Akademik İsa Həbibbəylinin yeni tədqiqatı

 

Bütün yönləri ilə yaradıcı”

 

 

 

Mühitin, cəmiyyətin qəribə qanunları var. Bəzən bir şair, yaxud yazıçı hansısa əsəri, kitabı ilə tanınır, qəbul olunur, məşhurlaşır, oxucuların, kütlənin sevimlisinə, dillər əzbərinə çevrilir. Zaman, yeni simalar, təzə əsərlər bu sənətkarı sıxışdıra, yaddaşlardan çıxara bilmir. Amma... ən qəribəsi budu ki, yazıçı, şair bundan sonra nə qədər yeni, daha yaxşı ədəbi nümunələr yaratsa da, fərqli işlərə, uğurlara imza atsa da, həmin o ilkin möhürdən xilas ola bilmir. Hətta sonrakı yazıları, işləri keyfiyyətcə üstün olsa belə. Bu cür taleli yazıçılar, şairlər çoxdu, hər halda Azərbaycan reallığında. Bəzən bunu təbii qəbul etmək olur, düşünürsən ki, sənətkar məhz bu əsəri ilə qəlblərə yol tapa bilib. Amma nədənsə çox vaxt bu yanaşma mənə haqsızlıq kimi görünür, ilk növbədə şairin, yazıçının özünə, daha sonra isə digər əsərlərinə qarşı...

 

Və elə bunu yaza-yaza düşünürəm görəsən maraqlı, dərin, hərtərəfli insan, bütöv şəxsiyyət olaraq tanınmaq, sevilmək yaxşıdı, ya sadəcə, ayrı-ayrı əsərlərin müəllifi kimi?! Məncə, insanın şəxsiyyəti ilə istedadı üst-üstə düşürsə, daha doğrusu, bir-birini tamamlayırsa, ədəbi tənqid də, mühit də sənətkara bütün baxış bucaqlarından nəzər salmalı, onun yaradıcılığını da, ictimai fəaliyyətini də hər yöndən təhlil etməlidir. Ən azı ona görə ki, bu cür insanlar gənc və yeni yetişməkdə olan nəsil üçün nümunə ola bilərlər.

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat  İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin bu günlərdə çapdan çıxmış “Bütün yönləri ilə yaradıcı” kitabı məhz bu cəhəti ilə fərqlidi və diqqəti cəlb edir. Kitab Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin yaradıcılığına həsr olunub. Daha doğrusu, bu kitab publisist, şair, ictimai-xadim, nasir, qəzet redaktoru, gənclər üzrə katib Rəşad Məcid haqda sanballı bir tədqiqat işidi. Avqust ayında baş redaktorumuzun doğum günü ərəfəsində cəmiyyətin ən müxtəlif adamları onun haqqında məqalələr, yubiley təbrikləri yazdılar. Elə akademik İsa Həbibbəylinin də yazısı bu ərəfələrdə mətbuatda yayımlandı. Amma əslində oxuduğumuz irihəcmli məqalənin özü belə alimin geniş tədqiqat işinin kiçik tezisləri imiş. Və İsa müəllimin Rəşad Məcidi, məhz özünün təbirincə desək, bütün yönlərdən təhlil edib, fikirlərini, həm ədəbiyyatşünas-alim, həm də sadəcə, ziyalı mülahizələrini bu kitab vasitəsiylə bizlərlə bölüşməsi son dərəcə maraqlı və düşündürücüdü. Müəllif kitabın “Bir yüngülvari müqəddimə”sində yazır: “10 sentyabr”  kitabı ilə geniş ictimaiyyət də, ədəbi tənqid də artıq Rəşad Məcidin yaradıcılığını bütün istiqamətlər, o cümlədən şeir yaradıcılığı üzrə tam halda görmək, mütaliə etmək və təhlil süzgəcindən keçirmək, bu barədə söz demək, ümumiləşdirmələr aparmaq imkanı əldə edə bilmişdir”.

 

Məsələ də elə bundadı... Hələ ilk gəncliyindən şeirlər yazsa da, çap olunsa da, sevdiyi müxtəlif şair və yazıçılarla müsahibələr etsə də, Rəşad Məcid insanların, mühitin yaddaşında başqa cür qalıb. Bəlkə də bu taledi. Kifayət qədər istedadlı, orijinal bir şairi mərhum dilçi-alim Aydın Məmmədov “görür”, AYB nəzdində Tərcümə Mərkəzinə özünə müavin götürür və bununla da onun sənətkar taleyini dəyişmiş, başqa məcraya yönləndirmiş olur. Yəni erkən gənclikdən ictimai iş, sürətlə tanınmaq və ən müxtəlif mühitlərə sərbəst daxil olmaq imkanı Rəşad Məcidin şair, yazar xarakterinə təsir edir. Kimsə dəridən-qabıqdan çıxıb tanınmaq üçün çalışanda, Rəşad Məcid sadəcə, özüyçün yazır... Və bu daxili tamlıq hissi, şöhrət toxluğu onda özü yox, başqaları üçün çalışmaq, özünü yox, başqalarını təbliğ etmək, bəyəndiyi, sevdiyi ədəbiyyatı insanlara tanıtmaq xasiyyəti formalaşdırır. Elə məhz bu cəhəti mətbuat tariximizdə artıq öz yeri olan, müasir cəmiyyətdə isə ən nüfuzlu qəzetlərdən birinin yaranmasına, “525-ci qəzet”in təsis olunmasına gətirib çıxarır.  525 rəqəmi, bu adda qəzet Rəşad Məcidin əsərinə, onu mühitə sevdirən, tanıdan möhürə çevrilir.

 

Yazımın əvvəlində dediyim kimi, bundan sonra, ya bununla paralel şair, publisist, nasir Rəşad Məcid nə etsə də, nələr yazsa da əsas diqqət məhz bu əsərinədi – “525”ə. Doğrudu, Rəşad müəllimin ədəbi yaradıcılığı haqqında da kifayət qədər yazılıb, onun “10 sentyabr” hekayəsi ən çox müzakirə olunan, fərqli yozumlarla izah edilən əsər olub. Amma yenə də Rəşad Məcid yaradıcılığı “525-ci qəzet”in, yaxud elə müəllifin özünün şəxsiyyətinin kölgəsində qalıb desək, yalan olmaz. Doğrusu, onun yaradıcılığına nəzər salanda bunun haqsızlıq olduğunu düşünməyə bilmirsən. Görünür, bu işdə müəllifin özünün də iddiasızlığı, təmkini xeyli dərəcədə rol oynayıb. Ancaq axı ortada mətn var: şeirlərində son dərəcə həzin, lirik, hekayəsində səlis, mənalı, dərin, publisistikasında məntiqli, fərqli, orijinal mətn. Və məncə, sənətkar haqda ən böyük sözü elə bu mətn deyir. Hörmətli akademik İsa müəllimin də məhz bu mətndən çıxış edərək, daha doğrusu mətni söz-söz, cümlə-cümlə “gəzişərək” öz qəhrəmanını oxucusuna təqdim etməsi təbiidi. İlk öncə kitab haqda onu deyim ki, “Bütün yönləri ilə yaradıcı” hər şeydən əvvəl ciddiliyi, dərinliyi, hərtərəfliliyi ilə diqqəti çəkir. Yəni İsa müəllim sadəcə, dostun doğum gününə sürpriz, yaxud bəyəndiyi bir qəzetin redaktoruna jest eləməyib, maraqlı bir araşdırma aparıb. Bu araşdırmaya sadəcə, ədəbiyyatşünas kimi yanaşanda da burda boşluq, diqqətdən yayınan nə isə görmək mümkün deyil. Amma kitabdan əsas qənaətim bu oldu ki, İsa müəllim şair Rəşad Məcidi qalanlarından daha yaxın bilir özünə, onun lirizmi içərisində “gizlənmiş” adamı görməyə çalışır.

 

“Rəşad Məcidin şeirləri – işıqlı düşüncələrin şeiriyyətidir. Onun şeirləri Günəş, işıq, Ay işığı, ümid, ulduz, ocaq, pərvanə, şəfəq, şam, nur, od, alov, köz, kibrit, çiçək və sair kimi işıqlı ifadələrin cazibəsi üstündə qurulmuşdur. Bu şeirlər dəmirçi kürəsi, qızmar günəşin altındakı torpaq kimi istidir. “Gül-çiçəklər yaraşıqdı, lalələr  xaldı eləcə”, “Od-alov sazını basıb döşünə, Kərəm qisasını aldı Ədalət”, “Bir alovdu yana-yana, Axdı cana, keçdi qana. Kül eləyib dağı-daşı Selləndi Yanıq Kərəmi”, “Gün işığı”, “Dərədə çən, düzdə günəş”, “Bir işıqdan keçdim, anam, Gözlərimi dörd elədi. Ürəyimi ipək kimi, Sözlərimi sərt elədi” misralarında işıq əsas mənanın mühüm daşıyıcısıdır”. Gətirdiyim parçadan da göründüyü kimi İsa Həbibbəyli şairin şeirindəki işığı, istiliyi misra-misra “oxuyur” və kitabın oxucularına da ötürməyə çalışır. Rəşad Məcidin özü haqda işıqlı adam, əliaçıq adam, yaxşı adam, orijinal adam deyənlər, bu haqda yazanlar çox olub. Amma məhz onun şair olaraq işığını paylaşmaq, üzə çıxarmaq xeyli qəliz məsələdi. Əslində, şairin 2004-cü ildə “Roman” şərti adı ilə çap etdirdiyi şeirlər toplusunu da bu cür açmaq, burdakı roman janrı ünsürlərini göstərmək də düşündürücü məsələdi, həm də ədəbiyyatşünaslıqda yeni yanaşmadı. İsa müəllim “Roman və poetikası”, “Dastana doğru” bölümlərində Rəşad Məcidin məhz sevgi şeirlərini, onlardakı fərqli ruhu təhlil və təqdim edir. Və burada maraqlı cəhətlərdən biri odu ki, müəllif şairin poeziyasındakı lirizmi, mənalardakı zərifliyi, mahiyyəti açmaqla yanaşı, eyni zamanda bütün bu inkişaf xəttini də soyuq alim təhlilləri ilə göstərir. Deyək ki, şairin “yenə mənasız oldu yaşamaq” deməsinin nə qədər kədərli olmasını önə çəkirsə, amma həm də onun poeziyasındakı inkişaf xəttini, ziqzaqları da dəqiq cizgilərlə çatdırır. Və bu mənada akademik artıq “Dastan” adlı şeirlər toplusuna keçid edəndə təkcə illərlə böyüyən, müdrikləşən aşiqdən yox, həm də daha peşəkar yazan şairdən danışır. Öncə vurğuladığım kimi müəllifin şair Rəşad Məcidlə ruhən daha yaxın olması sezilsə də, o, qəhrəmanının hələ ilk cücərtilər şəklində özünü göstərən nəsr yaradıcılığını da, ictimai fəaliyyətini də, qəzet redaktoru kimi üstünlüklərini də, AYB katibi kimi gənclərlə işini də diqqətdən qaçırmır və hər birini öz ampluasında təqdim edir. Hətta bu məsələlərdə özü ilə həmrəy olan Xalq yazıçıları Anarın, Elçinin, Xalq şairləri Bəxtiyar Vahabzadə və Məmməd Arazın yazılarından bəzi fikirləri gətirir. Rəşad Məcidin çıxışlarını da xüsusi vurğulayaraq prezidentlə görüşlərindəki nitqlərini ayrıca bir ziyalı mövqeyi kimi dəyərləndirir.

 

Hər bir ciddi araşdırmanın, tədqiqatın nəticəsi olmalıdı. Akademik İsa Həbibbəylinin gəldiyi qənaətlər kitabın sonuncu “Bütün yönləri ilə yaradıcı” bölümündə yer alıb. Əslində, qısaca desək, alınan nəticə elə bu cümlənin özüdü. Rəşad Məcidin olduğu hər yerdə yaradıcı adam kimi özünü göstərməsi, istedadının hər işdə nəzərə çarpması. İsa Həbibbəyli bunu belə ifadə edir: “Rəşad Məcidin simasında milli təfəkkürlə ədəbiyyat düşüncəsi və aydın siyasi baxış vəhdət təşkil edir.

 

... Azərbaycan Yazıçılar Birliyinin katibinin funksiyaları ilə “525-ci qəzet”in Baş redaktorunun imkanlarının birlikdə yeni dövr milli ziyalılığının, xüsusən də gənc ədəbi nəslin inkişafına bütün genişliyi ilə açılması, istiqamətlənməsi müstəqil dövlətçiliyimizə xidmətin reallıqlarıdır”.

 

Məncə, yalnız bu cür təhlillərin, gənclərə nümunə ola biləcək insanlara, cəmiyyətin müasir dillə desək, “brend” simalarına məhz belə yanaşmanın özü də bir növ təbliğatdı. Əxlaqın, ədəbiyyatın, tərbiyənin, istedadın, insanlığın təbliğatı. Və çağdaş zamanda bütün bunların təbliğatına necə böyük ehtiyac olduğunu nəzərə alsaq, İsa Həbibbəylinin kitabını daha dəqiq dəyərləndirə bilərik.

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 13 dekabr.- S.21.