Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Tarixən Azərbaycan şimalda Dağıstan, qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan, şərqdə Xəzər dənizi,cənubda isə İran ilə həmsərhəd olub. Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır.

 

Arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan verib".

 

Tariximizin öyrənilməsində arxeoloqların, alimlərin fəaliyyəti qədər, müxtəlif dövrləri əks etdirən eksponatların da rolu var. Ölkəmizdə tariximizlə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliği ilə məşğul olan Milli Azərbaycan Tarix Muzeyinin fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiqdir.

 

2005-ci ildən Azərbaycan Tarixi Muzeyində əsaslı bərpa və yenidənqurma işləri başlanıb. İki il ərzində aparılan işlər nəticəsində Tağıyev sarayının bənzərsiz xarici və daxili görünüşü yenidən özünə qaytarılıb.

 

2005-ci ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə muzeyə Milli statusu verilib. 2007-ci il dekabrın 28-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin açılışını ediblər. Muzeydə aparılan yenidənqurma işləri ilə tanış olan dövlət başçısı yeni ekspozisiyanın bir hissəsini, həmçinin H.Z.Tağıyevin xatirə muzeyini gəzib və əldə olunan nailiyyətlərdən razılığını bildirib. Prezidentin Muzeyin fəxri qonaqlar kitabında yazdığı sözlər onun Azərbaycan mədəniyyətinə, xalqın mənəvi irsinə münasibətini bir daha nümayiş etdirir: "Tarix Muzeyi əsaslı təmirdən sonra öz fəaliyyətini davam etdirir. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Muzeyin bütün avadanlığı dünya standartlarına uyğundur. Muzeyin binası və daxili tərtibatı Azərbaycanın milli sərvətidir. Biz Muzeyi təmir etdirməklə ona yeni həyat verdik. Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanlarını qazanan bu şəxsiyyət Azərbaycan gənclərinin maarifləndirilməsinə böyük töhfələr verib. Əminəm ki, Muzeyin bundan sonra da fəaliyyəti həmişə olduğu kimi uğurlu olacaq ".

 

Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H.Z.Tağıyevin xatirə muzeyi yaradılıb. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı - buduar, 8) yataq otağı, 9) təmizlik otağı.

 

Xatirə muzeyinin ekspozisiyası H.Z.Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilən panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilib. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanan digər əşyalar da vardır. Kitab şkafında Rusiya imperiyasının qanunlar toplusu, məlumat kitabları, ensiklopediyalar saxlanılır. Səhərlər kabinetdə Hacının köməkçiləri ona yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan qəzetlərdən onu maraqlandıran məqalələri oxuyar, dünyada baş verən hadisələrdən xəbərdar edərdilər. Yazı stolunun arxasındakı divarda Hacının öz şəkil kolleksiyasından İran hökmdarları Nadir şah Əfşar və Fətəli şah Qacarın, solda isə Rusiya imperatoru II Nikolayın və onun xanımı Aleksandra Fyodorovnanın portretləri asılıb. Kabinetin pəncərələri ilə üzbəüz divarda isə rəssam Ayvazovskinin "Dənizdə fırtına" adlı əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü əks etdirən portret və ev sahibinin yaşadığı günlərdə olduğu kimi əvvəlki yerində qalmaqdadır.

 

Yazı stolu ilə üzbəüz H.Z.Tağıyevin portretini görmək olar. Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə şəhər duması H.Z.Tağıyevin portretinin sifariş edilməsi barədə qərar verib. Əsər 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilib. Burada H.Z.Tağıyev təltif edildiyi bütün medal və ordenlərdə əks olunub. Onların arasında Rusiyanın "Müqəddəs Stanislav" ordenləri, "Səyinə görə" üç qızıl medal, İranın "Şiri xurşid" ordeni, Buxara Qızıl Ulduzu vardır.

 

İş kabinetindən Şərq zalına keçmək mümkündür. Sarayın iki ən böyük zallarından biri olan, qədim oriyental ornamentlərini özündə birləşdirən Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Burada qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirilib. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanan Şərq zalı xüsusi zövqlə bəzədilib. Buraya şəbəkəli stollar, stullar, royal, kreslolar və s. qoyulub. Zalın tavanına Quran ayələri yazılıb. Bu yazı və bəzəklərə 9 kiloqram qızıl işlədilib. Nəhəng çil-çıraq və güzgülərin üzərindəki bralar zalı işıqlandırmaqla bərabər, onun gözəlliyini daha da artırıb. Pəncərələrin bədənnüma şüşələrində H.Z.Tağıyevin ərəb hərfləri ilə adı və soyadı yazılıb. Zalın müxtəlif hissələrində rast gəlinən və müsəlman memarlığında geniş işlədilən altıgüşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. İnanca görə, o, insanı pis nəzərdən qoruyur. Yuxarı hissədəki sütunlu tağlar möhtəşəm Şərq zalına xüsusi gözəllik verir.

 

H.Z.Tağıyev maarifçiliyin tərəqqisi üçün misilsiz səy və xidmətlər göstərib. Onun vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunub. Quran Azərbaycan dilində ilk dəfə həmin "Kaspi" qəzetin nəşriyyatında nəşr edilib. Azərbaycanda "Nəşri-maarif", "Nicat" və b. xeyriyyə cəmiyyətlərinin təsis edilib fəaliyyət göstərməsində Hacı böyük əmək sərf edib. Kitabxanada ağ rəngli, yumşaq, ipək oturacaqlı mebel dəsti, iki taxta stol, stullar və kreslolar, kitab şkafları yerləşdirilib. Kitab şkaflarında Rusiya imperiyasının qanunlar topluları saxlanılır. Xalça və pərdələr otağa xüsusi yaraşıq verir.  Kitabxananın sağında yerləşən qapı bilyard otağına aparır. Otağın ortasında bilyard stolu qoyulub. Buradakı arxası hündür gön-dəri divan, kreslolar istirahət üçün nəzərdə tutulub. Otağı xüsusi quruluşlu çilçıraq bəzəyir.

 

H.Z.Tağıyev zəngin mənəvi aləmə malik bir şəxs idi. Onun böyük rəsm kolleksiyası var idi. O, axşamlar musiqi zümzümə edərək, Qərbi Avropa, rus rəssamlarının əsərlərinə baxıb zövq alardı. Hətta Parisə səfər zamanı Tağıyevi yalnız işgüzar komanda deyil, muğam üçlüyü də müşayiət edib. H.Z.Tağıyev şöhrət naminə, yaxud əcnəbilərə təsirli imic yaratmaq üçün deyil, məhz mənəvi tələbat baxımından Avropa səfərinə özü ilə musiqiçilər dəstəsi götürüb. Muğamı qəlbən duyması, dəyərləndirməsi, onun hüzurunda hər müğənninin oxumağa cürət etməməyi Hacının təkcə kamil muğam biliciliyindən deyil, nəcib mənəviyyatından, ümumən daxili estetik potensialından xəbər verib.

 

Bilyard otağı və kitabxanadan çıxıb yenidən sütunlu tağlar olan guşəyə daxil olmaq olar. Buradan solda yerləşən qapı yemək otağına aparır. Otağın divarlarına məxməri-ipək parça çəkilib. Ortada uzun düzbucaqlı masa və ətrafına oturacağı məxmərdən olan stullar qoyulub. Buxara əmirinin hədiyyəsi olan gümüşdən hazırlanan üstü minalı qab dəsti burada nümayiş etdirilir. Şkaflarda H.Z.Tağıyevin Fransadan gətirdiyi və üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, büllur qədəhlər qoyulub. Otaqda həmçinin qoz ağacından düzəldilən, gözəl ornamentli böyük bufet yerləşir.

 

Bufetdən soldakı qapı monitor olan otağa aparır. H.Z.Tağıyevin həyat və fəaliyyəti ilə maraqlananlar burada quraşdırılan panellər və monitordan ətraflı məlumatlar əldə edə bilərlər.

 

 Bu otaqdan sağ tərəfdə yerləşən kiçik qonaq otağı H.Z.Tağıyevin ikinci həyat yoldaşı Sona xanıma məxsus idi. Sona xanımın kiçik qonaq otağı öz gözəlliyi və orijinallığı ilə o birilərindən fərqlənib. Tavan fiqurlu güzgülü lövhəciklərdən quraşdırılan, divarlar rəngarəng naxışlarla bəzədilib. Otaq bəzən güzgülü zal da adlandırılır. Mərkəzdə orijinal dəyirmi divan yerləşir. Onun üstündə lampa üçün yer var. Burada həmçinin dördguşəli naxışlı stollar, yumşaq kreslolar və stullar qoyulub.

 

Qonaq otağından yataq otağına aparan ensiz dəhliz var. Yataq otağı iki hissədən ibarətdir. Onları bir-birindən şəbəkəli taxta arakəsmə ayırır. Birinci hissədə yuxarısı hündür, naxışlı ikiyataqlı çarpayı və trümo yerləşir. İkinci hissədə isə kiçik və dəyirmi stol, divan, kreslolar, stullar qoyulub. Otaq boyu xalça və pərdələr otağın gözəlliyini daha da artırır. Yataq otağına bitişik balaca bir otaq var. Bu, təmizlik otağıdır. Burada güzgülü trümo, yumşaq kreslo, stol, paltar və rəfli şkaflar qoyulub. Trümonun üstündə bəzək əşyalarını görmək olar. Ekspozisiyaya yeni əlavə edilən vitrində Tağıyevə məsus olan Quran qabı və dini kitablar nümayiş olunur.

 

Quran qabı gümüşdən düzəldilib, qızıl suyuna çəkilib, mina və qiymətli daşlarla bəzədilib. Belə ki, şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdiriblər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə "Buxareyi şərif töhfə" ("Buxara hökmdarının hədiyyəsi") yazısı və "1225" təqvim ili göstərilib. Vitrində həmçinin iki ədəd islam dəyərlərinin izah edən "Kəşf-ül həqaiq" ("Həqiqətlərin kəşfi") kitabları qoyulub.

 

Hələ 1935-ci ildə Muzeyə verilən əşyaların sənədləri muzey əməkdaşların axtarışları nəticəsində 2012-ci ildə aşkarlanıb. Belə ki, Muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilib.

 

(Ardı var)

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2014.- 12 dekabr.- S.6.