Dünyanın şair taleyi
(esse)
Nə bizim era
idi, nə də bizim eradan
əvvəl.Nə keçmiş
idi, nə bu gün, nə
də gələcək. Dünyanın payız çağı idi. Qoca dünya əlində
əsa, topal ayağını sürüyə-sürüyə,
xəzəl tökülmüş
meşədə gəzişirdi.
Yerlə sürünən
ağ saqqalı
xəzəli süpürgə
kimi qarşısına
alıb aparır, ona yol açırdı.
Sinəgir adamlar kimi arada tənginəfəs olub xəzəlin üstünə uzanır,
başını kəsilmiş
palıd ağacının
kötüyünə qoyub,
göylərə baxırdı.
Palıd kötüyü
bir az
edam kötüyünü xatırladırdı.
Yer üzündəki bütün
insanların qırışlarını
əllərinə yığmışdı.
Çuxura düşmüş gözlərində göz
yaşlarını qoyacaq
yer qalmamışdı.
Ayaqlarına və çiyinlərinə
düşən ağırlıq
qəddini əymişdi.
Ürəyindən döyüntü əvəzinə, ah-nalə
qarışıq silah
səsləri gəlirdi.
Xəcalət və halal alın təri bir-birinə qarışır,
axıb, ağacları
kəşilmiş meşəyə
bənzəyən çal
saçları arasında
itirdi. Meh belə əsmirdi,
sanki Tanrı bir yarpağının belə yerini dəyişmək istəmirdi.
Buludlar arabir boy göstərən
günəşi tələsik
öpüb, harasa tələsirdi. Saralmış otların yanağına təzəcə doğulmuş
yavru yağış damcıları düşmüşdü.Hardasa,
uzaqlardan gələn qarğa səsləri bu hüznlü musiqiyə ritm tuturdu.
Qoca dünya
qırış tutmuş
əllərini ağrıyan
ürəyinə aparıb
inildəyirdi. Hər dəfə əlini
ürəyinə aparanda
bir insan taleyinə toxunurdu barmaqları. Bu dəfə əlləribir
şair taleyinə toxundu. Əlləri ilıq sudaymış
kimi gülümsündü.
Sonra sanki tikan batdı
baş barmağına,
sazaq kəsmiş əllərinə isti nəfəs dəydi.
Bu qədər yaşı vardı, ancaq müdriklikliyi bunun ağrı, ya zövq olduğunu
ayırd etməyə
kifayət etmirdi.
Görmək istədi, şair
taleyini. Ürəyindən şairin taleyini çıxarmaq öz ürəyini sinəsindən
çıxarmaqdan çətin
gəldi ona. İlk dəfəydi ki, qoca dünya Tanrıdan ürəyində
daşıdığı bir
taleyin gözlərinə
görünməsini diləyirdi.
Dünya
şairin taleyinə o
qədər aludə olmuşdu ki, əvəzində gözlərini
belə verməyə
hazır idi. Tanrı dərgahı isə o qədər ali idi ki, orada dünyanın
gözlərinə belə
ehtiyac yox idi.
Qocanın istəyi gözündə qalmadı, şairin taleyi dünyanın gözlərinə çəkildi. Göz-gözə dayandılar, susdular... Dünyada elə bir dil yox idi ki, bu baxışları əvəz etsin. Şeir idi bu baxışlar. Misra idi gozlərini qırpmaqları, heca idi udqunmaqları. Söz idi bu görüş. Nə şair taleyi dünyanın ürəyinə qayıtmaq istəyirdi, nə də dünya onu ürəyinə qaytarmaq istəyirdi. Ancaq ürəyindəki ağrılar daha da şiddətlənmişdi; çökürdü ürəyi. Dünya indi başa düşdü ki, niyə şairin taleyinin çiyinləri qabar bağlıyıb? İndi başa düşdü ki, niyə Tanrı onun ürəyindəkiləri gözlərinə göstərmirmiş.
Dünya təzim edirmiş kimi ağır-ağır qulaqlarını şairin taleyinə söykədi. Şairin taleyindən xırıltılı səs gəlirdi. Orada, hardasa uzaqlarda, boynu edam kötüyündə, əlləri bağlı, gözüyaşlı bir şair deyirdi: "Bəli, bu mənim yalanımdır! Dinləyin mənim bu yalanımı! Unutmayın ki, bu yalan həqiqətlər atılmış bir tarlada bitmiş yalanlardır. Unutmayın ki, düşündürən yalan, ruhdan salan həqiqətdən daha üstündür. İzn verin, keçim gedim. Məni tanıdınızsa, tanımamazlığa vurun, gördünüzsə, görməzliyə vurun. Gedəcəyim yerə çatmaq üçün ölümü belə görməzliyə vurmağa hazıram. Məni qovub, qəbrə qıslamayın. Mən gecəmi gündüzümə qatıb alaqaranlıq bir yolla üzüyuxarı gedirəm. Yatarkən belə dünyadan yıxılmayım deyə, kürəyimi divara söykəyib yatıram. Mən gecə rəngli mürəkkəblə aydın səhərləri yazan şairəm. Bunu birdəfləlik bilin, şairlər gecə oğruları deyil, gecə doğrularıdır...
Mən dünyaya mümkün qədər gec gəlmişəm, mümkün qədər gec getməliyəm. Sizin kimi bu dünyanın sarvanı olmaqdansa, mənim kimi bir tərkidünya çaparın tərkində oturmaq daha şərəflidir. Eşidirsənmi ey öz bətnində gəzdirdiyin övladının üzünü görməyən insan, mən dünyanın sonuncu adamını görməyə gedirəm. Mənəm dünyanın ilk insanından sonuncu adamına söz aparan adam. Mənəm bu yumru dünyanın əvvəlindən sonuna vətər çəkən. Kəsməyin yolumu, kəsməyin bu dünyanın vətərini; ayırmayın bu dünyanın ətini sümüyündən.
Mən dünyanın sonuncu adamına doğulmağın nə olduğunu başa sala bilməyib, ölümü öyrətməyə gedirəm. Heç bilirsinizmi, dünyanın sonuncu adamı necə olacaq? O özündən başqa heç kimi görmüyəcək, özünü belə. Yıxılanda onu insan əli qaldırmayacaq, insan qəbirlərindən tutub qalxacaq. Dizini daşa vuranda canına çökən ağrıyla, könül oxşayan bir daşa vurularkən ruhuna çökən sevginin fərqini bilməyəcək. Hər şey qaydasında ikən, qadına bənzər nəyinsə çatışmadığını dərk edib: "Su", - deyəcək. Bir alma ağacının altında çürümüş alma ilə dolu gölməçənin qıcqırmış suyundan içib, sərxoş olacaq və dünyadan qovulacaq. Dünyada heç kim qalmayacaq. Mən o sonuncu insanı onun arxasınca övladı və valideyni kimi ağlamağa gedirəm. Öldürməyin məni, ey öləcəklər! Öldürməyin dünyanın bətnini!"
Şairin ülgüc kimi iti sözlərinə cəlladın küt baltası nöqtə qoydu. Onun taleyi dünyanın qırışlarının arasında gözdən itib, qeyb oldu. Qəzəblənmiş Tanrı bir göz qırpımında dünyanın alın yazısını dəyişdi. Hər dəliyi bir ruhyüklü İsrafil surunun dəhşətli səsi dünyanın qulaqlarını batırdı. Qoca dünya huşunu itirib, üzüüstə yıxıldı, qalan ömrü xəzəlin üstünə dağıldı. Dünyanın sonuncu adamı ölü doğuldu.Yer-göy bir-birinə qarışdı. Şairin edamını izləyən adamlar həyəcanla qışqırdılar:
- Qiyamət!
Taleh MANSUR
525-ci qəzet.-
2014.- 17 dekabr.- S.7.