"Demokrat dekan"
AKİF RÜSTƏMOVUN 75 YAŞINA
Deyirlər,
insanı inkişaf etdirən, formalaşdıran onun
yaşadığı cəmiyyət və kollektivdir. Nə
yaxşı ki, mən qəlbləri və fikirləri gözəl
olan belə kollektivlərdən biri olan Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsində işləməli
oldum. Burada dərs deyən bir çox müəllimlər var
ki, onlar öz gözlərində deyil, başqalarının
gözlərində yüksələnlərdir. Onlardan biri də
Akif Rüstəmovdur. Jurnalistika fakültəsinin
sayılıb-seçilən müəllimlərindən olan
Akif müəllim həm də universitet kollektivinin hörmət
etdiyi müəllimlərdəndir.
Bu
günlər Bakı Dövlət Universiteti özünün
95 illik yubileyini qeyd edəcək. İyirmi mindən artıq
müəllim və tələbə kontingentini özündə
birləşdirən bu ali məktəb son dövrlər
öz elmi-texniki bazasını yeniləyir, günün tələblərinə
cavab verən laboratoriyalar tələbələrin
ixtiyarına verilir. Universitet rəhbərliyi bu istiqamətdə
gələn təşəbbüsləri daima dəstəkləyir.
Jurnalistika fakültəsində də bu yöndə müəyyən
işlər görülüb və görülməkdədir.
Həyatı
və fəaliyyətini Jurnalistika fakültəsiylə
bağlayan Akif müəllimin haqqında danışmaq həm
də universitetin yaxın tarixinə ekskurs etməyə bərabərdir.
Jurnalistika
fakültəsində işə başlayanda ilk ünsiyyət
yaratdığım adam Akif müəllim olub. Amma indiyə qədər
demədiklərimi onun 75
yaşında demək istəyirəm...
Mənim
Akif müəllimlə tanışlığımın tarixi
1984-cü ildən başlanır. Baxmayaraq ki, aramızda
yaş fərqi var, biz onunla elə ilk gündən
dostlaşdıq. İlk dövrlər aramızda yaş fərqinin
çox olması və bizim dostluğumuz bəzilərinə
qəribə də gəlirdi. Beləcə dostluğumuz 30 ilə
yaxın dövrü əhatə
edir. Mən Akif müəllimin nə 60, nə də 70
yaşı ilə əlaqədar yubileylərində onun
haqqında heç nə yazmamışam.
Sadəlik,
xeyirxahlıq və dürüstlük Akif müəllimin qayəsidir.
Qədim çin mütəfəkkiri Konfutsi deyirdi ki, ən
yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir.
Akif müəllim də yaxşılıq etdiyi insanların fərqinə
varmır. Mənimlə bağlı bir faktı qeyd edim.
Fakültənin tədris teleradio studiyasının rəhbəri
idim. Bir gün o mənə dedi ki, Televiziya və radio
jurnalistikası kafedrasında boş olan müəllim yerinə
keçmək istərdinmi, amma bir şərtlə, gərək
həm də dekan müavini vəzifəsini aparasan. Dekan
müavini vəzifəsinin məsuliyyəti düzü məni
qorxutdu. Elə bu səbəbdən əvvəlcə
razılaşmadım, sonra o "saqqızımı
oğurladı" və mən razılıq verdim. İndi
20 ilə yaxındır ki, dekan müavini işləyirəm.
Onu da deyim ki, tədrisi də elə Akif müəllimdən
öyrəndim. Bu gün də yeri gələndə köməyimə
çatır, məsləhətlərini verir.
Akif
müəllimin otağının qapısı hamının,
xüsusilə də tələbələrin üzünə
daima açıqdir. Bu onun dekan vaxtında da indi də belədir.
Onun tələbələrə münasibəti təkcə
müəllim - tələbə münasibətilə bitmir.
Bu həm də, əgər belə demək mümkünsə,
övlad münasibətidir. O, həmişə tələbələri
təmkinlə dinləyib qərarını verir. Dəfələrlə
tələbələrin tədris müddətində
yaranmış problemlərinə Akif müəllimin necə həssaslıqla
yanaşmasının şahidi olmuşam.
Heç
kəsə sirr deyil ki, Jurnalistika fakültəsi digər
fakültələrdən seçilir. Burada təhsil
alanların əksəriyyəti hələ tələbə
ikən kütləvi informasiya vasitələri ilə əlaqə
saxlayırlar. Odur ki, informasiya sarıdan da korluq çəkmirlər.
Bəzən onların verdikləri "qəliz" suallara elə
cavab verməlisən ki, səndən narazı qalmasınlar.
Belələri ilə işləmək də asan deyil.
Xüsusilə, Akif müəllimin dekan olduğu illər
(1989-1999). Həmin dövr respublikanın ağır günləri
idi. Qarabağ müharibəsi, ölkədəki ictimai-siyasi
vəziyyət, mitinqlər, sui-qəsdlər, jurnalistlərin
döyülməsi, bir sözlə, sabitliyin pozulması tələbələri
də hərəkətə gətirmişdi. Bu dövr mən deyərdim ki, Akif
müəllim hər bir tələbəni düzgün istiqamətləndirməyi
də bacardı. O, deyirdi ki, bu tələbələr müxtəlif
ailələrdən gəlirlər, onların hamısı ilə
eyni tonda danışmaq düzgün deyil. Onlarla elə
danışmalısan ki, səni düzgün başa
düşsünlər. Yoxsa tələbəni qorxutmaqla yalnız pərdəni aradan
götürmüş olarsan. Bu da son nəticədə
işimizə ziyan gətirər.
Zahirən
təmkinli, mülayim xarakterli olan Akif müəllimlə
mübahisələrimiz də olub. Aramızdakı inciklik bəzən
bir neçə gün çəkib. Di gəl, kimin haqlı,
kimin haqsız olduğunu kənara qoymuşuq. Həmişə
deyərdi ki, vəzifə müvəqqətidir, gərək
elə işləyəsən ki, vəzifədən gedəndən
sonra da sənə salam verənlərin sayı azalmasın.
Onun dekan kreslosunda oturduğu ilk günü də
xatırlayıram. Həmin tarixi masanın kənarına
yazıb, yarı zarafat, bəlkə də gerçək vəzifədən
gedəcəyi günə də yer qoymuşdu.
Bu illər
Akif müəllimin kollektivin hər bir üzvünə eyni
münasibət bəslədiyini, ayrı-seçkiliyə yol
vermədiyinin, o qanlı-qadalı günlərdə onları
necə qoruduğunun şahidiyəm. 90-cı illərin əvvəllərində
respublikamızda yaranmış siyasi durumla əlaqədar
bütün fakültələrdə gecələr müəllimlərdən
növbətçi qalırdı. Bizim fakültədə isə
yalnız ikimiz - Akif müəllim və mən növbətçi
olardıq. Ondan soruşanda niyə müəllimlərdən
istifadə etmirsən? Deyərdi ki, məni müəllimlər
dekan seçib, onlar məni qoruduğu kimi, mən də
onları qorumalıyam.
Azadlıq
uğrunda mücadiləyə qalxan xalqın gözünü
qorxutmaqdan ötrü Moskva 20 Yanvar qırğınını
törədərək cinayətə əl atdı. Onda Akif
müəllimlə mən tələbələrimizi qorumaq
üçün tez-tez auditoriyalara girib onların üzləşə
biləcəkləri problemlərlə maraqlanırdıq.
Lakin bir müəllimimiz - dosent Əliş Nəbili o
qarışıq günlərdə
gülləyə tuş gəldi. Biz Akif müəllimlə
"Kəndçilər" xəstəxanasında ona
baş çəkdik. Həmin dövr Akif müəllimin necə
həyəcanlı olduğunu, Əliş müəllimə
necə təsəlli və
ürək-dirək verdiyini gördüm. Əliş
müəllim haqq dünyasındadır. Allah ona rəhmət
eləsin!
Bu da faktdır ki, Meydan hərəkatı zamanı tələbələrin bir qismi orada-tonqal başında, mitinqlərdə xalqla birgə olurdu. Bir hadisəni yada salmaq istəyirəm. Səhv etmirəmsə 1989-cu ilin sonu idi. Qız tələbələrdən biri "Azadlıq" meydanında odlu-alovlu çıxış etmiş, Qarabağ hadisələrinin alovlanmasında Kremli günahlandırmış, əlaqədar təşkilatları tənqid edərək, gecəni də orada mitinqçilərlə birgə qalmışdı. Nəzərə alsaq ki, SSRİ hələ dağılmamışdı, belə hadisələr nəzarətdən yayınmırdı. Odur ki, səhərisi gün müvafiq orqandan gələn nümayəndə tələbə ilə görüşmək istəyini bildirmişdi. Bunu da onun yataqxanadan odeyal aparmasıyla əlaqələndirməyə çalışırdı. İşin nə yerdə olduğunu başa düşən Akif müəllim müxtəlif bəhanələr gətirərək bu görüşün qarşısını aldı və tələbəni qorudu. Həmin tələbə isə bu gün dövlət qəzetlərindən birinin əməkdaşı kimi parlament müxbiridir.
1990-cı illərin əvvəli YUNESKO-nun fakültəmizə hədiyyə etdiyi tədris teleradio studiyası da Akif müəllimin səyi nəticəsində başa gəlib.
Müstəqilliyimizin ilk illəri idi. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi fakültəyə gəlmişdi. O, dekan, universitet rəhbərliyinin nümayəndəsi ilə birgə tələbələrlə görüşdü. Mən də onların arasında idim. Onlarla qısa tanışlıqdan sonra qonaq belə bir sual verdi: "Necə bilirsiniz Azərbaycanda mətbuat azaddırmı?" Tələbələrdən bir neçəsi əlini qaldırmadı. Dəhlizdə rəhbərlikdən gələn Akif müəllimdən sakitcə soruşdu ki, o tələbələr niyə əllərini qaldırmadı, məgər mətbuat azad deyil? Onda Akif müəllim belə cavab verdi. Müstəqil mətbuatın, söz azadlığının mövcudluğu demokratiyanın əsas tələblərindən biridir. Sovet şinelindən yenicə çıxmışıq, demokratiyanın bərqərar olmasına hələ var, tələsməyin o günləri də görəcəyik.
Xalqımıza qarşı düşmənçilik mövqeyində olan erməni millətçilərinin təcavüzü çoxları kimi Akif müəllimi də narahat edir. Elə hey bu barədə düşünür, torpaqlarımızın geri qayıdacağı günü səbirsizliklə gözləyir. Yaxşı yadımdadır Ukraynanın Lvov şəhərində Müstəqil Dövlətlər Birliyi ölkələrinin Jurnalistika fakültəsi dekanlarının konfransına gedəndə o, çoxlu sayda rus dilində nəşr olunmuş "Qara yanvar", "İki il uzanan müharibə" kitablarını təbliğat məqsədiylə aparmışdı. Konfransdan sonra o uzun müddət iştirakçıların kitablara necə maraq göstərdiyini vurğulayır, bu istiqamətdə müəyyən iş görməsini məmnuniyyətlə xatırlayırdı. Yalnız Tacikistandan gələn nümayəndənin isə adı gedən kitablarla maraqlanmamasını da təəssüflə vurğulayırdı.
Təbiətcə sakit olan Akif müəllim bir xeyirxah insan kimi elədiyi yaxşılığı heç vaxt üzə vurmur. O, bu illər ərzində neçə-neçə tələbəni xaric olunmaqdan xilas etmiş, haqsızlığa yol verməmişdir. Fakültəni bitirən tələbələr çox yaxşı bilir ki, Akif müəllim öz yaxşılığını əməlində sübuta yetirir.
Akif müəllim sadə olduğu qədər də sərt də ola bilir. Az da olsa belə halların da şahidi olmuşam.
Keçən əsrin doxsanıncı illərinin əvvəllərində olmuş bir hadisəni heç cürə unuda bilmirəm. Rektorluğun iclasında o vaxtkı rektor iyirmi-otuz adamın içində Akif müəllimi ayağa qaldırıb demişdi ki, Nəsir İmanquliyevlə Seyfulla Əliyev yaşlanıb onların təqaüdə getmələri barədə sabah gələndə təqdimat gətir. Akif müəllim bu yersiz tapşırıqdan bir müddət stress keçirdi. Təqdimat yazmadı, vəziyyət bir qədər də gərginləşəndə dekan vəzifəsindən getməsi barədə öz ərizəsini yazdı və rektora qətiyyətlə bildirdi: Onların hər ikisi müəllimim olub, belə bir təqdimat yaza bilmərəm. Akif müəllim axıra kimi dediyinin üstündə durdu, təqdimat yazmadı. Bu barədə Akif müəllim 20 ilə yaxın susub, faktın hallanmasını istəməyib. Yalnız 2009-cu ildə 70 yaşı olanda "Azərbaycan" qəzeti hadisəni yada salıb. Ümumiyyətlə, respublikanın bir sıra qəzetlərində bu barədə yazılar verilib. Onu deyə bilərəm ki, həmin dövr Akif müəllim kişi kimi hərəkət etdi, sözünü qətiyyətlə deyib ona dərs deyən müəllimlərin üzünə ağ olmadı.
Mən Akif müəllimin dekan vəzifəsindəki fəaliyyəti barədə söz açdım. Bir neçə kəlmə də onun pedaqoji, elmi və bədii yaradıcılığı haqqında demək istəyirəm. Hazırda Akif müəllim jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir. O tələbələrə "Jurnalistikaya giriş", "KİV-in hüquqi tənzimlənməsi", "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" fənlərini tədris edir. Eyni zamanda Akif müəllim bir neçə dərs vəsaiti və onlarca elmi məqalənin müəllifidir. Onun "Dünya jurnalistika tarixi", "Jurnalistikanın əsasları", 2 cildlik "Jurnalistika" adlı kitablarından Jurnalistika fakültələrinin tələbələri bu gün də dərs vəsaiti kimi istifadə edirlər. Hazırda Akif müəllim "Azərbaycanda informasiya təhlükəsizliyi və mətbuat" adlı kitabı üzərində işləyir.
Onun "Ordan-burdan" rubrikası altında "Filankəs" imzası ilə mətbuatda 30-a yaxın yumoristik yazıları da dərc olunaraq geniş oxucu kütləsinin marağına səbəb olmuşdu. Bu yazılar bədii publisistik yazılardır.
Təkcə "demokrat dekan" imici yox, həm də ümumtələbə sevgisi qazanmış Akif müəllim barədə "Ədalət" qəzetində çalışan tələbələrin 15 il əvvəl yazdığı təbriki bir daha yada salmaq istəyirəm: "Akif müəllim öz insanlığı ilə seçilir, tələbələrə atalıq qayğısı ilə seçilir, jurnalist adını yüksək tutmaqla seçilir və ən əsası demokratikliyi ilə seçilir. O, dekan vəzifəsindən getsə də, bizim üçün həmişə mənəvi dekandır və dekan da olaraq qalacaq". Bəli, o, adını jurnalist tələbələrin yaddaşında yaşadır. Bu gün də keçmiş məzunlar fakültəyə gəldikdə ilk soruşduqları müəllimlərdən biri də Akif müəllim olur. Bütün məzunlar onun gözəl pedaqoq və yaxşı insan kimi xatırlayırlar.
Dekabrın 19-u Akif Rüstəmovun doğum günüdür, 75 yaşı tamam olur. Əzizim Akif müəllim, Sizi bu yubiley ilində ürəkdən təbrik edir, insan üçün ən gözəl nemət olan cansağlığı və yaradıcılıq uğurları arzulayıram.
Ulu Tanrı yardımçınız olsun!
Əli Hacıyev
BDU-nun Jurnalistika
fakültəsinin dekan müavini, baş müəllim
525-ci qəzet.-
2014.- 16 dekabr.- S.4.