Ağrı dağın ağrıları

 

 

 

Yazıçı Əli İldırımoğlunun, bəzi ixtisarlar və əlavələrlə bu günlərdə yenidən nəşr olunmuş “Közərən sətirlər” xatirə-romanında tariximizin, ictimaiyyətə məlum olan və olmayan, bir sıra maraqlı məqamları öz əksini tapıb. Aktuallığını düşünərək, kitabdan bəzi hissələri oxuculara təqdim edirik.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

E H, YENƏ O İLLƏRİM. Naxçıvana qədəm qoyduğum ilk, gənclik çağlarım... Həmin illər ölkədə Stalinin şəxsiyyətinə pərəstiş əleyhinə qızğın təbliğat kompaniyası başlanmışdı. Mətbuat səhifələrində, radioteleviziyada, gündə-günaşırı keçirilən yığıncaqlarda, Stalin fərsiz, adicə xəritədən baş çıxara bilməyən və yalnız kabinetdəki qlobusun ətrafında fırlanan, Böyük Vətən müharibəsində o qədər də fəaliyyəti olmayan əfəl rəhbər kimi hallandırılıb, tənqid atəşinə tutulurdu. Nikita Sergeyeviç Xruşşov isə məşhur nəzəriyyəçi, dahi sərkərdə, hərb elminin bilicisi, çevik ölkə başçısı, dünya şöhrətli siyasətçi kimi mədh olunub, tərifi göylərə qaldırılırdı. Ancaq Stalinə ünvanlanan tənqidi fikirlər, Xruşşov barədəki təmtəraqlı təriflər ürəkdən gəlmirdi, hamısı boğazdan yuxarı deyilirdi. İnsanların qəlbində Stalinə olan rəğbətlə, Xruşşovun bayağı, şit davranışının onun özünə qarşı yaratdığı ikrah üz-üzə dayanmışdı.

 

“MOSFİLM”İN İSTEHSALI olan “Bizim Nikita Sergeyeviç” kinofilminin tərifi dildən-dilə düşmüşdü. Ölkənin ən nüfuzlu qəzetləri sayılan “Pravda”, “İzvestiya” öz səhifələrində, kinofilmi XX əsr kino sənətimizin nadir incisi kimi mənalandırırdılar. Və bütün Sovet adamları bu nadir ekran əsərinə baxmağa sövq edilirdi. Moskvadan, Bakıdan göstəriş göstəriş üstündən gəlirdi ki, uşaqdan-böyüyə kimi hamı bu dahiyanə filmə baxmalıdır. Bir axşam Naxçıvan şəhərinin mərkəzindəki yay kinoteatrına getdik. İdarə, müəssisə başçıları tabeliklərində olan axın-axın fəhlə və qulluqçuları məcburi qaydada qabaqlarına qatıb, “Bizim Nikita Sergeyeviç”ə baxmaq üçün yay kinoteatrına gətirirdilər... Ekran açıldı... Film başlanandan bir neçə dəqiqə sonra tamaşaçılar sifətlərini turşudub, ikibir-üçbir, əyilə-əyilə oturacaqların arasından keçib, kino zalını tərk edir və qapıdan sivişib çıxan kimi öz-özlərinə deyinib, onları məcburən kinoya gətirənləri lənətləyirdilər. Mənimlə yanaşı oturan Vilayət Partiya Komitəsinin ideoloji şöbə müdiri vəziyyəti belə görəndə hövsələdən çıxdı və kinonun direktorunu çağırtdırıb, ona dişinin dibindən qopanı dedikdən sonra göstəriş verdi ki, film qurtarana qədər içəridən çölə bir nəfər də buraxılmasın! Lakin bu göstərişin də faydası olmadı. Qapıçı kinodan yayınmaq istəyənlərin qabağını almaq cəhdində müvəffəq ola bilmədi. Əksinə, özü bir-iki yumruq yedi... Kinonun axırında zalda iki nəfər müsahibimdən və yuxarıların xofundan ehtiyat edən beş-on nəfər vəzifəli şəxsdən başqa heç kəs qalmamışdı.

 

Həmin günün səhərisi Vilayət Partiya Komitəsində idim. İdeoloji şöbənin işçisi qoyulmuş qaydaya uyğun olaraq “Bizim Nikita Sergeyeviç” filminin Muxtar Respublikada necə nümayiş etdirildiyi və tamaşaçılar tərəfindən necə rəğbətlə qarşılandığı barədə telefon vasitəsilə Bakıya məlumat verirdi: “Şəhərin yay kinoteatrında stulların sayından iki dəfə çox adam iştirak edirdi. Yer çatışmadığından yüzlərlə tamaşaçı ayaq üstə dayanıb, ətrafdakı ağaclara dırmanıb, filmə böyük həvəslə baxırdılar. Adamlar bizə yanaşıb, filmə təkrar-təkrar baxmaq istədiklərini bildirdilər. Bu barədə Vilayət Partiya Komitəsinə yüzlərlə tamaşaçı məktubu daxil olub...”

 

Söz yox ki, ötən axşamkı mənzərə Mərkəzi Komitəyə olduğu kimi çatdırılsaydı, bu vilayət rəhbərlərinə baş ağrısı gətirə bilərdi. Eyni saxtakarlıqla Bakı Moskvanı məlumatlandırırdı...

 

lll

 

VİLAYƏT PARTİYA KOMİTƏSİNİN İDEOLOJİ SAHƏYƏ BAXAN KATİBİ İLƏ NORAŞEN RAYONUNA GETMİŞDİK. Aralıq kənd orta məktəbinin şagirdləri Stalinin sındırılıb anbarın qabağında atılmış büstünü gecə oğurlayıb, bərpa edib, Arpa çayının kənarında, dalda bir yerdə qoymuşdular. Və məktəblilər hər bazar günü gizlicə büstü ziyarət edib, önünə gül-çiçək düzürdülər. Vilayətin başçısı yol verilmiş bu cür xətaların üstündə raykom katiblərinin və büro üzvlərinin ağıllıbaşlı dərsini verib, onlara ciddi xəbərdarlıq etdi...

 

Geri dönəndə Vilayət Partiya Komitəsinin ikinci katibi yorğun-yorğun öz-özünə azaylandı ki, dərd birdir, ikidir?! Gərək yolüstü Qarabağlar kəndinə də dönək. Ordan bir nəfər mexanizator Xruşşova ağzına gələni yazıb.

 

Həmin cəfəngiyyat məktub Moskvada xüsusi nəzarətə götürülüb və yoxlamaq üçün bizə göndərilib. Həmin məktubu alıb maşın gedə-gedə oxumağa başladım: “Yoldaş Xruşşov! Sənə yoldaş deməyə də dilim gəlmir. Sən o vəzifəyə layiq adam deyilsən. Bu boyda ölkənin rəhbərinə yaraşarmı gedib Hindistanda fil minsin, əcnəbiləri özünə güldürsün? Dövləti idarə eləyə bilmirsən, sən başçı olandan sonra ölkə gündən-günə geriləyir. Nizam-intizam, qayda-qanun pozulub. Partiya, hökumət hörmətdən düşüb. Haqsızlıq başdan aşır, mən bir kolxozçu kimi buna dözə bilmirəm. Bağrım çatlayır. Bəlkə ətrafındakılar sənin buraxdığın səhvləri deməyə cəsarət etmirlər. Xahiş edirəm, məni qəbul eləyin. Yazdıqlarımı sübut eləyə bilməsəm, boynumu vurdurun...”

 

Məktubu axıracan oxuyub qurtardıqdan sonra qaytardım. Katib dedi ki, belə bir adam ola bilməz. Yəqin kimsə onun adından uydurub. Mən özüm də katiblə həmfikir oldum. Qarabağlar kəndinə döndük. Kolxozun idarəsində əyləşib məsələni araşdırmağa başladıq. Həmin mexanizator tapıldı. Onun təxminən otuz yaşı olardı. Katib əvvəlcə onu al dilə tutdu:

 

– Haqqında çox eşitmişəm, –dedi, – qoçaq oğlansan. Kəndin qabaqcıl zəhmət adamı kimi orden, medal da almısan. Sədr də, partkom da sənin barəndə yüksək fikirdədirlər. Ancaq kimsə sənin adından Xruşşova axmaq bir məktub göndərib. Amma mən inanmıram ki, sənin kimi zəhmətkeş, qoçaq əmək adamı bu cür nalayiq hərəkət etsin. Görünür, kimsə dələduzun biri... ona görə də götür bir izahat yaz. Yaz ki, mən Xruşşovun adına heç vaxt, heç bir məktub göndərməmişəm...

 

Mexanizator təmkinini pozmadan katibə:

 

– Məktubu mənə göstərin görüm – dilləndi.

 

Katib qarşısındakı qovluğu açıb, məktubu ona uzatdı:

 

– Buyur – dedi.

 

Mexanizator məktuba gözucu baxıb qeyzlə:

 

– Xahiş edirəm, ora-bura yozmayın! – dedi, – Xətt mənimdir! Məktubu da özüm yazmışam! Dediklərimin də üstündə dururam...

 

Kolxozun sədri söhbətə qarışıb, mexanizatoru fikrindən döndərməyə çalışdı. Partkom məktub müəllifinə öyüd-nəsihət verməyə başladı. Vilayət Partiya Komitəsinin katibi onun başına ağıl qoymaq istədi. Lakin bütün bunların faydası olmadı. Mexanizator iki ayağını bir başmağa dirəyib:

 

– Mən yazmışam! Sözümün üstündə dururam! – dedi. – Xruşşov qəbul eləsin. Yazdıqlarımı sübuta yetirməsəm, elə ordaça boynumu vurdursun.

 

Ordenli mexanizator inadından dönmədi ki, dönmədi. Katib hövsələdən çıxdı:

 

– Stalinin vaxtı olsaydı, bu məktubun üstündə səni əlli-ayaqlı itirərdilər.

 

– Stalin kişi idi, ona bu cür məktub yazmazdım.

 

– Stalin kişi yox, cəllad idi, günahsız adamları Sibirdə çürüdürdü. Heç bilirsən təkcə bu Noraşen rayonundan neçə günahsız adam güdaza gedib?! – Katib Moskvanın dili ilə danışmağa başladı.

 

– Düz demirsən, yoldaş katib, Stalin gündoğanla günbatanın arasının rəhbəri idi. O deyirdi ki, əl-ayağa dolaşan nadürüst adamları aradan götürün ki, xalq dinc nəfəs alsın. Sizin kimilər də yerlərdə xoşu gəlməyən günahsızları günahlıların gözünə qatıb, badi-fənaya verirdilər. Ad da olurdu ki, Stalin eləyib. Gəl insafla danışaq. Stalin Noraşeni hardan tanıyırdı?! Stalin mənim əmim oğlu dəyil, dayım oğlu dəyil. Amma ağıl dəryası idi. Ölkədə qayda-qanun yaratmışdı, qurd quzuynan otluyurdu. Xruşşov kimi?... Gedib Amerikada, Millətlər Təşkilatının iclasında ayaqqabısını çıxardıb stola döyür. Eşidəndə ölüb yerə girdim. Öz-özümə dedim ki, kül bizim başımıza, gör nə günə qalmışıq ee! Rəhbərimizə bax ee! Elə yaxşı deyiblər ki, ağası gülüm olanın, başına külüm olar. Bizim başımıza onda daş düşüb ki, Xruşşov başçı seçilib. – Mexanizatorun vilayətin katibinə cavabı bu oldu.

 

– Yaxşı, yaxşı, başın bədəninə ağırlıq eləməsin. Yazmısan, yazmısan, baxarıq. Xruşşovun hər gədə-güdəni qəbul eləməyə vaxtı yoxdur. Bu da yazdığın məktubun cavabı. İndi gedə bilərsən, – katib daha da əsəbiləşdi.

 

Kolxozun sədri mexanizatorun ağzını birtəhər yumub idarədən çıxartdı. Sədrlə partkomun imzası ilə belə bir arayış tərtib olundu ki, Qarabağlar kəndində bu ad-familiyada adam yoxdur.

 

lll

 

... BİR NEÇƏ GÜNDƏN SONRA redaksiyadan tapşırıq aldım ki, tanınmış, nüfuzlu adamlardan birinin imzası ilə şəxsiyyətə pərəstişə dair geniş həcmdə məqalə hazırlayım. Vilayətin rəhbər işçiləri bu barədə müxtəlif mətbuat səhifələrində öz sözlərini demişdilər – Stalin yaramaz adam olub, yüzlərlə günahsız adamı qırıb, xalqımız Xruşşovun timsalında Lenin tipli rəhbərini indi tapıb və s...

 

HƏR ELMİNİ VƏ ONUN TARİXİNİ DƏRİNDƏN BİLƏN, BU SAHƏDƏ BİR NEÇƏ MƏKTƏB BİTİRƏN VƏ İSTEFAYA ÇIXANDAN SONRA BÖYÜK BİR SƏNAYE MÜƏSSİSƏSİNƏ BAŞÇILIQ EDƏN POLKOVNİK NEMƏT KƏRİMOVLA GÖRÜŞDÜM. Marşal Tolbuxin Böyük Vətən müharibəsindəki döyüşlərdə onun sərkərdəlik məharətinə heyran qaldığını etiraf edirdi. Fyodor İvanoviç Tolbuxin deyirdi ki, Nemət Kərimov kimi sərkərdəsi olan ordu heç vaxt basılmaz. Elinə, obasına başucalığı gətirən polkovnik, demək olar ki, ömrünü hərbi sahəyə sərf etmişdi və Naxçıvan camaatı bu sadə, mərd, əyilməz insanı necə də sevirdi! Görüşümün səbəbini ona izah etdim, dedim ki, görkəmli hərbçi kimi Stalinin əleyhinə olan, əhatəli bir məqalə ilə çıxış etməlisən. Şəxsiyyətə pərəstişin orduda verdiyi zərərləri açıb göstərməlisən.

 

Qartal baxışları, məntiqli danışığı olan polkovnik müşkül məsələ ilə üzləşibmiş kimi, əlini alnına söykəyib xeyli fikrə getdi və sonra:

 

– Bu barədə əvvəlcə gəl dövlət adamı kimi yox, adi ziyalı kimi, insan kimi danışaq – dedi. – Özü də qeyri-rəsmi, daha doğrusu, ikimiz üçün. Söhbətimiz də buradan kənara çıxmamalıdır. Təcrübəm sizdən çoxdur. Müharibənin odunu-alovunu ayaqlamışam. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, dahiləri danlamaq axmaqlıqdır. Bu, günəşin yoxluğunu sübut etmək üçün onun qarşısına qara yaylıq tutmağa bənzəyir. Stalinin haradasa müəyyən səhvlərə yol verdiyini istisna etmirəm. Lakin çoxu subyektiv müddəalardan ibarət olan, yanlış fikirlər onun tarixi şəxsiyyət olduğunu danmaq üçün az əsas verir. Vaxt gələcək tarixi gerçəkliklər arxivlərdən baş qaldırıb göyərəcək. Və bugünkü hərəkətimizin düzgün qiyməti onda veriləcək. Gələcək nəslin bizi təqdir edəcəyini və ya əksinə lənətləyə biləcəyini göz önünə gətirib atdığımız hər bir addımı tarixin, bir də ki, vicdanımızın meyarı ilə ölçüb biçməliyik. Stalin hazırda mövcud olan dövlət quruluşunun təməl daşı idi. Xruşşov etdiyi hərəkətlərin verəcəyi nəticəni dərk etmədən bu daşı burnuynan eşib çıxartdı. Bununla da dövlətin maddi və mənəvi dayağını dəhşətli surətdə laxlatdı və məncə tez-gec bu quruluşun süquta uğrayacağı şəksizdir. Çox güman ki, biz həmin anların şahidi ola biləcəyik. Siz bir baxın, Stalin oğlunu bir nəfər feldmarşala dəyişmədi. Xruşşov isə oğlunun qisasını almaq naminə nəhəng bir dövləti güdaza verir.

 

(Ardı var)

Əli İldırımoğlu

525-ci qəzet.- 2014.- 13 dekabr.- S.26.