Milli Azərbaycan Tarixi Muzeyi: qədim və zəngin irsin möhtəşəm saxlancı

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycanla, ölkəmizin tarixi ilə bağlı elektron qaynaqlara göz gəzdirdikdə ilk növbədə bu diqqətəlayiq sətirlər nəzərə çarpır: “Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Tarixən Azərbaycan şimalda Dağıstan, qərbdə Gürcüstan, cənub-qərbdə Ermənistan, şərqdə Xəzər dənizi,cənubda isə İran ilə həmsərhəd olub. Azərbaycan xalqı bu ərazidə – tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb. Azərbaycan qədim tarixi arxeoloji, etnoqrafik, antropoloji və yazılı qaynaqlar əsasında yazılır. Arxeoloji qazıntılar zamanı aşkar edilən əşyalar Azərbaycanın maddi-mədəniyyət tarixini öyrənməyə imkan verib”.

 

Tariximizin öyrənilməsində arxeoloqların, alimlərin fəaliyyəti qədər, müxtəlif dövrləri əks etdirən eksponatların da rolu var. Ölkəmizdə tariximizlə bağlı materialların toplanması, saxlanması, araşdırılması və təbliği ilə məşğul olan Milli Azərbaycan Tarix Muzeyinin fəaliyyəti bu baxımdan xüsusilə təqdirəlayiqdir.

 

2010-cu ildə Milli Azərbaycan Tarixi Muzeyinin 90 yaşı tamam olub. Fəaliyyətinin ilk dövründə Azərbaycan Dövlət Muzeyi adını daşıyan muzey 1936-cı ildən tarix profilinin gücləndirilməsi ilə əlaqədar bugünkü adı ilə işini davam etdirir. Uzun illər ərzində Vətən tarixinin bütün dövrlərini əks etdirən ekspozisiyası və sərgiləri ilə hər kəsin diqqətini cəlb edib, rəğbətini qazanıb. Bu gün muzeyin müxtəlif fondlarında Vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunan nadir jurnal, kitab və qəzetlər toplanıb. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirib. Fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurub. Muzeyə hər gün onlarla tamaşaçı gəlir. Onların xidmətində duran muzey işçiləri hər bir tamaşaçının Azərbaycanın zəngin tarixi keçmişi, dünəni və bu günü ilə, maddi-mədəni tarixi irsi ilə tanış olması üçün əllərindən gələni etməyə çalışırlar.

 

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi möhtəşəm binanın sahibi, tariximizdə xüsusi yeri olan H.Z.Tağıyevin həyat yolu haqqında müfəssəl söz açmaq onun xatirəsinə vəfa və ehtiram borcudur. Ona görə də bu yazıda Hacının bioqrafiyası barədə ətraflı bəhs etmək istərdik.

 

Hacı Zeynalabdin Tağıyev Bakıda, İçərişəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyev və onun arvadı Umxanımın ailəsində dünyaya göz açıb. Bir ehtimala əsasən o, 1823-cü, digər – daha inandırıcı məlumata görə isə, 1838-ci ildə anadan olub. Hələ uşaq ikən Zeynalabdin anasını itirib və atasının himayəsində yaşayıb. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlib. Ailəsinə kömək məqsədilə balaca Zeynalabdin tikintidə çalışıb, gündə 5-6 qəpik pul qazanıb. Artıq 15 yaşına çatdıqda, o, bənnaçı peşəsinə yiyələnib.

 

Zeynəb xanımla olan birinci nikahından H.Z.Tağıyevin üç övladı dünyaya gəlib: İsmayıl, Sadıq və Xanım. 1896-cı il iyunun 28-də o, general-mayor B.Ərəblinskinin qızı Sona xanımla evlənib. Bu nikahdan onların beş övladı doğulub: Leyla, Sara, Məmmədtağı, Məmmədkazım və Sürəyya.

 

XIX əsrin 50-ci illərinin sonu – 60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilən H.Z.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başlayıb. Bununla yanaşı o, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodunu satın alıb. 1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvindən sonra H.Z.Tağıyev “Souçastniki” (“Şəriklər”) birliyinin təsisçilərindən biri kimi 1872-ci ildə Bakıda keçirilən  ilk müzayiqələrdə iştirak edib. Bir sıra başqa şirkətlər kimi bu birlik də müzayiqə qalibi olub. 1873-cü ildə getdikcə artan ajiotaj şəraitində H.Z.Tağıyev müstəqil olaraq neft işində bəxtini sınamaq qərarına gəlib. O, şəriki ilə birlikdə Bibiheybətdə 9 min rubla torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır. 1878-ci ilin əvvəlində H.Z.Tağıyevin buruğunda çoxdan gözlənilən neft fəvvarə vurub. Həmin illərdə Bakıya səfər edən böyük rus alimi D.Mendeleyev yerli sahibkarlar haqqında bu sözləri qeyd edib: “Kokorevdən sonra burada birinci yeri hökumət tədbirləri və Bakıda Burmeystr, Hacı Tağıyev, Lens və L.E.Nobel kimi xadimlərin səyləri tutur”. Sonrakı illərdə H. Z.Tağıyevin kiçik neftçıxarma müəssisəsi qazma, hasilat, emal və nəqletməni özündə birləşdirən iri istehsalat kompleksinə çevrilib.

 

H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti haqqında bəhs edərkən onun elektroenergetika, rabitə, yeyinti sənayesi, torpaq sahələrinin, mülklərin və b. daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlarını, həmçinin bank işində fəaliyyətini də qeyd etmək olar.

 

 

Lakin H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Elə buna görə hələ sağlığında Hacı “El atası” adını alıb. O, dəfələrlə Bakı dumasının üzvü seçilib, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak edib. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verib, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edib. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikilib. Şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi – Tağıyev pasajı fəaliyyətə başlayıb. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak edib. Hələ 1874-cü ildə o öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə gümüş medalla təltif olunub.

 

Maarifin yayılması kimi vacib bir problemin həlli H.Z.Tağıyevin ictimai fəaliyyətində geniş yer tutub. Bu sahədə fəal iştirakına görə Hacı Bakı Mariinski qadın gimnaziyasının, orta texniki məktəbin, Aleksandra rus-müsəlman qız məktəbinin, Kommersiya məktəbinin fəxri hamisi seçilib.

 

H.Z.Tağıyev, özünəməxsus səxavətlə, ehtiyacı olan şagirdlərə maddi yardım göstərib. Ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verib. Həmin tələbələr arasından sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər yetişib.

 

Ümumiyyətlə, H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyəti bir-biri ilə sıx bağlı olmaqla, təkcə Bakı ilə məhdudlaşmayıb. O, Yelizavetpolda (Gəncədə), Şamaxıda, Naxçıvanda, Tiflisdə, Dərbənddə, İrəvanda, eləcə də Rusiyanın digər bölgələrində məktəblərin saxlanılması üçün vəsait sərf edib.

 

 H.Z.Tağıyevin gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda “Tağıyevin qız məktəbi” adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olub. Onun yaradılması üçün H.Z.Tağıyev 1896-cı ildə 150 min rubl ayırıb. Ondan 125 min rubl işçi heyət, kitab və dərs ləvazimatı, 25 min rubl isə binanın tikintisi üçün nəzərdə tutulub. Qız məktəbinin məzunları Azərbaycanın məktəblərində işləmək üçün pedaqoq hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsasını qoyub.

 

Dövri nəşrlərə öz münasibətini bildirən H.Z.Tağıyev deyib ki, “Mən mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasitələrindən biri kimi görürəm, buna görə də qəzetlərə maddi yardım göstərməyi öz mənəvi borcum sayıram”. 1895-ci ildə H.Z.Tağıyev “Kaspi” qəzetini (redaktoru – Əlimərdan bəy Topçubaşov) satın alıb. 1905-ci ildən “Həyat” qəzeti (redaktorları – Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə), 1906-cı ildən “Füyuzat” jurnalı (redaktoru – Əli bəy Hüseynzadə) H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunmağa başlayıb.  

 

1873-cü ildə Azərbaycan tarixində əlamətdar hadisə baş verib – milli teatrın əsası qoyulub. Onun təşəkkülündə H.Z.Tağıyevin də böyük rolu olub. Belə ki, xalqın maariflənməsində, mədəni səviyyəsinin və doğma dilinin inkişafında teatrın əhəmiyyətini yüksək qiymətləndirən Hacı 1883-cü ildə öz vəsaiti hesabına Azərbaycanda ilk teatr binasını tikdirib. O, 1890-cı ildə 80 min rubl xərcləyərək, binanı yenidən qurub. Bakının mərkəzində yerləşən teatr binası geniş, dövrünə görə yüksək səviyyədə təchiz olunub. Teatrda qadınlar üçün ayrıca loja nəzərdə tutulub. Teatrın açılışı milli mədəniyyət tarixində mühüm hadisə olub. Azərbaycan truppaları çoxdan gözlədikləri səhnəni əldə ediblər.

 

H.Z.Tağıyev sözün əsl mənasında incəsənət vurğunu olub. Tez-tez tək, yaxud da ailəsi ilə birgə teatr tamaşalarına gedər, istər milli, istərsə də Avropa rəsm əsərləri ilə maraqlanarmış.

 

1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaradılmasını alqışlayan H.Z.Tağıyev müstəqil milli dövlətçilik mənafelərini dəstəkləyib, təntənəli dövlət tədbirlərində iştirak edib. O, yüksək səviyyəli dövlət qonaqlarını öz yaşayış mülkündə qonaq edib. Məhz Cümhuriyyət dövründə H.Z.Tağıyev öz böyük arzularından birinin – Bakıda ali təhsil ocağının açılmasının şahidi olub. 1919-cu il 1 sentyabr tarixli qanunla Bakı Universiteti təsis edilib. Hacı da onun açılışına dəvət olunub və başqa azərbaycanlı sahibkarlar kimi universitetə maddi yardımını əsirgəməyib. Böyük xeyriyyəçi Bakı Universitetinin xeyrinə ticarət evinin – Passajın gəlirlərindən istifadə etməyi təklif edib. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin hökuməti ali təhsil almaq üçün yüz gənci xarici ölkələrə göndərib. H.Z.Tağıyev onlara da maddi kömək göstərib.

 

1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra H.Z.Tağıyevə məxsus bütün yaşayış və ictimai binalar, sənaye müəssisələri müsadirə olunub. İlk vaxtlarda hökumət ona ailəsi ilə birgə Mərdəkan bağ mülkündə yaşamağa icazə verib. H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat edib. O, böyük hörmət bəslədiyi Axund Mirzə Abuturabın qəbri yaxınlığında dəfn edilib. Sonrakı illərdə H.Z.Tağıyevin adı uzun müddət unudulmağa məhkum edilib. Ailə üzvləri təqiblərə, bir qismi repressiyalara məruz qalıb. H.Z.Tağıyevin fəaliyyəti öz layiqli qiymətini yalnız 1980-ci illərin sonunda alıb. Onun adı küçələrə, təhsil, sənaye müəssisələrinə verilib, abidələri ucaldılıb.

 

H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz izlər qoyub.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2014.- 13 dekabr.- S.24.