Professor Azadə Rüstəmovaya həsr olunan elmi konfrans keçirilir

 

 

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxana - İnformasiya Resursları Mərkəzində Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Azadə Rüstəmovaya həsr olunmuş "Çağımızdan görünən orta əsrlər" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. İki gün davam edəcək tədbirdə Azərbaycanın elmi ictimaiyyəti ilə yanaşı Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan, Qazaxıstan, Özbəkistan digər ölkələrdən gəlmiş alimlər iştirak edirlər.

 

Plenar iclası giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli ədəbiyyatşünas alim Azadə Rüstəmovanın yaradıcılığından ətraflı danışıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan ədəbiyyatının qədim Orta əsrlər   mərhələsinin ölkəmizdə dünyanın başqa ölkələrində tanınan görkəmli tədqiqatçıları olub. Nizamişünaslıq da, füzulişünaslıq da Azərbaycan ağırlıqlı dünya miqyaslı elmi istiqamətlərdir. Bu elm sahəsi ilə məşğul olan fədakar tədqiqatçıların adı dünya ədəbiyyatşünaslığının geniş şəbəkəsinə daxil olur. Böyük masştabda düşünməyi bacarmadan qədim dövr orta əsrlərə həsr olunmuş ədəbiyyatşünaslığın fövqünə qalxmaq, tanınmaq, qəbul edilmək mümkün deyil. Bu mənada görkəmli ədəbiyyatşünaslar İ.Bertels, A.Krımski, Həmid Araslı, Fuad Köprülüzadə, Mirzağa Quluzadə, Rüstəm Əliyev başqaları dünya şərqşünaslığına möhür basmış imzalardır. Sonrakı dövrün ədəbiyyatşünaslığının qəbul olunmuş görkəmli simaları sırasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Azadə Rüstəmovanın özünəməxsus yeri var.

 

Azadə Rüstəmovanın elmi xidmətləri ilə həm Azərbaycan ədəbiyyatşünaslıq elmi, həm də ümumiyyətlə şərqşünaslıq daha da zənginləşib. Azadə Rüstəmova şərqşünaslıqda özündən əvvəlki nəsillərin yaratdığı yüksək səviyyəni qoruyub saxlayıb, daha da möhkəmləndirib, yeni əlavələrlə genişləndirməyə müvəffəq olub. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azadə Rüstəmovaya məxsus olan ən mühüm yenilik onun şərqşünaslıqda ədəbi şəxsiyyətlərin həyatı və yaradıcılığının tədqiqindən konkret ədəbi  mərhələni öyrənilməsinə keçid istiqamətindəki ardıcıl elmi fəaliyyəti ilə əlaqədardır. Bundan başqa, görkəmli elm xadimi Azadə Rüstəmova ədəbi mərhələlərin sadəcə icmalını yazmayıb, əsas problemlərini, aparıcı meyillərini  tədqiq edib ümumiləşdirib. Eyni zamanda, Azadə Rüstəmovanın tədqiqatlarında dövrün ədəbiyyatı ideya-mövzu baxımından deyil, sənətkarlıq səviyyəsi cəhətdən də dərindən təhlil edilib dəyərləndirilmişdir. Azadə xanımın təhlilləri və qiymətləndirmələri əsaslı tədqiqatçılıq zəhməti ilə dərin nəzəri təfəkkürün vəhdətindən yoğrulub. Bütün bunlara görədir ki, Azadə Rüstəmovanın "Azərbaycan epik şeirinin inkişaf yolları" (1975), "Klassik Azərbaycan şeirində qəzəl" (1990), "Nizamionun poeziya sələfləri" (1999) kimi əsərləri orta əsərlər ədəbiyyatının araşdırılıb və öyrənilməsində fərqli mərhələnin hadisəsi səviyyəsində qiymətləndirilməyə layiqdir.

 

Filologiya üzrə elmlər doktoru Fəridə Əzizova görkəmli alimin həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edərək bildirib ki, Azadə Rüstəmova güclü analitik təfəkkürə malik olan, müqayisəli idrak metodundan yerli-yerində, səmərəli istifadə edə bilən görkəmli ədəbiyyatşünas-alimlərimizdən idi. R.Azadə elmi fəaliyyətinin tutumlu bir hissəsi NizamiFüzuli yaradıcılığının təhlil və tədqiq istiqamətində olub, Azərbaycan bədii-estetik fikrinin iki zirvəsi olan bu böyük söz ustadlarının əlvan və çoxsahəli irsinin öyrənilməsinə o neçə monoqrafiyaelmi yazı həsr edib.Və cəsarətlə demək olar ki, özünün orijinal tədqiqatları ilə Azadə xanım nizamişünaslığa və füzulişünaslığa dəyərli elmi töhfələr verməyə müvəffəq olub. Elmi ictimaiyyət üçün aşkar bir həqiqətdir ki, hətta bu şairlərin yalnız bircəsinə belə tədqiqatçı ömrü həsr etmək şərəfli olduğu qədər də məsuliyyətli olub. Elə ona görə də Azadə xanımın başqa tədqiqatlarını bir kənara qoysaq, təkcə elə NizamiFüzuli sənətinin tədqiqi ilə bağlı yazdığı çoxsaylı məqalə və monoqrafiyalar onu ümumiyyətlə, Sərq klassik poeziyası üzrə ən görkəmli mütəxəssislərin elitar dəstəsinə (ulduzların kəhkəşanına) daxil etməyə elmi əsas verir.

 

Beynəlxalq konfransın plenar iclasında akademiklər Vasim Məmmədəliyev, Teymur Kərimli, Rafael Hüseynov, AMEA-nın müxbir üzvləri Nizami Cəfərov, Gövhər Baxşəliyeva, həmçinin Rusiyadan gəlmiş qonaqlar filologiya elmləri doktoru, professor Tofiq Məlikli, filologiya elmləri namizədi, dosent Abuzər Bağırovvə başqaları çıxış edərək Azərbaycan alimi Azadə Rüstəmovanın elmi yaradıcılığının müxtəlif istiqamətləri barədə geniş söz açıblar.

 

Tədbirdə AMEA-nın müxbir üzvü R.Azadənin elmi yaradıcılığını əks etdirən sənədli film nümayiş etdirilib. Elmi konfrans bədii hissə ilə davam etdirilib, eləcə də professorun əsərlərinin təqdimat mərasimi keçirilib.

 

Dekabrın 16-da beynəlxalq elmi konfrans öz işini bölmələr üzrə davam etdirəcək. Ümumilikdə tədbirdə 100-dən çox elmi məruzə və çıxışlar dinləniləcək.

 

Ağahüseyn ŞÜKÜROV

525-ci qəzet.- 2014.- 16 dekabr.- S.7.