Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Ölkədə aparılan abadlıq və qurucluq
işlərindən Bakının Binəqədi rayonu da kənarda
qalmayıb. Paytaxtın ən qədim yaşayış məkanlarından
olan və tarixən neft yataqları ilə zəngin olan Binəqədi
rayonu həm də mühüm iqtisadi-sənaye mərkəzi
kimi diqqət mərkəzindədir.
Bakının
dörd mikrorayonunu, Rəsulzadə, Biləcəri, Binəqədi,
Xocasən, Sulutəpə və 28 May qəsəbələrini,
geniş yaşayış məntəqələrini
özündə birləşdirən Binəqədi həmçinin
sürətli işlərin getdiyi, böyük sənaye
potensialının toplaşdığı bir rayondur.
Hazırda bu rayonda Bünyad Sərdarov adına
Maşınqayırma Zavodu, "Bakı Poladtökmə"
ATSC, "Binəqədi Oil Company", "Bot" MMC,
"FAB Boya", "Bilfa Boya", "Koka-Kola Botler",
"Pepsi Kola", "Lider Kola" kimi iri sənaye müəssisələri
və şirkətlər fəaliyyət göstərirlər
və onların hər birinin Azərbaycanın
istehsalatında mühüm əhəmiyyəti var. Üstəlik,
bu şirkətlərdə, həmçinin digər müəssisə
və təşkilatlarda xeyli şəxsin
çalışması Binəqədi rayonunda məşğulluq
səviyyəsinin artırılmasında, işsizlik probleminin
həllində və yoxsulluğun səviyyəsinin
aşağı düşməsində mühüm rol
oynayıb.
İnsan
kapitalına yönəldilən dövlət proqramları
Dövlət
başçısı İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamına
əsasən təsdiq olunan "2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"na uyğun olaraq sözügedən rayonda
sosialyönümlü layihələr həyata keçirilir. Ümumilikdə, Binəqədi rayonu üzrə 40 tədbir
nəzərdə tutulub. Proqram çərçivəsində
təhsil müəssisələrinin əsaslı surətdə
təmiri və yenidən qurulması da diqqətdən kənarda
qalmayıb. 2014-cü ilin 2-ci rübündə əsaslı
təmirə başlanan 157 və 298 saylı orta məktəblər
ən müasir avadanlıqla təchiz edilərək yeni tədris
ili ərəfəsində müəllim-şagird
heyətinin istifadəsinə verilib. Bu cür
şərait heç şübhəsiz ki, müəllimlərin
daha keyfiyyətli dərs keçməsinə, şagirdlərin
isə mövzuları daha dərindən qavramalarına
yardım edəcək.
İdman və digər sosialyönümlü sahələrdə
də əhəmiyyətli tədbirlərin həyata
keçirilməsi məqsədi ilə Yeni Dövlət
proqramı çərçivəsində Stend
Atıcılığı üzrə İdman Kompleksinin
sökülərək yenidən qurulması və Dağ
Velosipedi yarışları üçün veloparkın
tikintisi işləri də uğurla davam etdirilir. Bundan əlavə,
2011-2013-cü illəri əhatə edən proqramında təhlükəsizlik
sahəsi çərçivəsində Novxanı bağlar
massivində yanğından mühafizə bölməsinin
tikintisi 2014-cü ilin iyun ayında yekunlaşıb. O
cümlədən, 2014-cü il ərzində
40 və 193 saylı məktəbəqədər təlim-tərbiyə
müəssisələri də əsaslı şəkildə
təmir olunub. 2014-cü ilin 3-cü rübündə isə
dövlət başçısı İlham Əliyev Binəqədi
rayonundakı 115 və 182 nömrəli orta məktəblərin
əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti
ilə tanış olub və Ziya Bünyadov prospekti ilə
Əbdülvahab Salamzadə, Alı Mustafayev və
Hüseynbala Əliyev küçələrinin kəsişməsində
- "Xutor dairəsi" adlanan ərazidə inşa olunan yol
qovşağının açılışında
iştirak edib.
Qafqazın
ən böyük məscidinə gedən yol...
Binəqədi
rayonunun 9-cu
mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən
və tikintisi yekunlaşan Qafqazın ən böyük məscid
kompleksinin ətrafında abadlıq-quruculuq işləri də
artıq yekunlaşmaq üzrədir. Dövlət
başçısı İlham Əliyevin göstərişinə
əsasən aprel ayından etibarən yeni yol salınıb və
hazırda son tamamlanma işləri aparılır. 6-cı mikrorayonu 9-cu mikrorayonla ən qısa məsafədən
birləşdirən yol 6-cı mikrorayon Svetlana Məmmədova
küçəsi 207 ünvanından başlayır. İki istiqamətli, dörd zolaqlı olan yolda 21 ədəd
işıq dirəyi quraşdırılıb, müasir
standartlara cavab verən asfalt örtüyü vurulub. Svetlana Məmmədova 205A ünvanında yerləşən köhnə
parkda abadlıq işləri aparılıb. Oktyabr
ayından etibarən inşasına başlanılan yeni parkda
ilkin mərhələdə 1500 kvadrat metrədək ərazidə
yaşıl çəmən örtüyü salınıb,
gül kolları və ağaclarla bəzədilib. 246 saylı məktəbin önündə isə 16
ədəd leylandra növlü şam ağacları əkilib.
Sözügedən ərazinin
abadlaşdırılması işləri çərçivəsində
"Məscid döngəsi" kimi tanınan hissədə
125 kvadratmetr ərazidə yaşıl çəmən örtüyü
salınıb. Bundan əlavə, yolu əhatə
edən hasar örtükləri də xüsusi dizaynla
yığılıb, şəbəkə işləri ilə
bəzədilib. Bu işlərin davamı kimi, məscidin
ətrafındakı zeytunluq adlanan ərazinin önündə
1600 kvadratmetr ərazidə yaşıl çəmən
örtüyü salınıb, müxtəlif gül kolları əkilib.
"Sakinlərin
Müraciət Xidməti - 1646"
Rayon
İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun
2013-cü il, 13 fevral tarixli Sərəncamı
ilə "Sakinlərin Müraciət Xidməti- 1646"
istifadəyə verilib. Bu xidmət sahəsinin
yaradılmasında məqsəd vətəndaş məmnunluğunun
təmin edilməsi istiqamətində yeni yanaşmanı
formalaşdırmaq, göstərilən xidmət səviyyəsini
yüksəltmək, dövlət-vətəndaş
münasibətlərinin keyfiyyətcə yeni müstəvidə
inkişafına xidmət etmək, bununla da dövlət
orqanı ilə cəmiyyət arasında əlaqəni
gücləndirməkdən ibarətdir. Sakinlərin
Müraciət Xidmətinin yaradılması dövlət
orqanı ilə əhalinin əlaqələrini möhkəmləndirir,
bu orqanlara müraciət edənlər həm məlumat almaq,
həm də şikayətlərini daha çevik və
operativ şəkildə müvafiq dövlət orqanına
çatdırmaq imkanı əldə edir. 2014-cü ilin
noyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin Müraciət Xidmətində
cavablandırılan zənglərin sayı 4943, birbaşa
cavablandırılan zənglərin sayı 3899, yaradılan əks əlaqələrin
sayı 1159, günlük orta zəng
sayı 156, tərtib edilən şikayət vərəqələrinin
sayı 1044 olub. İcraçılıq səviyyəsi
92 faiz, xidmət səviyyəsi 87 faiz olub.
Şikayət
xarakterli müraciətin 960-ı və ya 92 faiz-nin icrası təmin
edilib, o cümlədən 790-ı və ya 82,3 faizi tam həll olunub, 20-si
və ya 2,1 faizi qismən həll edilib, 150-si və ya 15,6 faizi
müvafiq izahat verilərək həll edilib, 84-ü və ya
8 faizin həlli icraatdadır. Noyabr ayı üzrə daxil
olmuş şikayətlərin sahələr üzrə
bölgüsünə gəldikdə isə müraciətlərin
383-ü və ya 36,8 faizi istilik təchizatı, 260-ı və
ya 24,9 faizi qaz təchizatı, 235-i və ya 22 faizi su-kanalizasiya, 58-i və ya 5,7 faizi lift problemləri,
49-u və ya 4,8 faizi sakinləri narahat edən digər məsələlər,
20-i və ya 1,9 faizi yolların yararsız olması ilə əlaqədar,
16-ı və ya 1,6 faizi küçələrin
işıqlandırılması idarəsi ilə əlaqədar,
13-ü və ya 1,3 faizi elektrik təchizatı ilə
bağlı, 10-u və ya 1 faizi
zibil və tullantılar ilə əlaqədar olub. Xidmətə
ay ərzində
65 təşəkkür müraciəti daxil olub.
Gənclərin
sahibkarlıq fəaliyyətinə dəstək
Dövlət Proqramı əsasında həyata
keçirilən uğurlu layihələr xüsusilə
işsizliyinin səviyyəsinin kəskin surətdə
azalmasına vəsilə olub ki, bu da vətəndaşların
həyat səviyyəsinin yüksəlməsinə gətirib
çıxarır. Bu baxımdan qeyd etmək olar ki, 2014-cü ilin ilk 9
ayında Binəqədi rayonunda 4713 yeni iş yeri
açılıb. Bunun da hamısı daimi iş yerləridir.
Bundan əlavə, Prezident yanında Gənclər Fondunun
maliyyə dəstəyi, "Gənc Mühasiblər"
İctimai Birliyinin təşkilatçılığı ilə
"Bakı ətrafı qəsəbələrdə
yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək"
layihəsinin növbəti mərhələsi Binəqədi
rayonunun qəsəbələrində yaşayan gənc
sahibkarların iştirakı ilə keçirilib. Layihə Binəqədi Rayon İcra Hakimiyyəti və
Binəqədi Rayon Sahibkarlar Birliyinin təşkilati dəstəyi
ilə baş tutub. Gənc sahibkarlara "Sahibkarlıq fəaliyyəti
və məqsədlər", "Sahibkarlıqda marketinq və
satış strategiyası", "Bazar çevrəsi və
bazar fürsətləri", "Vergilər",
"Mühasibat uçotu" adlı təlimlər
uğurla nəticələnib.
Layihə
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının 6.4 bəndinə - Gənclərin sahibkarlıq
fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun
təmin edilməsi və "2014-2016-cı illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair" Dövlət
Proqramında qeyd olunan bəndlərə uyğun olaraq həyata
keçirilib.
Nəticələr
göz qabağındadır
Binəqədi rayonunun sosial-iqtisadi həyatında
2014-cü ilin yanvar-sentyabr ayları ərzində görülən
işlərin yekunu olaraq bir sıra uğurlu nəticələr
əldə olunduğunu demək olar. İlin ilk 9 ayı ərzində sənaye
sahəsində 188 milyon 617 min manatlıq və ya keçən
ilin müvafiq dövründən 12,9 faiz
çox məhsul istehsal edilib və xidmətlər göstərilib.
Bu müddət ərzində sənaye müəssisələrində
6790 nəfər işlə təmin olunub ki, bu da keçən
ilin müvafiq dövründən 17,7 faiz çoxdur. Tikinti
sektorunda hesabat dövründə bütün maliyyə mənbələri
hesabına 39 milyon 251 min manat əsas fondlar istifadəyə
verilib. 2014-cü əvvəlindən
sentyabr ayınadək Binəqədi
rayonunda iqtisadi və sosial sahələrin inkişafı
üçün maliyyə mənbələrindən əsas
kapitala 175 milyon 245 min manat məbləğində investisiya
yönəldilib ki, onlardan 149 milyon 136 min manatı
tikinti-quraşdırma işlərinə sərf edilib.
Bu
dövrdə tikinti-quraşdırma təşkilatlarının
öz gücləri ilə yerinə yetirdikləri podrat
işlərinin həcmi 281 milyon 370 min manat olub və əvvəlki ilin müvafiq
dövrünə nisbətən 94,4 faiz artıb. Tikintidə işçilərin orta siyahı
sayı 5995 nəfər olub ki, bu da əvvəlki ilin
müvafiq dövrünə nisbətən 382 nəfər artıb.
Fəhlə və qulluqçuların orta aylıq əmək
haqqı 464,2
manat təşkil edib. Nəqliyyat sektorunda isə fəaliyyət
göstərən müəssisələr tərəfindən
29 milyon 746 min manat həcmində
xidmət göstərilib ki, əvvəlki ilin müvafiq
dövrünə nisbətən 36,9 faiz artım müşahidə
olunub. Ötən dövrdə nəqliyyat sektorunda 5975 nəfər
işçi çalışıb və onların orta
aylıq əmək haqları 362,2 manat təşkil
edib. Rabitə müəssisələri tərəfindən
Binəqədi rayonu üzrə ümumilikdə 9 milyon 776 min
manatlıq xidmətlər göstərilib və rabitə
müəssisələrində 774 nəfər işçi
çalışıb ki, bu da əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 50 nəfər
çoxdur.
Orta
aylıq əmək haqqı 7,2 faiz artaraq,
399 manat təşkil edib. Son illərdə
istehlak bazarında da müsbət irəliləyişlər əldə
edilib. Hesabat dövründə istehlak bazarı dinamik
inkişaf etməkdə davam edib və pərakəndə
ticarət şəbəkəsindən rayon əhalisinə
590062,4 min manatlıq istehlak malları
satılıb. Binəqədi rayon icra hakiminin müvafiq sərəncamı
ilə 2014-cü
ilin iyulun 1-dən etibarən rayon ərazisində mərhələli
şəkildə "Təmiz Binəqədi" layihəsinin
həyata keçirilməsinə də başlanılıb. Təkcə iyul ayı ərzində rayon ərazisindən
ümumilikdə 10 min 390 ton tullantı yığılıb.
Bu inkişaf edən rayonun həm də öz təmizliyini
qoruyaraq sakinlərin sağlam və rahat həyatlarına davam
etməsi üçün düşünülmüş təqdirəlayiq
qərardır. Ümumilikdə, Binəqədidə görülən işlər
və qarşıya qoyulan inkişaf strategiyaları bu rayonun
daha da inkişaf etməsinə, sosial-iqtisadi problemlərinin
aradan qalxmasına və həyat səviyyəsinin xeyli
yüksəlməsinə imkan verəcək. Nəticədə,
rayon öz simasını dəyişəcək, təmizliyi
və gözəlliyi ilə paytaxtın digər rayonlarına
da müsbət nümunə olacaq.
Həsənov İsgəndər
525-ci qəzet.-
2014.- 17 dekabr.- S.4.