Zəki Vəlidi Toğanın “Xatirələr”ində
Azərbaycan
(Əvvəli
ötən şənbə sayımızda)
Rusiya
paytaxtında yaşadığı 1915-1916-cı illərdə Zəki
Vəlidi Əlimərdan bəy Topçubaşovun oğlu, Həmin
dövrdə Peterburq Universitetinin hüquq fakültəsində
təhsil alan Ələkbər bəylə (1898-1977)
tanış olub dostlaşmışdı. Eyni
zamanda Dumanın Müsəlman fraksiyasının bürosunda,
rəhbərliyi altında çalışdığı ata
Topçubaşovun qayğı və diqqətini hiss
etmişdi. Topçubaşovun millətə
təmənnasız xidmət nümunəsi onu həm də
böyük siyasətə gətirmişdi, doğma
başqırd xalqının və bütünlükdə
Rusiya türklərinin hüquqları uğrunda mübarizəyə
qoşulmağa vadar etmişdi. Bunu “Xatirələr”dəki
aşağıdakı sətirlərdən görmək
mümkündür: “Azərbaycanlı Əli Mərdan bəy
Topçubaşi ilə qazaxlardan Əlixan Bukeyxanı
xüsusi qeyd etməliyəm ki, mənə Rusiya islamları,
həssasətən Türküstan davalarını
yaxından öyrənməkdə yardımda
bulunmuşlardır”.
Aralarındakı yaş fərqinə baxmayaraq Əlimərdan
bəylə Zəki Vəlidini səmimi münasibətlər,
ideya yaxınlığı birləşdirirdi. Əsası
1916-cı ildə Petroqradda qoyulan qarşılıqlı
münasibətlər məsafə sədlərini aşaraq azərbaycanlı
siyasi xadimin vəfatına qədər davam etmişdi.
“Xatirələr”də Rusiya türklərinin siyasi mübarizə
tarixində Ə.Topçubaşovla bağlı yer alan bəzən minnətdarlıq, bəzən
isə heyranlıq dolu epizodlar təkcə iki fərdin, iki
şəxsin deyil, müəyyən mənada iki xalqın mənəvi
yaxınlığı, dostluq və işbirliyi haqda
danışmağa əsas verir.
Fevral inqilabından sonra Rusiyada qeyri-rus xalqların
milli-azadlıq hərəkatının genişlənməsi
nəticəsində siyasi partiya və liderlər
arasındakı əlaqələr böyük vüsət
aldı. Milli ucqarlar, özəlliklə də yüzilliklər
boyu imperiyanın ögey övladları sayılan türk
xalqları inqilabın faydalarından yararlanmaqda qətiyyət
nümayiş etdirdilər. 1917-ci ilin yaz
aylarında bir-birinin ardınca Bakıda, Tiflisdə, Daşkənddə,
Qazanda, Ufada izdihamlı “müsəlman qurultayları”
keçirildi. Regional toplantılarda gündəliyə
çıxarılan məsələlərin daha geniş
miqyasda müzakirəsi üçün 1-11 may tarixlərində
Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı
çağırılması ilə bağlı qərar qəbul
edildi. Bu qurultaya hazırlıq və onun təşkili əksəriyyətin
şəksiz lider kimi qəbul etdiyi Ə.Topçubaşovu bir
sıra regional liderlərlə, o cümlədən Zəki Vəlidi
ilə daha da yaxınlaşdırdı.
Qurultayın mayın 6-da Ə.Topçubaşovun sədrliyi
ilə keçən iclasında Zəki Vəlidi “Rusiya
müsəlmanlarının etnik təşəkkülləri
və onun siyasi həyatda əhəmiyyəti” mövzusunda məruzə
ilə çıxış etmişdi. Məruzənin əsas
leytmotivi Rusiyada say etibarı ilə slavyanlardan sonra ikinci etnik
toplum mövqeyində dayanan türklərin bu nisbətə
uyğun şəkildə dövlət və hökumətdə,
parlament və digər seçkili orqanlarda, ictimai və mədəni
həyatın bütün sahələrində təmsilçiliyi
məsələsi idi. Müəllifin
yazdığına görə, “bütün həyatım
boyu yapdığım mücadilənin proqramı” olan məruzə
başa çatan kimi “ictimaaya rəyasət edən Əli Mərdan
bəy Topçubaşi nitqim dolayısı ilə məmnuniyyətini
ifadə etdikdən sonra kürsüyə qədər gələrək
əlimi sıxdı. Əli Mərdan bəy
aradan on il keçəndən sonra Parisdə nəşr etdiyi
bir məqalədə də bu nitqi xatırlamışdı”.
Mayın 7-də yenə də Ə.Topçubaşovun sədrliyi
altında keçən növbəti iclasda qurultayın əsas
məsələsi – Rusiyanın gələcək dövlət
şəkli ilə bağlı müzakirələr
başlanmışdı. Qeyri-rus millətlər
üçün (təbii ki, söhbət ilk növbədə “müsəlman” xalqlardan gedirdi)
milli-mədəni muxtariyyətlə məhdudlaşmağı
yetərli hesab edənlərlə (sözçüləri
Ə.Salikov və A.İshaki idi) milli-federativ ərazi prinsipinə
əsaslanan demokratik respublika ideyasının tərəfdarları
(M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Z.Validov
və b.) arasındakı gərgin polemika, eləcə də
ardınca keçirilən səsvermə ikincilərin qələbəsi
ilə başa çatdı. Bu qələbənin
qazanılmasında Azərbaycan nümayəndələrinin,
ilk növbədə isə Ə.Topçubaşov-M.Ə.Rəsulzadə
tandeminin böyük rolu olmuşdu. Qurultaydakı gərgin
fikir toqquşmalarını, həqiqət
axtarışlarını diqqətlə izləyən Zəki
Vəlidi azərbaycanlı siyasi liderlərin rolu ilə
bağlı mühüm məqama diqqət yetirərək
yazırdı: “Moskva konqresində Mərkəzi Müsəlman
Şurasını təmsil etmək üzərə Əli Mərdan
bəy Topçubaşi seçildi. Bu şəxs, habelə Məmməd
Əmin Rəsulzadə, krımlı Cəfər Seyid Əhməd,
qazaxlardan Cahanşah Dostmühəmməd kimi bariz federalistlər
çox qüvvətli nitqlər söyləyib böyük əksəriyyətin
səsini federasiya lehinə qazandırdılar”.
Qurultayın
hazırlanmasına rəhbərlik Ə.Salikova
tapşırıldığından o, əvvəldən tərəfdarlarının
ümummüsəlman forumunda maksimum təmsilçiliyinə
çalışmışdı. Lakin azərbaycanlıların,
başqırd və qazaxların siyasi iradə nümayiş
etdirmələri nəticəsində qurulan plan baş
tutmamışdı. Zəki Vəlidinin etirafına
görə “Əhməd Salikov, Şakir Məhəmmədyarov
və Ayaz İshaki kimilərin əksəriyyəti federalizm əleyhdarı
olacaqlarını zənn etdikləri Qazan tatarlarını say
miqdarından artıq gətirmişdilər. Lakim
mükəmməl azərbaycanlıların və
krımlıların da türküstanlılar kimi federasiya tərəfdarı
olduqlarını və qələbəlik gələn digərlərini
görüncə mənə və Məmməd Əmin Rəsulzadəyə
küfürlər (söyüş)
yağdırırdılar”. Buna baxmayaraq,
Azərbaycan-başqırd birliyi ölkənin gələcək
federativ quruluşu məsələsində sona qədər
mövqeyindən çəkilməmişdi. Alman tarixçisi G.fon Mende ilə polemikaya girən Zəki
Vəlidi göstərirdi ki, “başqırdlar və azərbaycanlılar
bu konqresdə hakim əksəriyyətin əsas ünsürlərini
təşkil etdiklərindən onların hər hansı bir cələsəyi
(iclası) tərk etmələrini icab etdirən heç bir
hadisə baş verməmişdi. Hətta
muxtariyyət məsələsində mətanət tövsiyə
etdikləri dolayısı ilə Azərbaycan müməssillərinə
(təmsilçilərinə) bir məktub da sunulmuşdu”.
Lakin may
ayında federalistlərin unitaristlər üzərindəki qələbəsi
hələ problemin tam həlli deyildi. Onlar məğlub
olsalar da iddialarından əl çəkmirdilər.
1917-ci il avqustun 25-dən 28-nə qədər
Moskvada, Müvəqqəti hökumətin
başçısı A.F.Kerenskinin sədrliyi ilə
keçirilən Dövlət müşavirəsində
Əhməd Salikov və tərəfdarları revanş
götürə bilərdilər. Ona görə
də Dövlət müşavirəsində Rusiyanın 30
milyonluq müsəlman əhalisi adından kimi
çıxış etməsi və imperiyanın gələcək
taleyi ilə bağlı hansı mövqedə dayanması son
dərəcə önəmli, prinsipial məsələ idi.
Zəki Vəlidi
“Xatirə”lərində federalistlərin əvvəlcədən
müəyyən hazırlıq gördüklərinə
işarə edərək yazırdı: “Orada (Moskvadakı
Dövlət müşavirəsi nəzərdə tutulur –
V.Q.) Rusiya islamları adına veriləcək
bəyanat haqqında və federasyon üçün
qonuşulması gərəkdiyini, ukraynalılar və
beloruslarla buluşmamız lüzumunu və bəyanatı
Moskva konqresinə rəyasət edən Əli Mərdan bəy
Topçubaşinin söyləməsinin icab etdiyini irəli
sürdük. Moskvaya gəldikdən sonra azərbaycanlı
zəngin Əsədullayevin məktəbində bu konfransa gələn
bütün müsəlman deleqelərlə qonuşaraq onlara
da Əli Mərdan bəyin qonuşması fikrini qəbul
etdirdik. Əhməd Salikov və Ayaz
İshakinin qurduqları planlar pozuldu”.
Bu məğlubiyyətin acısı A.F.Kerenski də
daxil hamısı siyasi mühacir həyatı yaşamağa
başlayandan sonra da Ə.Salikovla A.İshakinin xatirindən
silinməmişdi. Onlar Berlində keçmiş Müvəqqəti
hökumət başçısının redaktorluğu
altında çıxan “Dni” qəzetində özlərinin
rus demokratiyası ilə
qaynayıb-qarışdıqlarını, Rusiyanın unitar
quruluşunu qoruyub saxlamaq məqsədi ilə hətta müsəlman
qardaşları ilə mübarizə aparmaqdan çəkinmədiklərini
bəyan etmişdilər. Zəki Vəlidi
yazırdı ki, “bu hadisələr dolayısı ilə ən
çox üzülən şəxs azərbaycanlı Əli
Mərdan bəy Topçubaşi olmuşdu”. Yeri gəlmişkən, Moskvadakı Dövlət
Müşavirəsindən əvvəl də A. İshakinin rəhbərliyi
ilə bir qrup tatar siyasi xadimi hökumət
başçısı knyaz G.Y.Lvovun yanına gedərək
“Biz malorosslar (ukraynalılar) kimi sizdən ayrılmaq istəmirik.
Biz sizinlə bərabər olmaq istəyirik” –
deyə bəyanat vermişdilər.
Bütün
siyasi partiyaları, Dumanın 4 çağırış
bütün üzvlərini, cəmiyyətdəki əksər
ictimai təşkilat və qüvvələri təmsil edən
2500 nəfərdən çox iştirakçının
qatıldığı Dövlət müşavirəsində
Əlimərdan bəy Rusiya müsəlmanlarının
çarizm dövründə üzləşdiyi
çoxsaylı problemləri böyük cəsarətlə
dilə gətirmişdi. Müşavirənin işində
iştirak edən Zəki Vəlidi bunu etiraf edərək
yazmışdı: “Moskva Dövlət Şurasında
Topçubaşi bizim davalarımızı, Çin
hüduduna atılan, sonra oradan geri dönən
qırğızlardan 83 000 kişinin öldürülməsi
faciəsini çox gözəl anlatdı. Fəqət
“Ex Orient lux” (“İşıq Şərqdən gəlir”)
cümləsi ilə bitirdiyi nitqində ötəkiləri
qırmayacaq ibarələr kullanmağı da ehmal etmədi”.
Xatirələr aradan onilliklər keçəndən
sonra qələmə alındığından və çox
güman, əlinin altında sənədlər
olmadığından müəllif Ə.Topçubaşovun
geniş əhatə dairəsinə və təsir
gücünə malik nitqindən yalnız bir-iki epizodu yada
sala bilmişdi. Azərbaycanlı siyasi lider Dövlət müşavirəsində Ümumrusiya Müsəlman
Şurası, Ümumrusiya Müsəlman Əsgəri
Şurası, Zaqafqaziya Mərkəzi Komitəsi
funksiyasını yerinə yetirən Bakı müsəlmanlarının
siyasi və ictimai təşkilatları komitəsi, Şimali
Qafqaz və Dağıstanın birləşmiş
dağlılarının Mərkəzi Komitəsi,
Türküstan ölkə şurası, Krım vilayət
komitəsi, Qırğız və başqırd vilayət
şuraları adından çıxış etmişdi. Bu baxımdan onun nitqində Rusiya müsəlmanlarının
hamısının istək və tələbləri,
ağrı və həyəcanları səslənmişdi.
Burada təkcə qırğızların faciəsi
xatırladılmamışdı. Krımda və
Türküstanda müsəlman əhalinin
hüquqlarının pozulması, Qafqaz müsəlmanlarının
qanlı qarşıdurmalara çəkilməsi, islam camaatının nisbi susqunluğunda belə
haqsızlığa, ögey münasibətə qarşı
fəryad və etirazların olması haqqında cəsarətli
fikirlər söylənmişdi. Eyni zamanda nitqdə
gələcək münasibətlərlə bağlı
ehtiyatlı, praqmatik mövqe sərgiləndiyi də həqiqətdir.
Çünki qarşıda Rusiyanın taleyini həll
edəcək Müəssislər Məclisi gözlənirdi.
Fikrimcə, hətta SSRİ-nin süqutu ərəfəsində
qeyri-rus millətlərin mövqeyini açıqlayan belə
bir ümumiləşdirilmiş mövqe ortaya
qoyulmamışdı.
Moskvadakı
Dövlət müşavirəsi 1905-ci ildən, ilk türk
qurultayı günlərindən əlbir çalışan
Rusiyanın türk-müsəlman liderlərinin son dəfə
bir araya gəldikləri ictimai toplantı idi. Oktyabr
çevrilişindən, axırıncı ümid yeri
sayılan Müəssislər Məclisinin qovulmasından,
ölkədə genişlənən anarxiya və hərc-mərclikdən
sonra yollar ayrıldı. Onların bəziləri
bir də mühacirətdə görüşə bildilər.
1923-cü ilin sonlarında Parisə gələn Zəki
Vəlidinin axtardığı ilk tanışlardan biri
Əlimərdan bəy olmuşdu. Onun ünvanını tatar siyasi
xadimi, Dövlət Dumasının keçmiş deputatı Sədri
Məqsudi vasitəsi
ilə öyrənmişdi. “Əli Mərdan bəylə
danışıb bizim Avropada nələr
yapacağımızı bərabərcə düşünməmiş
lazımdır” – məsləhətini verən də Sədri
bəy olmuşdu. Zəki
Vəlidi “Xatirələrində” altı ilin məchulluğundan
sonra Fransa paytaxtında ilk görüşlərini belə təsvir
edirdi:
“Dekabrın
26-da Əli Mərdan bəyə telefon edib şəhər kənarında,
Sent Cloud adlı
yerdə olan evinə getdik. Sevimli Əli Mərdan
bəy gələcəyimiz dəqiqəni bilirmiş kimi bizi
həmən evin qapısında qarşıladı. Qucaqlaşıb görüşdük. 1917-ci sənəsi
Moskvada Rusiya İslamları Konqresi və bir az
sonra Moskvada toplanan Rusiya Dövlət Konqresi dolayısı ilə
kəndisi ilə eyni fikri müdafiə etdiyimizdən
biri-birimizə iyicə isinmişdik. Əli Mərdan
bəyi özümə atam kimi və xanımını anam
kimi tələqqi edirdim (sayırdım). İki
qızı və Peterburqda təhsildə olduğu zamandan bəri
iyi tanıdığım oğlu Əli Əkbər bəy
yanında idilər. Rusiya
islamlarının hürriyyət mücadiləsi tarixində
parlaq yer tutmuş olan Əli Mərdan bəyin və Peterburq
universitetində farsca professoru olan babası Mirzə Cəfər
Topçubaşinin (xatirə müəllifi
yanlışlığa yol verir. Şərqşünas-alim
Mirzə Cəfər Topçubaşov (1786-1869) Əlimərdan
bəyin babası, yəni atası deyil, atasının əmisi
idi – V.Q.) həyatlarını, hətta
mənsub olduqları Borçalı (Boruc oğlu) əşirətlərinin
tarixini iyi öyrənmiş olduğumdan bu ailə mənə
hər cəbhəsi ilə məlum idi. Söhbətimiz
bir ailə münasibəti şəklində və çox
dadlı idi. Evləri dəmir yol xəttinin altında
olduğundan hər tren (qatar) keçməsi
bir gurultu qoparırdı. Fəqət söhbətimiz
çox ciddi və səmimi olduğundan trenlərin səsini
belə eşitmirdim”.
Əgər xatirə müəllifinin yazdıqlarına
inanmalı olsaq, Əli Mərdan bəy görüş
zamanı bəlkə də həddən artıq hissə
qapıldığından hətta siyasi vəsiyyətini də
etmişdi. Zəki
Vəlidiyə xitabən: “Mən artıq ixtiyarlandım
(qocaldım). Bəlkə Vətənimi bir daha
görmədən öləcəyəm. Rusiya müsəlmanlarının
işini Əmin Rəsulzadə ilə sizin öhdənizə
buraxıram” –
deyə kövrəlmişdi.
Lakin bu yalnız ani kövrəklik idi. Həyatının
sonuna qədər idealı uğrunda mübarizədən
çəkilməyən Əli Mərdan bəy həmin
axşam da keçmiş haqqında xatirələrə
qapılmaqdansa, daha çox qarşıda dayanan vəzifələr,
görüləsi işlər, gələcəyin məqsəd
və hədəfləri haqqında fikir mübadiləsi aparmışdı.
Siyasi sahədə böyük təcrübə
toplamış Zəki Vəlidinin bundan sonra yalnız elmlə
məşğul olmaq fikrini o qədər də təqdir etməmişdi.
Onu siyasi mühacirləri öz ətrafında toplamağa,
son iki-üç ildə sovetlərə qarşı silahla
apardığı mücadiləni bu dəfə mətbuat
və ideologiya sahəsinə keçirməyə
ruhlandırmışdı:
“Əli Mərdan bəylə Avropada görüləcək
işlərimiz haqqında danışdıq. Mən
“Avropada olmağımdan ən çox elmi araşdırmalar
baxımından istifadə etmək istəyirəm” – dediyimdə,
“Siz daha çox gəncsiniz. Elm
qaçmır. İndi türk və
İslam dünyasının ən qüvvətli mərkəzi
olan bir ölkədə çətin mücadilələrdən
gəlmiş bulunuyorsunuz. İlk öncə
bu işləri düşünün. Gürcülərlə,
ukraynalılarla görüşün. Maqsudov ilə də
görüşəlim” – dedi”.
Xatirələrdən
1924-cü il yanvarın ilk günlərində Sədri Məqsudinin
evində keçirilən görüş zamanı Əlimərdan
bəyin azərbaycanlı, tatar, başqırd, qazax mühacirlərin bir araya gəlib
siyasi məcmuə hazırlamaq təşəbbüsü ilə
çıxış etdiyini
öyrənirik. Az sonra
türküstanlı mühacirlərin müxtəlif Avropa
ölkələrində fəaliyyətinin əlaqələndirilməsi
ideyası da Əlimərdan bəy tərəfindən, öz
evində çağırdığı toplantıda ortaya
atılmışdı. Lakin birlik əldə
edilməmişdi. Sədri Məqsudi ilə Mustafa
Çokayoğlu kadetlərlə
birlikdə “böyük demokratik Rusiya uğrunda” mübarizəni
“müsəlman işləri” ilə uğraşmaqdan daha
üstün tutmuşdular. Bu zəmində
Əlimərdan bəylə onların arasında sərt bir
mübahisə olmuşdu. Yaşca
hamıdan kiçik Zəki Vəlidi “Aramızda nə kimi
fikir ixtilafı olursa olsun, biz dördümüz (məclisin
dördüncü iştirakçısı başqırd
siyasi mühacir Əbdülqadir İnan idi – V.Q.) və Əli
Mərdan bəy bir ailənin övladıyıq” – deyə
mübahisəni yatırmağa çalışmış,
eyni zamanda Rusiya yanlılarının səhv yola
düşdüklərini açıq şəkildə
onların üzünə deməkdən də çəkinməmişdi.
Parisdə olduğu günlərdə Azərbaycan siyasi
mühacirəti arasındakı fikir ayrılıqları,
daxili çəkişmələr də Zəki Vəlidinin
diqqətindən yayınmamışdı. Digər millətlərin
nümayəndələrinin ehtiramla yanaşdıqları
Ə.Topçubaşovun həmvətənləri tərəfindən
yetərincə başa düşülməməsi, qiymətləndirilməməsi
xatirə müəllifinin heyrət və təəssüfünü
doğurmuşdu. O, yazırdı: “Bir də azərbaycanlılardan
sosial-demokrat Şeyxülislamzadə Əkbərlə eserlərdən
mühəndis Abbasqulu Atamalıbəyov (hər ikisi
Ə.Topçubaşovun rəhbərliyi ilə Parisə,
Sülh konfransına göndərilən Azərbaycan nümayəndə
heyətinin üzvləri idi – V.Q.) vardı. Bunlar
sosialist olmaqla Əli Mərdan bəydən ayrı hərəkət
edirlər və məni də Rusiya dışına
çıxan mühacir sosialistlər arasında bir sosialist cəbhə
yaratmağa dəvət edirdilər. Mən də Avropadakı
mühacirləri tam olaraq görmədən bir tərəfi tərcih
etməyəcəyimi və bizim ölkələrimizdə
sosializmin ancaq rus boyunduruğundan qurtardıqdan sonra müstəqil
partiyaların əsas hədəfləri ola
biləcəyini söylədim”.
Parisdə, 1924-cü ilin fevralında ayrıldıqdan
sonra Ə.Topçubaşovla Zəki Vəlidinin ünsiyyəti
ara-sıra, ictimai-siyasi həyatın önəmli məsələləri
ilə bağlı bir-birlərinə göndərdikləri məktublarda
davam etmişdi.
lll
1920-ci ilin iyulunda Zəki Vəlidi həyatında ilk və
son dəfə Bakıda olmuşdu. Sovet Azərbaycanının paytaxtına Həştərxandan
gəlmişdi. Cibində Rusiya Mərkəzi İcraiyyə
Komitəsi üzvünün biletini daşısa da, artıq hədəfə
alındığını bilirdi. Lakin
çekistlərin onu Türküstanda axtardıqlarına əmin
olduğundan Bakını təhlükəsiz yer
saymışdı. Xatirələrdə oxuyuruq: “5-6
Temmuzda Bakıya gəldik. Burada tatar mühərrirlərindən
Hadi Atlasi və Abdullah Battal ilə görüşdük.
Hadi Atlasi əvvəlcə Duma əzası olan
bir mühərrir və müvərrix (tarixçi) idi.
Bolşeviklərdən qaçaraq Bakıya gəlmiş,
lakin o gəlincə bolşeviklər burasını
işğal etmişdilər. Azərbaycanlılardan
tanıdığımız böyüklər ya dış məmləkətlərə
getmişdilər, ya da fərar halında idilər. Yalnız
Mümtaz Süleyman (görkəmli ədəbiyyatşünas
alim Salman Mümtaz
– V.Q.) ilə gizlində görüşə
bildim”.
Bir həftə
davam edən səyahət zamanı o, yenicə bolşeviklərin
əlinə keçmiş Azərbaycan paytaxtının tarixi
yerləri və gündəlik həyatı ilə tanış olmuşdu. “Bakıda
epeyi sərbəst gəzib-dolaşdım. Əski əsərləri, karvansaraları,
sarayları, cami və mədrəsələri ziyarət
etdim” – deyə sonralar xatırlamışdı.
Zəki Vəlidi Bakıda türk kommunisti Mustafa
Sübhinin evində qalmışdı. Təhlükəsizliyinin
təmin olunmasına “azərbaycanlı Əmin Əfəndizadə
və krımlı Vəli İbrahimov” cavabdeh idilər.
Onların hər ikisi bolşevik siyasətinə
loyal münasibət bəslədiklərindən yanlarındakı
qonaq da şübhə doğurmamalı idi. Sonralar Vəli İbrahimov Krımın kommunist lideri
kimi tanınmışdı. “Əmin
Əfəndizadə əslən bakılı olub 1917-ci ildə
Müsavat partiyası tərəfindən Türküstana
göndərilmişdi. Orada kəndisi ilə
görüşmüşdüm. Sonra Türkiyəyə
gəldi və əslən tatar olan xanımı ilə hələ
də Türkiyədə yaşadığını zənn
edirəm” – deyə Zəki Vəlidi Bakıda tanış
olub dostlaşdığı başqa bir azərbaycanlını
səmimiyyətlə xatırlamışdı.
“Türküstanda mövcud milli qüvvətləri
orqanizə etmək” məqsədi ilə getdiyi Aşqabaddan
avqustun sonlarında yenidən Bakıya
qayıtmışdı. Yazdığına
görə, Xəzərin Türkmənistan sahillərindən
Bakıya Azərbaycan Şura Cümhuriyyətinin Türkiyə
böyük elçisi İbrahim Əbilovu gətirən gəmi
ilə, lakin diplomatın özündən xəbərsiz gəlmiş,
yalnız Bakı limanında heyət üzvlərindən
birinə ona çatdırmaq üçün minnətdarlıq
məktubu vermişdi.
Şərq xalqlarının I qurultayı günlərində
Bakıda Əziz Əfəndizadənin mənzilində
qalmışdı. Türküstan nümayəndələri
vasitəsi ilə demək olar ki, hər gün müzakirə
olunan məsələlər və çıxarılan qərarlar
haqqında məlumat almış, hətta bəzi təkliflərin
işlənib hazırlanmasında qiyabən iştirak
etmişdi. Qurultay haqqında ümumi təəssüratı
burada Moskvadan gələn bolşevik liderlərin Şərq
xalqları təmsilçilərinə yuxarıdan
aşağı baxmaları olmuşdu: “MK müməssilləri
olan Zinovyev və Radekin konqredə iştirak edən şərqlilərə
qarşı rəva gördükləri müamilə 1917-ci il inqilabının
başlanğıcındakı köylü konqrelərində
cahil sürüsü saydıqları köylülər
qarşısına çıxan komissarların müamiləsi
idi”.
Axtarış
həlqəsinin get-gedə daraldığını
(inandırıcı görünməsə də, xatirə müəllifi 1920-ci
ilin payızında Bakı, Dərbənd, Həştərxan
və Krasnovodskda 300-dən çox çekistin onu
axtardığını yazır) anlayınca Zəki Vəlidi
Bakı yaxınlığındakı Sumqayıt (“Xatirələr”də
Sonqayıt) stansiyasından Mahaçqalaya, oradan da kiçik
balıqçı gəmisi ilə Qazaxıstanın Quryev
limanına yollanmışdı.
Beləliklə, həyatının üç ilə
yaxın davam edəcək Türküstan dövrü
başlamışdı.
lll
Həyatının daim təhlükə
qarşısında qaldığı bu dövrdə də Zəki
Vəlidi Azərbaycan mühitinin cazibəsindən tam kənara
çıxa bilməmişdi. Məsələn, tədqiqatçılar
arasında bəlkə də o, birinci dəfə olaraq Orta
Asiya türklərinin Osmanlı və Avropa mədəniyyəti
ilə azərbaycanlılar vasitəsi ilə tanış
olduqlarını, çağdaş sivilizasiyanın bir
sıra ünsürlərinin – məktəbin, mətbuatın,
teatrın bölgəyə əksər hallarda azərbaycanlılar
tərəfindən gətirildiyini müşahidə və təsdiq
etmişdi.
Basmaçılarla
birlikdə bolşevik hakimiyyətinə qarşı
vuruşanlar sırasında Zəki Vəlidi əvvəllər
Azərbaycan ordusunda xidmət etmiş Daniyal bəyi (Milli
Ordunun zabiti, polkovnik Daniyal bəy Həllacov nəzərdə
tutulur), şəxsiyyəti haqqında hər hansı məlumata
malik olmadığımız
“azərbaycanlı Əsəd bəyi”, “azərbaycanlı
tərcüməçini” xatırlamışdı. Xatirələrinin
“Azərbaycanlı panislamist Axund Yusif” adlı bütöv bir
fəslini isə tanınmış ziyalı, siyasətçi,
din xadimi və hərbçi, islam tarixinə dair bir sıra bədii
və elmi əsərlərin müəllifi, Müsavat
partiyasının qurucu üzvlərindən biri olan Axund Yusif
Talıbzadəyə həsr
etmişdi.
Təkcə Azərbaycanın deyil, bütünlükdə
türk dünyasının mədəni, ictimai-siyasi və
fikir həyatında mühüm izlər qoyan Axund Yusif
Talıbzadə (1877-1923) görkəmli ədibimiz Abdulla
Şaiqin böyük qardaşı idi. Şaiqin vəfat etdiyi
günlərdə (1959) mühacir ziyalı Əbdülvahab
Yurdsevər onun kiçik qardaşı üzərindəki təsirindən
söz açaraq yazırdı: “Axund Yusifin
türkçülüyündə və
turançılığında kimsənin şübhəsi
olmasa gərəkdir. Axund Yusif qayət hərəkətli
və fəal bir mücadilə adamı idi. Hətta deyilə bilər ki, qabına
sığmayan xarakterdə bir insandı”.
(Nizami adına Ədəbiyyat İnstitutunun
aspirantı olduğum həmin o 1970-ci illərin sonunda bir dəfə
EA-nın yuxarı binasından çıxanda qapıda
akademik Kamal Talıbzadə ilə rastlaşdım. Möhkəm küləkli payız günü idi.
Balaca boylu, zəif cüssəli Kamal müəllim “Qolumdan
yapış, yoxsa külək məni aparar” – deyə zarafat
edib özü ərklə qoluma girdi, gəzə-gəzə
Qırx pilləkəndən, Kommunist (indiki İstiqlaliyyət)
küçəsindən üzü aşağı endik, onu
keçmiş Hüsü Hacıyev küçəsindəki
evlərinə qədər ötürdüm. Yol
boyu Kamal müəllim gənclik illərindən
danışırdı. 1952-ci ildə, cəmiyyətdə
yenidən 37-ci il ab-havasının yaşandığı
dövrdə Elmi Şuranın iclasında Mirzə
İbrahimovla, Mikayıl Rəfili ilə kəskin mübahisə
etdiyini, Rəfilinin də “Unutma ki, əmin basmaçı
olub, Sovet hökumətinə qarşı vuruşub” – deməsini
xatırladı. Axund Yusifin adını ilk dəfə
o zaman eşitdim).
Zəki Vəlidinin
üç ilə yaxın təmasda olduğu Axund Yusifin
şəxsiyyəti və xarakteri ilə bağlı
mülahizələri də oxşar səciyyə
daşıyır: “Axund Yusif Talıbzadə Azərbaycanın
fikir həyatında mühüm yer alan bir
mütəfəkkir və yazardı. Onun
türkcə əsərləri və liberal fikirləri ehtiva
edən qısa Quran təfsiri vardı. Rusca pək az biliyordu. Fəqət ərəbcəsi
və farscası çox mükəmməldi. O,
sözün tam mənası ilə bir panislamist və pantürkist
idi. Bu baxımdan Ənvər Paşaya fəzlə
bağlı, hətta onun müridi kimi idi. Onun hərəkətlərini tənqid etməyi
heç bəyənməzdi”.
Xatirələrdən göründüyü kimi, Zəki
Vəlidi ilə Axund Yusifin münasibətləri həmişə
birxətli və rəvan olmamışdı. Zaman-zaman aralarında
fikir ayrılıqları və münaqişələr
baş vermişdi. Axund Yusif ən müxtəlif
xarakterli insanların toplandığı basmaçılar
arasında Ənvər Paşanın təmsilçisi idi.
Bir müddət türk ordusunda xidmət etməsi
və əsgəri təcrübəyə yiyələnməsi
nəticəsində dəmir intizama, komandanın hər
şeyi bilməsinə böyük önəm verirdi. Bu
isə özünü Ənvər Paşadan əhəmiyyətsiz
adam saymayan iddialı Zəki Vəlidiyə
xoş görünmürdü. Ona görə də
xatirələrində bir neçə dəfə Axund Yusifdən
söz açanda onu “jurnalçılıqda” (burada
çuğulçuluq anlamında işlənmişdi) ittiham
etmişdi.
Eyni zamanda hər ikisinin ədəbiyyat adamı
olmaları, klassik şərq ədəbi-fəlsəfi irsinə
dərindən yiyələnmələri onları
yaxınlaşdıran cəhətlər idi. Ətrafda daim
savaş getsə də, Türküstan təbiətinin
gözəlliklərindən zövq almağa, müxtəlif
dini məsələlər ətrafında mübahisə etməyə
də imkan tapmışdılar. Ənvər
Paşaya yaxınlığına görə Zəki Vəlidinin
azərbaycanlı əqidə yoldaşına müəyyən
qədər qısqanc və bəzi hallarda qərəzli
yanaşması diqqətdən yayınmamalıdır.
Xatirələrdə
hansı şəraitdə həlak olması barəsində əldə
səhih məlumat olmayan Axund Yusif Talıbzadənin həyatının
son günlərinə də işıq salınır: “Axund
Yusif və arkadaşları bizdən göndərilən bəzi
adamlarla birlikdə Maça və Qaratəkin yolu ilə
Ənvər Paşanın yanına getdilər. Fəqət
onlar gəldiyi vaxt Paşa şəhid olmuş bulunuyordu.
Axund Yusif şiə olması dolayısı ilə eyni məzhəbdən
olan Suqnan tacikləri arasında barınmış və
Ənvər Paşanın yerinə keçən Hacı Saminin yanında
qalmışdı. Nəhayət, Paşanın
ölümü və rusların getdikcə şiddətlənən
təqibləri və basmaçıların
sıralarının dağılması qarşısında mənəviyyatı
pozulmuş, bir qadın üzündən daşkəndli
arkadaşı Əbdürrəsulu öldürmüş, nəhayət,
Əfqanıstana keçmək niyyəti ilə Pənc
çayına atılmış və boğulmuşdu. Allah rəhmət eyləsin”.
Ənvər Paşanın və Axund Yusifin
ölümündən sonra Zəki Vəlidi özü də
artıq basmaçı hərəkatının sonunun
yaxınlaşdığını anlayaraq Türkmənistan ərazisindən
İrana keçməyi qərara almışdı. Amma əski
çar Rusiyasının yeni adla adlanan bənzərini –
SSRİ-ni həmişəlik tərk etməzdən əvvəl
yaxşı tanıdığı Leninə bəzi mətləbləri
açmağı da yaddan çıxarmamışdı.
Beləliklə, keçmiş müttəfiq, Əhməd Zəki
Validov 1923-cü ilin
fevralında SSRİ Mərkəzi İcraiyyə Komitəsinin
Türküstan komissiyasının sədri və RK(b)P-nin
Türküstan bürosunun üzvü Y.E.Rudzutaka və
canı ilə əlləşən, amma formal olaraq hələ
Sovet hökumətinin başçısı sayılan
V.İ.Leninə məktub ünvanlamışdı. Həmin məktublarda son
beş il ərzində yığılıb qalan incikliklər,
ayrı-seçkilik və ədalətsiz münasibətin
doğurduğu narazılıqlar, xalqının gələcəyi
ilə bağlı narahatlıq öz əksini
tapmışdı.
(Ardı gələn şənbə
sayımızda)
Vilayət QULİYEV
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.14-15.