Tarixi şans – 21 Azər...
“525-ci qəzet”
Xalq yazıçısı Anarın “Yaşamaq haqqı”
traktatından parçaların dərcini davam etdirir.
Xatırladaq ki, ötən şənbə saylarımızda əsərin
“Avqust putçu və sistemin iflası”, “İlk maarifçilərimiz”
bölümlərini dərc etmişdik. Bu sayımızda isə
illər öncə təqvimin elə bu günlərində
baş verən 21 Azər hadisələri haqda esseləri
ixtisarla oxuculara təqdim edirik.
1945-ci
ilin noyabrında Təbriz teatrı “Şiri Xurşud”da 700-ə
yaxın nümayəndənin iştirakı ilə Birinci Azərbaycan
xalq konqresinin açılışı oldu. Konqresi Səttərxanın
qardaşı, qocaman inqilabçı Hacı Əzim xan
açdı. Demokrat partiyasının sədri Pişəvəri
onunla yanaşı əyləşmişdi. Konqres Milli Məclis
– Milli Məşvərət seçilməsi, Azərbaycan
muxtariyyəti və Milli hökumət yaradılması
haqqında qərar çıxartdı. 6 yanvar 1946-cı ildə
Muxtariyyatın bütün idarələrində Azərbaycan
dilinin istifadəsi haqqında qərar qəbul olundu:
“Bu
gündən Azərbaycan dili Azərbaycanda rəsmi dövlət
dilidir”.
12 dekabr
1945-ci il (İran təqvimi ilə Azər ayının 21-di)
Azərbaycan xalqının mübarizə tarixinə əbədi
daxil oldu. Azərbaycan Milli Məclisinin Birinci toplantısı
öz işinə başladı. Baş nazir təyin
olunmuş Seyid Cəfər Pişəvəri öz hökumətinin
heyətini millət vəkillərinə təqdim etdi. Bu
hakimiyyətdə Xarici işlər naziri yox idi və bununla da
tam müstəqilliyə iddialı olmadıqlarını,
İran dövləti çərçivəsində fəaliyyət
göstərdiklərini vurğulayırdılar. Amma buna
baxmayaraq – himn (sözləri M.M.Etimadın, musiqisi
C.Cahangirovun), bayraq, gerb, “Səttərxan”, “Azərbaycan” ordeni,
“21 Azər” medalı və başqa dövlət atributları
təsdiq olundu.
Mirzə
Əli Şəbüstəri Milli Məclisin sədri
seçildi. Ali Məhkəmənin sədri Qiyami, prokuror isə
Firudin İbrahimi təsdiq olundu.
Pişəvərinin
Milli hökuməti qısa müddətdə bir çox
mühüm və faydalı işlər gördü.
Fədai
dəstələri nizami orduya çevrilərək Şah
İsmayıl Xətai qızılbaşlarının şərəfinə
qızılbaşlar adlandılar. Yeni pul kəsildi, torpaq
islahatına başlandı, qaçmış mülkədarların
torpaqları kəndlilərə paylandı. Yollar qaydaya
salındı, yetimxanalar açıldı, narkotik maddələr
qadağan olundu, məşhur “Qorxulu Tehran” romanından
oxuduğumuz fahişəxanalar bağlandı. Təbrizdə
yazıçıların və şairlərin,
aşıqların, rəssamların cəmiyyətləri
yaradıldı. Dram teatrı və Filarmoniya işləməyə
başladı, milli orkestr və xor yaradıldı. Təbrizdə,
başqa şəhərlərdə və kəndlərdə
ana dilində təlim verən yüzlərlə məktəb
açıldı.
Təbrizdə
ilk dəfə tədris Azərbaycan-türk və fars dilində
olan müasir universitet yaradıldı. Bu universitet bu gün də
mövcuddur, amma dərslər yalnız fars dilində
keçirilir. Hərbi Məktəb və Tibb Texnikumu da Milli
Hökumətin dövründə yaradılmış
xüsusi təhsil ocaqlarındandır.
Təbrizdə
Səttərxan və Bağır xana abidə
ucaldıldı. Onlarla qəzet və xeyli sayda kitab ana dilində
çap olunmağa başladı.
Hətta
Qərb qəzetləri də yazırdılar ki, Pişəvəri
hökuməti 50 ildə edilənlərdən daha böyük işlər
görür. Pişəvəri qürur hissi ilə – “Azərbaycan
Milli Dövləti gerçəkliyə çevrildi”,- deyirdi.
Cənubi
Azərbaycan Şimalla yalnız humanitar deyil, iqtisadi planda da
bağlanırdı. 10 iyun 1945-ci ildə Stalin İranın
şimalında Sovet sənaye müəssisələrinin təşkil
olunması haqqında sənəd imzaladı. Neft
yataqlarının aşkara çıxarılması üzrə
kəşfiyyat işləri Sovet hökumətinin neft sənayesi
mütəxəssislərindən keçmiş bakılı
N.Baybakova və “Azneft”in rəhbəri Süleyman Vəzirova həvalə
olundu. Tarixçi Cəmil Həsənlinin fikrincə, bu,
yaxın zamanda Azərbaycanın iki hissəsinin birləşəcəyindən
xəbər verən zəruri amil idi. O, vurğulayır ki, bu
zaman Londonun və Vaşinqtonun siyasi dairələrində Cənubi
Azərbaycanın ya tam müstəqil elan olunmasını, ya
da Sovet Azərbaycanı ilə birləşməsini gözləyirdilər.
Düzdü,
hər şey Stalinlə razılaşdırılırdı,
amma SSRİ rəhbərliyinin digər üzvlərinin ciddi
müqavimət göstərməsi ucbatından Bağırov
hər hansı bir sanksiya almağa çətinliklə nail
olurdu. Moskva artıq hiss edirdi ki, İrandakı hadisələr
yavaş-yavaş onun nəzarətindən çıxır və
müəyyən mənada müstəqil şəkil
alır. Bununla yanaşı ölkənin Ali rəhbərliyində L.Beriya və A.Mikoyan faktorları ilə
də hesablaşmaq lazım idi. Beriyanın Bağırovla
dostluq münasibətlərinə baxmayaraq, o, Azərbaycanın
Qafqazda inanılmaz dərəcədə güclənməsinə
heç vədə sevinməzdi. Mikoyandan isə heç
danışmağa dəyməz.
Moskvadan
tapşırıq gəldi ki, Milli Məşvərətə
seçimləri dayandırmaq lazımdır. Bununla da Cənubi
Azərbaycanın müstəqilliyi uğrunda hərəkata
ciddi zərbə vurulurdu. Bunu yaxşı anlayan Bağırov
böyük risk edərək Stalinə bu qərarla
razılaşmadığını bildirdi: “Onlara seçkilər
keçirməyə mən icazə vermişəm, xahiş
edirəm, icazə verin, parlament seçkiləri
yekunlaşsın”.
Bağırov
buna nail oldu. Seçkilər keçirildi və o gün
Tehranda çıxan “İran nou” qəzeti qara matəm çərçivəsi
ilə yayımlandı. İranın o zamankı baş naziri
Hakimi bəyan etdi ki, Tehran nə Azərbaycan hökumətini
tanıyır, nə onun parlamentini. Sovet qoşunları
ölkədən çıxan kimi hərbi güclə
İranın ərazi bütövlüyü bərpa olunacaq.
İran
nümayəndəsi S.N.Tağızadə BMT-nin
sessiyasında Sovet İttifaqının İranın daxili
işlərinə qarışması haqqında məsələ
qaldırdı.
Siyasi vəziyyətin
qəlizliyini dərk edən Bağırov öz nümayəndələrini
Təbrizə göndərdi: “Tələsmək
lazımdı, hər saat qiymətlidir. Ya indi, ya da heç
vaxt”.
Həqiqətən,
tarix bizim xalqa nadir imkan vermişdi: Şimali və Cənubi Azərbaycanın
birləşməsinə sanki bir addım qalırdı. 125-130 il ərzində
keçilməz sədd sayılan Araz, birdən-birə
üstündən asanlıqla adlamaq mümkün olan
kiçik arxa dönürdü.
Pişəvəri
sayıq siyasi xadim kimi, həmişə Azərbaycanın
muxtariyyətinə İranın ərazi
bütövlüyü çərçivəsində
baxırdı. Amma əslində o bu prosesi üç mərhələdə
təsəvvür edirdi. Birinci mərhələdə Cənubi
Azərbaycan İranın tərkibində muxtariyyət
almalı, öz daxili işlərini sərbəst başa çatdırmalı və öz mənfəətlərini
təyin etməli idi. İkinci mərhələdə müstəqilliyini,
suverenliyini elan etməli və üçüncü mərhələdə
də Şimali Azərbaycanla birləşməli idi.
Azərbaycan
xalqının sərbəstlik, müstəqillik və
azadlıq, yaşamaq haqqı
uğrunda mübarizəsinin bütün mərhələlərində,
ana dilinin qorunması, təsdiqi və ana dilinə
qayğı önə çəkilib. İran şəraitində
bu, böyük əhəmiyyət kəsb edirdi. Həm də
o səbəbdən ki, Azərbaycan türkləri yalnız Cənubi
Azərbaycan ərazisində yox, İranın digər bölgələrində
də kompakt halda yaşayırdılar və Tehran şəhəri
əhalisinin demək olar ki, yarısını təşkil
edirdilər. Dil bütün İran azəri türklərini
birləşdirən faktor ola bilərdi və Sovet Azərbaycanı
ilə birlikdə ümumi linqvistik məkan yaradardı.
Qeyd
etdiyim kimi, Pişəvəri hakimiyyətinin ilk qərarlarından
biri, Azərbaycan dilinin muxtariyyətin bütün idarə və
müəssisələrində tətbiq olunması idi. Pişəvəri
yazır: “Ana dilinin əsasları anaların südü ilə
mənimsənilir, xalqın mənəvi
həyatının ocaqlarında şölələnir. Nə
qədər analar yaşayır və nə qədər ki, bu
ocaqlar yanır, ana dilini dəyişmək və ya məhv etmək
mümkün deyil”.
Elə bu
ərəfələrdə Məhəmməd Rza şahın
məhbuslara verilən işgəncələri izləyərək
həzz alan əxlaqsız bacısı şahzadə
Əşrəf Pəhləvi Təbrizdə açıq
şəkildə “sorğu keçirirmiş”: “Deyin
görüm Azərbaycanda türk dilinin kökünü necə
kəsmək olar?”.
1976-cı
ildə Təbrizdə, mitinqdə isə şah özü belə
söyləyib: “Azərbaycanın belə iri addımlarla irəliləməsi
bizim bütün arzularımıza uyğundur, qəlbimizi
iftixar hissilə coşdurur”.
Bu məqamda
“əziz Leonid İliçin” “Azərbaycan iri addımlarla irəliləyir”
sözlərini necə yada salmayasan.
Ya Azərbaycana
qarşı “həddindən artıq ilıq” münasibətinə
görə, ya Azərbaycan
türkləri ilə ailəvi yaxınlıq naminə, ya da
sadəcə qızının yeniyetmə rəfiqəsinin
gözəlliyinə məftun olduğundan, Məhəmməd
Rza şah üçüncü nigahını Azərbaycan əsilli
Fərəh Diba ilə qurur.
Milli ruh
yüksəkliyi, əsrlərin gerçəkləşmiş
arzuları, öz vətənində özünü müstəqil
hiss etməyin iftixarı – bütün bu sevinclər Cənubi
Azərbaycanda cəmi bircə il sürdü – Şimalda
Demokratik Respublikanın (1918-1920) müstəqil
varlığından bir il az.
1946-cı
ilin fevralında İranın yeni baş naziri Əhməd
Kavam us Səltənə –“tülkü Əhməd” Stalinlə
görüşmək üçün Moskvaya uçur. 16
fevraldan 3 marta qədər, iki həftə sürən bu rəsmi
səfərdə hər şey – Stalinlə görüşlər
və söhbətlər də, qonağın şərəfinə
Kremldə qəbul da, bir-birinin sağlığına tostlar
da razılaşdırılmış protokol əsasında
keçirilir. Deyirlər ki, hətta Kavam Stalinin əlindən
öpüb. Moskva səfərini başa vuranda deyib: “Mən
bizim ölkələrimiz arasındakı bütün
anlaşılmazlıqların tez bir zamanda həll olunacağı
ümidi ilə gedirəm”.
Kavamın
bu optimizminə səbəb nə idi? Təxmin edilirdi ki,
şah hökuməti Cənubi Azərbaycanın İranın
tərkibində muxtariyyəti ilə razılaşacaq,
SSRİ ilə xeyirli şərtlərlə neft müqavilələri
imzalanacaq və Sovet qoşunu bu ölkədən
çıxacaq.
Stalini
aldatmaq həm çətin idi, həm asan. Bəs, görəsən,
Sovet-İran danışıqlarında kim kimi barmağına
doladı – “Co dayı (Stalini Qərbdə belə
adlandırırdılar) “Tülkü Əhmədi” yoxsa,
“Tülkü Əhməd” “Co dayını”.
Üstündən
bir neçə ay keçəndən sonra
razılaşmanın yalnız birinci maddəsi –Sovet
qoşunlarının İrandan çıxarılması həyata
keçirilir. Bu İngiltərənin və ABŞ-ın tələbi
idi. Kavama da elə bu lazım idi. Yerdə qalan şeylər
zamanla bağlıydı. Bəzi
məlumatlara əsasən Stalinlə Kavam
arasındakı razılaşmada xüsusən Pişəvəriyə
aid gizli maddələr var idi.
13 iyun
1946-cı ildə Kavam us-Səltənə özünün
siyasi məsələlər üzrə müavini Firuqinin rəhbərliyi
altında Pişəvəri ilə danışıqlar aparmaq
üçün nümayəndə heyəti göndərir.
Danışıqlar nəticəsində hər iki tərəfin
güzəştə getdiyi bəyanat imzalanır. Belə
görünürdü ki, İran hökuməti Azərbaycanın
bir sıra tələblərini qəbul edib. Azərbaycan
muxtariyyəti İranın tərkibində tanındı, onun
hakimiyyəti isə yerli idarəetmə orqanı kimi qəbul
olundu. Razılaşmaya əsasən orta və ali məktəblərdə
tədris həm Azərbaycan, həm də fars dilində
keçiriləcəkdi. Maraqlıdır ki, bu sənədə
əsasən kürdlər də, aysorlar da və ermənilər
də beşinci sinfə qədər öz dillərində dərs
keçə bilərdilər. Bu da tarixin müxtəlif mərhələlərində
Azərbaycan türklərinin milli
azadlıq hərəkatının xarakterik xüsusiyyətlərindəndir.
Səttərxan zamanında, Məşrutə inqilabında da,
azərbaycanlılar yalnız özləri üçün
yox, həm də İranın digər xalqları
üçün hüquq qazanmışdılar.
Tehranın
bütün güzəştləri İranı tərk etməkdə
olan Sovet ordusunun addım səslərinin sədası
imiş. Tezliklə bu addımların əks-sədası
batmalı idi. Yerli əhali ilə Cənubi Azərbaycanı tərk
edən Sovet qoşunlarının vidalaşma səhnələrini
Rəsul Rza “Əsir dost” oçerkində təsirli şəkildə
təsvir edib. Təbrizli dostun: Biz yenədəmi
görüşəcəyik, sualına, şair inamla cavab
verir: mütləq görüşəcəyik. Amma Təbrizə
getmək Rəsul Rzaya bir daha qismət olmadı. Onun şeirlərindən
birində deyildiyi kimi, Təbrizi o ancaq yuxularında
görürdü.
Müttəfiqlərin
qoşunlarının İrandan çıxarılması
haqqında SSRİ, ABŞ və Böyük Britaniya
başçıları – Stalin, Ruzvelt (sonra Trumen),
Çörçill Tehranda, Yaltada və Potstamda
razılığa gəlmişdilər.
Sovet
İttifaqının dünya müharibəsi dövründə
Qərb müttəfiqləri ilə
qarşıdurması müharibədən sonra da
müxtəlif illərdə kəskin siyasi və hərbi
böhran xarakteri alırdı (Koreyada, Berlində, Vyetnamda,
Kubada). İlk dəfə bu qarşıdurma Cənubi Azərbaycan
məsələsində özünü büruzə verdi.
Martın
4-də SSRİ-nin Cənubi Azərbaycan siyasətini ABŞ
Prezidenti Trumen və dövlət katibi C.Birns müzakirə
edirlər. Ertəsi gün – 5 martda Fultonda Trumenin
iştirakı ilə Uinston Çörçill
çıxış edir. “Soyuq müharibənin” məhz
Çerçillin Fulton nitqi ilə başlandığı
hesab edilir. Çörçill Sovet İttifaqının təcavüzkar niyyətlərinin
yaratdığı təhlükə haqqında Qərbə xəbərdarlıq
edir və heç nədə güzəştə getməməyə çağırır.
Stalin
öz növbəsində qoşunların İrandan
çıxarılması məsələsində ABŞ və
İngiltərəyə güzəştə getmir, halbuki bu
məsələ sazişlərdə nəzərdən
keçirilmişdi, Ali görüşlərdə
razılaşdırılmışdı. SSRİ-nin öz
qoşunlarını çıxarmaq fikrində
olmadığını C.Birns Prezidentə xəbər verir,
Trumen öz gündəliyində yazır: “Mən Stalinin
nazı ilə oynamaqdan yoruldum”.
O, Birnsə
göstəriş verir: “Marşal Stalinə
çatdırın ki, mən onu sözünün
ağası bilirəm. Əks halda biz cavab tədbirləri
görəcəyik”.
ABŞ
Prezidenti hansı addımları atmağa
hazırlaşırdı? C.Birns məsləhət gördü ki, “Azərbaycan məsələsi”ni
BMT-nin müzakirəsinə çıxartsınlar. Amma Stalin
üçün BMT-nin hər hansı bir qətnaməsi əhəmiyyət
daşımırdı. Və ABŞ başa
düşürdü ki, SSRİ-yə təsir göstərmək
üçün kifayət qədər güclü deyil.
Stalini sıxışdırmaq üçün yeganə vasitə
– atom şantajı idi. ABŞ iki yapon şəhərini məhv
etməklə atom bombasını sınaqdan
çıxarmışdı artıq. Onda Sovet
İttifaqının belə bombası yox idi, bu səbəbdən
də ABŞ-la eyni səviyyədə danışa bilməzdi.
Məsləhətçiləri Trumenə təklif etdilər:
Vaşinqtondakı Sovet səfirini çağırıb demək
lazımdır ki, əgər Sovet qoşunları İrandan
çıxarılmasa, ABŞ SSRİ-yə nüvə zərbəsi
endirəcək.
Şantaj
öz təsirini göstərdi. Stalinin qoşunların
çıxarılmasına razılıq verməsi hətta
Moskvada və Tehranda işləyən Amerika
diplomatlarını da təəccübləndirdi. O isə sadəcə
qorxmuşdu. Görünür, Beriya ilə Mikoyanın da xəlvəti
“məsləhətləri” rol oynamışdı: hansısa
Azərbaycandan ötrü öz ölkəsini təhlükə
qarşısında qoymağa –risk etməyə dəyərmi?
Qoşunların
çıxarılması barədə qərar qəbul olundu
və Pişəvəri buna kəskin etirazını bildirdi:
“Kavam Sizi aldadır. Əgər Siz Kavamın hakimiyyətinə
güzəştə gedirsinizsə, deməli biz öz məqsədimizdən,
prinsiplərimizdən və nəhayət, İranda nəyə
nail olmuşuqsa, hamısından əl çəkirik.
...İndi
artıq mən Sizə qətiyyən inanmıram. Təkrar
edirəm: mən daha Sizə inanmıram”.
Bağırov
Cənubi Azərbaycan məsələsi ilə bağlı
yenidən Stalinə müraciət
edir: “Martın 28-də biz Sovet Culfasında İran Azərbaycanı
Milli hökumətinin rəhbərləri – Pişəvəri,
Şəbüstəri və doktor Cavidlə
görüşdük.
...Onlar
Kavama inanmırlar, gözəl bilirlər ki, o bütün vədlərini,
hətta Azərbaycan xalqının hüquqları haqqında
yazılı razılaşmaları da, İran
konstitusiyasına əsaslanaraq tədricən ləğv edəcək,
xalqın hüquqlarını yox, mürtəce rejimi qoruyacaq.
Bunları nəzərə alan Pişəvəri, Şəbüstəri
və Cavid bizim qoşunların geri çəkilməsiylə,
heç olmasa, Şimali İranın digər əyalətlərindəki
tərəqqipərvər demokratik qüvvələrlə
mürtəce Tehrana qarşı mübarizə aparmaqdan ötrü əlaqəyə girmələrinə
izn verməyinizi xahiş edirlər.
Onlar hesab
edirlər ki, Azərbaycan xalqının ən azı minimum
hüquqlarını qoruması üçün yeganə real
sığorta Sovet İttifaqının vasitəçiliyidir”.
29 mart
1946-cı il tarixli bu məktubu Bağırovla yanaşı
Bakı hərbi dairəsinin komandanı general
İ.İ.Maslennikov da
imzalayıb.
Ola bilsin
ki, Kavam və Stalin arasındakı razılaşmada, Pişəvəriyə
aid gizli və ya şifahi maddələr var imiş.
Çünki bu saziş imzalanandan dörd gün sonra
“Pravda” qəzetində
SİTA-nın Pişəvərinin hökumət vəzifəsindən
(daha doğrusu, nazirlər şurasının sədri vəzifəsindən)
azad olunması xahişini ifadə edən məlumatı dərc
edilib. “Onun xahişini yerinə yetirən əncümən
(Sovet) irticaya qarşı mübarizəsinə və
demokratiyanın təntənəsindəki roluna görə
ona təşəkkürünü bildirib. Pişəvəri
Azərbaycan Demokrat partiyasının lideri olaraq qalır”.
Bu nə
deməkdir? Pişəvərini fəal siyasi fəaliyyətdən
uzaqlaşdırmaq? Yoxsa, artıq məhvi labüd hökumətin
rəhbərliyindən azad etmək? Yaxud bu əslində də,
Kavamla Stalinin razılaşmasına etiraz əlaməti olaraq
Pişəvərinin öz təşəbbüsü, öz
qərarı idi?
1946-cı
ilin iyul ayında Cənubi Azərbaycanın milli hökuməti
buraxıldı.
Dünya
müharibəsi başlananda hitlerçilərlə
xoşallanan, Sonra Stalinə quyruq bulayan Kavam sovet
qoşunları İranı tərk edəndən sonra Qərbə
üz tutdu. Kimə qulluq etmək ondan ötrü mühüm
deyildi, o yalnız İranın hakim millətçilik
iddialarına xidmət edirdi. O, İranın qüdrətinə
və bütövlüyünə başlıca əngəl
Azərbaycanı hesab edirdi və elə ona görə də
bütün varlığı ilə türklərə nifrət
bəsləyirdi. O, Səttərxanın Məşrutə
inqilabının əzilməsinin və Xiyabaninin Azadstan
hökumətinin məhv edilməsinin ən fəal
iştirakçısı olmuşdu. Və indi onun
üçün Pişəvəri ilə birlikdə Azərbaycan
muxtariyyətini cəzalandırmaq zamanı
çatmışdı.
9 dekabrda
– 12 dekabra (21 Azərdə), müqəddəs bayrama
üç gün qalmış – Kavam öz həqiqi məqsədini
açıqladı: Nəyin bahasına olur olsun,
İranın ərazi bütövlüyünü və Mərkəzi
hökumətin hakimiyyətini bərpa etmək.
Pişəvəri
bu zaman Bakıda idi, Bağırovu məlumatlandırdı, o
da Stalinlə danışdı və məlum oldu ki,
“böyük sülh keşikçisi” növbəti dəfə
Böyük geosiyasi strategiya naminə Azərbaycanın
maraqlarına etinasızlıq göstərib.
Bağırov
Cənubi Azərbaycan məsələsi ilə bağlı
Stalinə sonuncu dəfə müraciət edir: “Təbrizdən
alınmış məlumatı çatdırıram. 4
oktyabrda İran qoşunları Zəncan rayonundan Miyanəyə
doğru hərəkətə başlayıblar. Azərbaycanlıların
ön hərbi hissələri ilə İran qoşunu
arasında bir neçə saat sürən döyüş
baş verib. Azərbaycanlıların Miyanə dəstəsinin
komandiri Danisian (general Qulam Yəhya –A.) Pişəvərinin
adına teleqram göndərərək pulemyotlu tankları və
ixtisaslı zabitləri təcili köməyə göndərməsini
xahiş edir.
Pişəvəri
İran qoşunlarının Azərbaycana hücumunun
başlaması haqqında əhaliyə radio ilə xəbər
verib. Azərbaycan Demokrat Partiyasının rəhbərliyi yenə
kömək üçün heç olmasa minimal miqdarda
yardım xahiş edir: 16 top, 5 min tüfəng, tank əleyhinə
müvafiq mərmiləri və patronları ilə birlikdə
29 tank əleyhinə tüfəng.
M.C.Bağırov.
5 dekabr 1946”.
Cavabında
Stalin Bağırova zəng vurub deyir: “Mən 5 milyon Azərbaycanlıdan
ötrü üçüncü dünya müharibəsinə
başlaya bilmərəm”.
Şahidlərin
dediyinə görə Bağırov bu telefon söhbətindən
sonra hönkür-hönkür ağlayırmış.
...Stalinin
qoşunları İrandan çıxarmaq barədə
göstərişi Cənubi Azərbaycan rəhbərlərinə
çatdırılmışdı: “Kavam Baş nazir kimi
İranın istənilən yerinə, o cümlədən Azərbaycana
ordu göndərmək hüququna malikdir. Buna görə də,
silahlı müqavimət məqsədəuyğun, lazımlı
və faydalı sayılmır. Elan edin ki, Siz seçkilər
zamanı nizam-intizamı təmin etmək məqsədilə
Azərbaycana hökumət güclərinin göndərilməsinə
qarşı deyilsiniz”.
Bu qərarla
razılaşmayan Pişəvəri Azərbaycan Demokrat
Partiyasının sədri vəzifəsindən istefa verir və
Təbrizi tərk edir.
10 dekabrda
Azərbaycan Demokrat Partiyası MK radio ilə Təbriz
xalqına müraciət edir:
“Əziz
həmvətənlər! Azərbaycan heç zaman
İranın qalan hissəsindən ayrılmaq istəməyib.
Biz heç zaman hökumət
qoşunlarının Azərbaycana girməsinə mane
olmamışıq. Azərbaycanın qapıları Baş
nazir Kavamın əmri ilə buraya gələn hökumət
qoşunlarının üzünə açıqdır. Amma
biz istəyirik ki, Azərbaycanda seçkilər baş tutsun və
qısa bir zamanda sona çatsın. Yaşasın müstəqil
İran!”.
Əslində
tarix təkrar olunur. 1920-ci ilin aprelində Şimali Azərbaycanda
nələr olmuşdusa, Cənubi Azərbaycanda 12 dekabr
1946-cı ildə baş verən hadisələr onun
güzgüdəki kimi əksidir. Şimalda heç olmasa
xalqa az qala iki il azad yaşamağa aman vermişdilər. Cənubda
isə “ağaların” səbri bir ildən sonra tükəndi.
Tehran orduları Təbrizə xain hikkəylə məhz 21 azərdə
(12 dekabrda), xalqın bir il qabaq müstəqilliyini bayram etdiyi
gündə daxil oldu. 20-ci ildə bolşeviklər Şimali
Azərbaycanda necə qudurğanlıq edirdilərsə, indi də
Cənubda xalqa qarşı eləcə amansızcasına
davranırdılar və çox təəssüflər olsun
ki, bu qatillərin arasında azərbaycanlılar da var idi.
Milli hökumət zamanı, arabaya yüklənmiş ot
tayasının içində aradan çıxan mülkədar
Zülfüqari (Azərbaycan türkü) Təbrizə iki min
nəfərlik qoşunla qayıdaraq qarşısına
çıxanı qətlə yetirirdi, evləri bir-bir
yandırırdı. Şah qoşunları Miyanəyə
daxil olanda 53 adamı edam etdilər, Urmiyada (Rezayedə) 30, Mərənddə
isə 90 adam edam olundu. Təbrizdə qan su yerinə
axırdı, Azərbaycan silahlı qüvvələrində
xidmət etmiş fars zabitlərini də edam edirdilər.
Bir həftə
ərzində 3000 nəfər öldürüldü, 11000
adam məhkum olundu, onların 8000-i İranın cənubuna
sürgün edirdi. Təbii ki, baş tutmayan seçkiləri
Tehran qoşunları belə “müşahidə” etdilər.
Çoxları
edamdan əvvəl “Yaşasın Azərbaycan Demokratik
Partiyası!” deyə qışqırır, himni və Səttərxana
həsr olunmuş vətənpərvər şeirlər
oxuyurdular. Onları tikə-tikə doğrayırdılar və
qalıqlarını da şəhərin küçələri
ilə gəzdirirdilər. Təbrizdə milli ordunun cavan
leytenantı öz həyətində mühasirədə
qalanda, ələ keçməsin deyə arvadını,
azyaşlı uşağını öldürəndən
sonra bir neçə düşməni də güllələdi,
sonuncu gülləni isə öz başına çaxdı.
Milli ordunun beş döyüşçüsü Təbrizdə
Ərk qalasının zirvəsinə qalxaraq, üç
gün düşmən qoşunlarını atəşə
tutaraq duruş gətirdilər, patronları tükənəndən
sonra isə “Yaşasın Azad Azərbaycan!” deyə özlərini
qalanın zirvəsindən atdılar.
Muxtariyyətin
prokuroru Firudin İbrahimi cənubda azadlıq hərəkatının
ən işıqlı və parlaq fiqurlarından biri idi. 28
yaşında muxtariyyətin prokuroru təyin edilən
İbrahimi oğrulara və quldurlara, rüşvətxorlara və
terrorçulara qarşı amansız mübarizə
aparırdı. O da bu günlərdə dörd yoldaşı
ilə birlikdə Demokratik Partiya MK-nin binasını qorudu,
sonra ələ keçdi və asıldı. Edamdan qabaq onu
sorğu-suala tuturlar: Sən hansı hökumət qanunları ilə insanlara iş kəsirdin?
– Azərbaycan hökumətinin,- deyə Firudin cavab verir, – mənim
milli hökumətimin qanunları ilə.
Stalin Cənubi Azərbaycan məsələsində geri çəkildiyinə və acizlik göstərdiyinə görə özünə haqq qazandırmağa çalışaraq Pişəvəriyə məktub yazır. Bu məktubda o, adəti üzrə şəxsən öz günahlarını başqalarının üstünə atır. Məktubdan görünür ki, Stalin hələ də Pişəvərini Cənubi Azərbaycanın lideri sayır və eyni zamanda onun “səhvlərindən” çəkindirmək istəyir. 8 may 1946-cı ilin bu məktubu ilk dəfə yalnız 1996-cı ildə İsveçdə nəşr olunan “Araz” jurnalında işıq üzü görüb. Stalin bu məktubda Pişəvərinin başına ağıl qoyur, ona inqilabın nəzəriyyəsindən və Lenin taktikasından dərs deyir. Və dərhal da mətləbə keçir: “Mənə elə gəlir ki, Siz beynəlxalq nöqteyi-nəzərdən, İrandakı vəziyyəti düzgün qiymətləndirmirsiniz”. Stalin məktubunda Leninin nəzəri tezislərinə əsaslanaraq, qeyd edir ki, İranda 1905, ya da 1917-ci illərdə Rusiyadakı kimi inqilabi vəziyyət yox idi.
Əlbəttə, böyük nəzəriyyəçi haqlı deyildi. Əvvəla hələ 1905-1908-ci illərdə İranda inqilabi vəziyyət var idi və o, rus kazakları tərəfindən əzilmişdi, ikincisi, bəyəm hər ölkə başqa bir dövlətin, indiki halda Rusiyanın spesifik xüsusiyyətlərini təkrar etməlidir?
Stalin məktubunda Pişəvərinin səhvlərini maddə-maddə sadalayır. Bu, faktiki olaraq Pişəvərini günahlandırmaq və özünə haqq qazandırmaq üçün idi. Görünür, bu məktub da Azərbaycan liderinin gələcək taleyində rol oynayıb.
Pişəvərinin həlak olduğu avtomobil qəzasının çekistlər tərəfindən təşkil edilməsi tamamilə ağlabatandır və əgər Bağırovun, məhkəmə prosesində etiraf etdiyi kimi, bu aksiyada əli yoxdursa, onda belə bir sui-qəsdin Stalinin sanksiyası olmadan həyata keçirilməsinə inanmaq çətindi.
Bağırovun məhkəməsində dövlət təhlükəsizliyinin keçmiş əməkdaşının şahid qismində ifadəsinə görə qəzaya uğrayan maşında Pişəvəri, general Qulam Yəhya, dövlət təhlükəsizliyinin məsul işçisi Nuru Quliyev və sürücü Karnik Melixyan olub. Sürücü qəzanın səbəbini mürgüləməsi ilə izah edib. Pişəvərini yaxınlıqdakı xəstəxanaya aparanda o bir neçə dəfə “xəyanət” deyə təkrar edib. Pişəvəri daha bir sutka yaşayıb və bu müddətdə də ağlı başında olub. Keçinməmişdən öncə yalnız bunları deyib: “Kavamın evi yıxılsın”.
Məlum olur ki, maşın Pişəvərinin yox, Qulam Yəhyanın imiş, maşını idarə edən də onun sürücüsüymüş. Həm də məlum olur ki, Melixyan – İranın daşnak liderinin oğludur.
O dəhşətli gündən əvvəl Pişəvəri həkiminə özünə qarşı sui-qəsd hazırlanmasından şübhələndiyini deyib. – Moskvaya gedin, – deyə həkim məsləhət görür.
– Sui-qəsdi hazırlayan elə Moskvadır da,- deyə Pişəvəri kədərlə cavab verir.
Və 11 iyul 1947-ci ildə xəstəxana çarpayısında canını tapşırır.
ANAR
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.10-11.