kitabınız
("Elm və təhsil"
nəşriyyatı, 2014, 480 səh.) istisna təşkil etməyəcək.
İsa müəllimin məqaləsini
və kitabınızı
oxuyanda gözümün
önünə həvəskar
bəstəkar damğası
ilə damğalanan, mahnıları ürəkləri
fəth edən, sevimli bəstəkarlar Ələkbər Tağıyev
və Qulu Əsgərov gəldi.
Professional musiqi aləmində hər iki bəstəkara bir laqeydlik, biganəlik hökm sürürdü. "Prokurordu, müğənnidi,
qoy öz işi ilə məşğul olsun"
- deyirdilər.
Bu laqeydliyin, biganəliyin
arxasında hardasa gözü götürməmək
də dururdu.
Mənə belə gəlir ki, yazıçı Hüseynbala Mirələmovun bu iki gözəl bəstəkarla tale oxşarlığı var. Hüseynbala müəllim texnika elmləri doktoru, professordur. Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, İxtisaslaşmış Dissertasiya Şurasının sədridir. Lakin o, hər şeydən əvvəl yazıçıdır. 17 yaşında olanda "Bir tikə çörək" hekayəsi çap olunub. Hələ Sovet dövründə "Gənclik" nəşriyyatı böyük tirajla "Tənha durna uçuşu" kitabını buraxmışdı. Bir-birindən maraqlı 18 hekayəsi çıxıb. Bütün bunlar Mirələmovun Yazıçılar Birliyinə üzv seçilməsindən əvvəl olmuşdu.
Bəs nədən akademik İsa Həbibbəylinin kitabınızda yer alan giriş məqaləsində göstərdiyi bu hal baş verib: "Yazıçı Hüseynbala Mirələmova tənqidçi-yazıçı cəmiyyətinin münasibəti birmənalı deyildir. Nədənsə bəzi tənqidçilər və yazıçılar Hüseynbala Mirələmovun yaradıcılığını arxa plana çəkir, məsələyə onun özünün cəmiyyətdəki mövqeyi nöqteyi-nəzərini əsas götürməklə yanaşırlar".
Nizami müəllim, 1989-cu ildə Moskva yaxınlığında - Peredelkinoda SSRİ yazıçılarının "Yaradıcılıq evi"ndə yaradıcılıqla məşğul olmaq mənə də qismət olub.
Pasternakın bağ evi (daçası) "Yaradıcılıq evi"nin lap yaxınlığında idi. Bir dəfə Pasternakdan söz düşmüşdü. Yaşlı bir rus yazıçısı dedi ki, dövlət səviyyəsində repressiyaya məruz qalan yazıçıya qarşı "Pravda" qəzetində məqalələr təşkil olunurdu. Bir fəhlə qadının da yazısı çıxmışdı. O, yazırdı ki, mən onun yazdıqlarını oxumamışam. Onsuz da bilirəm ki, yazdıqları bekar şeydir.
Belə çıxır ki, akademikin söz açdığı yazıçı və tənqidçilər Hüseynbala Mirələmovun əsərlərini fəhlə qadın Pasternakın əsərlərini oxuduğu kimi oxuyublar.
Tam səmimiyyətlə deyirəm, Mirələmovun təkcə hekayələrini, povestlərini və Nadir şah Əfşardan bəhs edən "Sonuncu fateh" adlı tarixi romanını oxuyan, obyektiv adam ona ikili münasibət bəsləməz.
Yazıçı Hüseynbala Mirələmov haqqında dünya şöhrətli yazıçı Çingiz Aytmatov və Elçin kimi ədəbiyyat yaradıcılarının, görkəmli ədəbiyyatşünas alimlərimiz, akademik Bəkir Nəbiyev, professorlardan Nizaməddin Şəmsizadə, Vaqif Yusifli, sizin və Əli Rza Xələflinin məqalələrində, N.Şəmsizadənin monoqrafiyasında istedadlı, mərifətli və təvazökar yazıçının əsərləri dəyərləndirilir və əsl qiyməti verilir.
O ki qaldı sizin kitabınıza, əsər elə formada (bunu tapıntı da adlandırmaq olar) yazılıb ki, oxumağa başlayanda dayanmaq olmur.
İnanıram ki, yazıçının yaradıcılığına işıq tutan, onu tam əhatə edən "Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı" əsəriniz istedadlı yazıçıya ikili münasibəti kökündən dəyişəcək.
Qəzənfər Paşayev
professor
525-ci qəzet.-
2014.- 12 dekabr.- S.7.