Xoşbəxtliyi ələ salmaq
“Mənim xoşbəxtliyim haqda film yoxdursa,
başqalarının xoşbəxtliyi haqda çəkilənlər
nəyimə gərəkdir?”
(Bir film
linki altından yazılan tamaşaçı şərhi)
X
Bu əsər
belə başlar: içərini görə bilsin deyə, əlinin
arxası ilə pəncərələrin sınıq-salxaq
şüşələrinin kirini silmək üçün
yağışı öyrədib göndərən bir
günəş təsəvvürünüzə gətirin. Bozumtul donunun ətəyi öyrədib göndərdiyi
yağışın pintiliyinin qurbanı olan payız rəngində
günəş. Bir gün bir insana, bir
balaca qıza, bir gün bir qadına, bir anaya dönmək istəyən
günəş. Bir beşikdə yellənən
körpə olmaq, sonra bir beşik yellədən qadına
dönmək istəyən günəş. Tək günəş, taykeş günəş,
darıxan günəş, xoşbəxt olmaq istəyən
günəş təsəvvürünüzə gəldimi?
Darısqal, səliqəsiz, alçaq tavanlı,
şüşələri sınıq-salxaq, amma yağış
yumuş pəncərələri olan bu tikilinin içindəki
balaca kətan parçasının üzərində mavi nəsə
dalğalanırdı. Arzusuz, istəksiz,
həvəssiz bir qız balaca rəng flakonlarını
barmaqlarının arasında sıxaraq palitraya silkələyib,
damcı-damcı dalğa, damcı-damcı dəniz düzəldirdi.
O dənizin üstündə doğmaq olarmı görəsən?
O damcılardan günəş olarmı görəsən? Günəş körpə kimi doğularmı,
beşikdə yırğalanarmı, üzündən
gözündən öpülərmi, qucaqlanarmı, əzizlənərmi?
Görən, günəşdən qadın
olarmı, görən, günəşin də balası
olarmı? Günəş də xoşbəxt
olarmı? Görən, bu həvəssiz,
arzusuz günəşlər kimi bu təmtək qız,
günəş olmaq istəyərmi onun yerinə görən,
öz yerini, ömrünü, taleyini verərmi günəşə?
Xoşbəxt olmaq naminə.
Səhəri gün başqa adamlar da vardı o
qızın yanında. Bir nəfər soruşdu ki, bu dənizin
dalğaları niyə belə qəribədi? Dəniz
düzəldən qız gülə-gülə deyir: rəsmi
başı aşağı asmışam. Əsərin
adını “Xoşbəxtlik” qoymuşam...
O
“WhatsApp”dan
mesaj gəlir: Yazını oxudum. Kədərliydi.
O gün olsun xoşbəxtlikdən yazasan.
Rəfiqəm idi. Rəfiqə sözünü də sevmirəm.
İllərin dostu deyək. Ayları,
illəri adalamc edib neçə kədərlərin
üstündən keçmişik bir yerdə, Allah bilir.
Nəysə ki, mesaja “amin” yazıb, yanına da
bir gülümsəyən işarə yol yoldaşı
qoşub göndərirəm. Görəsən,
hansımız səmimiyik münasibətimizdə? Mən ona xoşbəxt olmasını diləmişəm
toy günü, o mənə xoşbəxtlikdən
yazmağımı arzu edir. “Facebook”da status yazıram:
Xoşbəxtsizmi?
Ş
– Ay bala,
niyə ağlayırsan? Yemək yedin, su içdin, “pampers”ini
dəyişdim. Sən lap ağ elədin
e, – gənc ana uşağın üstünə çəmkirir.
–
Yaxşı, qızışma görək, – deyib, yelləmək
üçün beşiyinin yanına çəkirəm
stulumu. Kefini açmaq istəyirəm:
– Bilmirəm
səni bura xoşbəxt olmağa göndərmişik, ya
deyinməyə, – deyib, düymə gözlərini
gözümə zilləyən körpəylə
uzun-uzadı baxışırıq.
Anasısa sözümü eşitmirmiş kimi elə
hey deyinir, deyinir. Bilmirəm kişi pəncərənin
qırılmış şüşəsinimi gec salıb,
uşağın dərmanınımı almağı unudub. Bilmədim, baldızına göndərdiyi
pulların sayınamı deyinirdi,
soyuqqanlığınamı?
–
Əşi, day yaxşı də, qoy beş dəqiqə
oturmuşuq,- istəyirdim fikri
yayınsın. Onsuz da bu problemlər
ömrü boyu yol yoldaşıdı. Yox
e, sakitləşməz ha. Qaynanam belə dedi, qaynım
elə dedi, mən ona belə dedim. Yox
axı niyə başa düşmürlər ki... Kişi də
onların tərəfin saxlayanda... Yox e, belə
getsə boşanacam. Danışır,
danışır. Elə bil bütün
otaq danışır, əşyalar gileylənir,
hamısı incikdi, bezgindi, yorğundu.
Beşikdə körpə gözünü gözlərimə
zilləyib gülümsəyir. Pəncərənin
arxasındakı lüt ağacların arxasında uzaqdan
günəş görünür, gedənə
oxşayır.
B
“Səni bircə xoşbəxt görsəydim”. Bu xalamın
arzusudu. Yer üzündə bu arzuda irqi, rəngi, dini və milli mənsubiyyəti
müxtəlif olan minlərlə qadın var. Görəsən
arzuları eyni olan qadınlar necədilər bax saatın bu
eyni vaxtında? Buna cavab tapmaq xoşbəxtliyə
qafiyə axtarmaq kimi əyləncəlidi. Yeddi şüşə kimi,
beş daş kimi, gizlənqaç kimi, qaçdıtutdu kimi
maraqlıdı.
Xala, xoşbəxt necə olurlar? – Deyə soruşuram. Başlayıram dillərdə əzbər olan, “kor
deyiləm, keçəl deyiləm” deyimini yamsılamağa.
–
Görürsən? Görürsən filankəsi?
Əri adama da oxşamır. Amma gör nə arvad olub?! Görürsən
bəhmənkəsi? Elə bil kitay
pişiyidi, necə oğlana getdi? Filankəs
qıçın boydadı, dörd uşağı var.
Yanıram, bala, sənin əlindən yanıram.
Xalam məni çox istəyir. Erkən nigah təhsil
almağına imkan verməyib. Üç övladı,
beş nəvəsi var. Bircə dərdi məni
xoşbəxt görməkdi. Əlinə
düşdümmü, bir yerdə olduğumuz zamanın
müddətindən asılı olmayaraq bu mövzunu araya
salıb, gözün yumur, ağzın açır. Hər
il də nə qədər molla, seyid var, hamısının
ölüsünə, dirisinə, əmisi oğluna,
dayısı qızına and içir ki, bu il də onun
sözünə qulaq asmasam, daha “vsyo”, adımı bir də
çəkməyəcək. Deyir ki, nə
işinə qalıb, o qədər dərdi-səri var.
“Bu adamlar hardan gəlib tapır xalanı?” deyə, sual
edəcəksinizsə, xatırladım ki, biz toy kasetlərindən,
şəkillərdən qız bəyənən, oğlan sevən
xalqın nümayəndələriyik axı. Xülasə,
görün toya gedən qızlar hələ nə qədər
baş ağrısı çəkir sonra. İndi, məsələn,
xəstəxanada yatan nənənin palata yoldaşı var,
palata qonşusu var, qonşusunun da qohumu var, qohumunun iş
yoldaşı var... Məsələn üçün də...
Gəlib tapırlar xalamı. Birini yola salmamış, o biri peyda olur. Gah əsəbləşirəm, gah zarafata
salıram, gah küsürəm. Hər il
də deyir, yox e bu ildən o yana qalsan... yenə mollaları
çıxarıb qəbirdən düzür... Deyrəm, xala, başına dönüm, dekabrdı
e, dekabrın ortalarıdı özü də. Camaat xoşbəxt olmaq üçün illərini
verir, olmur. Mən on-on beş günə
necə edim? Başlayıram ki, guya mənim
çox vacib, təxirəsalınmaz işlərim var,
onları həll edim, mütləq onu muradına
çatdıracam. Getmişəm evlərinə:
– Xalan sənə
qurban,- bir maç o üzümdən, bir
maç bu üzümdən. Get də, yenə gedərsən
işə, yenə harda istəsən oxuyarsan. Oğlan
da yaxşı oğlandı. Evi də
qulağımızın dibində. Gözüm
üstündə olar. Uşağı da gətirərsən
səhər qoyarsan yanımda axşam gəlib apararsan.
–
Hansı uşağı? Uşağı da var?
–Yox e,
yoxdu. Sənin... Sizin uşağı da...
– Ay
xala... Hara getdin çıxdın? Bəs qız üç gün sonra niyə
qaçıb “yaxşı oğlan!”dan?-
“adaxlı”mın birinci arvadını soruşuram.
–
Anası deyir, qız dəliydi.
– Elə
bilir mən ağıllıyam? – burda məni
gülmək, xalamı hirs tutur.
– Hər
sözü lağlağıya çevirmə. Bu
həftə gələcəklər.
– Gələrlər
də, amma bu həftə yox, sən mənim canım,
müsahibəyə gedəcəm.
– Məni
danışdırma ha yenə. Bu işi-mişi tulla tay.
Tez özümü yığışdırıram.
Bu vaxt xalamın telefonuna zəng gəlir.
Sevincək deyir ki, arvad – oğlanın anası-
zəng eləyir. Çiynimi çəkib,
çantamı götürüb, çəkmələrimi
geyinirəm...
Yolda fikir məni götürür. Üç günün gəlini
olan benava, görən hansı günahın yiyəsiydi ki,
onu beş gün tanıdıqları adama
dəli kimi qələmə verirlər. Axı o xoşbəxt
olmağa gəlmişdi...
Ə
Yazını
yazmağa təzəcə isinişirəm ki, telefonuma zəng
gəlir:
– Necəsən?
Səsin gəlmir.
– Xoşbəxtlkdən
yazıram, abi – deyib gülürəm.
–
Yazırsanmı barı? Buna
da şükür.
– Yazı
atacam bax bir.
–Yaxşı.
– İstəyirəm deyəm, bəlkə sabaha qalsın, nəsə
demirəm.- Qulaq as, xoşbəxtsən?
– Hə. Özü də necə..., – deyib uğunur.
– Necə?
–
Keçəl deyiləm. Boyum 178. Ürəyim
saatda 64 dəfə
vurur. Qara ciyərim qan emal edir. Və sair və ilaxır, – deyib gülür.
Onun xoşbəxtlik səbəblərinə
gülüşüb, sağollaşırıq. “Facebook”a göndərdiyi
yazını oxuyuram, bir az yazı haqda
söhbət edib, çatdan çıxıram. Bu arada statusuma gələn şərhlərə
göz atıb, yazıya qayıtmaq istəyirəm ki, yenə
zəng gəlir. Aha. Xalamdı:
– Xalan
qurban, neynirsən?
– Xoşbəxtlikdən
yazıram,- deyib gülürəm.
– Yenə
məni danışdırır axşam vaxtı. Nooldu, gəlirlər?
– Kim?
– Fikir ver
e, burdan-bura məni aldadır.
– Yoo, niyə
aa-ldaa-dııram, deyib söhbəti uzadıram ki,
görüm nə demişəm. Tərslikdən
yadıma düşməyəcək ki. Yaddaşımın
arasında qurumuş yarpaq qalmış dəftəri vərəqləyirmişəm
kimi o başa, bu başa çevirirəm, “hanı,
hanıı?” deyə-deyə. Vay... yadıma
düşdü! Xalamın qonaqları bu bazar
bizə gəlməliydi, axı. Gördüm
dalaşmağın, küsməyin, yalvarmağın xeyri yoxdu,
mən də şairəm də, bir şey uydurdum. Dedim
bəs, xala, filan işimdə bir nəfər
var. Mən onu... o da məni... Nəysə ki, gərək
evlənək. Bu həftə gələcəklər.
Bəs o adamları başından elə getsinlər.
İndi də həftənin axırıdı zəng
eliyib ki, gəlirlərmi, gəlmirlərmi. Sonra deyərəm ayrıldıq da.
– Həə.
Yoo, gələcəklər. Şeydi... Mən sənə
xəbər edəcəm də.
–
Neçə nəfər gələcəklər?
– Nə
bilim. İki-üç nəfər.
– İki, yoxsa üç? Dəqiq öyrən də.
–
Üç, yox, beş. Nə
bilim e. Fərqi var?
– Var, bəs
nə? Mən indi zəng edərəm bibilərin,
dayıların da gələr. Yiyəsiz
deyilsən ha.
İşə
düşdük də:
– Xala, yox
e, hələ heç kimə demə də. Hələ tanış olmağa gəlirlər.
– Hə də.
Onlar da bizimkilərlə tanış
olarlar da.
Yadıma “Evləri köndələn
yar” tamaşasındakı dialoq düşür:
– Hə də,
mən də ot olub yerdən çıxmamışam ki?- özümü gülməkdən saxlaya
bilmirəm.
– Nə?
Sən yenə nə deyirsən orda?-
xalamın acığı tutsa da söhbəti tuta bilmir. Mən
də ciddi tonla:
– Qulaq as.
Demirsən ərə get. Gedirəm də.
Daha üç nəfərlə gedirəm, beş nəfərlə
gedirəm, icazə
ver heç olmasa buna mən qərar verim.
– Həə,
xalan gözlərinin azzzarın çəkər. Xalan saa qurban. Bala səni bircə...
– Di
yaxşı, maç eliyirəm səni get yat. – Yazıq
arvad. Elçilik, nişan, toy mərasimlərin
ssenarisini bir gecənin içindəcə hazırlayacaq...
X
– Bilirsən,
biz elə xoşbəxtik. Bizim ikimizə qalsa
heç nə lazım olmaz. Evi də
yavaş-yavaş işləyib alarıq. Heç
nə də istəmirəm. Əvvəlki
kimi deyiləm e, daha pal-paltarda da gözüm yoxdu. Bircə
uşaq olsaydı...
Əsəbləşirəm:
– Olsa
olacaq, olmasa da olmayacaq! Özünü
öldürmüyəcəksən ki?! Neçə il dayanmadan iynə-dərman olar?! Özünü məhv edərsən.
– Kənddən
gündə bir sifariş göndərir qohumları. Elə bilirlər mənim xoşuma gəlir
uşağın olmamağı. Mən istəmirəm
ki? Elə bilirlər olmayacaq heç vaxt.
İstəyirlər ayrılaq.
– Pay
atonan. Bu neçənci həkimdi dəyişirsən?
–
Beşinci. Bu da kömək eləməsə, bir məşhur
həkim var...
– Ay
qız, sən özün gəlmisən də həyata, hələ
özünü düşün, sonra həyatda olmayanların
dərdini çəkərsən. Daha dərman içmə...
–
Anası deyib, balam xoşbəxt deyil.
Bizim bir qonşumuz var idi. İdi deyəndə ki, indi də
var. Uşaq olanda elə bilirdim toy Yenil il
kimi, Novruz kimi bayramdı. Gəlin də ki,
Şaxtababa, Qar qız kimi simvoldu. Konfetindən
yeyib, musiqisindən oynayıb gəlirsən evinə. Nəysə ki, qonşumuzun qızı doxsan
ikinci-doxsan üçüncü illərdə bir
vağzalıyla çıxdı ki, evindən, gəl görəsən.
Ayın-ilin müharibə vaxtı,
qaçqınların məskunlaşmağa yer, camaatın xərcləməyə
pul tapmadığı bir zamanda, qonşunun qızı əksəriyyəti
xarici markadan olan uzun maşın karvanının müşaiyəti
ilə getdi “xoşbəxt olmağa”. İndi
görün məhlədə onun yaşıdı olan nə
qədər qız bu xoşbəxtliyin həsədini çəkirdi.
İllərlə xəbərim olmadı ondan.
Deyərdim ki, iyirmi il, bəlkə də
çox. Sən demə bu illər ərzində
övladı olmayıb. Buna görə də xoşbəxt
ola bilməyib. İllərlə
müalicə alıb, dərmandan içib, iynədən
vurdurub. Xəstə salıb
özünü. Ömrünün son günlərini
anasıgildə keçirdi, hansısa aparat hesabına
yaşayırdı, deyilənə görə...
Eşidən qulaqlardan, oxuyan gözlərdən uzaq,
yadıma bu hadisə düşdü, qız müalicədən
danışanda. Amma bu hadisə haqda ona bir kəlmə də
demədim.
T
Evdə oturduğum yerdə xalam püfərək girdi
içəri.
Məni beqəfil əzizləməyə
başlayanda o dəqiqə işimi bilirəm. Bilirəm ki, mənim işim yenə
müşküldü.
– Xalan saa
qurban. Bəs bu həftə gələcəklər
ha.
– Ay mənim
gözlərim aydın. Xala, biz axı söz
danışdıq. Mən camaata söz vermişəm,- Allah, necə gülməyim gəlir...
– Gəlsinlər
də. Onlar da gəlsin, bunlar da.
– Elə
şey olar, ay xala?
– Mənim
onlardan gözüm su içmir. Mən nəğd
işi qoyub, nisyə məsələyə qol qoya bilmərəm.
– Bax, səninki
olmadı...- indi guya hirslənirəm.
– Xalan saa
qurban, – könlümü alır. – O arvad çox
yaxşı arvaddı. Səndən ötrü
ürəyi gedir. Biz söz vermişik ki,
nə qüsur var bir-birimizə deyək. Bu ailə ki var
...- bunu deyəndə
qəfil elə bildim Nyutonam başıma alma düşüb:
– Xala,- deyib qəsdən bikef halda duruxuram. – O
ooğlan məəni almaz eee.
– Niyə?
Allahın işinəəə bax eee.
Minnnəti olsun!!
– Olsun da.
Amma almaz.
– Niyə?
Anası məndən soruşdu ki, bəs,
qız nişannı olmayıb? Dedim ki, yox.
Bu “yox”u da bir fəxrlə deyir ki, iki qulaq lazımdı
eşitsin. Yenə
şeytan məni qıdıqlayır:
– Bəs
demədi ki, gərək bu qız indiyə kimi azı iki dəfə
heç olmasa nişanlı olaydı. Nahaq elə
demisən, qüsurun yekəsini etiraf eləmisən ki. Bundan sonra mənim haqda nə fikirləşərlər?
Gərək deyərdin ki bircəcə dəfə...
Xalam
görür ki, dodağım qaçıb, qaşlarım da
özündə deyil:
– Mən
sənnən söz danışıram e burda,-
deyəndə tez dilimi dişləyib, dodaqlarımı
büzüb qaşımı çatıram ki, ciddi görkəm
alım.
– Qoyursan
ki, sözümü deyim?- gülməkdən
gözlərimi yaş tutub. Elə ağlayaram,
elə ağlayaram hönkür-hönkür. Burnumu
çəkib davam edirəm.- Oğlan birdən
adımı yazıb eləsə internetdə, nolacaq?
– Nolacaq,- deyib xalam üzümə heyrətlə
baxanda, yerə uzanıb ayaqlarımı yerə döyə-döyə
gülürdüm xəyalımda.
– Nolacaq? Heç nə, adım çıxacaq internetdə.
Əlli cür yazı... şəkil... İnternetdə şəkli
olan qızı kim alar?
– Həəə?.. – xalamın gözü
böyüyür. – Silə bilmərsən onları?
(l)
Xoşbəxtlikdən yazdığım gecə notbukum yandı. Evdəkilərin notbukunu gətirib qarşıma qoydum. Bu dəfə “Word” uzun-uzadı açmadı, sonra da gah yazı yoxa çıxdı, gah bilmərsən nə oldu. Bir də köhnə stolüstü kompüterim var, çoxdandı qoşulmurdu. Kabellərini taxıb açmaq istədim. Yox, işləmədi bu da. Yazı yarımçıq qaldı. Üstəlik səhərə yaxın qızdırma məni mən xalamı “xoşbəxt olmadığıma” görə yandırdığı kimi yandırdı və bu halsızlıq, ara verməyən öskürək bir həftə çəkəcəkdi, xoşbəxtliklə bağlı yazının son nöqtəsi qoyulana qədər. Üstəlik “Xəzərin layihəsi”nə dəvət etdiyim qonaqların müsahibəni gündən-günə satması lap hövsələdən çıxarmışdı məni. Qızdırma düşərdi bu vurhavurda? Xoşbəxtlikdən yazmaq bu qədər zülm, bu qədər haqq-hesab bahasına başa gəlirsə, görün indi ona çatmaq üçün nə həngamə lazımdı. Xoşbəxtliyi ciddiyə alıb ciddi-ciddi kədərlənənlərin başına xoşbəxtlikdən öncə oyun açmaq lazımdı, özü də mərdimazar uşaqlar kimi. Bir yağışlı gündə skamyada oturub payız kimi kədərlənənlərin qəfil bir tay çəkməsini, makiyajlar altında gizlənən hüzünlü qadınların çətirlərini götürüb qaçmaq lazımdı, məsələn. Qoyun düşsünlər dalımızca yağışlı yollarda. Onlar çatana qədər tindəki yaşlı dilənçini yerə yıxıb qoltuqlarının altına soxulmaq, qəhqəhə çəkənə qədər qıdıqlamaq lazımdı, bəlkə də, ən çox gülməyə ehtiyacları var. Adamları ciddiyə almayan xoşbəxtliyi adam yerinə niyə qoyuruq ki? Onu niyə axtarırıq, tapmayanda niyə üzülürük, niyə kədərlənirik ki?
İ
Heç mən alınmayan müsahibələrə görə kədərlənirəmmi? Eybi yoxdu, qoy, şair Rüstəm Behrudi havanın soyuq olmağını bəhanə eləsin (xəstəxanadan yeni çıxmışdı, görən necə oldu?). Eybi yoxdu, şair Musa Urud telefona cavab verməsin, Kamran İmanov desin ilin axırıdı, hasabat hazırlayırıq, vaxt yoxdu. Eybi yoxdu, Əflatun Amaşov da hər gün ertələsin görüşü.
Eybi yoxdu, qoy, hər gün dostlardan küsək, barışaq. Hər ay xalam vaxt qoysun mənə, hər dəfə bir elçinin davasını eləsin. Olsun, həyat belə davam eləsin. Xoş, sevimli səhərlər açılsın. Biz səliqəsiz emalatxanalarda kətanlar üzərində dənizlər çəkib, adımızı Külək qoyub özümüz dalğalandıraq dalğalarını. Sonra başaşağı asdığımız rəsmlərin adını “Xoşbəxtlik” qoyub ələ salaq onu – xoşbəxtliyi. Lap sonra kirli pəncərənin yağış təmizləmiş yerindən günəşə boylanıb gözlərimizi qıyıb günəşə gülümsəyək:
– Nə
deyirsən, yerimizi dəyişək?
K
Həyat
teleserialdı. Kim gəlir, görür ki
xeyli seriya ötürüb. Heç kim
bu filmin nə əvvəlini görmür, nə sonunu. Elə adamlarını tanıyınca, küçələrinin
adını öyrənincə, “pult”una əlin, oturduğun
yerə ürəyin yatınca görürsən ki, yol
üstəsən-can üstəsən-gedirsən. Amma hər
seriyası “facebook”da sorğu üçün
yazdığım “Xoşbəxtsizmi?” statusunun altından qəfil
verilən sual kimi başlar:
– Bəs
siz xoşbəxtsizmi?
PS: Bu
yazıya ad qoymaq lazım deyil. Unudun getsin xoşbəxtliyi də,
haqqında yazılanları da...
Feyziyyə
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.20.