Müharibə və onun nəticələrinə təsir edən amillər

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Yaxşı hal orasındadır ki,  müharibə toxumunu səpənlər başqasına ziyan vurduqları kimi, həm də öz xalqının da ümidini dağıdıb, məhv edirlər. Adətən doğma xalqı onlardan daha böyük ziyan çəkir. Bu eybəcər vəziyyətə nəhayət ki, son qoyulmalıdır. Ermənistan rəhbərliyi ağılsız siyasətlərindən əl çəkib, öz xalqı üçün daha faydalı olan alqoritmi – Azərbaycanla düşmənçiliyə son qoyub, işğal etdiyi ərazilərdən uzaqlaşmaqla, öz qonşusunun beynəlxalq aləm tərəfindən istisnasız qaydada etiraf edilən ərazi bütövlüyünün bərpasına gedən yolu seçsə, bu, heç şübhəsiz, erməni xalqına da fayda verər, həm də  regionda sülhün bərqərar olmasına kömək edərdi.

 

Qoy ən qatı erməni millətçiləri illuziyalarından əl çəkib, nəzərlərini tarixdən yaxşı dərs almış və sülhü möhkəmləndirməkdə inadkarlıqla çalışan müasir almanlara tərəf çevirsinlər. Həmin marginallar özlərinə şirin gəlsə də, əslində çox acı olan yuxudan nə qədər tez ayılsalar, öz milləti qarşısındakı günahlarını gec də olsa bir qədər azaltmış olardılar. Yoxsul komada və qorxu altında yaşamağı cənnət kimi qələmə verən millətçi ünsürlər idrak gözlərini açıb, dünyaya sağlam düşüncə tərzində baxsalar, bu vaxt öz xalqının və ölkəsinin fəlakət girdabına yuvarlanmasının qarşısını kəsmək kimi faydalı bir işə girişərdilər. Axı hər bir ölkə təkcə yer, ərazi parçası deyildir, birinci növbədə bəşəriyyətin işləyib hazırladığı dəyərlər sistemidir. Bu imperativ prinsipi kənara atıb, öz hallüsinasiyalarının girovuna çevrilmək heç də böyük ağıldan xəbər vermir. Britaniyanın baş naziri olmuş Bencamin Dizraelinin sözləri burada yerinə düşür: “Sənin cahil olduğunu anlamağın biliyə doğru böyük addımdır”. Erməni qatı millətçiləri nə qədər gec deyil cəhalətə əlvida desələr, ağıllanmağa doğru addım atsalar, bu xalq özünə hamıdan çox sərf edən sülhə, dinc həyata qovuşa bilərdi.

 

Müharibəyə başlamağın bəzi xüsusiyyətləri

 

Müharibə elə bir hadisədir ki, heç vaxt kor-koranə baş vermir, ona ciddi hazırlıq görülməsi tələb olunur. Bəzi məşhur dövlət xadimləri başqa alternativ olmadığından müharibəyə əl atmaq məcburiyyətində qalırdılar.

 

Hərb elminin görkəmli nümayəndələrindən biri olan alman Karl fon Klauzevits özünün məşhur “Müharibə haqqında” əsərində göstərirdi ki, “Müharibə, siyasətin digər vasitələrlə davam etdirilməsidir”. Ona görə də Prussiyanın və Almaniyanın təcrübəli siyasi xadimi olan Otto fon Bismark ölkəsini müharibəyə cəlb etməmişdən əvvəl vacib olan bir sıra tədbirləri həyata keçirirdi. Qalibiyyətli müharibə aparılmasının təşəbbüskarı və Almaniyanın birləşdirilməsinin beşiyi başında dayanan bu adamın həmin məsələ barəsindəki fikirləri olduqca qiymətlidir. Bismark müharibəyə, yalnız digər bütün diplomatik alternativlər köməyə gəlməyəndə, həm də hər bir hərbi və diplomatik üstünlüklər öz tərəfində olanda əl atırdı.

 

Bunu da qeyd etmək lazımdır ki, Bismark xarici siyasətdə əxlaq məsələsinə məhəl qoymurdu və XIX əsrdə Realpolitik –i (“ reallıq siyasəti”ni və ya həyasız siyasəti ) praktiki olaraq həyata keçirməkdə tanınmış bir dövlət xadimi hesab olunurdu.

 

O, iqtisadi və hərbi qüdrətin vacib şərt olduğunu daim qeyd edirdi. 1862-ci ildə demişdi ki, “Almaniya Prussiyanın liberalizminə deyil, onun gücünə baxır. Günün böyük məsələləri nitqlərlə və çoxluğun səsi ilə deyil, bu, 1848-1849-cu illərin səhvi idi, dəmir və qan vasitəsilə həll edilə bilər”.

 

1864-cü ildə Danimarka ilə aparılan müharibədən əvvəl Bismark daim ona can atırdı ki, Prussiya yalnız bir qüvvə ilə vuruşsun və digər opponentlər diplomatik yolla kənarlaşdırılsın. 1866-cı ildəki Avstriya-Prussiya müharibəsində Prussiya daha müasir tüfəngdən istifadə etməklə, digər amillərlə birlikdə üstünlüyə nail oldu.

 

Bismark Fransa imperatoru III Napoleonun rəsmi bəyanatının düzgünlüyünü sübuta yetirdi ki, millətçilik və avtoritar idarəetmə bir-biri ilə birləşə bilər. O, bunu öz təcrübəsində tətbiq edirdi. Fransa 15 iyul 1870-ci ildə Prussiyaya müharibə elan etdi. Fransız Baş naziri lovğalıqla qeyd etmişdi ki, “Biz müharibəyə yüngül ürəklə gedirik”. Fransızlar üçün “yüngül ürək”, bədbəxtlikdən, heç də kifayətləndirici bir amil olmadı. Prussiya ordusu Fransanın içərilərinə doğru irəlilədi, 2 sentyabr 1870-ci ildə Sedanda 110 min nəfərlik  fransız ordusu və imperator III Napoleonun özü əsir götürüldü. Paris isə 28 yanvar 1871-ci ildə təslim oldu, rəsmi sülh müqaviləsi isə may ayında imzalandı.

 

Tarixin ironiyası ona gətirib çıxardı ki, Günəş Kralın – XIV Luinin şərəf simvolu sayılan Versalın Güzgülü salonunda 1871-ci il yanvarın 18-də ikinci Alman İmperiyasının yaradılması elan edildi (birinci imperiya isə Orta əsrlərin Müqəddəs Roma imperiyası idi). Beləliklə, Almaniya vahid dövlətdə birləşdi. Prussiya kralı I Vilhelm kayzer və ya imperator tituluna yiyələndi, Prussiyanın kansleri Otto fon Bismark imperiyanın kansleri oldu. Almaniyanın birləşməsi, Prussiya monarxiyası və ordusu tərəfindən həyata keçirildi. Real düşüncədə Prussiya Almaniyaya deyil, Almaniya Prussiyaya birləşdi. Bir qoca liberal bu məsələ barədə demişdi: “Mən bu saatın təəssüratı ilə təsirlənə bilmərəm. Mən Marsa sitayiş etmirəm. Mən qüdrətli müharibə allahından daha çox gözəllik ilahəsinə və qratsiyaların anasına vurğunluq hiss edirəm, lakin müharibənin qənimətləri hətta sülh uşağının üzərinə də möcüzəli bir lətafət salır. Birinin baxışı, düşünülmədən hamını bir-birinə bağlayır və birinin ruhu anın uğurunun allahını alqışlayan adamların ardı kəsilməyən cərgəsi ilə birgə gedir”.

 

Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, militarist dəyərlərin liberalizm üzərindəki zəfəri idi. Böyük çətinliklə krallığa çevrilən Prussiya inkişaf edərək qitədə ən möhkəm hərbi qüdrətə sahib olan dövlətlərdən birinə çevrildi. Bu həm də Bismark siyasətinin zəfəri idi. Hamı gücə boyun əydiyindən, Prussiyanın belə gücə yiyələnməsinin Fransa üzərindəki qələbə kimi nümayişi alman dövlətlərinin Almaniya imperiyasında birləşməsinə yol açdı. Həmin qələbə Versalda Alman imperiyasının yaradılması barədəki xəbərlə daha da məşhurlaşıb, əlavə əhəmiyyət qazandı.

 

Bismark müasir alman millətini müharibənin köməyi ilə formalaşdırdı və təcavüzkar millətçilik siyasəti yeritməyə başladı, bu qorxulu irs isə öz kuliminasiyasını  XX yüzillikdəki iki dünya müharibəsində tapdı.

 

Bismarkın bəxti həm də onda gətirmişdi ki, onunla birlikdə Prussiya Baş Qərargahının rəisi, görkəmli hərbi xadim Helmut fon Moltke və müdafiə naziri Albrext fon Röndən ibarət üçlük meydana gəlmiş və bu üçlük 13 il ərzində Avropanın xəritəsini dəyişdirmək üzərində xeyli çalışmış və buna əsasən nail olmuşdu.

 

Lakin Bismarkın xidmətləri Almaniyaya heç də yalnız fayda gətirməkdən ibarət olmamışdır. Bismarkın qələbələr dövrü artıq arxada qalmışdı. Yeni müharibə cəhdi uğursuz da ola bilərdi və çox keçməmiş bu baş verdi. Almanlar hədd tanımayan iştahlarına görə I Dünya müharibəsində Avstriyaya  (Avstriya – Macarıstana) qoşularaq Antanta ilə müharibəyə başladılar. Almaniyada adamlar var idi ki,onlar Rusiyanın bir hissəsini, hətta Belçikanın və Fransanın müəyyən ərazilərini ələ keçirməklə alman imperiyasının böyüməsini istəyirdilər. Lakin onların arzuları puç oldu, Almaniya müharibədə məğlubiyyətə düçar oldu.

 

Formalaşmağında və inkişafında Bismarkın da mühüm rol oynadığı alman millətçiliyi XX əsrin 30-cu illərində Hitlerin hakimiyyətə gəlməsi ilə isə, irqçiliyin və şovinizmin dövlət siyasətinə çevrilməsi kimi bir eybəcərliyin meydana çıxması üçün bünövrə rolunu oynamışdır. Bəlkə də Bismark olmasaydı, onun qazandığı uğurlar seriyası baş tutmasaydı, Hitler özünün Avropa və dünya ağalığı barədəki sərsəm fikirlərinə düşməzdi. İrqçiliyi görünməmiş həddə çatdıran, almanları digər millətlərə qarşı nifrət ruhunda tərbiyə etməyə çalışan Hitler müəyyən ölçülərdə Bismarkın mənəvi törəməsi, daha doğrusu, iyrənc mənəviyyatsızlığından xəbər verən “çolaq övladı” idi.

 

Müharibəni başlamaq asandır, onu başa çatdırmaq isə olduqca çətindir.  Napoleon Rusiyaya qarşı bir neçə ay qalibiyyətli kimi görünən müharibə aparıb, bu dövlətin qədim paytaxtı Moskvanı tutsa da, nəticədə ağır məğlubiyyətlə – Grand Army-nin – Böyük Ordunun məhvinə səbəb olan biabırçı yekunla üzləşməli oldu. Hitler Avropada apardığı qısa müddətli və böyük qələbələrə səbəb olan müharibədən ağılsızcasına ruhlanaraq, SSRİ – də də blitskriq – ildırımsürətli müharibə aparacağına ( əslində bu, almanların deyil, ingilislərin icadı idi ) tam əmin olmaqla, bu ölkənin ərazisinə müdaxilə etdi. Hitler ordusu 1941-ci ilin yayından başlayaraq bir neçə cəbhədə, sonralar həm də hətta Afrikanın şimalında da vuruşurdu. Hitlerin öz hərbi qüvvəsinə belə paranoyya qaydasındakı inamı nəticə etibarilə onu ağır məğlubiyyətə gətirib çıxardı. Onun min il yaşayacağını güman etdiyi III Reyx barədəki iddiası nəinki həyata keçmədi, hətta müharibənin başlanmasından keçən altıncı ildə öz ölkəsinin Müttəfiq orduları tərəfindən işğala məruz qalması kimi bir faciə ilə nəticələndi.

 

Əgər o, Bismarkın, yaxud başqa xadimlərin təcrübəsinə istinad etsəydi, yəqin ki, belə ciddi strateji səhvlərə yol verməzdi. ABŞ-dakı Vətəndaş müharibəsi vaxtı prezident Abraham Linkoln Şimalın vuruşduğu Cənuba – Konfederata kömək göstərməkdə şübhələnilən Böyük Britaniyaya da müharibə elan etmək barədə səs-küy qaldıran “quzğunların” sərsəm təkliflərinə cavab verərək deyirdi ki, eyni vaxtda iki cəbhədə, iki qüvvə ilə vuruşmaq olmaz. Linkoln siyasəti uzaqgörənliyi ilə seçildi və 1865-ci ilin aprelində Konfederat qüvvələri təslim oldu. Britaniya ilə müharibəyə girişmə isə Şimalı taqətdən salıb, onu məğlubiyyətə sürükləyərdi.

 

Müharibənin ilk anının uğurla müşayiət olunması onun son yekunu barədə sevindirici ümidə gətirib çıxarmamalıdır. İlk üstünlüyün bəxş etdiyi sərxoşluq ötüb keçir, vəziyyət taleyin üzü kimi dəyişərək, acı məğlubiyyətlər seriyasının meydana gəlməsinə gətirib çıxarır. Torpaqları işğal edənlər sonralar hökmən peşmançılığın “qırıq təknəsinin” yanında qaldıqlarının şahidi olmaq qismətini yaşayırlar. Yüzillik müharibədə (1337-1453-cü illər) İngiltərə ordusu materikə keçib, Fransa ərazisinin xeyli hissəsini işğal etmişdi. Sonralar, müharibənin axırıncı iki onilliyində fransızların müqaviməti gücləndikcə, onlar bu ərazilərin hamısını itirdilər, sahildəki Kale şəhərini saxlasalar da, sonralar o da Fransa ərazisinə daxil oldu.

 

Hitler ordusu da, 1941-ci ilin dekabrının əvvəlində Moskvanın astanasında idi, lakin geri oturduldu və üç il yarımdan sonra Sovet qoşunları qırmızı bayrağı Berlində III Reyxin simvolu sayılan Reyxstaqın – parlament binasının üzərinə sancdılar. 1945-ci il mayın 8-də isə alman hərbi komandanlığı Müttəfiq qoşunları nümayəndələrinin qarşısında Almaniyanın qeyd-şərtsiz təslim olması barədəki aktı imzaladı.

 

Qoy başqa xalqların torpaqlarını işğal edənlər də tarixin həmin əyani dərslərindən ibrət götürüb, intiqam alovunun bir gün onları da dəhşətli qaydada qarsacağını göz önünə gətirsinlər, dinc yolla həmin torpaqları tərk etməklə, özlərini yaxınlaşan ağır fəlakətdən xilas etsinlər.

 

Axı kiçik qələbənin həm də böyük bədbəxtlik bəxş etməsi xüsusiyyəti də vardır və birincidən eyforiya hissi keçirənlər ayılıb, XXI əsrin əvvəlində Qaranlıq dövrün (Orta əsrlərin) qaydalarından ilhamlanmalarına son qoymaqla, ağılın və reallığın göstərdiyi yola üstünlük versələr, öz xalqlarına, gec də olsa, səmərəli xidmət göstərmiş olarlar. İşğalçı dövlət, xalq heç vaxt sakit liman tapa bilmir, intiqamın kükrəyəcəyi hissinin qorxusundan azad ola bilmir. Həm də işğal müasir dövrdə hər bir dövlət üçün, xüsusən iqtisadi cəhətdən zəif olan ölkə üçün ağır yük hesab olunur, ondan üzülüşməyən, onu öz tarixi və hüquqi sahibinə qaytarmayan xalq öz mövcudluğunun və gələcəyinin  təhlükəsizliyinə heç vaxt tam  arxayın olmayacaqdır. Belə qorxu altında yaşamaq isə Yer üzərində cəhənnəm əzabları ilə üzləşməkdən başqa bir şey deyildir.

 

(Ardı var)

Telman Orucov

525-ci qəzet.- 2014.- 13 dekabr.- S.27.