Yeni alyans:
Rusiya-Türkiyə-İran üçbucağı
Söhbət
təkcə Avropada deyil, bütün dünyada cərəyan
edən hadisələrin axarını dəyişmək
iqtidarında olan siyasi ittifaqdan gedir.
Baş
verəcək dəyişikliklər siyahısında
ABŞ-ın dünya siyasətindəki itirilmiş
mövqeyinin də yer alacağı istisna edilmir. Son nəticədə
Barak Obamanın dünyanın yeganə lideri olmaq arzusu iflasa
uğrayacaq. ABŞ və İngiltərənin iradələrinin
əksinə Türkiyə-Rusiya və İran-Türkiyə
dövlətləri bir-birlərinə strateji müttəfiq
olduqları halda Qərb liderləri ən azı siyasi “infarkt”
keçirəcəklər. Barak Obama ilə Devid Kemeronun
artıq indidən çətin günlər
yaşadığı göz önündədir. Onların
yürütdükləri yanlış xarici siyasət ilk
növbədə öz dövlətlərinə və
xalqlarına böyük zərbə vurur və bu hal davam etməkdədir.
Bu
gün dünyada elə bir siyasi mühit formalaşıb ki, ən
qüdrətli dövlət belə təklikdə ciddi nəticələr
verə biləcək uğurlu müharibə aparmaq
iqtidarında deyil. Elə məhz bu səbəbdən
milyonlarla vəsaiti mənimsəyən hərbi-siyasi bloklar həmin
ittifaqlara hərbi cəhətdən zəif üzv dövlətləri
iqtisadi və maliyyə cəhətdən zəiflətməkdən
savayı bir iş görə bilmirlər. Hətta dünya
tarixinə “misilsiz töhfələr” bəxş etmiş
ABŞ, Rusiya, Çin və Avropa İttifaqı kimi qüdrət
sahibləri özləri də bu baxımdan müstəsna
mövqe sahibi deyillər.
Hazırda
yaşanan dünya maliyyə böhranı bir daha sübut etdi
ki, ümidli gələcəyə gedən yol hərbi
qüdrətdən yox, iqtisadi inkişafdan keçir.
Şükürlər olsun ki, son bir-iki ildə silah və hərbi
texnika öz əvvəlki gücünü və
aktuallığını itirir. Bu gün kiminsə əlindən
nəyisə zorla almaq problemli məsələyə
çevrilib və xeyli güc, vəsait tələb edir. Beynəlxalq
münaqişələrin həllində hərbi gücdən
istifadə artıq utandırıcı addım hesab edilir. Bu,
bir növ dövlətlərarası məsələlərin
həlli üçün diplomatiya və siyasi mədəniyyətin
yetərli səviyyədə olmaması kimi dəyərləndirilir.
Belə “istedad”la yalnız Somali döyüşçülərinə
bənzər zavallı və biçarə dəniz
quldurları qürrələnə bilərlər. Eyni fikirləri
Əfqanıstandakı “Taliban” hərəkatı barəsində
də səsləndirmək olar.
Onlar üçün yeganə vəsait silahdır.
Bu
gün Avropadakı işsizlər və yoxsullar ordusunun
sıraları silahlı qüvvələrin sayından qat-qat
artıqdır. ABŞ-da yalnız həbsxanalarda, gizli
düşərgələrdə saxlanılan dustaqların
sayı 7 milyonu keçib. Bu, bütün digər ölkələrin
birgə məhbus sayından çoxdur. Mən hələ Afrika
və Latın Amerikasının bəzi dövlətlərini
demirəm.
Təkcə
Avropada rəsmi qeydiyyatdan keçmiş işsizlərin
sayı əməkqabiliyyətli əhalinin nə az, nə
çox düz 20 faizini təşkil edir. Layiqli
yaşamağa və normal, yaxşı həyat tərzi sürməyə
alışmış avropalılar üçün bu, əsl
fəlakətdir. Avropanın iflasın və sosial inqilabın
bir addımlığında olması heç kimə sirr
deyil. Ən müasir hərbi texnika ilə silahlanmış
NATO ordusu vaxtı çatanda, ehtiyac yarananda hakimiyyəti ələ
keçirmək və digər bu kimi düşünülməmiş
addım atmaq istəyənlərin qarşısını ala
bilməyəcək. Fransa və Yunanıstanda bir qədər
əvvəl baş verənləri xatırlamaq kifayətdir –
talançılıq, yanğın və
özbaşınalıq. Ən acınacaqlısı isə
Avropa İttifaqı dövlətlərində, Yaponiya, Koreya və
ABŞ-da hadisələrin gedişatına dair heç kimin
ağlabatan, keçərli olan proqnoz verə bilməməsidir.
İstənilən
halda ən çox əziyyət çəkən sadə
xalqdır. Gecə-gündüz bir tikə çörəyə
görə tər tökən zəhmətkeş kütlənin
yeni siyasi quruluş yaratmaq üçün heç bir imkanı və variantı
olmadığı üçün o, hələlik baş verənlərlə
barışmaq məcburiyyətində qalıb. İndi
ümidləri puç olmuş, hüquqları pozulmuş,
layiq olduğu həyatı yaşamaq haqqı əlindən
alınmış məzlum xalqa düz yol göstərəcək,
onu düşdüyü çətin vəziyyətdən
çıxaracaq, yeni din yaradacaq “peyğəmbər”lər
yoxa çıxıb. Elə bil Allah da onları unudub. “Pul
ağadır” ideyası hələ ki öz mövqeyini və
qüdrətini qoruyub saxlamaqdadır. Bilmək olmaz, bəlkə
də bu, ilk baxışdan belə görünür.
Çünki hər kəs yaxşı başa
düşür və tarix də bunu sübut edir ki,
var-dövlət və sərvət hələ indiyədək
kimsəni xalqın qəzəbindən xilas edə bilməyib.
Avropada, ABŞ-da, bəzi Asiya və Afrika ölkələrində
kütlənin səbr kasası artıq daşmaq üzrədir.
Gözlənilən
sosial partlayış acınacaqlı nəticələrə
– iqtisadiyyat və maliyyə sahəsində daha da dərinləşmiş
böhrana, vətəndaş müharibəsinə,
böyük dağıntılara gətirib çıxaracaq.
Üstəlik, həmin siyahıya ciddi və vacib olan
siyasi-ideoloji böhranı da əlavə etsək,
dünyadakı hadisələrin bundan sonrakı
gedişatının hansı yönə və necə sürətlə
düşəcəyini təsəvvür etmiş olarıq.
Bu
gün dünyada baş verənlər sosial inqilabın
Avropadan yan keçməyəcəyini deməyə əsas
verir. Kapitalizm ictimai-iqtisadi quruluşu artıq dərin
çat verib. Dünya xalqları öz istifadə müddətini
başa vurmuş həmin formasiyanı tarixin dərinliklərində
dəfn edib. Təm-təraqlı və bayram əhavli-ruhiyyli
bu dəfnetmə mərasimindən hər kəs məmnun
qalsa da, məntiqli nəticə əldə olunmayıb.
Çünki “dəb”dən düşmüş kapitalizmi əvəzləyəcək
yeni heç nə – siyasi-iqtisadi sistem yaradılmayıb. Saxta
demokratiyanın təbliği və zorla yayılması (hətta
arabir hərbi əməliyyatlar vasitəsilə) dünya
xalqlarına və ölkələrinə əslində
heç bir uğur qazandırmayıb. Sosializmdən
qaçıb kapitalizmin, bazar iqtisadiyyatının
ağuşuna sığınanlara vəd edilənlər
öz məntiqi sonluğunu tapmayıb.
Əksinə,
onların vəziyyəti daha da pisləşib. ABŞ-ın
irəli sürdüyü və Avropa İttifaqı ölkələri
ilə birlikdə həyata keçirməyə
çalışdığı “Demokratiyanın irəliləyişi”
şüarı xaqları və dövlətləri getdikcə
bir-birindən ayrı salır, bir çox ölkələrdə
mənəvi-əxlaqi dəyərlərin tənəzzülə
uğramasına gətirib çıxarır. Hətta həmin
dövlətlərin bəzilərində “tam azadlıq və
demokratiya”nın əsas şərti kimi əxlaqsızlıq
və azğınlığın səviyyəsinin artması
adi hala çevrilib. Görünür, “demokratiya” məfhumunun
mahiyyətini onlara yaxşı izah etməyiblər. Yaxud
Avropada cərəyan edən mənəvi, ailə dəyərləri
sisteminin dağıdılması yollarını onlara məharətlə
aşılayırlar.
Kapitalizm
və sosializmi əvəzləmək üçün axı
indi bu xalqlara yeni nə təklif oluna bilər? Bəlkə inkişafın
üçüncü yolu? Amma bu günə kimi dünyada
baş verən proseslərdə özünü tamhüquqlu
subyekt kimi təsdiqləyə bilməmiş və heç hərbi-siyasi
bloka qoşulmamış həmin dövlətləri
“üçüncü” yol da xilas edə bilməz. Deməli,
inkişafın artıq dördüncü yoluna ehtiyac
yaranıb. Həmin yeni quruluşun isə hələ heç
rüşeymi də yoxdur. Onun hansı formada olduğunu, necə
göründüyünü kimsə bilmir.
“Dördüncü”u yol kapitalı əldən buraxmamaq
üçün hər addımı atmağa hazır olan
dünya kapitalizminin “müdrik”lərinə də bəlli deyil. Bəzi analitiklərin
Avropa əhalisinin XIX əsr Fransa inqilabına bənzər
yeni inqilab edəcəyi ilə bağlı fikirlər səsləndirməsi
heç də əsassız deyil. Amma burada narahatlıq
doğuran başqa məsələ var. Əgər Fransa bu
gün dünya maliyyə böhranı zəncirinin əsas
halqalarından birini təşkil edirsə, həmin
inqilabın hansı müsbət nəticələrindən
danışmaq olar?
Sadalananlar
dünya ictimaiyyətinin kifayət qədər mürəkkəb
vəziyyətlə qarşılaşdığını deməyə
əsas verir.
Hamı
çaşqınlıq içərisindədir. Bundan sonra nə
etməli olduğunu heç kim bilmir. Mövcud situasiyanın
düzəldilməsi üçün heç hər
hansısa bir nəzəriyyə də irəli
sürülmür. Avropa hələ ki dərin sosial, iqtisadi və
maliyyə böhranından çıxış yolu
axtarır.
Deyilənlərdən
belə nəticəyə gəlmək olar ki, bu gün
Türkiyə ilə Rusiyanın öz səylərini birləşdirməsi
bu dövlətləri öz daxili problemlərinin həllində
tamamilə yeni səviyyəyə çıxarır. Bu isə
öz növbəsində sosial gərginliyi müəyyən
qədər azaltmış olur. Regiondakı uzunmüddətli
sabitliyin sərhədləri dumanlı da olsa, görünmə
məsafəsi artıb. Bu isə öz növbəsində
qonşuları, o cümlədən yeganə həll
olunmamış böyük problemi – Ermənistan tərəfindən
işğal olunmuş torpaqların geri qaytarılması olan
Azərbaycanı sevindirməyə bilməz. Problemin həlli
daha çox Rusiyadan asılı olsa da, bu ölkə ilə
yaxınlıq regionu müharibə və qanlı
münaqişələrdən təmizləməyi tələb
edir. Bu da vacib şərtlərdən biridir.
Zənnimcə,
Rusiya və Türkiyənin Cənubi Qafqazdakı siyasi və
hərbi-iqtisadi sabitliyin qorunub saxlanılmasında belə canfəşanlıq
göstərdiyi halda az bir zaman kəsiyində Qarabağ
problemi də danışıqlar yolu ilə öz həllini
tapacaq. Mən buna inanıram. Qoy “vətənpərvər”lərin
ağlına pis heç nə gəlməsin. Şəxsən
mən hesab edirəm ki, uzunmüddətli danışıqlar
qanlı-qadağalı müharibədən və
iqtisadiyyatın, ümumilikdə dövlətimizin zəifləməsindən
daha üstündür. Mən buna əminliklə deyirəm və
bu fikrimi dünyanın başqa ölkələrində
baş verən qanlı olaylarla müqayisədə
görürəm. Sülh sazişinin bağlamaqdan başqa
alternativin olmaması tezliklə Ermənistan üçün
də reallığa çevriləcək və o, bundan imtina
edə bilməyəcək.
Rusiya
ilə Türkiyənin yaxınlaşmasını son 10-15 ilin
ən mühüm hadisəsi hesab etsək, yanılmarıq.
Düzdür, hələ yalnız yolun
başlanğıcıdır. Amma bir az irəlini görməyi
bacaranlar nə baş verdiyini anlayırlar. Bu, bəlkə də
dünyada güc balansının dəyişəcək bir
amilə çevrilə bilər. Belə səmərəli əməkdaşlıq
və yarana biləcək qarşılıqlı etimad
heç şübhəsiz ki, Avropanın özündə də
siyasi-iqtisadi vəziyyəti yaxşılaşdıracaq, həmçinin
Avropanı ABŞ-ın “yedəy”indən bir az
uzaqlaşdıracaq. Əminəm ki, bu proqnozlara şübhə
ilə yanaşan çox az ekspert tapılar.
Son
beş ildə ABŞ-ın “erməni genosidi” məsələsində
manipulyasiyası və Ermənistanla danışıqlarda
Türkiyəyə təzyiq göstərməsi zəminində
bu iki dövlət arasındakı münasibətlərdə
hiss olunan dərəcədə soyuqluq müşahidə
edilir. Dünyanın geosiyasi mühiti dəyişməkdədir.
NATO hərbi-siyasi alyansı son nəticədə hərbi,
iqtisadi və siyasi baxımından Türkiyə kimi
güclü dövləti itirmək təhlükəsi ilə
qarşı-qarşıyadır. Bu isə sonda həmin
alyansın məhvinə gətirib çıxaracaq. Bir
anlığa NATO-nu Türkiyəsiz təsəvvür edin.
Bunu düşünmək belə çətindir, elə
deyilmi?
Əslində
NATO-nu tərk etmək üçün Türkiyənin ciddi səbəbləri
var. Özünüz fikirləşin, axı NATO Türkiyənin
nəyinə gərəkdir?
İqtisadi partnyora çevrilmiş Rusiyaya qarşı
mübarizə aparmaq və ya artıq parçalanmaq üzrə
olan Avropa İttifaqına daxil olmağa ümid bəsləmək
üçünmü? NATO-nun demək olar ki, bütün
üzvlərinin Türkiyənin Avropa İttifaqına üzv
olmasına əyri-əyri baxdığı və “erməni
genosidi” adı verilən qondarma faciəni dəstəkləməyənlərə
hədə-qorxu gəldiyi bir vaxtda bunun nə əhəmiyyəti
ola bilər? Əlbəttə, bu Türkiyənin, türk
xalqının şəxsi işidir. Mən sadəcə
mövzu ilə bağlı mülahizələrimi irəli
sürürəm.
Türkiyə-Rusiya-İran.
Bu cür kombinasiya sözügedən
“üçlüy”ün təkcə Yaxın Şərqdə
deyil, bütün Xəzəryanı regionda təsir
gücünü birə on artırır. Bu proses isə
öz növbəsində istənilən xarici təhlükəni
neytrallaşdıra bilər. Üstəlik, bura heç olmasa
Şanxay Əməkdaşlıq Təşkilatının
siyasi dəstəyini də əlavə etsək, o zaman
gözümüz önündə daha aydın mənzərə
canlanmış olar. Çin, Rusiya, Hindistan və Orta Asiya
dövlətlərinin maraqları regionda sülh və əmin-amanlıq
tələb edir. İqtisadi münasibətlərdə mənfəət
güdmək Cənubi-Şərqi Asiya, Yaxın Şərq və
Cənubi Qafqazdakı xoş münasibətlərin
yaranmasında getdikcə əsas və hətta yeganə
arqumentə çevrilir.
Zənnimcə,
xəstə, üstəlik, NATO virusuna yoluxmuş Avropanın
müayinə və müalicəsi yuxarıda adları
sadalanan xalqlardan və dövlətlərdən daha çox
asılıdır. Çinliləri həmişə
üçüncü dünya ölkəsinin vətəndaşları
hesab edən avropalılar Çinin maliyyə və iqtisadi dəstəyi
olmasaydı, maliyyə böhranı bataqlığında
çoxdan boğulub məhv olardılar. Onların pənah
yeri ABŞ deyil, Çin oldu. Bunu sübut etməyə
heç ehtiyac da duymuram. Hər şey göz
qabağındadır. Bununla bağlı bir məsələni
də qeyd etmək istərdim. Avropanın maliyyə-iqtisadi xəstəlikdən
qurtulmasından danışarkən yada salmaq lazımdır
ki, Şərq təbabətinin Avropada artıq çoxdan
istifadə olunub, fayda verən üsuldur.
Öz
iqtisadi və maliyyə problemlərinin həllində Avropa
onun ağrısız reseptlərindən birini axı niyə
də tətbiq etməsin? Bunun
üçün sadəcə Avropa rəhbərlərinin
vahid siyasi iradə nümayiş etdirmələri yetərlidir.
Əminəm
ki, Avropa xalqları buna yalnız sevinə bilər.
Çünki problemin bu yolla həlli avropalıların
dünyanın müxtəlif yerlərindəki məzlum
insanlara bəslədikləri “şəfqət” və “mərhəmət”
hissini dəfələrlə azaltmış olacaq.
Silah
və sursata xərclənən vəsait dünyadakı
bütün acları doydurmağa, yoxsulların problemlərini
həll etməyə yetər. Bəyənilsə də, bəyənilməsə
də məsələnin bundan başqa həlli yolu yoxdur.
Siyasi evtanaziya sivilizasiyalı Avropaya yaraşmaz bir hərəkətdir.
Şərqdə isə bu üsuldan istifadə etmək hələ
ki günah əməllərdən sayılır.
525-ci qəzet.-
2014.- 13 dekabr.- S.9.
Rafiq Əliyev