Yol nağılı
Poeziyanın çox qəribə, sirli bir aləmi var və
bu aləmin dərinliyinə vardıqca səni çəkib
aparır. Bir
də görürsən ki, tamam şeirə
bürünmüsən, misraların içində səni
özünə çəkən, bir an
belə rahat buraxmayan duyğularla baş-başasan. Kamal
Abdullanın “Nar çiçəkləri” şeir
kitabını oxuyanda mən belə bir hiss keçirdim.
Kamal
Abdulla bu gün şairdən daha çox alim, nasir, dramaturq, tərcüməçi
kimi tanınır və deyərdim ki, qibtə edilməli
yaradıcı ömürlə baş-başadır. Əsərləri dünyaları gəzib
dolaşır, Dədəqorqudşünas, Azərbaycan nəsrində
postmodernist təmayülün aparıcı nümayəndəsi
kimi təqdir olunur və əlbəttə, belə bir
istedadlı adamın şeir yazmağı da heç qəribə
görünməsin. Şəxsən bir
oxucu və tənqidçi kimi mən onun şeirləri ilə
daha tez dil tapdım. Fikrimcə, Kamal Abdullanın
şairliyi “Gizli Dədə Qorqud”dan da, “Yarımçıq əlyazma”dan
da, “Sehrbazlar dərəsi”ndən də, “Unutmağa kimsə
yox”dan da qabaq onun dünyasına varıbmış.
Kamal Abdullanın şeirlərini bir şairin tənhalıq
duyğuları da adlandırmaq olar, yaxud qəlbin
–”ağıllı ürəyin”
çırpıntıları kimi də qiymətləndirmək
olar, hətta bu şeirləri bir fərdin-duyğusal bir
insanın səadət, xoşbəxtlik axtarışları
kimi də qələmə vermək olar. Amma nə olur-olsun, bunlar
insani hisslərin bir az qeyri-adi ifadəsidir.
Qeyri-adilik nədədir? Qeyri-adilik
bu şeirlərin aşıladığı ovqatdadır.
Səni özünə çəkən də
budur.
Şeirdə hər şeydən danışmaq olar. Amma necə?
Bəziləri qışqıraraq, hər sətirdə
“mən” deyib mikrofonu çatdadaraq şeir
bağırırlar. Bəziləri əllaməçilik
libasına bürünərək sətirləri, misraları
bir kəmər kimi şeirlərinin belinə dolayırlar – məna
da yox, hiss də, duyğu da. Bəziləri
isə bizimlə adi danışıq tonunda dilləşirlər,
misralardan pilləkan düzəldib nəfəslərimizi kəsənə
qədər canımıza sinirlər. Kamal Abdullanın
şeirlərində isə şeirimizin yaşarı ənənələrindən
gələn, dilimizin zərifliyini, gözəlliyini
xatırladan bir xətt var – bu xətt boyunca irəliləyirsən
və qarşında yaşı mini ötüb keçən
Dədə Qorqudu görürsən. Dədə
Qorqudun nəfəsi Kamalın şeirlərində bir ruh kimi
dolaşır. Amma bu nəfəs əntik
bir əşyanı cilalamaq, ona təzə rəng qatmaq
missiyasını yerinə yetirmir, Dədə Qorqud nəfəsi
Kamalın şeirlərində tamam müasirdir. Kamalın “Kitabi-Dədə
Qorqud”dan “Sirriçindən nəğmələr” silsiləsində
məhz qədim dastanımıza müasr bədii təfəkkürün
işığı ilə baxmaq cəhdini hiss edirik:
Bu
duyğular
yenə
işığa büründü ola.
Bu uyqular
yenə
mənə göründü ola.
Bu sənmisən Dözən oğlu?
Dözən oğlu Alp Rüstəm, bu sənmisən?!
Dəli
Dondar, bu sənmisən?!
Bəy
yigidlər yaşıl-yaşıl,
budaq-budaq,
Yarpaq-yarpaq
Gəlib girdilər uyquma.
“Dədə Qorqud” dilinin incəlikləri, semantik gözəllikləri
Kamalın şeirində yenidən ehya olunur. Amma müasir
biçimdə.
Mən bu
məqamda ünlü şairimiz Vaqif Bayatlı Odərin
Kamalın şeirləri barədə söylədiyi bir fikri
xatırlatmaq istəyirəm: “Kamal Abdulla elə ilk şeirlərindən
sübut elədi ki, nəinki necə yazmamağı çox
gözəl bilir, hətta hər səsin, hərfin
üstündə indiyə qədər heç bir şairin əsə
bilməyəcəyi qədər əsir və indiyə qədər
heç kəsinki olmayan səslərə “mənim ol” deyir və
onlar onun şeiri olur”.Bu fikirdə heç bir tərif, difiramb
tonu hiss eləmirəm və məsələ
burasındadır ki, Kamal Abdullanın şeirləri necə
yazmamağın təhərini-tövrünü
nümayiş etdirir.
Sevməyə
bir adam qalmadı daha.
Hər
şeyin dadı qaçdı
Çiçəklərin üzündəki kəpənək
kimi.
Yağışlar başladı.
Üzü
Allaha tərəf,
Üzü dərgaha sarı yağırdı bu
yağışlar.
Şeirdə
Yağış insanla Allah arasında qırılmış
körpülərin, sanki yox olmuş diləklərin ifadəsimi? Bəlkə, əksinə?
Əgər yağış “min il su üzü görməyən
səhraların dibsizliyindəki ölü ruhları”
canlandırırsa, sevməyə bir adam
qalmırsa, nədi bu məntiq? Məsələ
burasındadır ki, K.Abdulla məlum nəsnələrin və
hadisələrin əks tərəfini düşünür.
Başqa bir şeirində də o, yenə
yağışların üzüaşağı deyil,
üzüyuxarı yağdığını söyləyir
və artıq həmin şeirdə hər şey
aydınlaşır.
Yavaşdan
axar göz yaşlarımız,
Yağışla axar göz yaşlarımız.
Üzüyuxarı
göz yaşlarımız,
Yağışlar yağar dərgaha sarı.
Deməli, yağışlar yox, göz
yaşlarımızdı axan. Və bu məqamda Əli Kərimin
o məşhur misralarını da xatırlayıram: “Külək
qarı püskürür, Yerdən göyə yağır
qar”. Amma burda sırf fiziki çevrilmənin
obrazlaşması nəzərə çarpır.
Kamal Abdullanın şeirlərində ayrı-ayrı
obrazlar diqqəti cəlb edir ki, bunların hər biri onun
poetik düşüncəsində müəyyən bir fikrin
simvolik ifadəsinə xidmət edir.
Yol obrazı Kamal Abdullanın şeirlərində
üstün yer tutur. “Yol-1”, “Gəldiyim yolla”, “Sənin yolun”, “Yol-2” şeirləri,
həmçinin digər şeirlərindəki yolla
bağlı deyimlər YOLun insan taleyi ilə birbaşa
bağlılığına işarədir. Məncə,
“Yol-2”dəki bu bənd Kamalın Yol və İnsan taleyi
arasındakı bağlılığın ən bariz ifadəsidir:
Bu Yol sənin
yolun deyil-bilginən,
Sənin olan addımındı, izindi.
İstəyirsən-ürəyindi
döyünən,
İstəyirsən-nəfəsindi, səsindi.
Başqa bir obraz-Tənhalıq. Yenə Vaqif
Bayatlıya üz tuturam. Deyir ki: “Nə qədər
böyük və dəhşətli Tənhalıq! Bu Tənhalıq
Sevgi kimi!”.
Kamal Abdulla Tənhalığı məhz sevgi kimi tərənnüm
edir. Oxucu bu tənhalığın verə biləcəyi
qəmə, kədərə deyil, sanki verə bildiyi xoşbəxtliyə
alışır.Bəlkə də bu bir aldanışdı?
Dünyanın
sonuncu tənha adamı
Elə sevinər ki, tənhalığına.
Dünyaya
gəlmək, yaşamaq, sonra ölmək, sonra xatırlanmaq..Hamısı bir Yolun başlanğıcı və
sonuymuş. Hara gedib çıxır bu
Yol?
Kimi
dindirirsən, tənhaymış,
Kimə baxırsan, təkmiş.
Nə isə
çoxaldı bu təklər, tənhalar...
Tənhalıqdan
təkliyə
Təklikdən
tənhalığa
Əyilə-əyilə-
Başımız göyə dəyər.
Var-gəl.
Var-gəl.
Yəni məşəqqət.
Hər
şey sənin içindəymiş:
Dünya
sənin qəfəsindi,
Ya sən dünyanın qəfəsi?
Hər şey unudulur, xatırlamağa heç nə
yox. “Dünya hey istəyir bu son adamdan Qurtulsun,
canını götürüb qaçsın”. Yox,
dünyada xatırlamağa kimsə tapılmırsa, unutmağa da kimsə
yox! Bu iki məntiq Kamalın şeirlərində
qarşı-qarşıya durur, necə deyərlər, təsdiq
inkara, inkar təsdiqə çevrilir. Elə o sevgiyə bənzər
tənhalığın içində də unudulmayan hisslər,
duyğular, olaylar yaşayır. Yenə Əli Kərimin
misraları yada düşür: “Tənhalıq boşluq
deyil, Səni gözləyən varsa”.
Kamalın şeirlərinin bir çoxu belə bir məntiqə
əsaslanır ki, dünyada hər şey
göründüyü kimi deyil. Adi sifət-üz
insanı aldada bilər, göz də elə. Bəlkə elə işığı sevmək
qaranlığı sevməkdən başlayır.
Axı,
insanın iç dünyası böyük Dünyanın
özü kimi qəribə və təzadlıdır.
Mənə
qaranlıq verin-
Qapqara, zil qaranlıq.
Mənə
heç nə verməyin,
Mənə qaranlıq verin.
Qaranlığın
içində
Salın itirin məni.
Nə mən
görüm kimsəni,
Nə kimsə məni görsün.
Salın
məni itirin
Qaranlığın içində.
Bəlkə
onda bilərəm
Mən işığın qədrini.
Mən “lirik qəhrəman”, “lirik mən” ifadələrini
Kamalın şeirlərinə tətbiq etmək istəməzdim. Bunlar o qədər
işlənib ki, sitallaşıb və bəzən mənasını
da itirir. Amma
Kamalın lirik qəhrəmanı olsa-olsa, XXI əsrin
–bu mürəkkəb əsrin, bu qəribə əsrin təzadları
içində çırpınan bir insanın ümumiləşmiş
obrazıdır,-deyə bilərik. Niyə
çırpınır o? Niyə hər
şeyə qarşı bu qədər şübhə ilə
yanaşır? Niyə təkliyi sevir və
niyə “xatırlamağa kimsə yox, unudulmağa da kimsə
yox” deyir? Bu suallar və bu sualların
doğurduğu şübhələr, gümanlar necə
yaranır? Təbii ki, hər bir şairin
–hər bir söz adamının çox mürəkkəb və
ziddiyyətli olan, baş açılması mümkün olmayan
müasir dünyanı necə qavraması, özünü
dünyada, dünyanı özündə əks etdirməsi
eyni deyil. Kamal Abdullanın dünyası
(söhbət əlbəttə, şeirdə ifadə olunan
dünyasından gedir) bizim üçün qapalı deyil,
çox açıqdı. Amma onun bizə
təqdim etdiyi dünya böyük Dünyaya tamam ayrı nəzərlə
boylanmağımıza yol verir. Filosofluq yox, şairlik elə
bu məqamdan başlayır....
Kamal Abdullanın şeirlərində sözlər, ifadələr
şeiriyyət donuna bürünəndə, yəni sözlər
fikirlə hissin vəhdəti olan şeirə çevriləndə
oxucu ilə tez ünsiyyət tapır. Amma o yerdə
ki, bunun əksi olur, şeir ŞEİRİYYƏTİN yox,
sadəcə quruca bir fikrin qurbanına çevrilir, onda təəssüflənirsən.
Tutaq ki, “Divar önünə” şeiri ilə
tez dil tapırsan. Fikir sənə
çatır. Bu fikrin poetik ifadəsi də yetərlidir:
Yadında
qalıbmı harda, nə vaxtdı
Yolun əvvəlinə qoydular səni.
Sən
bir hədəf idin, yol ox idi,
Tarıma çəkilmiş ox idi o yol.
Dünyanın
bu boyda yolları qaldı,
Səs səni apardı iynə ucuna.
Yolların
genişi, hamarı qaldı,
İynə ucundan keçmək istədin.
Yollar ilan
kimi kəsdilər yolu,
Quş deyildin-uçmaq istədin.
Dünyada
bəlkə də möcüzə olur,
Bu elə o idi-səni səslədi.
Qatdı
qabağına yollar səni,
Yarı ölü kimi, yarı sağ kimi.
Divar
önünə qoydular səni,
Sən-hədəf kimi, yollar-ox kimi.
Desək ki, bu şeirdə fikir onun poetik ifadəsindən
daha yüyrəkdi,-səhv edərik. Yolun oxa bənzədilməsi,
insanın iynə ucundan keçmək istəyi, yolların
ilana bənzədilməsi və s. belə bədii təsvir
vasitələri hər halda, maraqlı
tapıntılardır.Yaxud, “Pıçıltı”, “Bu dəniz
bu dağa yaman oxşayır” şeirlərindəki metaforik
düşüncə tərzi, “Ölərik-ayılıb
gördük ki, varıq” şeirindəki bədii təzadlar
düzümü maraqlıdır, şair qələmindən
yoğrulub. “Vaxt gələr” və
“Yağışlar başladı” şeirlərindəki təşbihlər
də maraqlıdır. “Nar çiçəkləri”ndə
peyzajla insan duyğusu lövhə, rəsm təsiri
bağışlayır.
Ümumilikdə,
bir ŞAİR kimi, Kamal Abdulla hələ yoldadır və
onun YOL NAĞILI
hələ bitməyib.
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.18.