"Yüzillər keçsə də bu ayrılıqdan..."
XALQ ŞAİRİ, "21 AZƏR" HƏRƏKATININ İŞTİRAKÇISI SÖHRAB TAHİR AZƏRAZƏRLƏ SÖHBƏT
O taylı-bu taylı Azərbaycanın bütövlük
simvolu olan ədəbiyyatımızın canlı klassiki Söhrab Tahir həsrət və dözüm şairi, xalqımızın azadlıq
mübarizəsinin bənzərsiz
tərənnümçüsüdür.
Onun şəxsində
sanki iki şair birləşmişdir.
Oxucuya elə gəlir ki, o, şeirlərinin bir hissəsini Bakıda, digər hissəsini isə Təbrizdə yazır. Təbriz şeirləri azadlıq hayqırır, nifrət və qəzəb püskürür. Bakı
şeirləri isə
gülümsəyərək səadət nəğməsi
oxuyur. Bu iki motiv onun poeziya
qartalının iki möhkəm qanadıdır.
Xalq şairi Xəlil Rza S.Tahirin poeziyasını
Araz üstündə
bitmiş nəhəng
palıd ağacına
bənzətmişdir. Bu ağac
sərhəd xəttinə
məhəl qoymadan ayrılmaz bütöv Azərbaycan torpağından
şirə çəkir,
Arazın qan rəngli suyundan içir və başı üstündəki
günəşdən yarpaq-yarpaq
udaraq böyük baharı gözləyir...
Söhrab
Tahir məslək və tale şairi, daha dəqiq desək, taleyini yazan şairdir. O, keşməkeşli və
maraqlı bir həyat yolu keçmişdir. Elə söhbətimizə də
onun nisgilli və həsrət dolu həyat yolundan başladıq.
-
1926-cı ildə Cənubi
Azərbaycanın Astara
şəhərində doğulmuşam.
Gözəl evimiz vardı, dolanışımız
da pis deyildi.
Atamla əmim çəllək zavodu açmışdılar. Əvvəllər
nefti tuluqlarda daşıyırdılar. Yolda
tuluqlar yırtılır,
neft itkisinə səbəb olurdu. Ona görə də çəlləklərə
tələbat çox
idi. Atamla əmimim ticarəti genişlənirdi. Əmim
və anamın üç dayısı sosial-demokrat partiyasının
üzvləri idilər.
Atam partiyanın üzvü olmasa da, onun iclaslarında
iştirak edirdi. Rza xan hakimiyyətə
gələn kimi sosial-demokratların təqibi
başlandı. Anamın
dayıları Şurəviyə
qaçdılar. Tezliklə
Hidayət əmimi həbs etdilər. Atamı da Ərdəbildə
türməyə saldılar.
Sonra ailəmizin sürgün həyatı
başlandı.
Onda mənim 6 yaşım vardı. Əmimlə bizim ailəni əvvəlcə Rəştə,
sonra Ənzəliyə,
Qəzvinə, Əsədabada,
Həmədana, Qəsri-Şirinə,
Kirmanşaha sürgün
etdilər. Sürgün
həyatı dözülməz
idi. Hökumət adamları hər hərəkətimizə göz
qoyur, addımbaşı
bizi təhqir edirdilər. Atam səhər tezdən iş axtarmaq üçün evdən çıxır, gecədən
xeyli keçmiş əliboş geri qayıdırdı. Onsuz da az danışan
atam lap qaraqabaq olmuşdu. Anamın isə xəlvətə çəkilib ağlamaqdan
başqa əlacı yox idi. Bizim
qəlbimizi ovunduran yeganə təsəlli yerli adamların diqqət və qayğısı idi. Kirmanşahda evində kirayədə qaldığımız
kürd Məhəmməd
atam iş tapa bilmədiyi üçün bizdən
altı ay kirə haqqı almadı. Onun
arvadları Minəxanım və Hacıxanım hər vasitə
ilə anama kömək edir, bizə qəribliyimizi
unutdurmağa çalışırdılar.
Nəhayət,
altı aylıq get-gəldən sonra atam İran - ingilis Neft
Şirkətində işə girdi. Sonra əmimi də
yanına apardı. Səkkizinci sinfi bitirəndən sonra mən
də onlara qoşuldum. İngilislər köhnəlib
sıradan çıxmış texnikanı yerli əhaliyə
satmırdılar. Qarasu çayının şirkətin
yaxınlığından keçən hissəsini qazıb dərinləşdirmişdilər,
üstünə "finiş" yazılmış köhnə
texnikanı ora tökürdülər. Bir qaynaq
maşının da üstünə "finiş"
yazmışdılar. Atam onu almaq fikrinə düşdü.
Şirkətin baş mühəndisi azərbaycanlı idi -
Növbəri. Atam onun yanına getdi. İngilislər
İranın inkişafını istəmirdilər. Ona görə
də yararlı-yararsız texnikanı suya tökürdülər
ki, başqalarının əlinə keçməsin. Növbəri
atama məsləhət gördü ki, rəisin yanına yerli
adam getsə yaxşıdır, sürgün olunmuşlara
ingilislərin texnika satması ağıla batan deyil. Atamla əmim
kürd Məhəmmədi rəisin qəbuluna göndərdilər.
O, balacaboy idi, bacarıqsız adam təsiri
bağışlayırdı. Rəis də demişdi
satın aparsın, onsuz da işlədə biməyəcək.
Şəhərin
Feyzabad məhəlləsində Məhəmməd kişi ilə
şərikli dəmirçi-qaynaq dükanı
açdıq. Bundan sonra vəziyyətimiz əməlli-başlı
düzəldi. Anam uzun illər idi ki, atamın 43
ölçülü köhnə ayaqqabılarının
burnuna corab tıxayıb geyirdi. Mənim 16 yaşım olsa da,
əldə toxunma səndəldə gəzirdim.
Özümüzə əyin-baş, evə lazım olan əşyaları
aldıq. Dəmirçi-qaynaq dükanında bütün
işləri atamla qardaşım Pərviz görürdü.
Mən də onlara yaxından kömək edirdim. Qaynaq
aparatında və tokar dəzgahında sərbəst işləyə
bilirdim.
İran
tufana düşmüş nəhəng gəmi kimi
yırğalanırdı. Rza xan ölkədən
qaçmışdı. Yeni şah Məhəmməd Rza Pəhləvi
təcrübəsiz idi. Ölkədə hərc-mərclik,
başıpozuqluq baş alıb gedirdi. Fürsətdən
istifadə edərək 11 il davam edən sürgün həyatına
son qoyduq. Əmimin ailəsi ilə birlikdə Həmədan
şəhərinə köçdük. Burada əhalinin
böyük əksəriyyəti azərbaycanlılardan ibarət
idi.
Həmədanda
da dəmirçi-qaynaq dükanı açdıq.
Sürgündə olduğu kimi, yenə ağır çəkici
sindana mən vururdum. Ancaq tezliklə bu işdən
uzaqlaşmaq, ölkədə baş verən proseslərdə
yaxından iştirak etmək istəyirdim. Ona görə də
əvvəlcə Tehrana, oradan da Təbrizə getdim.
-Bəs
siyasi fəaliyyətə necə başladınız?
-Bizim ailə
hələ mən doğulmamışdan siyasi proseslərə
cəlb olunmuşdu. Sürgün həyatı, atamın, əmimin
dəfələrlə həbs olunması, anamın
üç dayısının siyasi mühacir kimi Şurəviyə
keçməsi məni bir növ uşaqlıqdan
inqilabçı etmişdi. Kənar təsirlər, üzləşdiyim
ədalətsizliklər də öz sözünü deyirdi.
Kirmanşahda fars məktəbində oxuyanda türk olduğum
üçün kiçik bir səhvin üstündə
ayağımı falaqqaya salıb elə döydülər
ki, üç gün dərsə gedə bilmədim. Məktəblilər
arasında üzgüçülük üzrə
keçirilən yarışda hamını geridə qoysam da,
türkə birinci yeri verməmək üçün
finişə bir dövrə qalmış başqa bir məktəblini
suya saldılar və mən ikinci oldum...
Açıq
inqilabi fəaliyyətə isə Tehrandan Təbrizə gələrkən
qoşuldum. Avtobusda tanış olduğum Cəfər adlı
yol yoldaşım dedi: "Məni axtarırlar. Seyidcəfər
Pişəvərinin redaktoru olduğu "Ajir" qəzetinin
son nömrəsində Təbriz fəhlələrinin
şikayət məktubu dərc olunub. Qəzetlər bu
çamadandadır. Əgər məni tutsalar, onu Həmkarlar
İttifaqına çatdır". Avtobus dayanan kimi iki polis Cəfərin
qoluna girib apardı. Mən də onun çamadanını
dediyi ünvana çatdırdım. Artıq 1943-cü il idi.
Təbriz, sözün əsl mənasında,
qaynayırdı. Mitinqlər bir-birini əvəz edir,
hamının ürəyindən xəbər verən
şüarlar səslənirdi: "Yaşasın fəhlə
birliyi!", "8 saatlıq iş, artıq işin müqabilində
əmək haqqı tələb edirik!",
"Yaşasın Azərbaycan dili!", "Məhv olsun fəhlənin
haqqını yeyənlər!" və s. Hamı inamla
yeriyirdi, hamıda inqilab əzmi vardı.
Təbrizin
Saatqabağı meydanında mitinqlər daha gur keçirdi.
İnqilab şairi Məhəmməd Biriyanın fəhlələr,
kəndlilər, alman faşistlərinin məğlubiyyəti
haqqında oxuduğu şeirlər böyük coşqu ilə
qarşılanırdı. Nədən
danışılırdısa danışılsın,
axırda söz Azərbaycan dilinin ölməzliyi, əbədiyaşarlığı
üzərinə gələr və sonda bütün
meydanı titrədən "Yaşasın Azərbaycan
dili!" şüarı səslənərdi. Atamı tez-tez
mitinqlərdə görürdüm. Tamam dəyişib fəallaşmışdı.
Əmim də, o da İran Xalq Partiyasına üzv
olmuşdular.
Mitinqlərə
azərbaycanca çıxan "Vətən yolunda" qəzetinin
nüsxələrini də gətirirdilər. Təbrizlilər
bu qəzetdə dərc olunan yazıları böyük həvəslə,
sevə-sevə oxuyurdular. Hərbi geyimdə şəhəri
gəzməyə çıxan Mirzə İbrahimov, Ənvər
Məmmədxanlı, Böyükağa Qasımzadə,
Süleyman Rüstəm və şimaldan gəlmiş digər
ədəbiyyat xadimləri ilə öz doğmaları kimi
söhbət etməkdən doymurdular.
Seyidcəfər
Pişəvərinin Tehrandan Təbrizə
dönüşü ilə inqilabi hərəkat daha da
genişləndi. Onun təklifi ilə Təbrizdə Xalq
Partiyasını əvəz edən Azərbaycan Demokrat Firqəsi
təsis olundu. Xalqın qəzəbindən qorxan xan, ərbab,
karxana-fabrik sahibləri Tehrana gedir və geri
qayıtmırdılar. 1945-ci il dekabrın 12-də Təbrizdə
"21 Azər" inqilabı qan tökülmədən
inqilab qalib gəlirdi. Ancaq Pişəvəri hamını fitnə-fəsadlara
hazır olmağa, imkan daxilində silahlanmağa
çağırırdı.
Silah
alanlar arasında mən də vardım. Cəfərin köməyi
ilə "Berko" tüfəngi aldım. Sonra 12 nəfər
fədai ilə 7-ci nahiyəyə hücum etdik. Polislər bir
yoldaşımızı öldürsələr də,
onlardan 6 nəfərini əsir götürdük. Sonra sərbazxanaya
gəldik. S.Pişəvərini ilk dəfə orda
gördüm. Başında qara şlyapa, əynində
nimdaş palto vardı. Əmimin dostu Məmi Nünəkərani
yanında idi. Ona məlumat verdim ki, 7-ci nahiyəni tutduq.
"Əhsən!" dedi və sözlərimi Pişəvəriyə
çatdırdı. O, razılıqla mənə
baxırdı. Sonra M.Nünəkərani dedi: "Get evə,
soruşsalar, de ki, Azərbaycandakı şah ordusunun rəisi
general Derəxşani təslim olmağa razılıq verib.
Gözləyirik, sərbazxananı təhvil alaq. Sabah
Daşmağazalar küçəsinə gəl, firqənin Mərkəzi
Komitəsi oradadır".
Səhər
Mərkəzi Komitəyə getdim. M.Nünəkəraninin zəmanəti
ilə məni Mərkəzi Komitəyə təlimatçı
götürdülər. Sənədlərə, firqə
biletlərinə möhür vurur, ara işləri də
görürdüm. İşim çox olurdu. Bəzən
dayanmadan 4-5 saat möhür vururdum. Təşkilat şöbəsinin
otağı S.Pişəvərinin otağı ilə üzbəüz
idi. Arabir otağından çıxar, barmaqları ilə
qulaqlarını tutaraq deyərdi: "Söhrab,
qulağımız getdi axı..."
S.Pişəvəri
qətiyyətli, qorxmaz bir insan idi. 12 il Qəsri-Qacar
zindanında yatmışdı. Yeri gəlmişkən, atam və
əmimlə də orada dostlaşmışdılar. Məslək
və əqidəsinə sadiq adam idi. Heç kəsdən
qorxmazdı, hamının nöqsanını şax
üzünə deyərdi. Rza xan Afrikaya qaçandan sonra həbsxanaların
qapısı açıldı, o da azadlığa
çıxdı. Ömrünün sonuna qədər də
azadlıq ideallarına sadiq qaldı.
- Sizin
Bakıda hərbi məktəbdə təhsil
almağınızın təşəbbüskarı da
Pişəvəri olub?
(Ardı var)
Əlipənah
BAYRAMOV,
Əməkdar mədəniyyət
işçisi, H.B. Zərdabi
mükafatı laureatı
525-ci qəzet.-
2014.- 16 dekabr.- S.7.