Təbiətin yaşıl adamı
Azərbaycan elminin nəhəng simalarından olan dünyaşöhrətli alim, akademik Həsən Əlirza oğlu Əliyevin xatirəsi təkcə doğum və anım günlərində deyil, hər zaman yada düşür. Çünki bu elm fədaisinin adı çəkiləndə Vətənimizin hər qarışında onu xatırladan zəngin təbiətimiz – meşələrimiz, dağlarımız, çaylarımız göz önünə gəlir. Torpaqşünas, Təbiətşünas, Coğrafiyaşünas alimin bu sahədə gördüyü işlər, yurduna, torpağına ürəkdən bağlılığı və bu məhəbbəti əməli işlərində göstərən fədakar xidmətləri yada düşür. Bu böyük insanın keçdiyi həyat yolunu öyrənmək və ondan faydalanmaq azərbaycanlı olaraq hər birimizin vətəndaşlıq borcudur, desəm, doğru olar.
Həsən Əliyev haqqında söz demək marağım hələ illər öncə yaranmış və bu istəyimin nəticəsi olaraq onun yadigarı, Azərbaycan Respublikasının Əməkdar Memarı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının və Şərq ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü Rasim Əliyevlə bir anım söhbətimiz də olmuşdu. Yaxın günlərdə İctimai Televiziyanın “Yadigarlar” verilişində Rasim müəllimin ocağında atasının ömür yoluna bir xatirə işığının çilənməsi yaddaşımda hələ də sozalmayan ötən söhbətləri yenidən közərtdi. İndi təəssüratlarıma yenidən qayıtdığım bu günlər Həsən Əliyevin anadan olmasının 107-ci payızına təsadüf edir. Söz vaxtına çəkər deyiblər, onda da payızın son ayı, akademikin doğum günü ərəfəsiydi. Həzin düşüncələr məni 16 il əvvəl Həsən müəllimin ocağına gətirib çıxarmışdı. Rasim Əliyevlə onun doğum günü ərəfəsində oğulun atalı günlərinə birgə qayıtmışdıq. O, danışdıqca ard-arda alışdırdığı siqaretə ara vermirdi. Çox həyəcanlıydı. Səsi də, barmaqları da əsirdi. O səsə, söhbətə elə aludəydim ki, arada qeydlər götürməyi də unutmuşdum. Bəlkə buna heç ehtiyac da yoxuydu. Çünki Həsən müəllimlə bağlı ən xırda söz belə hafizəmə yazılırdı. Rasim Əliyev atasıyla bağlı bu yazıda özünün yaradıcılığından söhbət açılmamasını xahiş etmişdi. Bu məni çox təsirləndirdi. Bir tərəfdən də təbii qəbul etdim. Çünki o, böyük və sadə insanın – Həsən Əliyevin oğluydu. Atanın qanından gələn bu keyfiyyətlər Rasim müəllimin damarlarında qaynayırdı.
Unudulmaz, yaddançıxmaz Həsən müəllim. Sizin mənəviyyatınıza işıq salmaq istəyimə bilmirəm, hardan başlayım, nədə tamamlayım. Çünki bu başlamaqla tamamlamaq arasında təsvir etməkdə aciz qaldığım Böyüklüyünüz, Sadəliyiniz, Yaşıllığınız dayanır. Böyüklüyün dərya dərinliyi, sadəliyin bəmbəyaz paklığı, Yaşıllığın əbədiyaşarlığı qarşısında heyrətlənməmək olmur...
Bəlkə də Ulu Tanrının yaratdığı möcüzəydi-nəydi, bilmirəm, Həsən müəllimin xatirəsinə bağışladığım bu yazını işlədiyim gecədə bəmbəyaz bir aydınlıq vardı. Hərdən pəncərədən həyətə yol çəkən gözlərimin qarşısında çılpaqlaşan ağacların gümüşə çalan nazik budaqları yellənir, açıq nəfəslikdən qulağıma küləyin sürüb-sürütdədiyi adda-budda xəzəlin xışıltısı dəyirdi. Həsən müəllim təbiətin belə təzadlı, bənzərsiz, duyula biləcək vərdişini, möcüzəsini çox görmüşdü. Xırdaca fidanların boy atmasını, pöhrələrin puçur tökməsini, qönçələrin çatlamasını ömrü olanı müşahidə etmişdi. Fəslin yarpaq tökümünün, çöllərin, dağların qar örtüyünün azmı seyrinə dalmışdı? Səhərin ala-toranında, sübhün doğulan şəfəqlərində, gündüzün günlü çağlarında təbiətlə göz-gözə, nəfəs-nəfəsə, dinşək-dinşəyə dayanmışdı. Torpağın dərdinə, təbiətə edilən amansızlıqlara yanmışdı. Dilini-sirrini, halını-xasiyyətini öyrənmişdi. İnsanların ömründə əsas həyat mənbəyi olan yaşıllığın nə qədər qayğısına qalmış, onu məhv olmaq təhlükəsindən xilas etməyin çarəsini arayıb-axtarmışdı. Bu yaşıl aləmə bütün ömrünü həsr etmişdi Həsən müəllim.
Mənə elə gəlir ki, nə zaman dağların uca zirvəsindən çöllərə, bağlara, yamaclara, meşələrə göz gəzdirsək Həsən müəllimi görərik. Ağacların gövdəsində, şümal budaqlarında, yarpaqların yanağında əllərinin izini görərik. Yollarda, cığırlarda, şax-şəvəlin arasında ayaq səsini eşidərik, nəfəsini, hənirini duyarıq.
Əliyevlər ailəsində, çox-çox şöhrətli adamların yüksələ bilmədiyi, bir zirvə var: Sadəlik və Böyüklük. O ocağın bir gözü də yaşıl taleli Həsən Əliyev idi. Həsən müəllimin evi gördüyüm və eşitdiyim zəngin, təmtəraqlı evlərdən çox sadəydi. Amma o göz qamaşdıran mənzillərdən çox-çox məzmunlu, baxımlıydı. Çünki onun özü də, oğlu da qeyri-adi zövqə, mədəniyyətə malik insanlardı. Otağın baş tərəfində üzərində portreti toxunmuş xalça asılmışdı. Gümrah, cavan çağlarıydı. Ömrünün ən dolğun, mənalı, məhsuldar fəaliyyət göstərdiyi vaxtlarıydı. Otağa girənləri nurlu çöhrəsi, ağıllı baxışlarıyla salamlayırdı.
Böyük insanlar nəcib ailələrdə yetişirlər. Həsən müəllim də nazik qəlbli, sadə təbiətli, zəhmətkeş bir insanın, Alagözlülər tayfasından Əlirza kişinin ailəsində dünyaya gəlmişdi. İri biləkli, kürəkli, şaqqalı adam olan atası halal zəhmət adamıydı. Həsən də atası kimi qəlbi təmiz, zəhmət sevəndi. Bu duruluq, zəhmətsevərlik hələ uşaqlıq çağlarından qoyun-quzu otardığı Comərdlinin ab-havasından, dişgöynədən sularının saflığından yaranmışdı. Çoxlu mal-heyvanı vardı Əlirza kişinin. Birinci dünya savaşında var-yoxlarını əllərindən almışdılar. Balaca Həsən 1918-ci ildə Andronikin qoşunlarının kəndlərini darmadağın etdiyini, adamları qırdığını çöldə eşitmişdi. Əmisi oğlunun gətirdiyi xəbərdən sonra evlərinə qayıda bilməmişdi. Comərdlidən dağları aşıb Naxçıvana keçmişdi...
Həsən müəllim rəsmlər çəkərmiş, şeir yazarmış, slaydlar hazırlayarmış. Görünür, daim təbiətlə təmasda olmaq, onun dilini bilmək, gözəlliyini duymaq, kədərini, baxımsızlığını görmək – bunlar Həsən müəllimə təbiətin güclü, lakonik təsvirini yaratmaq istedadını bəxş etmişdi. Hələ gəncliyində Gəncədə müəllim işlədiyi vaxtlarda 16 yaşlı Zərqələmə də sevgisini gözəl güllər, təbiət təsvirlərilə bağlı çəkdiyi şəkillərlə yetirərdi. Barının üstündən bağlarına atılan şokoladla zərfi açanda Zərqələm həmişə məktubla yanaşı bir şəkil də görürdü. Ona ünvanlanmış lirik şeirləri oxuyanda ürəyi çırpınırdı. Bunlar yetkin bir gəncin sözlərin, rənglərin diliylə izhar etdiyi sevgisiydi. Nəhayət, Zərqələmin də qəlbinə bu əlvan, aydın rənglərdən, sözlərdən qanadlanan sevginin istisi doldu.
– Atamın müharibəyə getməsi də vətənə çılğın məhəbbətindən, millətə arxa, dayaq durması istəyindən doğmuşdu. 1941-ci ilin iyununda elmi işini müdafiə etmək üçün Moskvaya getmişdi. Elə iyunun 22-də müharibənin başlanması xəbərini də orada eşidən kimi anama məktub göndərmişdi: Zəqiş, məni müharibə qurtarandan sonra gözlə, qayıdacam. Onun brounu olsa da bundan istifadə etməmişdi...
1943-cü ilin şiddətli vuruşmalarının birində Həsən ağır yaralanır. Çənə sümüyü qırılır. 12 sutka çöldə meyitlərin arasında qalır. Cəsədləri yığarkən onların arasında gəzən yavəri Həsəni tanıyır. Meyitlərin hamısının üzündə qar donubmuş. Amma Həsənin üzünə yağan qar əriyib axırmış, demə sağ imiş...
O gecə yuxu görmüşdü Zərqələm. Səhər obaşdan hövlnak yerindən qalxıb, anasına danışır ki, Həsəni yuxuda görmüşəm, ağır yaralanıb, amma sağdı. Məktublarının arası kəsiləndən ağlayırdı. Bu yuxudan sonra da gəlin özünə gələ bilmirdi. 9 yaşlı Rasim də anasının göz yaşlarını görür, kədərini duyurdu. Bir gün də oğlunu məktəbdən gətirəndən sonra yenə otağına çəkilib, anası, oğlu eşitməsin deyə, balıncı üzünə basıb ağlayırmış. Gözüyaşlı da yuxuya gedibmiş. Bu zaman qapının zəngi çalınıb. Gələn adam Zərqələm Əliyevanı soruşub. Onu oyadıblar. Zabit otağa keçib əyləşib, ordan-burdan söz salıb, nəhayət, mətləb üstə gələrək Həsən Əliyevin qəhrəmancasına həlak olduğunu xəbər verib.
– Elə bunu demişdi ki, anam ayağa qalxdı, var səsiylə qışqırdı, kişini evdən qovdu: Rədd ol burdan, qaraxəbər! Həsən ölməyib, sağdı, qayıdacaq! Anamın o qışqırığı, üsyanı, hönkürtüsü hələ də qulaqlarımdan çəkilmir. Biz o vaxt Əli Bayramov küçəsindəki 25 nömrəli evdə yaşayırdıq. Həmin xəbərdən 15 gün sonra telefonumuz zəng çaldı. Hərbi Nazirlikdən idi. Dedilər, əriniz Həsən Əliyev ağır yaralanıb, sağdı. Anam həm ağlayır, həm də sevinirdi. Amma qara xəbərin ilkin sədasına Əlirza babam dözməmiş, depodaca ürəyi partlamışdı...
O telefonla evlərinə qara xəbər də gəlmişdi, şad xəbər də. Bəlkə elə buna görə də uşaq yaddaşına həkk olan o rəqəmləri bu günə kimi unutmayıb. Təkcə o evi, telefon nömrəsinimi, yox. Valideynlərilə bağlı uşaqlıqdan müşahidə etdiyi hər şey, ən kiçik hadisə, əhvalat belə yaddaşından silinməyib. Müharibədə yaralanmış atasının Bakıya gətirildiyi günün sevincqarışıq həyəcanını, təlaşını o da uşaq qəlbilə duymuş, yaşamışdı.
– Bir gün sonra teleqram aldıq ki, bir neçə günə yaralıları Bakıya, Hərbi qospitala gətirəcəklər. O günü mən də anamla, dayımla hərbi qatarları qarşılamağa getdik. Bizi perrona buraxmırdılar. Hərbi dəniz qospitalının baş həkimi işləyən dayımın köməkliyilə yaralıların arasında gəzərək atamı axtarırdıq. Onları divar boyu xərəklərə uzatmışdılar. Əksəriyyətinin üzü sarıqlı idi. Birdən anam: Həsən, deyib qışqırdı. Gözlərindən tanımışdı. Atamı anamla dayım bir ilə yaxın qospitalda müalicə elədilər. Anam özü də hərbi həkim idi.
Həsən müəllimə müharibədən üç nişanə qalmışdı. Sağ yanağında çənəsinə tərəf yara yeri, üstündə qanı qurumuş şinel, bir də böyrək nahiyəsində əmələ gələn, sonradan böyüyüb yumruq boyda olmuş daş. O şineli son vaxtlara qədər saxlayırdı, sonra itirdi. Amma bu itkiyə çox heyfslənirdi. O daşdan da 1991-ci ildə ayrıldı. Yanağındakı yara yerinin izini isə özüylə apardı...
Bir dəfə qələbənin hansısa ildönümü ilə bağlı Moskvada keçirilən bayram təntənəsində bir müxbir qadın Həsən müəllimdən xəbər almışdı:
– Həsən Əliyeviç, heç müharibəni xatırlayırsınızmı?
Həsən müəllim əlini sağ yanağına çəkmişdi:
– Əlbəttə, hər səhər üzümü qırxanda müharibənin dəhşətlərini xatırlayıram.
İlk vaxtlar o yara yerinə heç alışa bilmirmiş Həsən müəllim. Taleyindən küsüb, bədbinləşib, yaşamağa bütün inamını itiribmiş. Həyatdan ürək açıqlığı ilə zövq almaq istəyən cavan oğlanın bu iztirabları təbii idi. Amma sevgili qadını, sevimli Zərqələmi onu bədbinliyin qara caynaqlarından qoparıb ala bilir. O yara yeri mənə çox əzizdi, səni gözümdə daha gözəl, əzəmətli göstərir, deyir.
Bu sətirlərin sıralandığı anlarda ötən əsrin yetmişinci illərində Zərqələm Əliyevanın dövri mətbuatdan oxuduğum şeirlərindən bir bənd yadıma düşdü:
Mənə qol-qanaddır saf məhəbbətin
Duraq keşiyində biz səadətin.
Sənin bu əməyin, mənim zəhmətim
Hər zaman ellərə gərək olaydı...
Zərif qadın qəlbindəki istəyin, arzunun sadə, bəzəksiz-düzəksiz ifadəsi deyildimi bu misralar...
Zərqələmin belə dəyanəti, sədaqətilə elə bil təzədən dünyaya gəlir. Təbiət yenə də əsrarəngiz gözəlliyi, rəngləriylə onu qoynuna çağırır. Elə qospitalda müalicə olunarkən palatada əlyazmaları üzərində işləyir. 1944-cü ildə üzü sarıqlı halda Moskvaya gedib elmi işini müdafiə edir...
O evə qədəm qoyduğum ilk anlardan nəsə, hansısa cazibənin sehrindəydim. Məni bütünlüklə çulğayan bu hiss əvvəldən axıracan gözlərimi çəkə bilmədiyim bir rəsm əsərinin sehriydi. Dağın ətəyində, yol kənarında qocaman, tənha bir ağac amansız küləyin altında çırpınırdı. Tufanın məqsədi sanki ağacı kökündən qoparıb, yerlə-yeksan etməkdi. Amma ağac da köklü-köməcli ağacıydı. Rişələriylə torpağın dərinliklərinə işləmişdi. Heç bir tufan, qasırğa bu nəhəng, yaşıl canlını torpaqdan ayıra bilmirdi. Mən burda Həsən müəllimi, oğlu Rasimi görürdüm. Ümumiyyətlə, bu əsər Əliyevlər ailəsinin taleyindən keçirdi.
Rasim müəllim duyurdu ki, bütün söhbətimiz boyu gözlərimi o əsərdən çəkə bilmirəm. Baxmayaraq ki, divar boyu bir neçə belə təbiət mövzusunda baxışları ahənrüba sehriylə çəkən sulu və yağlı boya ilə işlənmiş rəsm əsərləri asılmışdı. Amma öz köklü mənası, dərin məzmunuyla tənha ağacın mübarizəsi məni alıb-aparmışdı. Bu şəklin məndə doğurduğu fikirlə də Rasim müəllimə müraciət etdim.
– 1988-ci ildən sonrakı bir neçə ildə Əliyevlərə münasibəti xatırlayıram. Münasibət deyəndə, mən o vaxtlar respublikaya rəhbərlik edən səriştəsiz, milli ruhu olmayan adamların Sizə etdiyi hücumları, təzyiqləri nəzərdə tuturam.
– Bəli, həmin ildə atam da, mən də işdən uzaqlaşdırılmışdıq. Kökümüzün bütün qol-budaqlarını qılınclayırdılar. İşsiz, məşğuliyyətsiz dayana bilmirdim. Günəşli bir yay günündə bir yaxın yoldaşla Bakı-Şamaxı yoluyla Qobustana tərəf maşın sürdük. Fikrim Qobustanda gördüyüm həmin bu tənha ağacı işləmək idi. Hər şeyi hazırladıq, rəngləri açıb düzdüm. Ətrafa nəzər saldım. Elə bil nağıl aləmiydi, təbiətin bu parçasında xoş ovqat oyadan rahatlıq, səssizlik vardı. Təzəcə işə başlamışdım ki, elə bir güclü tufan qopdu ki, adamın ayaqlarını yerdən üzürdü. İşləmək qeyri-mümkündü. Amma yaman həvəsdəydim, bu ağacı çəkməkdə israrlıydım. Bir tərəfdən də təbiətin mənimlə sanki mübarizəsi qəlbimdə dəli bir inad doğurmuşdu. Nə olur-olsun, əsəri başa çatdırmaq istəyirdim. Yol yoldaşım məni arxadan bərk-bərk qucaqlamış, yıxılmağa qoymurdu. Beynimdə son ayların hadisələri, iti fikirlər axıb gedirdi. Təbiətlə mübarizə apara-apara şəkli başa çatdırdım...
1951-ci ildə Təbiəti Mühafizə cəmiyyətinin əsasını Həsən Əliyev qoymuşdu. Özü də həmin cəmiyyətin sədriydi. Əmək haqqı almırdı, amma təzyiqlər vaxtı bunu da ona çox gördülər. Cəmiyyətin növbəti qurultayına iki ildən də çox vaxt qalmasına baxmayaraq TMC-nin təcili qurultayını çağırdılar. Onu işdən çıxartmaq istəyirdilər. Camaat ayağa qalxmışdı. Həsən müəllim onları sakitləşdirdi. Qara qüvvələrə çevrilmiş yaxın dostlardan biri çıxış edərək bildirir ki, biz qocalmışıq, yerimizi cavanlara verməliyik. Həsən müəllim etiraz etmir, amma dostlarının haqsız hücumlarını, söz-söhbətlərini eşitməmək üçün tənəffüsdə sürücüsündən onu evə aparmasını xahiş edir. Beləliklə, əvvəlcədən hazırlanmış ssenari üzrə Həsən Əlirza oğlu Əliyevi bünövrəsini qoyduğu bir cəmiyyətdən – mənəvi yaşantısından ayırırlar.
– Rasim müəllim, həmin vaxtlar atanız səhhətindən şikayətlənirdimi? Çünki mənəvi zərbə alan adamlar belə münasibətləri ağrısız, izsiz keçirə bilmirlər.
– Xeyr,
atam çox iradəli bir insan idi. Məncə belə möhkəm
iradəli adamlara az-az təsadüf etmək olar. Onu sevdiyi
işindən uzaqlaşdıranda bizə qarşı edilən
bu təzyiqlərə çox əsəbləşirdim. Amma
atam çox sakit, təmkinli idi. Yadımdadı, bununla əlaqədar
təkcə onu dedi ki, aslan qocalanda sərçələr
başına qonar.
Bu anlarda
düşünürdüm ki, əbədi olan canlı aləmin,
təbiətin dilini, sirrini bilən, hikmətini duyan, sehrinə
düşən, yaşıllıqla qidalanan, mənəvi
yaşarlıq tapan Həsən müəllim son anına qədər
işdən ayrılmazdı. 100 il də yaşayardı, o təzyiqlər
olmasaydı...
Rasim
müəllim yaman kövrəlmişdi. Söhbətin bu yerə
çatdığını əvvəlcədən duysam da
bu halın bütünlükdə ürəyimi
alıb-aparacağını düşünməzdim.
– ... Amma 1991-ci ilin fevralında onu ölümün cəngindən aldıq. Halı xarablaşmışdı, qızdırmanın içində yanırdı. Pis vaxtlarıydı, heç bir xəstəxanaya da apara bilmirdik, etibar etmirdik. Yenə dadımıza qohumlardan olan cavan həkimlər – İskəndərlə Cümşüd çatdı. Onlar müayinə aparatını qutunun içində gizlincə evimizə gətirdilər. Müayinədən keçirəndə məlum oldu ki, atamın böyrək nahiyəsində iri yumruq boyda daş var. Dedilər, təcili əməliyyat olunmasa səhərə çıxmaz... Atam Heydər əmimi təkcə qardaş kimi yox, oğlu, balası kimi çox istəyirdi, səsini eşidəndə fərəhlənirdi, gözləri yaşarırdı. Halı xarablaşanda da adını çəkirdi, onu arzulayırdı. Həmin vaxtlar Heydər əmim Naxçıvan camaatıyla blokada şəraitində yaşayırdı. Biz onunla telefon əlaqəsi saxlayırdıq. Amma atamın ölüm ayağında olduğu o gecə elə bil ürəyinə dammışdı, özü zəng elədi. Xəbər aldı ki, Həsən necədi? Mən əhvalatı danışdım. Dedi, ay Rasim, o vaxt hələ mamanı (Zərqələm xanım nəzərdə tutulur – Ş.N) gözlərindən ötrü Moskvaya gətirəndə dedim, ay Həsən, gəlmişkən elə sən də müayinədən keç. Təkid elədim, razılaşdı, amma nəticəsini mənə deməmişdi. Sonradan onu müayinə edən həkim dedi ki, qardaşınızın böyrəyində iri ölçüdə daş var. Mən bunu Həsənə dedim və məsləhət gördüm ki, gəl Moskvaya, o daşı kəsib götürsünlər, burda yaxşı həkimlər var. Razılaşmadı, dedi, o daşla müharibə vaxtından dostlaşmışıq... Soruşdu, indi neyləmək fikrindəsən, onu harda, kim əməliyyat edər, etibar etdiyin həkim varmı? Mən İskəndərlə Cümşüd barəsində ona dedim. Razılaşdı. Elə o gecə atamı Təcili Yardım Xəstəxanasına apardıq. Cərrahiyyə əməliyyatı 45 dəqiqə çəkdi. Həmin gecə həkimlər mənimlə bərabər ayaq üstə qaldılar. Səhərəcən palatada qohumum Alməmməd gözlərini qırpmadan atamın keşiyini çəkdi. Saat 11-də onu güclə ayağa qaldırıb, palatanın içində gəzdirdilər. 12-də isə qoluna girdik, gəzə-gəzə evə gətirdik. O gecə atamı o daş öldürə bilərdi, göydə Allah, yerdə İskəndərlə Cümşüd iki il ömrünü uzatdı...
Duyumlu, hissiyyatlı adamlar doğmalarıyla bağlı kədərli anları xatırlayanda sanki o günlərin qəmini, qüssəsini təzədən yaşayırlar. Məncə, həmin anlarda onları xatirələrin əlindən alan olmasa yaman olar ürəyin halı. Düşündüm ki, nəsə başqa bir söhbətlə oğulu ata itkisinin ağrısından uzaqlaşdırmaq gərəkdi. Amma o axşamın görüş səbəbkarı Həsən müəllim idi.
– Təbiət Həsən müəllimi həmişəlik özünə məftun etmişdi. Bəs daha nədən zövq alırdı?
– Aşıq havalarını, xalq mahnılarını xoşlayırdı. Qədir Rüstəmovun səsini eşidəndə dözəmmirdi, kövrəlirdi. Hətta bir dəfə onu dinləyəndə gözlərinin yaşardığını gördüm.
– Atanızla dost, sirdaş ola bilmişdinizmi?
– Yox, böyüklük hissi, münasibəti vardı aramızda. Amma adama şərait yaradardı ki, fikrini aça biləsən. Sərbəstlik verərdi ki, çəkinməyəsən. Əgər fikrin müsbətdirsə, onu inkişaf etdirərdi. Razılaşmasa, etiraz da etməzdi, imkan verərdi ki, yaxşıca düşünüb, səhvini dərk edəsən. Həmişə deyərdi ki, mənfi fikir təcrübəsizlikdən doğur.
– Rasim müəllim, atanızı kənardan müşahidə edə bilmişdinizmi? Yəni onun davranışı, hərəkəti, adamlara münasibəti sizdə hansı təəssüratı yaradırdı?
– Çox müşahidə etmişdim. Adamlarla münasibətini, imkansızlara köməyini, istedadlı cavanlara arxa-dayaq olduğunu, bütün yaxşılıqlarını görmüşəm. Kənd adamlarıyla söhbətlərini eşitmişəm, üstünə gələnlərə necə böyük qayğı, ürək yanğısı ilə yanaşdığının şahidi olmuşam. Atamın səsi dünyanın bir çox ölkələrində yüksək kürsülərdən gəlirdi. Böyük və istedadlı şəxsiyyətlərlə görüşürdü. Dünyanın ən böyük kitabxanalarında kitabları saxlanılırdı. Amerikada, İsraildə çap olunurdu. Bir kitabını 1962-ci ildə İsraildə nəşr etmişdilər. 1969-cu ildə həmin kitabı ikinci dəfə nəşr edəndə atamdan xəbər aldım ki, nə yaxşı kitabını təkrarən nəşr ediblər? Dedi, oğul, onlar makulatura çap etməzlər, görünür, bu elmi kitab onlarda maraq oyadıb. Fikirləşirdim, Comərdlidə doğulasan, qoyun-quzu otarasan, sonra səsin Amerikadan, İsraildən gəlsin. Yerişinə, davranışına baxırdım, sadəliyinə, böyüklüyünə heyrət edirdim. İndi də qulağıma səsi gəlir, yerişini görürəm, nəfəsini hiss edirəm. Kəndçiylə kəndçi, ziyalıyla ziyalıydı. Ömrünün axırına qədər də qapımızdan kənd adamlarının ayağı kəsilmədi. O ağır günlərdə də atama dəyməyə gəlirdilər. Kənd sovqatı – bir balon süd, qatıq, üzlü pendir gətirirdilər...
Həsən Əliyev Azərbaycan torpaqlarının xəritəsini yaradıb. Ekologiya elminin banisidir. Vətənimizin elə bir guşəsi olmayıb ki, alim oranın təbiətini, torpaqlarının xüsusiyyətini, növünü, tiplərini, tədqiq etməsin, öyrənməsin. Dağların, meşələrin, çayların şəraitini bilməsin. O, Azərbaycan torpaqlarını hərtərəfli tədqiq etmişdi. Əsas tədqiqat obyektlərindən biri də canlı aləmin həyat mənbəyi olan təbii sərvətin, biosferin, o cümlədən torpaqlarımızın mühafizəsi olmuşdur. Həsən müəllim öz elmi axtarışlarının uğurlu nəticələrilə dünya torpaqşünas, coğrafiyaşünas, təbiətşünas alimlərin diqqətini cəlb etmişdi. Yunanıstan, Polşa, ABŞ, Rumıniya, İsveçrə və başqa ölkələrdə keçirilən konqreslərdə, simpozumlarda özünün çəkdiyi illüstrasiyalar, slaydlarla məruzə edirdi. Onun bütün çıxışları həyəcanla, heyranlıqla qarşılanırdı. Dünya alimləri azərbaycanlı alimi dəyərləndirir, hətta belə istedadlı oğul yetişdirən Azərbaycan xalqına qibtə edirdi. Zəhmətkeş, cəfakeş və təəssübkeş alimin bu istedadı onun adını dünyanın bir çox cəmiyyətlərinə salmışdı. Elə respublikamızda nə qədər cəmiyyətlərin, komissiyaların işində akademikin böyük xidmətləri vardı.
Bir vaxtlar Azərbaycan SSR Ali Soveti yanında Toponimiya (Yer adları) komissiyası fəaliyyət göstərirdi. Həsən müəllim respublikamızın tarixi adlarını, coğrafiyasını yaxşı bildiyinə görə komissiyaya məsləhətlər verirdi. Ötən əsrin yetmişinci illərində Yerin təki haqqında Azərbaycan SSR-in qanunu qəbul olunmuşdu. Burda Azərbaycanın sərvətlərindən söhbət gedirdi. Layihə işlənərkən onun qeydlərini nəzərə alırdılar. Ali Sovetin komissiyaları, eləcə də Rəyasət Heyətinin müvafiq şöbələri onunla məsləhətləşirdi. Geniş, əhatəli biliyə malik olan Həsən Əliyev ensiklopedik adam idi.
Nə qədər fəxri adlar, mükafatlar almışdı, yüksək kürsülər görmüşdü Həsən müəllim. Amma bu adların hamısından ucada dayanmışdı Həsən Əliyev. Yüksək kürsülərin yaraşığıydı. Sadəydi, özünün böyük adiliyilə həyat tərzi keçirirdi.
Tanrı Həsən müəllimlə Zərqələm xanıma qız övladı verməmişdi. Amma Rasim müəllimin mülayim təbiətli, yanımcıl ömür-gün yoldaşı Dilşad xanım onlara doğma qızı qədər yaxın olub. Xəstə vaxtlarında qocalar gəlinin qayğısı, nəvazişi içində rahatlıq tapıblar. Bu gün onların əlinin səliqəsinə, şəxsi əşyalarına həssslıqla yanaşdığını, xatirəsini əziz tutduğunu duydum...
1993-cü il fevralın 2-sinə keçən gecə... Nə düşünürmüş görəsən? Bəlkə can ağrılarının içində nigarançılıq çəkirmiş, kimdənsə, nədənsə qopub ayrıla bilmirmiş? Nə deyim. Amma hansısa sövq-təblə duyuram ki, o gecə Həsən müəllim canlı aləmi gözlərinin önünə alıb halal-hümmət eliyirmiş. Təbiətin qoynunda üzə-üzə yol gedirmiş. Üzüb-süzüb, sonra da yüngül yerişlə uca bir dağın başına qalxıb...
1993-cü il fevral ayının 2-si, saat 2-yə 25 dəqiqə işləyəndə iki dünyanın ayrıcında qürub edən istedadlı alimin ruhu pərvaz etdi. Bu itkidən təbiət göynədi, torpağın sinəsi gizildədi, meşələr matəmə batdı. Dağların, yamacların üzünü nisgilli bir duman aldı. Çayların, göllərin gözü yaşardı.
Həmin günün səhərində qəribə bir sakitlik, təmizlik vardı. Həyətdə qurulmuş hüzr mağarının açıq yerindən içəriyə quşlar uçur, adamların başı üstündə, yan-yörəsində səkərək cükküldəşirdilər. O günü quşlar da Həsən Əliyevi son mənzilə yola salan adamlara qoşulmuşdular. Sanki qəmli civiltilərilə canlı aləmin xeyirxahı olan bir insanın itkisinə ağlayırdılar...
Rasim müəllim o günü beləcə xatırlayanda yadıma Həsən Əliyevin quşlar haqqında yazdığı sadə və təbii deyimləri düşdü: “Quş səsi olmasaydı, təbiət lal-kar olardı”. “Quş aləmi təbiətin ən canlı poetik hissəsidir”. “Quşsuz təbiət mizrabsız tara bənzər...”
Kim necə düşünür, bilmirəm, mənə elə gəlir ki, Həsən müəllim hər gələn yazla təzədən doğulur. Qış yuxusundan silkinib oyanan ağacların, torpağın nəfəsində, dağlarda, yamaclarda, düzlərdə göyərən otların, çiçəklərin xumarlı gözlərində – təbiətin bahar havasında dünyaya gəlir. Axı, Həsən müəllim ana torpağın sirdaşı, qayğıkeşi, təbibi, cəfakeşi, həm də aşiqiydi. Təbiətə, torpağa bunca yaxın olan bir insanın hər gələn baharın nəfəsində yaşıl aləmlə birgə doğulması təbiidir.
Şəfəq
Nasir
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.22-23.